09.10.2020, 11:13 - Baxış sayı: 780

Zaman göstərdi ki, Ermənistan diplomatik danışıqları pozaraq status-kvonu saxlamağa çalışır


GÜNEL MƏLİKLİ
AMEA-nın YAP İdarə Heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru


Müxtəlif dövrlərdə, müxtəlif qüvvələrin əli ilə Qafqaza köçürülmüş ermənilər məkrli planlar hazırlayaraq, “Böyük Ermənistan” dövlətini yaratmağa çalışıblar. Bu məqsədlə əzəli Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarına məxsus ərazilərin bir hissəsini ələ keçirdikdən sonra xəyali dövlətlərinə doğru zaman-zaman irəliləmiş, Qarabağın da “qədim erməni torpağı” olduğunu iddia edərək, bu torpaqları da Ermənistana birləşdirmək üçün bütün vasitələrə, o cümlədən hərbi təcavüzə əl atmışlar. Halbuki, mövcud tarixi mənbələr təsdiqləyir ki, Qarabağ, eləcə də onun dağlıq hissəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Əvvəlki əsrlərdə baş vermiş çoxsaylı fitnə-fəsadlardan kifayət qədər “təcrübə qazanmış” ermənilər 1905-ci ildə inqilabi hadisələrin baş verdiyi dövrdə Bakıda ilk dəfə erməniazərbaycanlı toqquşması yaratmışdılar.
Bu qarşıdurma qısa bir müddət ərzində bütün Azərbaycanı, xüsusilə Qarabağı, həmçinin İrəvanı və Tiflisi əhatə etdi. Həmin münaqişədən sonra ermənilərin fəallığı daha da artdı, azərbaycanlılara qarşı törətdikləri dəhşətli hadisələr, soyqırımları daha geniş miqyas aldı.
Ermənilərin torpaq iddiaları bitmək-tükənmək bilmirdi. Nəhayət heç zaman dövləti olmayan ermənilər Azərbaycan torpaqlarında dövlət yaratmağa nail oldular. Amma, bununla da kifayətlənmədilər.
Məlum olduğu kimi, Azərbaycan öz dövlət müstəqilliyini olduqca çətin və ağrılı bir dövrdə bərpa edə billmişdir. Bu çətinliyi şərtləndirən ən mühüm amillərdən biri 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində ölkəmizdə ictimai-siyasi vəziyyətin gərginləşməsidir.
Məhz bu təcavüz nəticəsində torpaqlarımızın bir qismi Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olunmuş, sərhədlərimiz, ərazi bütövlüyümüz pozulmuşdur. Münaqişə Ermənistandakı soydaşlarımızın öz ata-baba yurdlarından didərgin salınmasına və ərazilərimizin 20 faizinin işğalına gətirib çıxartdı.
Konkret olaraq, münaqişənin nizamlanma tarixinə nəzər salmaq üçün xatırladaq ki, bu qarşıdurma 1992-ci ildən tədricən beynəlxalq xarakterli münaqişəyə çevrilməyə başlayır.
1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən zirvə toplantısında onun sənədlərini imzaladı. Müstəqilliyini yenicə qazanan Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi də bu təşkilatın prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.
Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində bütün beynəlxalq təşkilatlarda həmin problem müzakirə mövzusuna, obyektinə çevrildi, bu təşkilatların imkanlarından istifadə etmək imkanları artdı. Həm Qərbdə, həm də Şərqdə dünyanın böyük dövlətləri, yəni dünya siyasətinə daha fəal təsir göstərə bilən dövlətlər, onların başçıları bizim problemlərlə yaxından tanış ola bildilər.
Problemin həll olunması üçün göstərilən səylər nəzərəçarpacaq dərəcədə gücləndi. Onlar məsələlərin sülh yolu ilə həll olunması istiqamətində müəyyən tövsiyələr verir, öz köməklərini təklif edirdilər.
Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, İslam Konfransı Təşkilatında, EKO və digər beynəlxalq təşkilatlarda bu məsələlərin dəfələrlə müzakirə olunmasını xüsusilə qeyd etməliyik. Dünyanın ən böyük dövlətləri -- ABŞ, Rusiya, Fransa, İngiltərə və digər Avropa dövlətləri, həmçinin qonşu dövlətlər Türkiyə, İran problemin həlli istiqamətində Azərbaycanla müzakirələr aparır, onun sülh yolu ilə həll olunması üçün bizə kömək göstərirlər.
Bu il sentyabrın 27- dək Azərbaycan tərəfi belə hesab edirdi ki, münaqişənin dinc yolla həlli imkanları tükənməyibdir. Bu, Azərbaycan xalqının sülhsevərliyinə, humanizminə dəlalət edən mühüm cəhətdir.
Lakin əgər respublikamızın ərazi bütövlüyü dinc vasitələrlə təmin edilməsə, işğal olunmuş torpaqlarımız azad olunmasa, dövlət sərhədlərimiz bərpa edilməsə, onda bildirilirdi ki, Azərbaycan Respublikası öz sərəncamında olan bütün imkanlardan istifadə edərək ölkənin ərazi bütövlüyünü tamamilə təmin edəcək, yerindən-yurdundan didərgin düşmüş bir milyondan artıq vətəndaşımızın öz evlərinə qayıtmasına nail olacaq.
Bildirilirdi ki, bu vəzifənin reallaşması üçün hər cür çətinliklərə, məhrumiyyətlərə dözməliyik, respublikamızın daha qüdrətli olması üçün əlimizdən gələni əsirgəməməliyik. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası münaqişəyə dair 4 qətnamə (822, 853, 874 və 884 nömrəli) qəbul etmiş, Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını birmənalı olaraq təsdiqləmiş, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Əslində Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu qətnamələr ciddi, əsaslı hüquqi və təşkilati baza yaradırdı.
Elə Azərbaycan dövləti də sentyabrın 27- də həmin bazaya əsaslanaraq addım atmışdır. 1993-cü ilin sonlarında – 1994-cü ilin əvvəllərində vasitəçilərin (ATƏT, MDB və s.) səyləri, Heydər Əliyevin hərtərəfli fəaliyyəti sayəsində aparılan danışıqlar nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə edilməsi əhəmiyyətli irəliləyiş hesab oluna bilər.
İrəliləyişin davamı kimi Heydər Əliyevin təşəbbüsü ilə münaqişənin siyasi həllinə nail olanadək atəşkəs rejiminin davam etdirilməsi barədə 27 iyun 1994-cü ildə saziş imzalanmış, danışıqların Minsk qrupu çərçivəsində davam etdirilməsinə dair razılıq əldə olunmuşdur. Deməli, 1994-cü ildə həmin qrupun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmişdir.
Həmsədrlər indiyədək münaqişənin tənzimlənməsinə dair üç təklif vermişlər.
– 1997-ci ilin iyununda – problemin paket həlli;
– 1997-ci ilin oktyabrında – problemin mərhələli həlli;
– 1998-ci ilin noyabrında – ümumi dövlət təklifi.
Azərbaycan Respublikasının Prezidenti ilk iki təkliflə tam razı olmasa da, onların danışıqlar prosesinin konstruktiv istiqamətdə davam etdirilməsi üçün əsas kimi qəbul edilməsinə razılıq vermişdir. Buna baxmayaraq, Ermənistan tərəfi bu təkliflərlə razılaşmamış, aşkar surətdə qeyri-konstruktiv mövqe tutmuşdur. Həmsədrlərin üçüncü təklifini Azərbaycan tərəfi qəbul etməmişdir. Çünki “ümumi dövlət”in heç bir beynəlxalq-hüquqi bazası yoxdur, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinamikasından bəhs edərkən Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu diplomatik fəaliyyətinə də diqqət yetirilməlidir.
Belə ki, 1993-cü ildən İslam Konfransı Təşkilatı (İKT) özünün bütün toplantılarında bu münaqişənin nizama salınması məsələsini diqqətdə saxlamış, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul etmişdir.
Belə ki, 1994-cü ildə Kasablankada, 1997-ci ildə Tehranda və 2000-ci ildə Dohada keçirilən İKT-nin Zirvə toplantılarında Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamələr qəbul olunmuşdur.
İKT əslində Ermənistanı birmənalı olaraq təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilatdır. 1999-cu ilin aprelindən etibarən münaqişənin tənzimlənməsi istiqamətində yeni format yarandı: bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqudur.
Həmin vaxtdan iki respublikanın prezidentləri xeyli görüş keçirmişlər. Konkret əməli nəticələr əldə olunmasa da, Prezidentlər münaqişənin dinc yolla aradan qaldırılması imkanlarının tükənmədiyini bildirmiş, dialoqun davam etdirilməsini zəruri hesab etmişlər.
Danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Belə ki, Ermənistan tərəfi bir qayda olaraq, qeyri-konstruktiv mövqedən çıxış edir, işğalçılıq siyasətindən əl çəkmək istəmir.
Bundan əlavə dünya birliyi “ikili standartlar” prinsipindən çıxış edərək, öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret addımlar atmır, bir çox hallarda fəal təsir imkanlarından istifadə etmirlər. Böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istiqamətində daha fəal olmalı, qəti və əməli addımlar atmalı, Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
2001-ci il yanvarın 25-də Azərbaycan Respublikasının Avropa Şurasına bərabərhüquqlu üzv qəbul olunması onun mühüm problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yeni imkanlar açmışdır.
Həmin ilin aprelində respublikamızın AŞPA-dakı nümayəndə heyəti ilk dəfə olaraq bu qurumun iclasında iştirak etmiş, plenar sessiyasında dövlətçilik maraqları baxımından mühüm məna kəsb edən, Ermənistanın Azərbaycana təcavüzü məsələsini özündə əks etdirən əhəmiyyətli sənədlər yaymışdır.
Belə sənədlər sırasında “Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanatı, “Ermənistanda və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar” haqqında məlumatı qeyd etmək olar. Bu sənədlərdə Xocalı faciəsi, Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində 783 girovun saxlanılması və s. faktlar öz əksini tapmışdır.
001-ci il iyunun 25-29-da AŞPA-nın növbəti plenar sessiyası zamanı Azərbaycanla bağlı iki mühüm sənəd həmin qurumun rəsmi sənədi kimi yayılmışdır: “Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət”, “Azərbaycanın mədəni irsinin qəsb olunması və dağıdılması”.
Birinci sənəddə işğal edilmiş Azərbaycan ərazilərində ekoloji vəziyyətin qəsdən, düşünülmüş şəkildə korlanması, ikinci sənəddə isə həmin ərazilərdə olan mədəni abidə və sərvətlərin dağıdılması Avropa ictimaiyyətinin diqqətinə çatdırılmışdır.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyini 1993-2003-cü illərdə Prezident Heydər Əliyev, 2003-cü ildən etibarən isə Prezident İlham Əliyev dəfələrlə BMT, ATƏT, NATO, AŞ, Aİ, İƏT, MDB və digər beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirmiş, bu təşkilatların rəhbərləri ilə keçirilən görüşlərdə və s. tədbirlərdə mütəmadi olaraq qaldırmış və məntiqi mülahizələrlə əsaslandırmışlar.
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin xarici siyasətində xüsusən diqqəti çəkən prioritetlər olmuşdur.
Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.
İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir. Bizim şəraitimizdə bu, götürqoy edilmiş yoldur. Zəif cəmiyyətə malik güclü demokratik dövlət ola bilməz.
Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyətin mükəmməl həyatı qoruya bilər. İstər xarici ölkələrə rəsmi və işgüzar səfərlərində, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində Prezident diqqəti Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqınlar və məcburi köçkünlər məsələsinə yönəldir.
Azərbaycan Prezidenti AŞPA-da, Avropa Birliyində, NATOda, BMT Baş Assambleyasının sessiyasındakı çıxışlarında, nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasətindən geniş danışır, Dağlıq Qarabağ, qaçqınlar və məcburi köçkünlər probleminin həllinə yönələn çağırışlar edir. Bu istiqamətlər Azərbaycanın iqtisadi-siyasi-hərbi gücünü müəyyənləşdirən əsas amillər, onun qələbəsinin labüdlüyünü şərtləndirən mühüm məqamlardır.
Ermənistanı, onun rəhbərliyini beynəlxalq miqyasda aciz duruma salan, bölgənin iqtisadi xəritəsindən silən, bütün qlobal layihələrdən təcrid edən İlham Əliyev təcavüzkarı indi döyüş meydanında da məğlub duruma saldı! Artıq döyüş cəbhəsindəki əsgərinə əmr verən Ali Baş Komandan İlham Əliyevdir! Ermənilər öz fitnə-fəsadlarından əl çəkmirlər. Paşinyan Ermənistanı bu günlərdə növbəti dəfə təxribata əl atdı. Bu dəfə erməni silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.
Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Tovuz rayonunda olduğu kimi, bu dəfə də ermənilər mülki infrastuktur obyektlərini hədəfə aldılar. Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Ermənistanın həyata keçirdiyi təxribat nəticəsində onlarca mülki şəxs həyatını itirdi, 150-yə yaxın insan yaralandı.
Cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak oldu. Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açıldı, Tərtərdə xalçaçılıq fabriki ciddi zərər gördü.
Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsində 54 mənzildən ibarət 10 saylı bina, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşdü. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncədə, Şəmkirdə, Yevlaxda, Mingəçevirdə, Beyləqanda, Ağcabədidə və digər yerlərdə dinc əhalini, çoxsaylı evləri və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Əlbəttə, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başladı.
Cəbhənin ən gərgin Tərtər–Ağdam və Füzuli–Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub.
Cəbhənin Füzuli– Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri Cəbrayıl şəhəri, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfəabad kəndləri, xüsusi strateji əhəmiyyət kəsb edən Suqovuşan kəndi düşməndən təmizlənib.
Bundan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib. Dövlət başçısımızın bu həssas və şərəfli günlərdə verdiyi müdrik və qətiyyətli qərarlar xalqımız tərəfindən rəğbətlə, coşquyla qarşılanır.
Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr bizi bütün tarixi torpaqlarımıza hər saat, hər an daha da yaxınlaşdırır.
Bu gün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazmaqdadır. Cənubi Qafqazın ən güclü ordusu ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmiş, müdafiə sənayesini kifayət qədər zənginləşdirmişdir.
Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi, qələbə ruhu vardır. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun şanlı tarix yazacağına əminik. Çünki “Aprel döyüşləri”, “Naxçıvan əməliyyatlar”ı və Tovuz döyüşləri kimi böyük uğurlarımız vardır.
Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir.
Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcək.
Azərbaycan xalqı ordusuna güvənir, onun arxasındadır. İnanırıq ki, ordumuz tezliklə bizə qələbə xəbərini verəcək, zəfər sevincini yaşadacaqdır.
Cənab Prezidentin dediyi kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.

"Xalq qəzeti"
09.10.2020