05.10.2020, 10:50 - Baxış sayı: 512

Vətən müharibəsində dövlətimizin və ordumuzun yanındayıq


Eynulla Mədətli
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor
müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir


Müharibə xəbərinə adi hallarda kimsə sevinməz, amma başlamalı olduğumuz bu müharibə otuz il səmərəsiz danışıqlardan cana doymuş, torpaqları təcavüzkar Ermənistan dövləti tərəfindən işğala, əhalisinin beşdə biri qaçqın və köçgün vəziyyətinə düşmüş, kəndləri, şəhərləri viran edilmiş, total etnik təmizləməyə məruz qalmış, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından və böyük dövlətlərdən ədalətli haqqını ala bilməyən bir xalqın haqlı müharibəsi olduğundan çoxlarını sevinc göz yaşları boğurdu. Ona görə vətəndaşlarımızın, xarici ölkələrdəki soydaşlarımızım başlanan bu azadlıq müharibəsi ilə əlaqədar bir-birini təbrik etməsi və qələbə arzulaması, əlbəttə başadüşüləndir və dünyanın ən sülhsevər və mərhəmətli insanları olan Azərbaycan xalqının səbr kasasının necə daşdığının göstəricisidir.
Ölkəmizin Tovuz bölgəsində, Ermənistan – Azərbaycan dövlət sərhəddində Ermənistanın Azərbaycanın dinc əhalisinə və hərbi mövqelərimizə qarşı 12 iyul 2020-ci il tarixində törətdiyi hərbi təxribatdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın böyük dövlətlərinə, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə təcavüzkar Ermənistanın 30 ildir davam edən işğalçı siyasəti və yeni ərazilərin ələ keçirilməsi üçün hazırlıqlar etdiyini dəfələrlə çatdırdı, beynəlxalq gücləri təcavüzkarı cilovlamaq üçün təsirli tədbirlər görməyə səslədi.
O gərgin günlərdə Prezident İlham Əliyev hər zaman olduğu kimi yenə siyasi müdriklik nümayiş etdirdi, düşmənin məkrli təxribatına soyuqqanlılıqla yanaşaraq Ermənistan ərazisinə döyüş əməliyyatlarını keçirmədi, ordumuz düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr endirməklə düşməni susdurdu və beləliklə Ermənistanın üçüncü tərəfi müharibəyə cəlb etmək niyyəti baş tutmadı. Ölkəmizdə və ondan kənarda bir sıra şəxslərin dərhal geniş miqyaslı müharibəyə başlamaq çağırışlarına baxmayaraq Azərbaycan prezidenti "Biz nəyi, nə zaman və necə etməyi bilirik!"- bəyan etməklə öz strateq uzaqgörənliyini ortaya qoydu və yüksək kürsülərdən dünyaya dəfələrlə Ermənistanın təcavüzkar siyasətinin acı nəticələr doğuracağına və bunun məsuliyyətinin də təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyinin üzərində qalacağına dair çağırışlar etdi.Təəssüf ki, Azərbaycan Prezidentinin bu çağırışına müvafiq reaksiya verilmədi. Bu isə Ermənistanı daha da şirnikləndirərək ölkəmizin yeni ərazilərini işğal etməyə iştahlandırdı.
Sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına təkan verdi. Ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin parlaq nümayişi oldu. Artıq bir neçə gün ərzində düşmənə endirilən sarsıdıcı zərbələr, onun çoxlu döyüş texnikasının və canlı qüvvələrinin sıradan çıxarılması, bir sıra yaşayış məntəqələrinin və strateji mövqelərin azad edilməsi tam əminlik yaradır ki, qəhrəman Azərbaycan əsgəri bu zəfərləri davam etdirəcəkdir. Ordumuzun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən düşmənin dinc sakinlərimizə, şəhər və kəndlərimizə atəşləri nəticəsində mülki əhalimizdən həlak olanların çox olması bizi nə qədər ağrıtsa da, torpaqlarımızı bu dəfə azad edəcəyimizə, düşməni ölkəmizdən qovub çıxaracağımıza inanırıq.
Bu günlərdə ordumuza ümumxalq dəstəyini , dövlətlə xalqın bütün təbəqələrinin, hətta əks qütblərdə yer alan partiya və təşkilatların indiyədək misli görünməmiş həmrəyliyini, ölkə daxilində və xarici ölkələrdə torpaq bütövlüyümüz uğrunda vətəndaşlarımızın və soydaşlarımızın əzmkarlıqla çıxış etdiklərini, Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirdiklərini həyəcansız izləmək mümkün deyildir.
AMEA-nın Fəlsəfə institutunun bütün əməkdaşlarının qəlbi də bu gün bütün xalqımızla bərabər qələbə əzmi ilə döyünür. Cəbhədə də döyüşən nümayəndəmiz vardır, Silahlı qüvvələrimizə yardım fonduna dəstək verənlərimizin sayı da getdikcə artmaqdadır. Filosoflarımız və sosioloqlarımız kütləvi informasiya vasitələrində öz məqalə və çıxışları ilə həm ordumuza mənəvi dəstək verir, həm də gənc nəslin vətənpərvərlik və mübarizlik ruhunun yüksəldilməsi üçün səy göstərirlər. Bir sözlə, yaşından asılı olmayaraq gərəkdiyi zaman hər birimiz silaha sarılıb Vətəni müdafiə etməyə, torpaqlarımızı düşməndən azad etməyə hazırıq.
Burada bir daha vurğulamaq istəyirəm ki, institutumuzun bütün kollektivi bir nəfər kimi xalqımızın qələbə əzminə, vətənpərvər övladlarımızın Vətən uğrunda savaşına öz mənəvi dəstəyini ifadə edir. Ehtiyatda olan əsgər və zabitlərimiz, Qarabağ qazilərimiz hər an dövlətimizin çağırışına hazırdır. Hamımızın ən böyük arzumuz budur ki, Silahlı Qüvvələrimiz bu günlər ərzində qazanılan uğurları sürətlə davam etdirsinlər. Çünki, düşmən arxalıdır, döyüşdəki məğlubiyyətinə baxmayaraq ona havadarlıq edən olkələrdə və təşkilatlarda məkrli antiazərbaycan təbliğatı aparır, havadarlarını müharibəni dayandırması üçün Azərbaycan dövlətinə təzyiq etməyə sövq edir və həmin ədalətsiz güclər də bunu edirlər. Hamımız dərk edirik ki, bu bizim son şansımızdır. Cəbhədə yalnız tam və həlledici qələbə ilə ölkəmizin pozulmuş ərazi bütövlüyünü bərpa edə, bütün ölkə miqyasında suveren haqqımızı təmin edə bilərik. Bu günlər cəmiyyətimiz indiyədək heç bir dövrdə malik olmadığı bir yekdilliyə, millət və vətən təəssübkeşliyinə, mübarizə və qələbə əzminə malikdir. Cəmiyyət daxilində daha da güclənmiş milli vəhdət və hakimiyyət orqanlarına etibar, ölkə Prezidentinə və ordumuza xalqın dərindən inamı dövlətimizin yenilməz gücünün və iradəsinin bariz göstəricisidir. Hamımızı indi bir çağırış səfərbər edir: elliklə Vətən müharibəsinə qalxaq, torpaqlarımızı bu uzunsürən işğaldan azad edək, mənfur düşməni qovub ölkəmizdən çıxaraq.
Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusunun və bütün Azərbaycan xalqının bu azadlıq müharibəsinin zəfərlə başa çatacağına, nəyin bahasına olursa-olsun torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə dərindən inanırıq. Tarixi haqqımız olsa da, bizim düşmənin torpaqlarında gözümüz yoxdur, beynəlxalq hüququn tanıdığı öz torpaqlarımıza sahib olub dövlətimizin suveren haqqını təmin etməliyik. Əminik ki, çətin sınaqlardan keçmiş, həlledici anlarda həmişə coşqu ilə təzahür etmiş dövlət və xalq birliyimiz sayəsində buna nail olacağıq.
Azərbaycan filosoflarının qabaqcıl dəstəsi olaraq davam edən bu Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində zəfərlər, xalqımıza qələbə sevinci arzulayıram!

"İkisahil" qəzeti
03.10.2020