28.09.2020, 09:29 - Baxış sayı: 683

Professor Ənvər Əhmədov məntiqçi alim kimi


Aytək Zakirqızı Məmmədova
fəlsəfə doktoru, dosent

Azərbaycan fəlsəfə tarixşünaslığında akademik Heydər Hüseynovun, akademik A.O.Makovelskinin, professor Ə.K.Zəkuyevin, akademik Fuad Qasımzadənin, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ziyəddin Göyüşovun, professor Ənvər Əhmədovun, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zakir Məmmədovun və başqalarının əvəzedilməz xidmətləri vardır.
Bu il doğumunun 100 illiyini qeyd etdiyimiz fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədovun qələmə aldığı əsərlər müasir dövrdə də aktualdır. Alim müsəlman Şərqinin fəlsəfi fikir tarixini araşdırmış, əsasən böyük Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun yaradıcılıq irsini hərtərəfli tədqiq etmişdir. “Orta əsrlər ərəb-müsəlman fəlsəfəsi” (rusca, Bakı, Maarif, 1980), “Azərbaycan maarifçiliyi fəlsəfəsi” (rusca, Bakı, Azərnəşr, 1983), “A.A.Bakıxanov: dövrü, həyatı, fəaliyyəti” (rusca, Bakı, Elm, 1989) və başqa əsərlərin müəllifi Ənvər Əhmədov “Abbasqulu ağa Bakıxanov (əsərləri, risalələri, məktubları)” (rusca, Bakı, Elm, 1983) kitabını tərtib etmişdir.
Tədqiqatçı Azərbaycanda maarifçilik məsələlərini araşdırarkən Mirzə Fətəli Axundovun yaradıcılığını geniş araşdırmışdır. Mütəfəkkirin əlifba islahatına ömrünün iyirmi ilini həsr etdiyini bildirən alim Mirzə Fətəli Axundovun fikirlərinin Avropa mətbuatının, İran və Türkiyənin elmi və hakimiyyət dairələrində müzakirə mövzusuna çevrildiyini yazmışdır. Ənvər Əhmədov XIX-XX əsrlərdə maarifçilik haqqında məsələləri göstərərkən dövri mətbuatın (Kavkaz, Kaspi) və Qori seminariyasının fəaliyyətlərinə dəyər vermişdir. Firudin bəy Köçərli, C.Məmmədquluzadə, N.Nərimanov, S.S.Axundov və b. ədəbiyyat, mədəniyyət sahəsində iz qoyan şəxsiyyətlərin irsini tədqiq etmişdir.
Ənvər Əhmədov məntiq məsələləri ilə də məşğul olmuşdur. Məlumdur ki, 1946-cı ildə keçmiş SSRİ məkanında orta məktəbdə məntiqin tədris edilməsi haqqında qərar qəbul edilmişdi. 1947-1948 il tədris ilində məntiq orta məktəblərdə öyrədilməyə başlanılmışdı. Buna görə Moskva Universitetinin professoru, filosofu, məntiqçi alimi və psixoloqu Georgi İvanoviç Çelpanovun məntiqə dair dərs kitabının 1918-ci ildə çapdan çıxan 10-cu nəşrinin mətni bir qədər ixtisar edilmiş, 1948-ci ildə V.Həci oğlunun redaktorluğu ilə çıxmışdır. Sergey Nikolayeviç Vinoqradovun 1948-ci ildə çapdan çıxan Məntiq kitabı V.Həci oğlu tərəfindən tərcümə edilmişdir. Lakin orta məktəblərdə məntiq fənninin tədrisi 1959-cu ildə ləğv edilir.
Məntiq fənninin orta məktəblərdə də tədris edildiyi bir zamanda Ənvər Əhmədov məntiqlə məşğul olmuş, həm də universitetdə tədris etmişdir. Alim Abbasqulu ağa Bakıxanovun irsini araşdırarkən məntiq tarixinə diqqət yetirmişdir. Tədqiqatçı Abbasqulu ağa Bakıxanovun “Tərəzinin mahiyyəti” əsərinə “Axtarışlar və tapıntılar. A.Bakıxanovun məntiqi haqqında” giriş məqaləsi (Tərəzinin mahiyyəti (məntiqə dair traktat). (Ərəb dilindən Azərbaycan dilinə AMEA-nın müxbir üzvü Zakir Məmmədov tərcümə etmişdir) ADU-nun Elmi əsərləri. 1971. № 4) yazmışdır.
Tədqiqatçı yazmışdır ki, o zamankı təhsil dairəsini başa vurmaq üçün Bakıxanov məntiq öyrənməyi məcburi hesab etmişdir. Onun şəxsi kitabxanasında saxlanılan bir sıra məntiq əsərlərinin içərisində ərəb şərhində “İsağuci” adı ilə məşhur olan neoplatonik Finikiyalı Porfirinin “Aristotelin kateqoriyalarına mədxəl” əsəri də var idi.
“Gülüstani-irəm”ə əlavə edilmiş qısa tərcümeyi-halında Bakıxanov göstərirdi ki, o, ərəb dilində məntiqə dair yazdığı müqəddimə, iki fəsil və nəticədən ibarət “Eynül-mizan” (“Tərəzinin mahiyyəti”) əsərinin müəllifidir.
Ənvər Əhmədov axtarışlar nəticəsində Abbasqulu ağa Bakıxanovun “Tərəzinin mahiyyəti” məntiq əsərinin əlyazmasını tapmışdır. “Tərəzinin mahiyyəti” əsərinə yazılmış “Axtarışlar və tapıntılar. A.Bakıxanovun məntiqi haqqında” giriş məqaləsində tədqiqatçı göstərmişdir ki, son zamanlaradək Bakıxanovun məntiqə dair əlyazması birdəfəlik itmiş hesab edilirdi. 1963-cü ildə bu nadir əlyazmanın yeganə bir nüxsəsini uzun axtarışlardan sonra A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) elmi kitabxanasının Şərq əlyazmaları şöbəsində aşkar etdim.
Qeyd etmək lazımdır ki, akademik A.O.Makovelski “Məntiq tarixi” kitabında qədim Hindistan, antik yunan və ümumi şəkildə Yaxın Şərq ölkələrinin məntiq tarixlərini, qərbi Avropa ölkələrinin məntiq tarixini orta əsrlərdən XIX əsrə qədər dövrünü araşdırmışdır.
Göründüyü kimi, XX əsrin ortalarına qədər Şərq filosoflarının məntiqi görüşləri xüsusi şəkildə tədqiq edilməmişdir. Zakir Məmmədov Şərq peripatetizmi məktəbinin görkəmli nümayəndəsi, filosof, təbiətşünas alim, məntiqçi, ictimai-siyasi xadim Siracəddin Urməvinin (1198-1283) məntiqinin araşdırılmasına həsr edilmiş “Siracəddin Urməvinin məntiqi görüşləri” mövzusunda namizədlik dissertasiyasını 1967-ci ildə tamamlamışdı. Belə bir dövrdə Zakir Məmmədov Ənvər Əhmədovla tanış olmuşdur. Əsası dünyaşöhrətli poliqlot alim, professor Ələsgər Məmmədov tərəfindən qoyulmuş ərəbşünaslıq məktəbinin ilk nümayəndələrindən olan Zakir Məmmədov ərəb dilini və Şərq fəlsəfəsini, məntiqini mükəmməl bildiyi üçün Ənvər müəllim “Tərəzinin mahiyyəti” əsərinin tərcüməsini ona həvalə etmişdir.
“Tərəzinin mahiyyəti” əsəri ilk dəfə 1971-ci ildə çapdan çıxmışdır. Ənvər Əhmədov Zakir Məmmədovun tərcüməsi ilə əlaqədar bildirmişdir ki, mütərcim Bakıxanovun fikirlərini mümkün qədər hər yerdə orijinala yaxın ifadələrlə verməyə çalışmışdır.
Zakir Məmmədov Abbasqulu ağa Bakıxanovun klassik fəlsəfi ənənələri davam etdirərək onun məntiq sahəsi ilə də maraqlandığını, bu mövzuda “Tərəzinin mаhiyyəti” adlı traktat yazdığını göstərmişdir. Traktatın girişində əsərin yazılma tarixçəsi göstərilmişdir: “Tərəzi” kitablarının uzunçuluğu allahsızlığa bais, müxtəsərliyi isə təhsil sahibləri üçün faydasız olduğunu gördükdə onlardan Əmsar kəndində həqiqət və sirrlərə bələd bəzi xeyirxahlar məclisində 1251-ci hicri ilində [ifrat] müxtəsərlikdən, eləcə də [yersiz] təfsilatdan xali olan bir xülasə seçib hazırladım; onu müqəddimə, iki fəsil və nəticədən [ibarət] tərtib etdim, mərhəmətli ağaya (Allaha) təvəkkül edərək, “Tərəzinin mahiyyəti” adlandırdım.
“Tərəzinin mahiyyəti” əsəri ikinci dəfə rus dilinə (Существо весов [Разума]) şərqşünas alim, fəlsəfə elmləri doktoru, professor Artur Vladimiroviç Saqadayev tərəfindən tərcümə edilmiş, 1983-cü ildə Ənvər Əhmədovun tərtib etdiyi “Abbasqulu ağa Bakıxanov (əsərləri, risalələri, məktubları)” kitabına daxil edilmişdir.
Beləliklə, professor Ənvər Əhmədov elmi fəaliyyəti və əsərlərilə fəlsəfi fikir tariximizdə özünəməxsus mövqe qazanmış şəxsiyyətdir.