08.10.2020, 10:29 - Baxış sayı: 892

Azərbaycan Respublikasının təhlükəsizlik strategiyası


GÜNEL MƏLİKLİ
AMEA-nın YAP İdarə heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasətdə milli maraqların təmin edilməsi şərti ilə qonşu dövlətlərlə regional səviyyədə və bir çox aspektlərdə geniş əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi zəruri amilə çevrilir. Bu mənada hər bir dövlət bir sıra funksiyaları yerinə yetirir.
Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixində qəbul olunmuş “Milli təhlükəsizlik haqqında” qanununda qeyd edilir ki, “Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir”
Bu qanunda ilk dəfə olaraq dövlətin milli təhlükəsizliyi anlayışının tərifi verilmiş, təhdidlər, milli maraqlar, prinsiplər, obyektlər, həm də milli təhlükəsizliyin əsas istiqamətləri göstərilmişdir. Qanun milli təhlükəsizliklə bağlı bir çox problemlərə aydınlıq gətirdi. Bütovlükdə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması bu sahədə daha konkret fəaliyyət istiqamətlərini müəyyən etdi.
Müstəqillik əldə ediləndən sonra Azərbaycan müasir demokratik dövlətin qurulması və müasir tələblərə cavab verən xarici və daxili siyasətin həyata keçirməsi kimi fundamental problemlər ilə rastlaşdı. Azərbaycanın milli maraqlarının formalaşmasına və reallaşdırmasına imkan yaradan və praktik və nəzəri əhəmiyyət kəsb edən amillərin üzə çıxardılması lazımdır. Milli amillərin düzgün təyin edilməsi həm xarici, həm də daxili siyasətdə optimal kursunun qurulmasına imkan verir. Dünya təcrübəsi inandırıcı şəkildə onu göstəririr ki, dövlətin milli maraqlarının müdafiəsi üzrə təsirli sistemin yaradılması olmadan onun müstəqilliyini və azadlığı təmin etmək mümkün deyil. Milli maraqların reallaşdırması və onların təminatı, onların etibarlı müdafiəsi siyasi, hərbi, iqtisadi, elmi-texniki, mənəvi-psixoloji və s. əsaslarının formalaşmasını tələb edir. Azərbaycanın milli müstəqilliyi strategiyası Azərbaycan cəmiyyətinin daimi maraqlarının müdafiəsi məqsədi ilə bu sferada real və proqnozlaşdırılan tendensiyaları idarə edilməsi barədə ideyalardan ibarətdir.
Təhlükəsizlik sistemi funksional olaraq cəmiyyət üzvlərinin maraqlarının müdafiəsi və təhdidlərin qarşısının alınması üzrə müəyyən məsələləri yerinə yetirir. Təhlükəsizlik sisteminin strukturuna daxil olan təşkilatlar müəyyən gücə malikdir, bununla da təhlükəli presedentlərin qarşısı alınır. Məlum olduğu kimi təhlükəsizlik sisteminin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsidir. Təhlükəsizlik sistemində ölçülər real, obyektiv vəziyyəti nəzərə alaraq tətbiq edilir. Buradan aydın olur ki, abstrakt, utopik anlayışlar təhlükəsizlik sistemindən uzaqdır.
Çünki onlar əsas məsələləri yerinə yetirmək qadirində deyil. Azərbaycan Respublikasının indiki siyasəti siyasi birliyin və ərazi bütövlüyünün təminatından, bununla da Qarabağ münaqişəsinin həllindən ibarətdir. Əlbəttə, milli təhlükəsizliyin təminatında aparıcı ideyanın anlamaması göstərilən problemlər barəsində təhdidlərin artımına gətirib çıxara bilər.
Milli təhlükəsizliyin reallaşdırması o halda müvəffəqiyyətli olar ki, nə vaxt insanların siyasi fəallığı, onların siyasi mövqeyi aydın müəyyən ediləcək. Passivlik, laqeydlik, problemdən qaçış təhdid problemini gücləndirir.
Bununla bağlı milli təhlükəsizliyin təminatı sahəsində dövlət siyasəti həmçinin ondan ibarətdir ki, hər bir insanda fəal vətəndaş mövqeyini formalaşdırsın. Belə mövqeyin əsas məzmunu zəruri olduqda, vətəni müdafiə edə bilmək, öz maraqlarını milli maraqlarla uzlaşdırmaq, öz ölkəsinə qarşı törədilən fitnəkar hərəkətlərə mümkün qədər mane olmaqdan ibarətdir. Azərbaycan Respublikasının həyata keçirdiyi regional və beynəlxalq səviyyədə təhlükəsizliyin təmin edilməsinə, siyasi proseslərin gedişindən asılı olmayaraq, ölkənin müstəqilliyinin qorunub saxlanılması ilə konsepsiya təsdiq edilmişdir. Konsepsiyada təhlükə mənbəyi kimi terrorizmə xüsusi diqqət ayrılıb.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 2007-ci ildə qəbul edilmiş milli təhlükəsizlik konsepsiyasında təhlükəsizliyin müxtəlif və çoxsaylı aspektləri açıqlanır, dövlətin iqtisadi, sosial, ekoloji, hərbi, sərhəd, informasiya təhlükəsizliyi və əhalinin sağlamlıq və istehsal təhlükəsizliyi haqqında məsələ qoyulur. Konsepsiyada hakimiyyət və yerli idarəetmə orqanları daxili təhlükəsizlik subyektləri, dünya birliyi və qlobal, regional və subregional səviyyələrdə fəaliyyət göstərən müxtəlif dövlətlərarası təşkilatlar isə xarici təhlükəsizlik subyektləri kimi qəbul edilir.
Burada milli təhlükəsizlik dedikdə, dövlətin regional və beynəlxalq təhlükəsizliyi, daha sonra isə şəxsiyyət və cəmiyyətin təhlükəsizliyi nəzərdə tutulur. Konsepsiyada “təhlükəsizlik mühiti”, “milli maraqlar” və s. anlayışlara açıqlama verilir.
Müasir siyasi reallıqları nəzərə alaraq, beynəlxalq və daxili vəziyyət baxımından Azərbaycanın həyati əhəmiyyətli hədəfləri və maraqlarını aşağıdakı qaydada müəyyən etmək olar: 1. əksər əhalinin maraqları naminə demokratik islahatların keçirilməsi, hüquqi və sosial dövlətin yaradılması; 2. suverenliyinin, müstəqilliyin, ölkənin ərazi bütövlüyünün müdafiəsi, Qarabağ münaqişəsinin həlli; 3. əhalinin yüksək həyat səviyyəsini təmin etmək üçün rəqabətə davamlı iqtisadiyyatın inkişafı üçün şəraitin yaradılması; 4. dəniz sərhədlərinin mövcudluğu güclü və səmərəli hərbi dəniz qüvvələrlərinin ehtiyacını əsaslandırır; 5. hərbi təhdidlərə və hücumlara qarşı tab gətirmək qabiliyyətinin daimi təminatı; 6. Azərbaycanın milli maraqlarla bağlı haqqının azad fəaliyyəti seçimi üzrə imkanının olması; 9. öz fəaliyyəti ilə Azərbaycan üçün faydalı olan demokratik, çoxqütblü beynəlxalq münasibətlərini dəstəkləmək. Azərbaycanın milli maraqlarında geosiyasi maraqlar əhəmiyyətli rol oynayır. Azərbaycan özünəməxsus əlverişli coğrafi mövqeyə malik olaraq Qərbin və Şərqin arasında yerləşib.
Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın geniş sərvətləri Avropa ölkələrinə yönəlir. Həmçinin məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunda neftin və qazın zəngin yataqları aşkar edilmişdir. Hər bir ölkənin milli maraqları əhəmiyyətinə görə iki qrupa ayrılır: həyati vacib maraqlar, dəyişkən maraqlar. Həyati vacib maraqlar milli strateji maraqlardır.
Buraya qlobal və regional səviyyədə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi, ərazi, sosial-iqtisadi, milli-tarixi, mədənimənəvi bütövlüyün və s. qorunması daxildir. Bunların təmin edilməsi üçün diplomatik, iqtisadi, mədəni əlaqələrdən və hətta lazım gələrsə hərbi gücdən istifadə olunur. Bu maraqlar guzəşt və sövdələşmə predmetinə çevrilə bilməz. Belə maraqlarda dəyişikliklər o zaman baş tuta bilər ki, beybəlxalq aləmdə və ölkə daxilində köklü dəyişikliklər baş versin.
Azərbaycanın siyasi təhlükəsizliyinin təminatı milli təhlükəsizlik siyasətinin aparıcı tərəfini təşkil edir. Siyasi sferada ölkənin milli təhlükəsizliyinin təminatı faktiki olaraq, xalqın yaratdığı siyasi təşkilatlar tərəfindən dövlət idarəçiliyi məsələlərinin sərbəst həlli imkanlarının təmin edilməsi, insan və cəmiyyətin maraqları naminə daxili və xarici suveren siyasətinin həyata keçirməsi yolu ilə öz həllini tapır.
Təhlükəsizlik konsepsiyasında Azərbaycan Respublikasının Milli Maraqları dedikdə: dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması; demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi və s. aiddir. [1].
Qeyd etmək lazımdır ki, dövlətin milli təhlükəsizlik siyasətini əks etdirən bu konsepsiya Azərbaycan dövlətinin beynəlxalq və regional siyasi fəaliyyətinin əsaslarını təşkil edir. Onu da deyə bilərik ki, əslində dövlətin siyasi fəaliyyəti geostrateji siyasətin mühüm istiqamətlərindəndir.
Geostrateji siyasət dövlətin beynəlxalq və regional təhlükəsizliyinin, o cümlədən milli maraqlarının qorunması ilə sıx bağlıdır və bu siyasət həm də dövlətin ümumi inkişaf səviyyəsini müəyyən edir. Geostrateji siyasətin həyata keçirilməsinə yönələn bir sıra qarşılıqlı əlaqəli amillər sırasında aşağıdakıları qeyd etmək olar: ekoloji təhlükəsizlik amili, demoqrafik təhlükəsizlik amili və s. göstərmək olar.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq – 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdə inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi fikirlər, təklif və mülahizələr, mütəxəssislərin fikrincə, müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi.
Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar – milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökümət strukturlarının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlamentin yaradılması, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sürətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş əməkdaşlığa ruhlandırdı. Hüquqi dövlət quruculuğu istiqamətində reallaşdırılan məqsədyönlü siyasət bir neçə il ərzində ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradılması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa standartlarına uyğunlaşdırdı ki, buda 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası və s. ilə nəticələndi.
Azərbaycanın Avratlantik strukturlara inteqrasiyası barədə ölkə Prezidenti parlamentdəki çıxışında demişdir: “Bizim Avratlantik strukturları ilə əməkdaşlığımız çox səmərəli və müsbətdir. Bu istiqamətə böyük diqqət göstərilir və xarici siyasətimizin bu istiqaməti növbəti illərdə daha da güclənməlidir. Avropa İttifaqı ilə əlaqlər yüksək səviyyədədir. Azərbaycan beş ildir Avropa Şurasının üzvüdür və Avropa Şurası ilə artıq çox gözəl əməkdaşlıq edir” .
Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir.
) XX əsrdə böyük dövlətlər Cənubi Qafqaz regionuna bu müdaxilənin əsas məqsədlərini gizlətmək üçün Azərbaycanda vətəndaş müharibəsinin baş verməsinə və əhlinin əsas diqqətinin Dağlıq Qarabağ münaqişəsindən yayındırılmasına çalışırdılar.
1993-cü il 15 iyunda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sosial gərginliyə, qarşıdurmaya və müharibəyə son qoyudu, 1994-cü ildə müharibə bölgəsində atəşkəsin elan edilməsi Azərbaycan torpaqlarının növbəti işğalının qarşısını aldı. Azərbaycanda dövlət idarəçiliyinin və inişafının yeni əsasları formalaşdırılmağa başlandı. Regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində əsaslı addım atılmış oldu.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra suveren mövcudluğunun təhlükəsizliyinə nail olmaq üçün bir çox beynəlxalq təşkilatlara və ilk növbədə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin müraciətdə demokratiya, azadlıq və bərabərlik prinsiplərinin respublikanın əsas strateji yolu olduğu göstərilirdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi.
XX əsrin 90-cı illərindən müstəqillik qazanan post-sovet məkanı ölkələri milli maraqlara zərər vurmadan öz regional və beynəlxalq təhlükəsizliklərini təmin etmək məqsədilə mövcud və yeni yaranan beynəlxalq ittifaqlara daxil olmağa çalışırdılar. Bu dövrdə müstəqillik əldə edərək yeni respublika yaradan Azərbaycan dövləti ilk növbədə Aİ, BMT və ATƏT kimi təşkilatlara daxil olmağa çalışırdı. Bu təşkilatlara daxil olmanın əsas məqsədi Azərbaycanın təhlükəsizlik sahəsində iki əsas probleminin həlli ilə bağlı olmudur: Dağlıq Qarabağ münaqişəsi və daxili terrorizm təhlükəsi. Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə əsas maneə olaraq qalır .
ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır: 1. Suverenliyə hörmət; silahlı qüvvələrdən istifadə etməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisələrin dinc yolla həlli; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquq və azadlıqlarına hörmət etmək; millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.
Ölkənin təhlükəsizliyinin əsaslarının olunması və lazımi səviyyədə təşkili, onun təhlükəsizlik çərçivəsinin, geosiyasi kodunun yaradılması və milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi kimi mühüm dövlət vəzifələrinin həlli yenicə müstəqillik qazanmış və milli təhlükəsizlik sistemi hələ kifayət qədər möhkəmlənməmiş bir dövlət üçün düşünüldüyü kimi də asan iş deyildi.
Məlumdur ki, müasir dövrdə bütün dünyada miqrasiya prosesinin genişlənməsinin, qaçqınlar və məcburi köçkünlər probleminin genişlənməsinin əsas səbəblərindən biri müharibə və münaqişələrlə bağlıdır ki, bu da ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ciddi təhdidlərin yaranmasına səbəb olur. Bu prosesin tənzimlənməsi rasional funksiyalaşan vahid miqrasiyaya nəzarət sisteminin yaradılmasını, həmçinin qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsini, həmsərhəd dövlətlərlə razılaşmalar prosesinin fəallaşdırılmasını və bu istiqamətdə qarşılıqlı vəzifə və məsuliyyətləri nəzərə alan uyğun müqavilələrin bağlanmasını, həmçinin regional və beynəlxalq əməkdaşlığın, yəni əlaqəli miqrasiya siyasətinin realllaşdırılmasını, beynəlxalq təşkilatlar, xüsusilə də Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığın yaradılmasını və s. tələb edir.
Müstəqillik əldə etdikdən sonra ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən Azərbaycan Respublikası milli maraqların qorunması istiqamətində hərbi təhlükəsizlik siyasəti həyata keçirməyə başladı. Hərbi təhlükəsizlik dövlətin təhlükəsizlik siyasətinin tərkib hissəsi olub, hərbi qüvvələr və dövlətin müvafiq hakimiyyət orqanları tərəfindən həyata keçirilir. Hərbi təhlükəsizlik dövlətin müdafiə qüvvələrini dəstəkləyir və digər dövlətlərlə dostluq münasibətlərinin saxlanmasıına, hərbi münaqişələrin qarşısının alınmasına yönəlir. Hərbi təhlükəsizlik siyasəti dövlətin öz maraqlarını və suverenliyini müdafiə etmək, hərbi müdaxilələrə və digər təzyiq formalarına qarşı durmaq, vətəndaş müharibələrinin, etnik münaqişələrin qarşısını almaq hazırlığını və bacarıqlarını ehtiva edir. Heydər Əliyev elə bir siyasi kursun əsasını qoydu ki, bu kurs Azərbaycan durduqca məmləkətimizin dövlətçilik konsepsiyası kimi yaşayacaq. Ən nəhayət, Heydər Əliyev Azərbaycana elə bir layiqli davamçı bəxş etdi ki, qurduğu dövlət və yaşamaq haqqı verdiyi millət bu gün ona - Prezident İlham Əliyevə alternativsiz inam, etimad ünvanı kimi yanaşır!
İlham Əliyev prezidentliyə başladığı ilk gündən Heydər Əliyevin ənənələrini davam etdirərək, özünün əsas məqsədinə- Azərbaycanı inkişaf etmiş sabit iqtisadiyyata malik, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək məqsədinə nail olmuşdur. Öz nəhəng inamlı addımlarıyla Azərbaycan siyasi səhnəsini titrədən İlham Əliyev faktoru Azərbaycanın sağlam qüvvələrini və rasional düşünən insanlarını sevindirdiyi qədər müxalifəti məyus edir. Və bu mövcudluq xalq arasında geniş nüfuza, Yeni Azərbaycan Partiyası kimi monolit siyasi gücə, yüksək intellektuala, kifayət qədər sanballı iqtisadi və siyasi təcrübəyə, qüdrətli və böyük Heydər Əliyev siyasi məktəbinə, şəffaf, sınanmış və şərəfli genetik keyfiyyətlərə söykənir. Bu güc qarşısında duruş gətirmək, bu keyfiyyətlər və onların verdikləri üstünlüklər qarşısında aciz qalmamaq mümkün deyildir.
Prezident İlham Əliyev qeyd edir ki: “Azərbaycanda siyasi islahatlar çox sürətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir”. Prezidentin yüksək diplomatik fəaliyyəti hərbi əməliyyatlarımızın gerçəkləşməsinə beynəlxalq hüquqi zəmin formalaşdırıb: düzgün iqtisadi siyasət Azərbaycanın bu savaşdan qalib çıxması üçün fövqəladə gücünü yaradıb; uğurlu hərbi islahatlar ordumuzun qüdrətini artıraraq, onu Qarabağı düşməndən tam təmizləyəcək səviyyəyə yüksəldib. Bu istiqamətlər Azərbaycanın iqtisadisiyasi-hərbi gücünü müəyyənləşdirən əsas amillər, onun qələbəsinin labüdlüyünü şərtləndirən mühüm məqamlardır.(6) Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı iqtisadi islahatların və quruculuq işlərinin ideya-siyasi təməllərinin elmi-fəlsəfi tədqiqinə böyük ehtiyac var. Heç bir uğur təsadüfi qazanılmır. İndiki müvəffəqiyyətlərimiz məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrələridir. Ona görə Azərbaycanda müasir dövlət quruculuğunun fəlsəfi əsaslarının öyrənilməsi vətəndaş cəmiyyətinə keçidin başlıca tendensiyalarını müəyyənləşdirmək üçün çox vacibdir.
Azərbaycan Respublikasının əsas inkişaf prioritetləri ilk növbədə onun milli təhlükəsizliyinin və milli maraqlarının formalaşması, təmin olunması ilə bağlıdır. Ölkələrin milli inkişaf tələbləri onların daxili və xarici siyasətini – dövlətin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasını və s. vəzifələrin həyata keçirilməsini tələb edir. Cəmiyyətdə cərəyan edən sosial proseslər göstərir ki, burada inkişaf ümumsivilizasiya inkişafının məcrası baxımından doğru seçilib istiqamətləndirilir, burada həm də milli maraqlar, dövlətin təhlükəsizliyi üstünlüyü təmin olunur.
Açar sözlər: təhlükəsizlik, milli təhlükəsizlik, beynəlxalq təhlükəsizlik, milli maraqlar, Dağlıq Qarabağ münaqişəsi

РЕЗЮМЕ
Критерии безопасности каждого государства связан с установлением отношений, которые не будут подрывать его национальные интересы в системе региональных и международных отношений. Если внутренняя безопасность страны во многом зависит от политического компромисса властных отношений с правительством, а также от установления особых властных отношений с различными сегментами и благосостояния населения, то внешняя безопасность напрямую связана с политической и экономической властью страны.
Ключевые слова: безопасность, международная безопасность, региональная безопасность, национальные интересы, Нагорно-Карабахский конфликт


SUMMARY
Criteria of safety of each state it is connected with establishment of the relations which won’t undermine his national interests in the system of the regional and international relations. If internal security of the country in many respects depends on a political compromise of the imperious relations with the government and also on establishment of the special imperious relations with various segments and welfare of the population, then external safety is directly connected with the political and economic authority of the country.
Keywords: security, international security, regional security, national interests, the NagornoKarabakh conflict.


"GEOSTRATEGİYA"
Yanvar - Fevral 2020 № 01 (55) 54 Beynəlxalq ictimai - siyasi, elmi - nəzəri jurnal