19.06.2020, 10:32 - Baxış sayı: 868

Pandemiyanın rəqəmsal texnologiyalara təsiri


Afaq Rüstəmova
AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri”
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru


İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür.
İlham Əliyev


Yeni növ koronavirus infeksiyasının ortaya çıxması qeyri-adi hadisə deyil. Zaman-zaman dünyanın hər hansı bir regionunda pandemiyanın baş qaldırması bəşəriyyət tarixində yeni hadisə də deyil. "Pandemiya" sözünün dünya üzərində kabusa dönməsi və təəssüf ki, çox sayda insan ölümünə səbəb olması da ilk dəfə baş vermir. Hazırki dövrdə fərq ondan ibarətdir ki, bu qədər yüksək inkişaf səviyyəsinə çatmış dünya yaranan risklərə nəinki operativ reaksiya göstərmək, hətta konseptual olaraq konkret qərarlar qəbul etməkdə çətinlik çəkdi və qlobal dünyanın insanlarının davranışlarında dərin dəyişikliklərə səbəb olan geniş miqyaslı böhranlara hazır olmadığı üzə çıxdı. Hazırda dünyada tüğyan edən pandemiya pik nöqtəsindədir və hələ karantin dövrünün bitməsinin zamanı bəlli deyil. Bununla belə tam aydındır ki, əvvəlki vərdişlər, indiyə qədər təbii qəbul edilən bir çox davranış nümunələri geri qayıtmayacaq.
Pandemiyadan əvvəl də hadisələrin gedişatı onu göstərirdi ki, artıq qloballaşma dünya tarixində sonunu və ya gerçəkləşməyən imitasiyasını yaşayır, çünki hətta Qərb dünyası belə müəyyən mənada bəşəriyyətin inkişafının tərkib hissələrini təşkil edən keyfiyyət komponentlərindən imtina etdi. Təbii ki, Amerika hegemonluğunun yaratdığı qlobal investisiya kapitalizmi əbədi ola bilməzdi. Belə ki, gerçək rəqabət qabiliyyəti yalnız rəqiblərin mövcud olduğu şəraitdə mümkündür. Əks təqdirdə isə sistemin idarəetmə keyfiyyəti və tamlığı getdikcə zəifləyəcəkdir.
Koronavirus informasiya əsrinin ilk pandemisidir. Dünyada yoluxmaların və bu pandemiyadan ölənlərin sayını onlayn rejimdə müşahidə etmək imkanları hadisənin bəşəriyyətin ümumi problemi olduğu qənaətini yaratdı. Məlum oldu ki, nəticələr hər bir konkret ölkədə səhiyyənin və geniş mənada cəmiyyətin təşkilindən çox asılıdır. Hər iki amil daha çox lokal mahiyyət daşıyır. Yəni burada səhiyyənin səviyyəsi və insanların gözlənilməz böhran hallarına hazırlıq vəziyyəti nəzərdə tutulur.
Koronavirusun yayılması ilə əlaqədar olaraq total karantin şəraitində dəyərlərə fərqli münasibət yarandı. Bir neçə ay əvvəl vacib görünməyən hal yeni şəraitdə olduqca mühüm əhəmiyyət daşımağa başladı. Yaxın keçmişə qədər ləng inkişaf edən sahələrin birdən-birə sürətlə inkişaf etdirilməsinə ciddi ehtiyac yarandı.
Başverən hadisələr tam inamla deməyə əsas verir ki, artıq həyat əvvəlki kimi olmayacaq. Paradoks olsa da, əgər XX əsrdə elmi və texnoloji tərəqqiyə təkanı İkinci Dünya Müharibəsi verdisə, hazırda bu imkanı koronavirus verə bilər. Yəni, yeni şərait əhatəli rəqəmsallaşdırmanı, rəqəmsal texnologiyaların inkişaf etdirilməsini dövrün vacib hadisəsi kimi ön plana çıxarır.
Dekabrın 31-də yeni koronavirusun törətdiyi xəstəlik barədə ilk informasiya yayıldı, lakin hələ dünya nə baş verdiyini tam anlamırdı. Amerika, Avropa kimi dövlətlər hadisənin miqyasını və ciddiliyini dərk etmirdi. Yəqin bu ölkələr hesab edirdilər ki, onlara bu virus təsir edə bilməz. Lakin hadisələrin sonrakı gedişatı göz önündə tamamilə başqa mənzərə yaratdı. Məlum oldu ki, bu ölkələrin səhiyyə sisteminin vəziyyəti belə total böhranların öhdəsindən gəlməyə hazır deyil. Hətta bəzi ölkələrdə insanlığa, humanist prinsiplərə (özlərinin demokratik, hüquqi dövlət olduqlarını dünyaya bəyan etmələrinə baxmayaraq) zidd olan hadisələr də baş verdi. Yəni, ağır xəstələrin arasında seçim edilməyə başlandı və yaşlı insanlar ölümə tərk edildi. Başqa sözlə pandemiya hər şeyi açığa çıxardı.
Bütün bu deyilənlərin fövqündə isə Azərbaycanda hadisələr tamamilə başqa məcrada gerçəkləşdi. Ölkə Prezidenti cənab İlham Əliyev vəziyyəti dəqiq və ətraflı dəyərləndirərək məsələyə spontan, situativ deyil, strateji yanaşma nümayiş etdirdi və bu tədbirlərin sayəsində virusun ölkədə idarəolunmaz həddə çatmasının qarşısı alındı.
Qeyd edilən məsələlərin optimal həll yollarının müəyyənləşdirilməsində ölkədə aparılan rəqəmsallaşdırma siyasətinin böyük rolu oldu, çünki informasiya-kommunikasiya texnologiyalarının inkişafı və tətbiqi daima ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olub. Mayın 15-də CISCO şirkətinin rəhbərliyi ilə keçirilən virtual görüşdə ölkədə bu sahədə görülən işlər yüksək qiymətləndirildi. Burada ölkə başçısı vurğuladı ki,: “Pandemiya dövründə özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Ona görə hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı, sahələrində və digər sahələrdə, o cümlədən bizim su resusrslarının nəzarəti, su balansının formalaşdırılması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən, maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək”.http://sosial.gov.az/3446 Cəmiyyətlərin rəqəmsallaşmaya keçidi zamanın tələbidir və bu şərait əvvəllər görünməmiş perspektivlər açır. Proses pandemiya dövründə daha da sürətləndi və bir çox fəalyyətlərin gerçəkləşdirilməsində yeni imkanlar yarandı. Video formatda müxtəlif səpkili tədbirlərin, görüşlərin, müsahibələrin keçirilməsi, tədris prosesinin davamlılığını təmin etmək məqsədilə onlayn rejimdə tədrisin aparılması və s. buna misaldır.
Yəni mövcud pandemiyanın rəqəmsal texnologiyaların inkişafına müsbət təsiri göz önündədir. Karantin zamanı və ondan sonra da qazanılmış təcrübənin İT-nın cəmiyyətin inkişafında köklü dəyişikliklər yarada biləcəyi şübhə doğurmur.
Görünür, vəziyyət nə qədər kədərli olsa da gələcəyə böyük ümidlər də verir. Bu baxımdan yeni koronavirusun yaratdığı pandemiyadan sonra cəmiyyətlərin həyat tərzlərinin təzahürlərinin analizi tədqiqatçıların da qarşısında xüsusi suallar qoyur. Alimləri yalnız Covid-19 pandemiyasından sonra cəmiyyətin vəziyyətinin necə olacağı düşündürmür. Burada yeni koronavirusun yaratdığı mürəkkəb social vəziyyətin tələblərinə müvafiq olaraq cəmiyyət haqqında bizim təsəvvürlərimizin, həmçinin sosial elmə dair fərziyyələrin, metod və nəzəriyyələrin yenidən dəyərləndirilməsinə ehtiyac vardır. Covid-19 böhranı iqtisadiyyat və idarəetmənin normal axarını pozdu. Son aylardan başlayaraq dünyada qlobal iqtisadi çöküş yaşanır. Bu çöküşün sürətinin və miqyasının tarixdə presedenti olmadığından, ictimai elmin standart metodlarından istifadə etməklə onun təsirlərinin modelləşdirilməsi də asan məsələ deyil. Sosial gərginlik dövrlərində elmdə yoxlanılmış faktların və inandırıcı dəllilərin istifadə olunması, yeni yaranan şəraitdə ya ideoloji dəyərləndirməyə məruz qalır, ya da ümumiyyətlə inkar edilir.
Pandemiyadan sonra qarşıda cəmiyyətin müasir vəziyyətinin öyrənilməsində üstünlük təşkil edən nəzəriyyələrin müəyyənləşdirilməsi, iqtisadiyyat, idarəetmə və mövcud təcrübə sahəsində bildiklərimizin yeni şəraitə və tələblərə uyğun olaraq dəyərləndirilməsi, perspektiv inkişaf yollarının işlənib hazırlanması kimi vacib problemlərin həlli durur. Bu, bir tərəfdən olduqca çətin, digər tərəfdən isə qaçılmazdır. Belə şəraitdə mərkəzində insan duran humanitar elmlərin yenidən nəzərdən keçirilməsi aktual olaraq qarşıya çıxır. Hazırda tələb olunan social həmrəyliyin yeni formalarının yaranması mühüm əhəmiyyət daşıyır. Müasir cəmiyyət haqqında araşdırmaların müəllifi tanınmış ingilis sosioloqu Ziqmunt Bauman hesab edir ki, insanın davranışında mövcud olan hər hansı bir əxlaqi dəyər (instinkt) cəmiyyətdə yaranır və cəmiyyət düzgün fəaliyyət göstərməyəndə, o da dağılır. Hal-hazırda artıq əhəmiyyətini itirmiş sosial araşdırmalardan imtina etməklə hadisəni dürüst şəkildə ifadə edə biləcək məlumatlara əsaslanaraq yeni metodların tətbiq edilməsinə ehtiyac yaranıb. Yəni, alimlərin qarşısında ciddi sosial tədqiqatların aparılması tələbi durur. Covid-19 pandemiyasının çoxşaxəli və müəyyən məqamlarda çaşdırıcı nəticələri meydana çıxır. Bir məsələni dərk etməliyik ki, biz uzun dövrü əhatə edən və özünəməxsus nəticələrə gətirib çıxaracaq sosial təlatüm dalğasının mərkəzindəyik və ictimai həyatın bütün sahələrində analoqu olmayan sosial təcrübə yaşayırıq.
Aydın məsələdir ki, hər bir ölkənin inkişafı cəmiyyətin aparıcı strukturu olan təhsil sistemilə sıx bağlıdır. Bu mənada bu sahə də ciddi dəyişikliklərə məruz qalıb. Lakin atalarımız yaxşı deyib ki, hər şərdə bir xeyir var. Bu baxımdan pandemiyanın yaratdığı yeni şərait təcili şəkildə vəziyyətdən çıxış yollarının aranmasına zərurət yaratdı. Yəni, istər təhsilin davamlılığının və keyfiyyətinin təmin edilməsi naminə rəqəmsal təhsilin imkanlarının inkişaf etdirilməsi, bunun gerçəkləşdirilməsi üçün güclü şəbəkələrin yaradılması zamanın ən prioritet istiqamətlərindəndir. Təbii ki, bu fəaliyyətləri reallaşdırılmaq üçün cəmiyytərin müvafiq hazırlıq səviyyəsi olmalıdır. Burada lazımi texnika ilə yanaşı ən vacib şərt müəllimlərdə onlayın təlimə hazırlıq səviyyəsinin mövcud olmasıdır.
Pandemiya dövründə isə az sayda müəllimin rəqəmsal və İKT bacarıqlarına malik olduğu üzə çıxdı. Hazırki dövr həm tələbələr, həm də müəllimlər üçün qarşılıqlı, ədalətli əməkdaşlığa, biliyi prioritet istiqamətə çevirməyə yaradıcı yanaşmaq üçün fürsət verir. Bunu həyata keçirmək isə asan məsələ deyil.
Dünyanın böyük bir hissəsinin karantin və özünütəcrid şəraitində yaşadığı bu qeyri-adi dövrdə rəqəmsal xidmətlər müstəsna rol oynadı. İnternet insanlara işləməyə, ünsiyyət qurmağa və digər ehtiyaclarını ödəməyə imkan yaratdı. Nəticələr göstərir ki, bəşəriyyət sözün gerçək mənasında tamamilə yeni bir eraya qədəm qoyur və cəmiyyətlərin uğurlu inkişafı bu eranın tələblərinə cavab vermək bacarığından asılı olacaq.