18.09.2020, 13:49 - Baxış sayı: 585

Özünü dərk edən filosof


Ziba Ağayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
baş elmi işçisi, f.e.d.


Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan.

(Nizami Gəncəvi)

Bu il 100 illiyini qeyd etdiyimiz XX əsr Azərbaycan fəlsəfi və mədəni fikir tarixinin görkəmli nümayəndələrindən biri fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşovun yaradıcı və orijinal ictimai və fəlsəfi etik əsərləri sovetlər dövründə yazılsa da, fəlsəfi irsimizdə özünəməxsus yer tutmaqla yanaşı, bu gün də ölkənin müasir ictimaiyyətşünaslığında öz aktuallığını saxlayır.
Adi müəllimlikdən alimliyə qədər uzanan şərəfli həyat yolunda ona milli fəlsəfəmizin inkişafı sahəsində, ilk milli ensiklopediyanın yaradılmasında böyük uğurlara imza atmaq səadəti nəsib olmuşdur. O, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın fəlsəfi-etik fikir tarixini qədim dövrlərdən XX əsrə qədər araşdırmış, mənəvi mədəniyyət və mənəvi fikir, alimin öz sözləri ilə desək, fəlsəfi-etik problem olan, əxlaq tərbiyəsinin ən mühüm tərəflərindən biri – insanın özünüdərketməsi problemlərini yaşadığı dövrün baxış bucağından əhatəli şəkildə, bütün rakurslardan tədqiq etmiş, XIX əsrdə xalqın mədəni inkişafı, maariflənməsi istiqamətində cəmiyyətdə əsaslı dönüş yaradan ziyalılardan biri Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etmək ona nəsib olmuşdur.
Ziyəddin Göyüşov eyni zamanda Azərbaycanın bir sıra ali məktəblərində istedadlı müəllim kimi fəlsəfədən mühazirələr oxumuş, milli fəlsəfi kadrların yetişdirilməsi sahəsində müdrik filosof kimi onlarla gənc alimə elmi rəhbərlik etmişdir. Təsadüfi deyildir ki, onun yetirmələri hal-hazırda respublikanın əksər ali məktəblərinin fəlsəfə kafedralarında pedoqoji fəaliyyətlə məşğul olur, AMEA-nın müvafiq institutunda elmi-tədqiqat işləri aparırlar. Bu hikmətli alimin milli elmimizlə yanaşı, həm də milli mədəniyyətimizə olan böyük tövhəsidir.
Lakin qeyd etmək lazımdır ki, Z.Göyüşov elmi və pedoqoji fəaliyyəti məharətlə uzlaşdırsa da, o, ilk növbədə xalqımıza, elmi ictimaiyyətə zəngin mənəvi elmi irs qoymuş dərin və ciddi tədqiqatçı olmuşdur.Onun elmi yaradıcı fəaliyyəti Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu ilə bağlı olmuşdur. Aydın məsələdir ki, alimin dünyanın vəhdət kimi qəbul edildiyi, əxlaqın sinfi xarakter daşıdığı sovet cəmiyyətində marksizm-leninizm ideyalarının təsiri altında ərsəyə gətirdiyi tədqiqat işləri, qismən də olsa zamanın sınağı ilə üz-üzə qalmışdır. Lakin onun əsərlərinin əhəmiyyətli hissəsi xüsusilə, tarixi-fəlsəfi əsərləri, mənəvi mədəniyyət və mənəvi fikir, özünüdərketmə ilə bağlı tədqiqat əsərləri zamanın ideoloji sərhədlərini aşaraq, bu günə qədər öz dəyər və əhəmiyyətini qoruyub saxlaya bilmişdir.
İnsan varlığı, onun mahiyyəti, dünyadakı missiyası, cəmiyyətdəki yeri və rolu, əxlaqı və mənəviyyatı daima alimin araşdırdığı fundamental problemlərdən olmuşdur. Bir ömrə sığmayan bu geniş və əhatəli, əbədi və əzəli problemi dərk etmək, qarşısına qoyduğu suallara cavab vermək istəyi alimi məhz bu sahədə Sadəlik və təvazokarlıq”, “Səadət düşüncələri”, “Fəzalət və qəbahət”, “Əxlaqi sərvətlər”, “Daxilə pəncərə”, “Həzz və istirab” kimi sistemli silsilə əsərlər yazmağa sövq etmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi sovet dönəmində yaşayıb yaratmış filosof təbii ki, zamanın ruhuna, marksist-leninçi düşüncəsinə, ideoloji təsirinə uyğun şəkildə problemi tədqiq etmişdir. Zamanın tələbi bunu diktə etdiyindən, başqa cür ola da bilməzdi. Lakin onun əsərlərində eyni zamanda problemə müdrik bir insanın, ciddi bir filosofun daxilindən, milli özünəməxsusluğundan və təfəkküründən süzülüb gələn obyektiv elmi - nəzəri yanaşmalar, fikir və ideyalar da xüsusi yer tutmuşdur. Müəllifin problemlə bağlı irəli sürdüyü “özünütərbiyə, özünənəzarət, özünəqiymət kimi çox mühüm problemlər” məgər bu gün müasir insanların özünüdərkində mühüm rol oynamırmı? Göründüyü kimi zaman dəyişsə də insanın mahiyyəti dəyişmir.
Əsərlərində “insan-əxlaq-dünya” münasibətləri kimi mühüm fəlsəfi-etik problemə müxtəlif baxışlar sərgiləyən (Daxilə pəncərə) filosof bunu sistemli şəkildə fəlsəfi aspektdə uğurla formalaşdıra və əsaslandıra bilmişdir.
“Öz daxili aləminə müntəzəm nəzər - əxlaqi sərvətdir” deyən alim hər bir insanın xüsusi bir mikroaləm olmasının bir fakt olduğunu qeyd edir. “İnsan yer üzərində qitələri, səmada planetləri və naməlum ulduzları kəşf etdiyi kimi, tez-tez öz daxilinə də nəzər salıb, özünü kəşf etməlidir. Hər bir insan sözün əsil mənasında öz daxili dünyasının bilicisi, müdrik və cəsur səyyahı olmalıdır” ( “Daxilə pəncərə” . Bakı, Azərnəşr,1978, s.31.) yazan filosof, göründüyü kimi hər şeydən əvvəl insanın dünyaya baxışının mükəmməl şəkildə formalaşması, dünya anlamı kimi təməl xüsusiyyətlərin dərinliklərinə qədər gedə bilməsi, bir şüurlu varlıq kimi bütövlüyünü təmin edən keyfiyyətlərə malik olması üçün özünüdərkin nə dərəcədə zəruri olması məsələsini önə çəkir. Müəllifin fikrinə görə, “öz daxilinə səyahət eyni zamanda insanın xarici aləmi dərk etməsinə də kömək edir”. Müəllifin fikirlərindən belə nəticə çıxarmaq olar ki, insan öz varlığının qüdrətini, bütövlüyünü təşkil edən amilləri dərk etdikcə yenilməz olur, həyatını dolğun, mənalı, rəngarəng yaşamağa nail olur. Özünü başqaları ilə, cəmiyyətlə, dünya ilə əlaqələndirən bağları dərk etməyi, dəyərləndirməyi bacarır. Məntiqi olaraq da varlığının bütövlüyünü pozan, yaşamını mənasız edən amilləri dərk etdikcə güclü olur, mənəvi zəngin, emosional həyat yaşayır.
Marksizm-leninizm fəlsəfəsinin prinsiplərinə görə insanın müqəddəratının insanın özündən asılı olduğu qəbul edilən sovet cəmiyyətində filosof daxilə səyahətin əxlaqi əhəmiyyətlərindən danışır, “ən rahat, ən sakit, ən xətircəm sığınacaq” yerinin yalnız insanın daxilində, xatirələrində olduğunu söyləyir. Xoşbəxtliyi öz daxilində axtarmağı tövsiyyə edir.
Lakin bunlarla yanaşı filosof özünədərkin fövqəlmürəkkəb mahiyyətini və məzmununu açarkən, öz daxilinə səyahəti qətiyyən adamlardan qaçan, tənhalıq sevən, xarici aləmlə əlaqəsini kəsməklə, zahidliklə, tərkidünyalıqla, adamayovuşmazlıqla eyniləşdirməyin və əlaqələndirməyin düzgün olmadığını qeyd edir. Əksinə alim daxilə səyahətin insanın formalaşmasının, zənginləşməsinin müqəddəm şərtlərindən biri olduğunu göstərmək istəyir. Lakin bununla belə qeyd etmək istərdik ki, tənhalıq və ya özünütəcrid insanın özünüdərki istiqamətində çox zəruri əhəmiyyətə malikdir. Bu fenomenin səbəbləri, yaşantısı, nəticələri, pozitiv və neqativ təzahürlərinə dair bilgilər hər birimiz üçün zəruridir. Və bu məsələdə müdrik filosof təbii ki, yaşadığı ölkənin fəlsəfi doqmalırına uyğun olaraq daxilə səyahətdə diqqəti bu problemlərin pozitiv potensialına məharətlə yönəltməklə, subyektiv təsəvvürlərlə yanaşı obyektiv fəlsəfi, elmi təhlillər aparmışdır.
Nəhayət, filosof daxilə səyahətin insana yaşamaq üçün, həyat üçün inam özünə güvən, öz qüvvələrimizi lazımınca qiymətləndirə bilmək imkanı verdiyini, öz iradəsi üzərində müntəzəm olaraq işləmək, daxilimizdə gizlənmiş zəifliyi görə bilmək və aradan qaldırmaqda müstəsna əhəmiyyətə malik olduğunu qeyd edir.
Göründüyü kimi filosof daxilə pəncərə açmaqla Azərbaycan vətəndaşının ictimai, siyasi və mənəvi keyfiyyətlərinin bütövlüyünü təmin etmək üçün onun dünyagörüşünün, həyat fəlsəfəsinin elmi əsaslar üzərində qurulmasını arzulayır: “Qoy bizim hər birimizin əlində hələ cavan yaşlarından başlayıb ömrümüzün axırına qədər zəka məşəli daha parlaq yansın, ömrümüzün bütün çağları zəka nurunun parlaq işığına qərq olsun! Onda biz özümüzü daha yaxşı görərik, ömrümüzdən daha artıq məmnun olarıq, gələcəyə daha artıq əminliklə ümid bəsləyə bilərik, daha yaxşı anlarıq, dərk edərik ki, ağlın qələbəsi uğrunda, zəkanin təntənəsi uğrunda mübarizə əsil insanlıq uğrunda mübarizədir” (yenə orada, s.197).
Qeyd etmək lazımdır ki, Azərbaycanın fəlsəfi fikir, xüsusilə fəlsəfi etik fikir tarixinə öz elmi yaradıcılığı ilə zəngin töhfələr vermiş XX əsr Azərbaycan filosofu Ziyəddin Göyüşovun əxlaqla bağlı tədqiqatları, fikirləri və ideyaları, düşüncələri, problemə yanaşma tərzi, insanın mənəvi həyatında əxlaqın roluna dair tədqiqatları müasir dövrümüzdə də öz əhəmiyyətini saxladığından alimin irsinin müasir nəslə çatdırılması elmi ictimaiyyət qarşısında duran vəzifələrdəndir.