30.09.2020, 12:26 - Baxış sayı: 856

Ziyəddin Göyüşovun etik görüşlərində xoşbəxtlik konsepsiyasi


Əlikram Tağıyev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Məntiq” şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru, professor


Sovet dövrü Azərbaycan filosoflarının əsərləri Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm rol oynamışdır. Bu əsərlər içərisində fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşovun əsərləri xüsusilə seçilir. Ziyəddin müəllim öz məhsuldarlığı ilə diqqəti cəlb edir. Onunun tədqiqat obyektinə daxil olan problemlər öz əhatəliyi və aktuallığı ilə məşhur idi. Professor Ziyəddin Göyüşov dövrün qarşıya çıxan məsələlərini ilkin cavablandıran alimlərdən biri olmuşdur. Müəllifi maraqlandıran, narahat edən problemlərdən olan əxlaqi saflıq, mənəvi təmizlik, ülvilik və fəzilətlilik kimi məsələlərdir.
Bu istiqamətdə müəllifin aşağıda adlarını çəkdiyimiz əsərlərini göstərmək olar: «Əxlaqi sərvətlər», «Həzz və iztirab», «Fəzilət və qəbahət», «Daxilə pəncərə». Müəllifin tədqiq etdiyi ikinci bir problem də bilavasitə birinci adını çəkdiymizlə əlaqədar olub daha geniş və əhatəlidir. Buraya daxildir: «Sovet Azər¬bay¬canında fəlsəfi fikir», “XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “XIX-XX əsrlərdə Azərbaycanda etnik fikir”, «Философская мысль в Советском Азербайджане: краткий очерк». Bundan başqa, professor Ziyəddin Göyüşov bir sıra qiymətli tərcümələr etmiş, H.B.Zərdabinin əsərlərini toplayıb nəşr etdirmişdir. Ziyəddin müəllim Azərbaycanın xaricində də elmi məclislərdə onu ləyaqətlə təmsil etmiş, bir sıra elmi işlərin yerinə yetirlməsinə istiqamət vermişdir. Professor AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Fəlsəfə tarixi” şöbəsinin müdiri kimi burada elmi mühitin formalaşmasına nail olmuş, aparılan elmi tədqiqatlara lazımi istiqamət vermişdir. Bir çox dissertasiyaların, kitab və monoqrafiyaların işıq üzü görməsində onun çox böyük xidmətləri olmuşdur. İnstitutda elmi kadrların yetişməsində Ziyəddin müəllimin zəhməti böyükdür.
“Azərbaycanın fəlsəfə tarixinə dair oçerklər” (1966) kitabının redaksiya heyətinin üzvi kimi onun yazılmasında iştirak etmişdir. İfrata varmadan demək olar ki, professor Ziyəddin Göyüşov Sovet Azərbaycanı filosofları arasında ən çox kitab yazıb çap etdirən alimdir. Buna baxmyaraq onun etik görüşləri İnstitutun doktorantı Rəhim Həsənovun müəllifə həsr olunmuş doktorluq dissertasiyası və bir neçə yazılar istisna olunmaqla elə bir fundamental tədqiqatlar aparılmamışdır. Ona görə də təklif edirəm, professorun əsərləri yeni, gənc nəslə daha asanlıqla çatdırmaq üçün yeni latın əlifbasında yenidən çap olunsun və öyrənilsin.
İnsan xoşbəxt olmaq üçün həyata gəlir. Sokratdan gəlmiş bu ideya Ziyəddin müəllimin yaradıcılığında qırmızı bir xətt kimi keçir. Dünyanın fəlsəfi fikir dahiləri Zərdüşt, Konfutsi, Platon, Aristotel və başqaları da bu ideyanı müdafiə etmişlər. Onlara görə fəlsəfənin əsas qayəsi kamil, xeyirxah, adil insanın yetişdirilməsi və onun öyrənilməsidir. Konfutsidən soruşudular: “Necə etmək olar ki, ən təmiz adamı tapasan?” Cavab verdi: “Bunun üçün gərək sən özün də təmiz adam olasan.”
Antik yunan filosofu və qanunçusu olan Solon (b.e.ə. 630-560) qoca vaxtlarında səyahət edə-edə gəlib Lidiya ölkəsinə çıxır. O zaman da bu ölkə tərəqqidə idi və təbii ki onun şahı Krez də bu tərəqqidən feyziyab olurdu. Özünün var-dövləti, ordusu və əhalisinin həyat səviyyəsi onu çox məğrur etmişdi. Solonu qəbul edən Krez ona belə bir sual verir: “Görürsən də, məni bu cah-cəlalla xoşbəxt adam adlandırmaq olarmı?” Solon deyir: “Yox, insan yalnız öləndə keçmişinə baxıb xoşbəxt olub-olmaığını bilə bilər.” Cavab Krezi qane etmir və o Solonu təhqir edib qovlayır. Solon isə deyir: “Sənə qüssə gətirəcək həzzdən qaç.” Bir müddət keçir, İran şahı Kir onun ölkəsinə hücum edir, şəhərini tutur, özünü isə qolubağlı şəkildə tonqalın önünə gətirib oda atmaq əmrini vermək istəyəndə Solonun ona dedikləri yadına düşür və ucadan üç dəfə “Ah, Solon” deyə fəryad edir. Bütün bu səhnə Kirin önündə baş verirdi, ona görə də soruşdu: “Solon kimdir? Sən onun adını nə üçün çəkirsən?” Krez Solonla olan əhvalatını danışdı və dedi: “İndi bildinmi ki, tələsmişəm və səhv etmişəm. O kişi düz deyirmiş.” Kir bu söhbətddən çox mütəssir oldu və dedi: “Yaxşı, mən səni bağışlayıram və öz məiyyətimə qəbul edib həmsüfrəm edirəm.” Amma sən də mənə bir işdə köməklik göstər. Daha doğrusu, sən xalqına başa sal ki, daha müqavimət göstərməsinlər. Onsuz da əlimdəsiniz.” Solon dedi: “Mənə ki, bu yaxşılığı etdiniz, mən də əvəzini çıxmağa çalışaram, ən əvvəl mənim xalqıma silah gəzdirməyi qadağan elə, ikincisi, onlara əm et ki, daim dikdaban ayaqqabı və xilon geyinsinlər. Üçüncüsü isə onlar xırda ticarətlə və çalıb-oxumaqla vaxt keçirsinlər. Çox çəkməz ki, bu xalq da sizinlə qaynayıb qarışar və yox olar.” Doğrudan da çox çəkmədi ki, “Lidiya” adında bir xalq tarix səhnəsindən silinib getdi.
Krezin öz xalqı və Kir qarşısındakı bu ikili xidməti hələ indiyədək özünün düzgün, obyektiv qiymətini almamışdır. Ondan yazan müəlliflər də, Krezin özü də millətinə ikili standartlardan yanaşır, bəziləri onu lənətləyir, bəziləri isə haqq qazandırırlar. Hər halda Krezin vicdanına yazılmış bu tarixi fakt indinin özündə də mübahisələr mövusunun obyektidir.
Sovet dövründə bir sıra hallarda orta əsrlərin didaktik ənənələrini yaşatmaq, onun bayrağı altında tərbiyə sisteminə yeniliklər gətirmək cəhdləri olurdu. Bu ənənələrdən yaradıcılıqla bəhrələnən professor Z.Göyüşov gənclərə tövsiyyəsində halal zəhməti, əməyi məsləhət görərdi. Bu mənada Nizaminin “Kərpickəsən kişinin dastanı” mənzuməsi çox səciyyəvidir:
Onunçun əlimi öyrətdim ki bu sənətə,
Bir gün əl açıb düşməyim xəcalətə.

Deməli ictimai quruluşun necəliyindən asılı olmayaraq insan gərək öz zəhməti və əməyilə yaşasın. Müftəxor və meşşan olmasın, başqaları üçün başağrısına çevrilməsin. Düz deyirlər ki, xoşbəxtlik gərgin əməkdən sonrakı layiqli və şərəfli istirahətdir. Onu da deyirəm ki, Sovet dövrünün bir çox alimləri və yazarları da bu geniş şəkildə istifadə edirdilər (məsələn: Nurəddin Babayev, Tofiq Əkbərov, Əlisa Nicat). Onlar da həqiqi xoşbəxtliyin saf və təmiz əməkdə olduğu fikrində idilər. Bu, əslində bir təbliğat deyildi, amma həyatın daxili tələbatından irəli gələn bir məsələ idi, həyat tərzi idi.
Orta əsrlərin əxlaqi normaları indikindən fərqli idi. Məsələn, sufilər: sufilərdə başqasının eybini gizlətmək bir norma idi, tənqidə “yox” deyilirdi. Məsələn, Mövlana yazırdı ki, “başqasının sirrini gizlətməkdə gecə kimi ol”. Yaxud Nizami “İskəndərnamə”də yazırdı:
Xəbərçilik bilməz bir nəfərimiz,
Özgənin eybinə göz yumarıq biz.

Yaxud “Sağ əlin verdiyini sol əl bilməməlidir”. Bu ideyalar o vaxtların əxlaq normaları idi. Amma quruluş dəyişəndə isə xəbərçilik, satqınçılıq normaya çevrildi. Demokratiya və aşkarlıq dövründə isə tələb olunurdu ki, sağ əlin verdiyini nəinki sol əl, əksinə hamı bilməlidir. Bunlar sovet dövründə tənqid və özünütənqid bayrağı altında yeridilirdi. Özünü və ətrafını nə qədər çox tənqid etsən, hörmətin də bir o qədər artıq olar. Bu ideyaları dövlətin və cəmiyyətin təhlükəsizliyinin qarantı hesab edirdilər.
Onu da deyək müxtəlif tarixi mühit və şəraitdən asılı olaraq xoşbəxtliyin məna tutumu da dəyişilmişdir. Məsələn, dünyanın birinci filosofu (bəziləri hətta onu peğəmbər də adlandırırdılar) Fales deyirdi ki, mən ona görə xoşbəxtəm ki:
-İnsan kimi anadan olmuşam (yəni heyvan deyiləm);
-Kişi kimi anadan doğulmuşam (yəni qadın deyiləm);

-Ellin kimi anadan olmuşam (yəni barbar deyiləm). (Bax: Александр Осипович Маковельский. Избранные произведения. в 4-х томах. Том II, книга 2. Изд. "Техник", Баку, 2012, с. 30)
Ondan soruşanda ki, “Kim xoşbəxtdir?”, demişdir: “Bədəncə sağlam, mənəvi və təbii qabiliyyətlərə malik və yaxşı tərbiyə almış adam” (Yenə orada, səh. 21) Seneka isə demişdir: “Özünü xoşbəxt hiss etməyən adam bədbəxtdir”. Yəni xoşbəxtlik insanın özünü xoşbəxt kimi dərk etməsidir, özünü necə aparmasıdır və s.
Professor Ziyəddin Göyüşov hər şeydən əvvəl etik idi, Azərbaycanda etik fikrin öyrənilməsində əvəzsiz xidmətləri vardır. Dünyanın fikir dahiləri içərisində Aristotelin “Nikomax əxlaqı”, Nəsirəddin Tusi “Əxlaqi-Nasiri”, Zərdüştün əxlaqı, xristian əxlaqı, islam əxlaqı və b. anlayışlar mövcud olmuşdur. Z. Göyüşovun əxlaq konsepsiyasınada buyuxarıda göstərilən təlimlərin Azərbaycan mühitində davamı və inkişafı kimi baxmaq olar. Bu baxımdan onun xeyir və şərə verdiyi qiymət maraq doğrur. Məlumdur ki, Zərdüşt əxlaqında xeyir söz, xeyir fikir, xeyir əməl əsas yer tutur. Ümumiyyətlə, insan və onun xeyirli əməllər üçün yaranmış olması fikri professor Ziyəddin Göyüşovun əsərlərində, eləcə də onun etik fikirlərində başlıca yer tutur. Bu mənada Ziyəddin müəllimin xeyir və şər haqqında özünəməxsus müəyyən düşüncələri var idi. Xeyir kateqoriyası etikanın əsas və müəyyənedici kateqoriyasıdır. Bu kateqoriyanın məzmunu düzgün müəyyən edilməsə heç bir etik problemi həll etmək olmaz. Xeyir və şər anlayışları elə mühüm və elə ümumi anlayışlardır ki, bunlarsız habelə əxlaqi hərəkət və davranışlara qiymət vermək olmaz. Xeyir artıq müsbət qiymətləndirilmiş və əxlaqi sərvət şəkili almış kateqoriyadır. Bunun əksinə olaraq şər mənfi qiymətləndirilmiş, əxlaqi keyfiyyət və sifətlərin, hərəkət və davranışların təcəssümüdür. Geniş mənada xeyir əxlaqlılığı, şər isə əxlaqsılığı ifadə edir. Başqa etik kateqoriyalar kimi xeyir və şər kateqoriyaları da zaman keçdikcə dəyişmiş, sinifi xarakter daşıyaraq müxtəlif məzmun kəsb etmişdir. Lakin əxlaq yarandığı gündən indiyədək xeyir ayrı-ayrı insan qrupları, siniflər və bütövlükdə cəmiyyətin əxlaqi cəhətdən bəyəndiyi, təqdir edildiyi, fəzilət hesab etdiyi hərəkət və davranışları, şər isə cəmiyyətin pislədiyi, bəyənmədiyi, qəbahət saydığı hərəkətləri ifadə etmişdir. Buna görə də bu anlayışlar özündə müəyyən ümumbəşəri cəhəti də, nisbi sabitliyi də ehtiva edir. (Bax: Göyüşov Z. Əxlaqi sərvətlər. B., 1966., səh 67)
Xoşbəxtlik etikanın digər kateqoriyalarından özünün konkretliliyi, dərinliyi və qədimliyilə seçilir. Xoşbəxtlik əxlaqi şüurun əsas anlayışlarından olub insanın daxilən özündən razı qalmasına uyğun gələn bir haldır.Xoşbəxtlik ruhun rahatlıq tapmasıdır. Buraya həm də yalnız şadlıq, sevinc halları deyil, habelə insanın kədərli anları da daxildir. (Bax: S.A.Şahüseynova. Etika. Bakı, 2009, s. 102)
Professor Z.Göyüşova görə xoşbəxtlik- əxlaqi ideal və arzu ilə sıx surətdə bağlıdır. Əxlaqi ideal və arzu insanın xoşbəxtliyinin mühüm tərkib hissəsi olmaqla bərabər, həm də qiymətli əxlaqi sərvət xarakteri daşıyır. İdealsız, arzusuz, məqsədsiz, gələcəyə inamsız mənalı insan həyatı təsəvvür etmək çətin olduğu kimi, bunlarsız əsl xoşbəxtlik də mümkün deyil. (Z.Göyüşov. Əxlaqi sərvətlər. Bakı, 1966, s.290 )
Xoşbəxtlik bilavasitə həyatın mənası ilə bağlıdır. Bu ideyaları ilkin tədqiq edən antik yunan filosofu Epikür yazırdı ki, həyatın mənası insanın müdrik olmasıdır. A.A.Bakıxanov isə “Təhzibül-əxlaq” və “Nəsihətnamə” adlı əsərlərində xoşbəxtliyi təvazökarlıqla əlaqələndirmişdir. Məşhur alim və ağıllı vəzir olan Büzürgümehr xoşbəxt olmağın açarını insanın ağlında axtarırdı. Demokritə görə isə gələcəkdə xoşbəxt olmağına əmin ola bilən adamı xoşbəxt hesab etmək olar.
Z.Göyüşov xoşbəxtliyin əsas səbəbini ülfət və ünsiyyətdə görürdü. O, xoşbəxtliyin üç əsas şərtinin olduğunu qeyd edirdi:
-bədbəxtliyin aradan qaldırılması;
-azadlığın təmin olunması;
-əmin-amanlığın və sülhün təmin olunması. (Həsənov R. Azərbaycanın etik fikir tarixində Ziyəddin Göyüşovun rolu. “Multikulturalizm prosesləri qloballaşma şəraitində” mövzusunda beynəlxalq konfrans. Bakı, 2014, s.251-255) İnsanlar buna nail olmaq üçün gərgin əmək sərf etməli, mübarizə aparmaldırlar. Periklin dediyi kimi insanlar azadlıq uğrunda öz şəhərlərinin divarları uğrunda apardıqları mübarizə kimi bir mübarizə aparmaldırlar.
Professor Z.Göyüşov xoşbəxtliyin təkbaşına qazanıla biləcəyi fikri ilə razılaşmır, onu ümuminin birlikdə əldə edəcəyi bir sərvət hesab edirdi. Necə deyərlər, birinin azadlğı hamının, hamının azadlığı isə birinin azadlığı üçün şərt ola bilər. Yəni, insan cəmiyyət içərisində yaşadığından onun azadlığı da cəmiyyətin nə dərəcədə azad olmasından asılıdır. Bəziləri xoşbəxtliyi var-dövlətin çoxluğunda axtarırlar. Doğrudur, bu da xoşbəxtlik üçün stimul yaradan amillərdən biridir, amma özü deyil.
P.S. Aristotel yazırdı ki, xoşbəxtlik insanın özünə arzuladığı bir şeydir. Doğrudan da insan öz arzularına uyğun bir şəraitdə yaşayırsa onu xoşbəxt adlandırmaq olar. Hərçənd ki, xoşbəxtlik haqqında müxtəlif fikirlər vardır və hətta onlar da bir-birinə uyğun gəlmir.
P.S. Biz bu kiçik məqalədə hörmətli alimimizin xoşbəxtliyə dair mövqeyini və tutduğu yeri şərh etməyə çalışdıq, amma onun öyrənilməsi üçün fundamental tədqiqatın aprılmasını zəruri sayırıq.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Очерки по истории Азербайджанской философии. Том I. Изд. Академия наук АзССР, 1966.
2. Маковельский Александр Осипович. Избранные произведения. в 4-х томах. Том II, книга 2. Изд. "Техник", Баку, 2012, с. 30
3. Şahüseynova S. Etika. Bakı, 2009.
4. Мамедзаде И. Р. O философии (Современные подходы: тенденции и перспективы). Баку, Текнур, 2011.
5. Göyüşov Z. Əxlaqi sərvətlər. B., 1966.
6. Göyüşov Z. Fəzilət və qəbahət. B., 1972.
7. Göyüşov Z. Daxilə pəncərə. B., 1978.
8. Göyüşov Z. XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri. B., 1964
9. Göyüşov Z. Azər¬baycan maarifçilərinin etik görüşləri. B., 1960,
10. Göyüşov Z. Səadət düşüncələri. B., 1983.
11. Tağıyev Ə. Aərbaycanın fəlsəfi və sosial-siyasi fikir tarixi oçerkləri. Bakı, 2015.
12. Həsənov R. Azərbaycanın etik fikir tarixində Ziyəddin Göyüşovun rolu. “Multikulturalizm prosesləri qloballaşma şəraitində” mövzusunda beynəlxalq konfrans. Bakı, 2014, s.251-255