24.09.2020, 22:03 - Baxış sayı: 773

Azərbaycanın Türk dünyasındakı mövqeyinə tarixi baxış


Aytək Zakirqızı Məmmədova
fəlsəfə doktoru, dosent


Giriş
Türk düşüncəsinin tarixi qədimliyi, zənginliyi ilə seçilir. XIX əsrin sonlarından başlayan və XX əsrin əvvəllərində davam edən milli oyanış hərəkatı, müstəqil dövlətçiliyin qurulmasının nəzəri əsasları, bununla bağlı olaraq milli ideya və ideologiya, mənəvi dəyərlərlə əlaqədar məsələlər türkdilli xalqların düşüncə tarixində parlaq şəkildə öz əksini tapmışdır. Bu dövrdə yayılan ideya cərəyanlarından biri - Türkçülük ideyası geniş çoğrafiyaya yayılmışdı. Türkçülüyün yaranıb formalaşması uzun bir tarixi dövrü əhatə edir.
Ord.Prof. Hilmi Ziya Ülkən (1901-1974) Yeni osmanlılar zamanında İslamçılıq, Avropaçılıq cərəyanlarına Türkçülük hərəkatı qatıldığını yazmışdır: “Bu cərəyanlara – ümumi şəkliylə - fikir hərəkəti demək doğru deyildir. Həmin cərəyanlar dünyagörüşü olaraq qaldıqca, aralarında mübarizə deyil, yalnızca qarşılıqlı əlaqəsizlik varkən, indi məmləkət məsələlərinin böhrana girməsində məsuliyyəti bir-birinin üzərinə atan düşmən qütblər doğmuşdur. Hələ daha yeni olan Türkçülük, ilk illərində həmin savaşda iştirak edə bilmir, fəqət zaman-zaman iki qütbdən birinin yardımı ilə qüvvətləndikcə, “Osmanlılar”ın və olduqca az da olsa “İslamçılar”ın hücumuna uğradıqca mübariz bir qüvvə halına gəlir” [Ülken, 1994: 200-201].
“İslamçılığın qarşısında ikinci ideologiya Avropaçılıqdır. Buna qərbləşmə və ya çağdaş mədəniyyət səviyyəsinə çatma hərəkəti də deyə bilərik. Bu müxtəlif terminlərin bəzi fərqləri vardır” faktını irəli sürən Hilmi Ziya Ülkən göstərmişdir: “Avropaçılıq” sözünün mənası olduqca dardır. Çünki çağdaş mədəniyyət səviyyəsində olan Amerika, Yaponiya, Avropanı aşmaqdadır. Fəqət “batılaşma” (əski deyimlə qərbləşmə) ikisini yaxınlaşdırır. Batıçılıq hərəkəti, İslamçılıqdan əskidir, III Əhməd (1703-1730) zamanında başlamış və III Səlim (1789-1807) ilə ilk uğurunu qazanmışdır, desək yanlış olmaz. Ondan sonra davamlı olaraq Türkiyənin yönəldiyi tərəf Qərbdir. Çünki məğlubiyyətlərinin səbəbini Qərbin üstünlüyündə görürdü. Fəqət bir yarım əsr sürən bir tərəddüdə rəğmən qərbləşmədə etibarlı bir addım atılmamış görünür [Ülken, 1994: 205].
Məlumdur ki, Osmanlı İmperiyasında II Mahmudun yerinə taxta keçən oğlu Sultan Əbdülməcid (1823-1861) zamanında London səfirliyindən ölkəyə çağrılaraq baş vəzir (sədrəzəm) işləyən ictimai xadim Mustafa Rəşid Paşa (1800-1858) tərəfindən hazırlanan “Gülxanə Xətt-i Humayun” əsasında aparılan islahatlar “Tənzimat dövrü”nü göstərir. Tənzimat dövrü 1839-cu ildən 1876-cı ilə qədər olan bir tarixi əhatə edir. Hilmi Ziya Ülkən Tənzimat hərəkətini xaricdən, yəni Avropadan gələn siyasi-hüquqi hadisələrin təsiri altında meydana gəldiyini, Tənzimatın bariz xarakterinin cəmiyyətin bütün sahələrində əski ilə yenini qarşı-qarşıya qoyan ikilik dövrü olduğunu yazmışdır [Ülken, 1994: 39].
XIX əsrin əsrin axırlarında və XX əsrin əvvəllərində Azərbaycanda baş verən milli oyanış hərəkatı, milli ideologiya və mənəvi dəyərlərə maraq yaradırdı. Maarif xadimi, təbiətşünas alim Həsən bəy Zərdabi (Məlikov) (1842-1907) 1875-ci ildə “Əkinçi” qəzetinin əsasını qoymaqla tarixdə Azərbaycanda mətbuatın banisi kimi şərəfli bir yer tutmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə (1884-1955) “H.Zərdabinin dəfn mərasimindəki nitqi”ndə insanların özü-özünün azadlığına çalışmalı olduğunu, bunun üçün maarifə yiyələnməyini zəruri hesab etmişdir: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər” [Rəsulzadə, 1992: 151].
“Əkinçi” qəzetində o dövrdə Azərbaycanda, eləcə də dünyada cərəyan edən hadisələr işıqlandırılmışdır. Bu mənada Osmanlı İmperiyasında baş verən hadisələr haq¬qın-da məlumatlar da qəzetdə dərc edilmişdi.
Məlumdur ki, Türkiyənin dövlət xadimi Midhət Paşa (1822-1884) Osmanlı İmperiyasında iqtisadi-siyasi və mədəni sahələrdə inkişafa çatmaq üçün islahatların aparılmasına çalışmışdır. Bununla da Midhət Paşanın iştirakı ilə 23 dekabr 1876-cı ildə Türkiyənin ilk konstitusiyası hazırlanmış və elan edilmişdir. Həmin tarixi hadisə “Əkinçi” qəzetinin 4 yanvar 1877-ci ilə aid sayında işıqlandırılmış, konstitusiyasının əsas şərtləri qəzetdə qeyd edilmişdir. Konstitusiyada etiqad azdlığı, mətbuatda söz azadlığı, təhsil almanın zəruri olması və başqa məsələlər vardı: Dövlətin məzhəbi islamdır, amma müsəlman olmayan tabelər də öz məzhəblərinin qaydalarına əməl edə bilərlər. Qəzetlərin hər bir mətləb üstə danışmaq ixtiyarı vardı. Hamı padşahlıq qulluğuna girə bilər. Hər bir tabenin borcudur ki, elm təhsil etsin və s. [Əkinçi, 1979: 299].
Azərbaycanın görkəmli mütəfəkkiri Əhməd bəy Ağaoğlu Avropada təhsil alan “yeni müsəlmanlar”ın “islamı Avropa elmləri və ideyaları ilə müalicə etmək yolu ilə can-landırmağa” çalışdıqlarını bildirmişdir. Alim qeyd etmişdir ki, onlar başlanğıc mərhələdə tutduqları yoldan dönməsəydilər, daha çox şeyə nail olardılar. Heç yerdə adamlar müsəlmanlar qədər elmlərə həvəs göstərmir, biliklərə yiyələnməyi onlar qədər arzu etmirlər. Sadəcə, bu bilikləri onlara verməyi bacarmaq lazımdır.
Mütəfəkkir “yeni müsəlmanlar”dan bəzisinin səbirsizlik göstərərək siyasətə meyl etdiklərini, hərəkatın həqiqi obyektivlik və rasionallığını itirdiyini, siyasiləşdiyini yazmışdır. Burada Midhət Paşanın fəaliyyətinə diqqət yetirən Azərbaycan alimi “Türkiyədə belə əyintinin ilk təşəbbüskarı Midhət Paşa oldu” mülahizəsini göstərdikdən sonra Türkiyənin 1877-1878 illər savaşı ərəfəsində, üzərində ölüm təhlükəsinin peyda olduğunu bildirmişdir.
Midhət Paşanı “vətənini fədakarcasına sevən və bu sevgisinin həddi-hüdudu olmayan atəşin bir vətənpərvər” kimi təqdim edən Əhməd bəy Ağaoğlu onun “Türkiyənin bütün xəstəliklərini sağaltmaq, əsrlər boyu üzərində qat bağlayıb onu hərəkətsiz hala salan qılafı qoparıb atmaq üçün bircə konstitusiyalı monarxiya üsulunun kifayət” edəcəyini düşündüyünü bildirmişdir: “Odur ki, enerji və mərdliyinə görə Şərqdə tayı-bərabəri az tapılan bu siyasi xadim düşündüyü işin yalnız yarısını görə bildi – Türkiyəyə dünyada ən liberal bir konstitusiya verdi” [Ağaoğlu, 2007: 336-337].
Lakin aradan bir il keçməmiş Midhət Paşanın ümidsizliyə qapıldığını, qurduğu möhtəşəm binanın bünövrəsiz tikildiyini, uçulması üçün bircə dəfə toxunmağın kifayət etdiyini, yenidən rejimin yarandığını göstərən Əhməd bəy Ağaoğlu göstərmişdir ki, “yeni müsəlmanlar”ın bir qismi siyasətlə məşğul oldu, “gənc türklər” adı ilə siyasi partiyaya çevrildi. Onların idealları mövcud rejimə qarşı mübarizə aparmaq, Midhət Paşanın konstitusiyasını bərpa edib, federativ dövlətin əsasını qoymaq idi. Lakin xalqın nə mənəvi, nə də zehni cəhətdən “gənc türklər”i qavramağa hazır olmadıqları üçün bu idealları tərəfdar tapmamışdır [Ağaoğlu, 2007: 337].
Beləliklə, Həsən bəy Zərdabi “Əkinçi” qəzetini çap etdirməklə 1875-ci ildə Azərbaycanda milli mətbuatın əsasını qoymuşdur. Həm “Əkinçi” qəzeti, həm də “Tərcüman”, “Kaspi”, “Ziyayi–Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Tərəqqi” və başqa qəzetlər, eləcə də “Zənbur”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Yeni Füyuzat” jurnalları bütün türk xalqlarının, eləcə də Azərbaycanın düşüncə və mədəniyyət tarixində mühüm yer tu-taraq, türk xalqlarının elmi-mədəni tərəqqisində böyük əhəmiyyət daşımşdır.

Türkçülük tarixi haqqında

Türkçülüklə bağlı məsələləri işıqlandırarkən həm Azərbaycanın, həm də Türkiyənin XIX–XX əsrləri əhatə edən tarixi dövrlərindən bəhs edilməlidir. Əli Suavi (1839-1878), Əli bəy Hüseynzadə (1864-1940), Əhməd bəy Ağaoğlu (1869-1939), Ziya Gökalp (1876-1924), Yusif Akçura (1879-1935) və b. hər iki ölkənin elmi və mədəniyyəti tarixində böyük xidmətlət göstərmiş şəxsiyyətlərdir.
Qərbin təsiriylə Şərq ölkələrində, o cümlədən Azərbaycanda baş verən elmi-mədəni tərəqqi ziyalıların Avropa ölkələrinə səyahət etmələri, əsasən Avropa universitetlərində təhsil almaları ilə daha da artmışdı. Məhz bu dövrdə yaşayıb-yaradan ziyalılar, eləcə də xaricdə təhsil alan şəxslər ölkələrinin yüksəlişi üçün Qərbdəki elmi-texniki yeniliklərdən istifadə edərək ictimai-siyasi və elmi-mədəni fəaliyyət göstərmişlər.
XIX əsrin ortalarında xaricdən gələn fikirlərin təsiri ilə Türkiyədə “Aydınlanma” adlanan bir dövr yaranmış, İbrahim Şinasi (1826-1871), Münif Paşa (1828-1894) və Əli Suavi kimi mütəfəkkirlər aydınlanma fikirlərinin öndərləridir. Lakin bu fikirlər daha sonra romantik ədəbiyyat anlayışı, inqilabçı və həyəcanlı bir ifadə ilə uzlaşaraq Namiq Kamalda (1840-1888) özünü göstərmişdir [Ülken (1994): 64].
Hilmi Ziya Ülkən Əli Suavinin müxtəlif məcmuələrdəki məqalələrində və bir çox kitablarında Türkçülüyə davamlı surətdə münasibət bildirdiyni qeyd etmişdir. Alim, Əli Suavinin mədrəsədən yetişmiş atəşli bir inqilabçı kimi təqdim edərək, mütəfəkkirin mədrəsə təhsili almış olduğu halda, mədrəsənin sxolastik zehniyyətinə hücum etmiş, fəqih olduğu halda fiqhə üsyan edərək ilk dəfə dünyəviliyi müdafiə etdiyini yazmışdır. Dini qanunlara qarşı dünyəviliyi, mütləq idarəyə qarşı cümhuriyyəti müdafiə edən Suavi, Osmanlıcılığa qarşı da Türklüyü irəli sürmüşdür. Əli Suavi, ibadətin türkcələşdirilməsini, namaz surələrinin türkcəyə çevriləməsinin mümkünlüyünü göstərmişdir [Ülken (1994): 79-80].
Hilmi Ziya Ülkən göstərmişdir ki, Suavi onu məhdudluqda, bilgisizlikdə, fikir dəyişdirməkdə ittham edənlərə qarşı “800 il sonra Qəzali arandığı kimi, əlbət bir gün Suavini də arayanlar çıxacaqdır” deyirdi.
Türkçülük cərəyanı ilk dəfə 1908-ci ildə Əhməd Mithət, şair Mehmet Emin, Əhməd Hikmət, Yusif Akçura, Aqil Muxtar və başqalarından ibarət bir heyətlə “Türk dərnəyi”ni qurdu. 1911-ci ildə həmin adla yayınlanan dərginin ancaq yeddi sayı çıxa bildi. Bir az sonra “Türk Yurdu” dərgisi şəklini aldı. Hilmi Ziya Ülkən “Türk Yurdu” dərgisinin təməlinin o dövrdə Türkiyədə fəaliyyət göstərən Əhməd bəy Ağaoğlunun evində atıldığını qeyd etmişdir. “Türk Yurdu” dərgisinin ilk sayı 30 noyabr 1911-ci ildə çapdan çıxmışdır.
Hilmi Ziya Ülkən “Türkçülüyün hərarətli müdafiəçisi” kimi təqdim etdiyi Yusif bəy Akçuranın Türkçülük tarixində böyük mövqeyi olduğunu bildirmişdir: “Türk Yurdu” dərgisini çıxarmağa başlayan Yusif Akçura Türk Ocağının qurucularındandır. “Türk Yurdu”nu fasiləsiz olaraq illərlə idarə etdi. Bir zaman Türk Yurdu və Ocaq demək, Akçura deməkdi [Ülken (1994): 387-388].
Hilmi Ziya Ülkən Əhməd bəy Ağaoğlunu “Türkiyənin siyasi həyatında rol oynamış fikir adamlarından” biri kimi təqdim etmişdir [Ülken (1994): 408]. 1902-ci ildə onun təklifi ilə bakılı milyonçu Hacı Zeynalabdin Tağıyev Çar Rusiyasından türkcə bir qəzet çıxarmaq icazəsi almaq istəmiş, lakin buna müvəffəq olmamışdır. Əhməd bəy Ağaoğlu qəzetin çapı üçün icazəni yalnız 1905-ci il inqilabından sonra almışdır: “Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı Türk qəzetçiliyi yenidən canlandı və özünün də qatıldığı “Həyat” adlı qəzet quruldu. Bu təşəbbüslə Azərbaycan oyanış hərəkəti ikinci dövrünə keçirdi. Bu dövrün başlıca simaları Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov idi. Əhməd bəy bir il “Həyat”da çalışdıqdan sonra özü “İrşad”ı çıxardı. Bundan sonra Bakı zənginlərindən Murtuza Muxtarovun (1865-1920) yardımı ilə “Tərəqqi”ni yaratdı. Eyni zamanda Əhməd Ağaoğlu “Difai” adında siyasi bir cəmiyyət yaradaraq Türk xalqının hüququnu müdafiə etməyə başladı. Bu illərdə yenə Tiflisdə Hüseynzadə ilə “Füyuzat”ı çap etdirdi” [Ülken (1994): 409].
Hilmi Ziya Ülkən 1909-cu ildə Azərbaycan mütəfəkkirinin Türkiyəyə gəldiyini, Darülfünunun rus dili və Türk tarixi müəllimliyinə təyin edildiyini, 1912-ci ildə “İttihad və Tərəqqi Partiyası”nın mərkəzi ümumi üzvülüyünə və Karahisar deputatlığına seçildiyini yazmışdır. O, Birinci Dünya Müharibəsi boyunca Darülfünun müəllimliyinə paralel olaraq qəzetdə də çalışmışdır. 1918-ci ildə müstəqil Azərbaycanın yardımına yetişən Türk ordusu komandanı yanında Əhməd bəy Ağaoğlunun müşavir kimi fəaliyyəti onun ölkəsinə göstərdiyi xidmətlərdən biri kimi dəyərləndirilir.
Görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə “hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin si¬yasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlı” olduğunu yazmışdır [Rəsulzadə, 2001: 69]. Mütəfəkkir mətbuatın rolunu yüksək dəyərləndirərək, hakimiyyətdə - qanunvericilik, icraedici, hüquq orqanlarından sonra dördüncü yerdə durduğunu bildirmişdir: “Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir, başqalarına nisbətən çoxuna müyəssər olandır” [Rəsulzadə, 2001: 72].
Azərbaycanın mətbuat tarixində “Ziyayi–Qafqaziyyə” qəzetinin özünəməxsus mövqeyi vardır. 12 dekabr 1878-ci ildə Qafqaz canişinin baş idarəsi tərəfindən 1879-cu ildə Tiflisdə Azərbaycan dilində “Ziya” adlı qəzeti çıxarmaq üçün Hacı Səid Əfəndi Ünsüzadəyə icazə verilmişdir. “Ziya” qəzetinin birinci sayı 16 yanvar 1879-cu ildə çap edil-miş, 1880-ci ildən isə qəzetin nəşri “Ziyayi–Qafqaziyyə” adı altında çıxmağa başlamışdır. 1884-cü ildən qəzetin nəşri Şamaxıya köçürülmüş, burada yalnız on bir sayı çıxmışdır. Həmin ildə Hacı Səid Əfəndi Ünsüzadənin vəfatı ilə qəzetin çapı dayandırılmışdır [Axundov, 1959: 12].
Hacı Səid Əfəndi Ünsüzadənin qardaşı Cəlal Ünsüzadə tərəfindən 1883-cü ildə Tiflisdə Azərbaycan dilində “Kəşkül” adlı jurnal çap edilməyə başlamışdı. Prof.Dr. Nazim Axundov jurnalın on bir sayının çıxdığını, 1884-cü ilin yanvarından etibarən həftəlik qəzetə çevrildiyini yazmışdır. “Kəşkül” qəzetinin “Əkinçi” qəzetinin ənənələrini davam etdirdiyini, ədəbiyyat məsələlərinin geniş işıqlandığını, rus və dünya ədəbiyyatından nümunələrin də yer tutduğunu bildirən tədqiqatçı qəzetin ətrafında Seyid Əzim Şirvani, M.Sultanov, Firudin bəy Köçərli, Məhəmməd ağa Şahtaxtlı, Ə.Qaibov kimi ziyalıların toplandığını qeyd etmişdir [Axundov, 1959: 13].
Hilmi Ziya Ülkən Cəlal Ünsüzadənin nəşriyyat fəaliyyətini davam edə bilməyincə ailəsi ilə birlikdə İstanbula köçdüyünü, sonra Ankarada rus dili üzrə tərcüməçilik etdiyini göstərmişdir [Ülken, 1969: 9].
1891-ci ildə “Kəşkül” qəzetinin nəşri dayandırılır. Prof.Dr. Nazim Axundov 1903-cü ilədək, yəni “Şərqi–Rus” qəzetinin nəşrə başlamasına qədər olan 10 ildən artıq bir müddət ərzində Azərbaycan dilində qəzet və ya jurnal çap edilmədiyini yazmışdır: “Lakin bu dövrdə Azərbaycan ziyalıları tərəfindən qəzet çıxarmaq üçün edilən bir sıra təşəbbüslər məlumdur. Məsələn, Məhəmməd ağa Şahtaxtlı Tiflisdə Azərbaycan dilində “Tiflis”, 1900-cu ildə Kamal Ünsüzadə “Daniş” (“Bilik”) adlı qəzet çıxarmağa icazə almaq üçün hökumətə müraciət etmiş, lakin onların bu təşəbbüsü nəticəsiz qalmışdır” [Axundov, 1959: 15].
Bakıda 1881-1919 illərdə rus dilində çap edilən “Kaspi” qəzetinin Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində mühüm yeri vardır. “Kaspi” qəzetində Məhəmməd ağa Şahtaxtlı, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə və başqa ziyalılar çıxış etmişlər.
Yusif bəy Akçura Qafqaz Türklüyü məntəqəsində milli türk hərəkatının Bakıda mərkəzləşdiyini, Bakıda olduqca zəngin nefçilərin yatağı olduğunu bildirmişdir: “Bakıda milli türk hərəkatının təməlləri və qüvvətli bir şəkil alması Zeynalabidin Tağıyev, Murtuza Muxtarov kimi neft xanlarının zühurundan sonra görünür. Doğurdan da, Bakının neftçilik ilə şöhrət və əhəmiyyət qazanmasından daha əvvəl Fətəli Axundov Tiflisdə komediyalarını yazmış; Həsən bəy Məlikov “Əkinçi” qəzetini, Ünsüzadələr də “Kəşkül” və “Ziyayi–Qafqaziyyə”lərini çıxarmışlar, lakin Qafqazın müntəzəm və davamlı milli hərəkatı Bakı müsəlman-türk burjuaziyasının yaranışından sonradır” [Akçura, 2011: 59].
Yusif bəy Akçura Bakıda milyonçu Tağıyevin rusca nəşr etdirdiyi “Kaspi” və ilk türkcə qəzetin yenə onun çap etdirdiyi “Həyat” olması faktını yada salaraq bu dövrdə Azərbaycanın mətbuat tar¬ixi ilə bağlı yazmışdır ki, “Kaspi”nin baş redaktoru Əlimərdan bəy Topçubaşov, ən çox, ən yaxşı və ən parlaq yazan mühərriri də Əhməd bəy Ağayev idi. “Kaspi” və “Həyat”dan sonra “İrşad”, “Yeni İrşad”, “Təzə Həyat”, “Füyuzat”, “Yeni Füyuzat”, rusca “Proqress”, “Təkamül”, “Nicat” kimi bir çox qəzetlərin hamısı Bakıda və əsasən hamısı Tağıyev, Muxtarov, Aşurbəyli kimi sərmayədərlərin naşirliyi ilə çıxmışdır [Akçura, 2011: 59].
Azərbaycanın şərqşünas alimi, ictimai xadimi Məhəmməd ağa Şahtaxtlı (1846-1931) tərəfindən Tiflisdə Azərbaycan dilində 1903–1905 illərdə “Şərqi-Rus” adlı qəzet nəşr edilmişdir. Prof.Dr. Nazim Axundov “Şərqi-Rus” qəzetinin ədəbiyyat və mətbuat aləmində müəyyən canlanmaya, məfkurə mübarizəsinin qızğınlaşmasına səbəb olduğunu, az zaman içərisində demokratik ruhlu ziyalıları, şair və ədibləri öz ətrafında topladığını qeyd etmişdir [Axundov, 1959: 15].
Azərbaycanın böyük mütəfəkkiri Məhəmməd Əmin Rəsulzadə Məhəmməd ağa Şahtaxtlının xidmətini yüksək dəyərləndirərək “Şərqi-Rus” qəzeti haqqında “Şükr və min dəfə şükr! Ki biz Qafqaz müsəlmanları da bir qəzet sahibi olduq” yazaraq qəzetin gələcəkdə Qafqaz müsəlmanları arasındakı nöqsanları aradan qaldırmağa kömək edəcəyinə ümid etdiyini bildirmişdir [Rəsulzadə, 1992: 14].
XX əsr Azərbaycan mədəniyyəti və mətbuatı tarixində “Molla Nəsrəddin” jurnalının əvəzsiz yeri vardır. İctimai xadim, yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1866-1932) ““Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı” yazmaqla jurnalın 1906-cı ildə Tiflisdə təşkil olunmasının səbəbini belə izah edirdi: “Tiflis, Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtıdır. Habelə bu şəhər Qafqaz türklərinin mərkəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçıvana və Ordubada da əl yetirmək olur; Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və oradan Araz nəhrini keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı təriqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir” [Məmmədquluzadə, 2004: 73].
Bu ölkələrdə türklərin yaşadığını və dillərinin də bizim danışdığımız türkcə olduğunu bildirən Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının bu xüsusiyyətinə görə “Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə, Türküstana, Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza, Krıma və sair türk ölkələrinə” keçdiyini qeyd etmişdir [Məmmədquluzadə, 2004: 73].
Azərbaycanın dahi bəstəkarı, dramaturq, ictimai xadim Üzeyir bəy Hacıbəyov (1885-1948) 1908-ci ildə “Leyli və Məcnun” operası ilə Şərqdə opera sənətinin əsasını qoymuşdur. O, Azərbaycan mahnılarının əhəmiyyətini yalnız mu¬siqi elminə aid istifadələrlə məhdud qalmayıb, başqa elmi əsərlər üçün də mövzu ola biləcəyini yazmışdır. Üzeyir bəy Hacıbəyov Azərbaycan mahnılarını etnoqrafik, tarixi, psixoloji və sairə bu kimi elmlərə aid bəhs və müzakirələr üçün də zəmin təşkil edə biləcəyini qeyd etmişdir.
Azərbaycanın elm və mədəniyyəti tarixində dövlət xadimi, ensiklopedik alim Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) (1896-1937) misilsiz fəaliyyət göstərmişdir. O, Azərbaycan Demokratik Respublikasında 1919-cu ildə təsis edilmiş Dövlət Bankının müdiri vəzifəsində çalışmış, sonralar Dövlət Plan Komitəsində fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində dərs demiş, 1923-1929 illər arasında mövcud olmuş Azərbaycanı öyrənən cəmiyyətin - Azərbaycan Milli Elmlər Akademiyasının təməlinin üzvü seçilmişdir [Zakiroğlu, 2013: 145].
Mütəfəkkirin 24 yaşında qələmə aldığı “Azərbaycan” kitabı fiziki-coğrafi, etnoqrafik və iqtisadi bölmələrdən ibarətdir. AMEA-nın müxbir üzvü, professor Zakir Məmmədov əsərdə dini-fəlsəfi və sosial-siyasi məsələlərin də bu və ya digər dərəcədə öz əksini tapdığını qeyd etmiş, Məhəmmədhəsən Vəlilinin (Baharlı) “Azərbaycan” kitabına görə coğrafiyaçı, tarixçi, etnoqraf, toponimist və ələlxüsus iqtisadçı alim kimi misilsiz şöhrət qazandığını yazmışdır [Məmmədov, 1996: 5].
Bu dövrdə Azərbaycan alimlərindən Əhməd bəy Ağaoğlu, Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə və başqaları bütün Türk dünyası üçün əvəzsiz xidmətlər göstərmişlər. Onlar türk xalqlarının düşüncə tarixində misilsiz fəaliyyətləri ilə tarixdə özünəməxsus yer tutmuşlar.

Əli bəy Hüseynzadə və onun Ziya Gökalpa təsiri

Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin Türk dünyasında önəmli mövqeyi vardır. Babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundovun (1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, Türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundovun böyük təsiri olmuşdu [Ülken, 1994: 268].
Əli bəy Hüseynzadənin İslam–Türk millətlərin qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini bildirmişdir. Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazmışdır: Bu üçlü görüş daha öncə bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüş və müdafiə edilmişdir. Fəqət Əli Suavi, hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulmuşdu. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı.
Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Gökalpa böyük təsiri vardır. 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Gökalp “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxardı. Fəqət Əli bəy Hüseynzadənin məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir. Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və onu “Yalavaç” adlandırmışdır. “Yalavaç” sözü isə peyğəmbər, gələcəyi xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyır [Ülken, 1994: 269].
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni Ziya Gökalp və Yusif Akçura ilə müqayisə edərək yazmışdır: Nə Gökalp qədər məhsuldar və hadisələrin axışına fikirlərini uydurmuş, nə Akçura kimi iynəli zəkalıydı. Çəkingən mizacı və təbiiliyinə görə kütlə üzərində deyil, mütəfəkkirlər üzərində təsirliydi [Ülken, 1994: 269].
Ziya Gökalp Türkləşməklə, İslamlaşmaq ideyaları arasında bir mübarizə yoxluğunu bildirməklə yanaşı, bunlarla çağdaşlaşma ehtiyacı arasında da bir mübarizənin olmadığını bildirmişdir: Çağdaş olma ehtiyacı, bizə Avropadan yalnız elmi və praktiki alətlərlə texnikanın ötürülməsini əmr edir. Avropada dindən və milliyyətdən doğan, bizdə də bu qaynaqlardan araşdırılması lazım olan bir neçə mənəvi ehtiyaclarımız vardır ki, bunların da alətlər və texnikalar kimi Qərbdən alınması lazım deyil. Nəticədə, hər birinin təsir sahələrinin hüdudlarını müəyyənləşdirərək bu üç qayənin üçünü də qəbul etməliyik. Daha doğrusu, bunların bir ehtiyacın üç ayrı nöqtədən görünüş biçimləri olduğunu anlayaraq “çağdaş bir İslam Türklüyü” yaratmalıyıq [Gökalp, 2010: 17].
Türkiyənin böyük yazarı Əli Canip Yöntem (1887-1967) “Ziya Gökalpa Türkçülüyü aşılayan adam” məqaləsində ona iki şəxsin təsir etdiyini bildirmişdir. Alim onlardan birinin Abdullah Cevdət olduğunu yazmışdır. Əli Canip Yöntem Ziya Gökalpı Türkçülük sahəsində oyandıran ikinci şəxsin isə Əli bəy Hüseynzadə olduğunu yazmışdır: “Bu oyanış qarşı-qarşıya görüşüb tanış olmaqla deyil, Əli bəy Hüseynzadənin hələ əvvəl Bakıda nəşr etdiyi (Füyuzat) və buna bənzər dərgiləri oxumasından hasil olmuşdur” [Yöntem, 1962: 259].
Ziya Gökalp “ümumi türk millətinin vətəni haradır?” sualını belə cavablandırır:
Vətən nə Türkiyədir türk üçün nə Türkistan;
Vətən böyük və əbədi bir ölkədir: Turan [Gökalp, 2010: 63].
Əli Canip Yöntem bu beytdən bəhs edərkən Əli bəy Hüseyzadənin Ziya Gökalpa təsirini yada salaraq bildirmişdir ki, bu mənzumədəki ruhu Ziya Gökalp, özünə Turan soyadı verən Əli bəy Hüseynzadədən almışdır [Yöntem, 1962: 260].
Ziya Gökalp “Turan” sözünü bu cür açıqlayır: Turan, bütün türkləri bir araya toplayan və türk olmayanları isə oraya almayan ideoloji bir vətəndir. Turan türklərin yaşadığı, türkcənin danışıldığı bütün ölkələrin tamamıdır [Gökalp, 2010: 63].
Əli Canip Yöntem “türklər üçün vətən Turandır” fikrini belə izah etmişdir: Türk millətinin yaşadığı ölkələr bu millətin mənəvi yurdudur. Bütün türk tarixi başdan-başa o ölkələrdən keçmişdir və orada yaşayanlar bizim öz irqdaşlarımızdır [Yöntem, 1962: 260].

Azərbaycançılıq ideologiyası haqqında

XIX əsrin əsrin sonlarından başlayan və XX əsrin əvvəllərində Azərbaycanda davam edən milli oyanış hərəkatı, müstəqil dövlətçiliyin qurulmasının nəzəri əsasları, bununla bağlı olaraq milli ideya və ideologiya, mənəvi dəyərlərlə əlaqədar məsələlər Azərbaycan tarixində öz əksini tapmışdır. Belə bir zamanda Azərbaycançılıq ideologiyası təşəkkül tapmışdır. Düşüncə sahibləri və ziyalılar Azərbaycanın müstəqilliyi və xalqın müqəddaratını həll etmək uğrunda çalışırdılar. Mətbuatın bu mənada böyük rolu vardır. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini çap etdirməklə 1875-ci ildə Azərbaycanda milli mətbuatın əsasını qoymuşdur. “Kaspi”, “Ziyayi–Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Füyuzat” və başqa qəzet və jurnallar Azərbaycan xalqının, ümumiyyətlə, türk xalqlarının düşüncə və mədəniyyət tarixində önəmli yeri vardır. XX əsrin əvvəllərində xalqın öz müstəqilliyi uğrunda mübarizəsi daha da artmışdı. 28 may 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti bu mübarizənin parlaq ifadəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə (1884-1955) Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində əvəzsiz xidmət göstərmişdir.
Məhəmməd Əmin Rəsulzadə 1903-1904 illərdə “Azərbaycanlı gənc inqilabçılar dərnəyi”ni təşkil etmişdir. O, 1905-ci ildə verilən nisbi azadlıq sayəsində Bakıda gündəlik, həftəlik, aylıq qəzet və jurnallarda Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və bilavasitə Azərbaycan mətbuatının ağsaqqalı, yaradıcısı Həsən bəy Zərdabi olmaqla milli mətbuatda fəaliyyət göstərmişdir [Rəsulzadə, 1992: 6].
Görkəmli yazar və ictimai xadim Mirzə Bala Məmmədzadə Məhəmməd Əmin Rəsulzadənin 1906-cı ildə nəşrə başlayan “Təkamül” qəzetinə başçılıq etdiyini yazmışdır: “İnqilabçı, millətsevər gəncliyin fikirlərinə tərcüman olan bu qəzet proqram məqaləsində “Millətlərin, qövmlərin, heyətlərin, siniflərin və şəxslərin hüquq və ixtiyaratda azad və bərabər olmalarını və hər növ təcavüzdən qorunmalarını” müdafiə edən gənc və inqilabçı mütəfəkkir Rəsulzadə bu tezisi həyatı boyunca işlədəcək və “insanlara hürriyyət, millətlərə istiqlal!” şəklində ifadə etdiyi milli məfkurə halına gətirəcəkdir” [Rəsulzadə, 1992: 6-7].
M.Ə.Rəsulzadə 1908-ci ildən 1911-ci ilə qədər Tehranda, 1911-1913 illərdə İstanbulda yaşamışdır. “Türk Ocağı”na daxil olmuş, yeni nəşrə başlayan “Türk Yurdu” dərgisində “İran türkləri” başlığı ilə silsilə məqalələr yazmışdır. Onun bu məqaləsini Mirzə Bala Məmmədzadə belə qiymətləndirmişdir: “İrandakı türk topluluqlarını, xüsusilə, onların ən çox və həmcins qismini təşkil edən Azərbaycan türklüyünü türk ümumi əfkarına tanıdan ilk məqalənin Rəsulzadə tərəfindən yazılmış olduğu iddia edilə bilər. Eyni zamanda Azərbaycanın Qafqaz qitəsi üzərindəki, şimal qismində rus hakimiyyətinə qarşı davam edən gizli fəaliyyəti təşviq etməkdə və 1905-1906 illərdə Ağaoğlu Əhməd bəyin qurub idarə etdiyi “Difai” partiyasının yerini tutmağa başlayan “Müsavat” partiyasının zühurunu sürətləndirməkdədir” [Rəsulzadə, 1992: 7].
Azərbaycanın bütövlüyü ideyasının səciyyələndirilməsində Məhəmməd Əmin Rəsulzadə bayraqda da “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunun ifadə edildiyini göstərmişdir: “Rus istibdadı pəncəsindən dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da “türkləşmək, islamlaşmaq, müasirləşmək” məfhumlarında tapdı: bayrağı mavi, yaşıl və al (mavi, al və yaşıl) rəngli qumaşlardan düzəldildi” [Rəsulzadə, 1992: 8].
Mirzə Bala Məmmədzadə Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunun Ziya Gökalpa təsir etdiyini, onun vasitəsilə bu düsturun Məhəmməd Əmin Rəsulzadə tərəfindən də qəbul edildiyini bildirərək yazmışdır ki, Əli bəy Hüseynzadə İstanbuldan Bakıda qayıtdıqdan sonra ortaya atdığı və üç cərəyanı əhatə edən “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturu İstanbulda Ziya Gökalp tərəfindən əsaslı bir surətdə işlədilməyə başlamışdı. O, Əli bəy Hüseynzadənin müdafiə etdiyi “Osmanlı dili” yerinə Ziya Gökalpın irəli sürdüyü sadə türkcə davasının Azərbaycanda dərin əks-səda oyandırdığını yazmışdır [Rəsulzadə, 1992: 8].
M.Ə.Rəsulzadə bu məsələlər haqqında göstərmişdir ki, Ziya Gökalpın “Türk Yurdu”nda dərc olunan “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” məqalələri məni adətən vəcdə gətirdi. Bakıya geri dön¬düm. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsinin müdafiəçisi oldum. Türkçülüyə rəvac vermək üçün dünya müharibəsi əsnasında təsis etdiyimiz “Açıq söz” qəzetinin başına Ziyanın müqəddəs düsturunu bir “şüar” olaraq qoyduq. Ziya Gökalpın son zamanlarda “Türk millətindənəm, islam ümmətindən, Qərb mədəniyyətindənəm” şəklinə salmış olduğu bu şüar türkçülük, xalqçılıq dayaqları üzərində təşəkkül edən milliyyətpərvər “Müsavat” firqəsinin proqram müqəddiməsində yer tutdu [Rəsulzadə, 1992: 8].
28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu münasibətlə 28 may 1953-cü ildə Məhəmməd Əmin Rəsulzadə Amerikanın Səsi Radiosundan Azərbaycana Xitabında demişdir: 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Milli Şurası, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudluğu ilə meydana atılmışdır. Mədəni bütün bir mirasa malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir [Resulzade, 1984: 13].
Lakin Azərbaycan öz müstəqilliyini saxlaya bilmir, 28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın yenidən müstəqilliyini qazanacağına inanırdı: “Şübhəsiz ki, bir gün həqiqət parlayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-ci ilin 28 mayı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin” [Resulzade, 1984: 15].
Məhəmməd Əmin Rəsulzadənin və yüzlərlə ictimai xadimlərin, ziyalıların arzuları gerçəkləşir, 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini qazanır.
Azərbaycanın dövlət müstəqillıyinin onilliyi münasibətilə 23 may 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti olan ümummilli lider Heydər Əliyev Bakıda 9-10 noyabr 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam vermişdir [Dünya Azərbaycanlılarının I Qurultayı, 2001: 2-3]. “Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə” kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” [Dünya Azərbaycanlılarının I Qurultayı, 2001: 8].
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə maraq daha da artmışdı.
28 may 2018-ci il müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamının (16 may 2017-ci il) mühüm tarixi və elmi-mədəni əhəmiyyət vardır. Bu Sərəncama əsasən Cümhuriyyətin 100 illiyi Azərbaycanda təntənə ilə qeyd edilmişdir.

Nəticə
XIX əsrdən başlayaraq Türk xalqlarını düşündürən əsas məsələlərdən biri də Türkçülük idi. Türkdilli xalqlar arasında Türkçülüyün təkamül mərhələləri, Türkçülük barədə fikirlər geniş şəkildə işıqlandırılımışdır. Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq düsturu ilk dəfə sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüş, ikinci dəfə Əli bəy Hüseynzadə tərəfindən bu düstur sistemə salınmışdır. Azərbaycan mütəfəkkirinin təsiriylə Ziya Gökalp “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu qəbul etmişdir. Bu düstur Ziya Gökalp vasitəsilə Məhəmməd Əmin Rəsulzadəyə təsir göstərmişdir. Azərbaycan bayrağında bu düstur – mavi, qırmızı və yaşıl rənglərində ifadə edilmişdir.
Azərbaycanda XIX əsrin əsrin axırlarından başlayaraq milli-mənəvi dəyərlərlə əlaqədar məsələlər Azərbaycançılıq ideologiyasında öz əksini tapmışdır. XX əsrin ortalarından etibarən Azərbaycanın fəlsəfə, ədəbiyyat, ümumiyyətlə, elmi-mədəni irsinin araşdırılmasına və təbliğinə böyük önəm verilmişdir. Müstəqillik dövründə də bu ənənələr davam etdirilmişdir.
Bir cəhəti xüsusilə bildirmək lazımdır ki, Dünya azərbaycanlılarının birliyi məsələsi Azərbaycan müstəqillik qazandıqdan sonra aktuallıq kəsb etmişdir. Bu baxımdan 16 dekabr 1991-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi elan edilib və hər il bayram kimi qeyd olunması münasibətilə verdiyi “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında Qərar” böyük tarixi əhəmiyyət daşıyır. Həmin günün bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün də təklif verilmişdir. Məhz buna görə hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü kimi bayram edilir. [Dünya Azərbaycanlılarının I Qurultayı, 2001: 2-3].
Beləliklə, Türk dünyasında Azərbaycanın özünəməxsus yeri vardır, Azərbaycan xalqı türk dilli xalqların mədəniyyətinin inkişafında əzəmətli xidmət göstərmişlər.

Ədəbiyyat
AXUNDOV Nazim (1959). “Molla Nəsrəddin” jurnalının nəşri tarixi. Bakı
AKÇURA Yusuf (2011). Türklük. Yayına hazırlayan: Yılmaz Özkaya. Türk Yurdu Dergisi. Cilt 31 (63). Sayı: 285 (646). Basıldığı Tarih: 02.05.2011. s. 56-62
AĞAOĞLU Əhməd bəy (2007). Seçilmiş əsərləri. Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev. Bakı
DÜNYA AZƏRBAYCANLILARININ I. QURULTAYI (2001).
http://files.preslib.az/site/diaspora/gl2.pdf [15.03.2020]
ƏKİNÇİ qəzeti (1875-1877). (1979).Tərtib edəni: Turan Həsənzadə. Bakı
GÖKALP Ziya (2010). Türkleşmek, İslamlaşmak, Muasırlaşmak. Editör Erdal Çakıcıoğlu. İstanbul
MƏMMƏDQULUZADƏ Cəlil (2004). Əsərləri. Dörd cilddə. IV cild. Tərtib edəni və izahların müəllifi: AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli. Bakı
MƏMMƏDOV Zakir (1996). Azərbaycanşünas alimin elmi şöhrəti. “Azərbaycan müəllimi” qəzeti, Bakı, 10 noyabr 1996 il
RESULZADE M.Emin (1984). Azerbaycan’a Hitabı (28 Mayıs 1953 yıl). Azerbaycan. Türk Kültür Dergisi. Yıl 33, Sayı: 247. Ankara. s.13-15
RƏSULZADƏ Məhəmməd Əmin (1992). Əsərləri. Toplayanı, tərtib və transliterasiya edəni professor Şirməmməd Hüseynov. Bakı
RƏSULZADƏ Məhəmməd Əmin (2001). Əsərləri 1909-1914. II cild. Toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi professor Şirməmməd Hüseynov. Bakı
ÜLKEN Hilmi Ziya (1969). Türkçülüğün ve Türk Sosyalizminin babası Ali Turan. Yeni İnsan Dergisi. Sayı: 84. İstanbul, s. 6-11; 21-25
ÜLKEN Hilmi Ziya (1994). Türkiye’de Çağdaş Düşünce Tarihi. İstanbul
YÖNTEM Ali Canip (1962). Ziya Gökalp’e Türkçülüğü Aşılayan Adam. Yakın Tarihimiz Dergisi. Cilt: 1. Sayı: 9. İstanbul 26 Nisan. s. 259-260
ZAKİROĞLU (Baharlı) Orxan (2013). Şərq tarixi: Baharlılar (Ensiklopedik məlumat kitabı). II kitab. Bakı