17.06.2020, 10:58 - Baxış sayı: 687

NAXÇIVANDAN BAŞLANAN QURTULUŞ MİSSİYASI


EYNULLA MƏDƏTLİ
AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir


Yaxın və uzaq keçmişimizə nəzər salıb müqayisələr apardıqda xalqın taleyində dahi şəxsiyyətlərin necə əhəmiyyətli rol oynadığının şahidi oluruq. Azərbaycanın görkəmli siyasi liderlərinin və milli qüvvələrinin mübarizəsi nəticəsində qurulmuş və iki ilə yaxın Şərqin ilk demokratik respublikası olaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonrakı 70 illik kommunist sisteminin antimilli siyasəti milli özünüdərk prosesinə nə qədər buxov vursa da, Sovet Azərbaycanının siyasi elitasında poststalin dövründə milli düşüncəli şəxsiyyətlər zaman-zaman irəli çıxır, milli-mənəvi dəyərlərin dirçəldilməsi üçün müəyyən səylər göstərirdilər. Lakin belə halların qarşısı Moskva tərəfindən qətiyyətlə alınır və təşəbbüskar partiya və sovet rəhbərləri müvafiq şəkildə cəzalandırılırdılar. Xalqımızın tanınmış simaları, respublika rəhbərliyində olan İmam Mustafayev, Mirzə İbrahimov, Şıxəli Qurbanov da bu və ya digər şəkildə belə təzyiqlərə məruz qalmışdılar.
Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycan rəhbərliyinə gətirilməsi xalqımızın tarixi taleyində dönüş nöqtəsi oldu. Əlbəttə, Kremlin məqsədi güclü iradəyə və yüksək mənəvi-siyasi keyfiyyətlərə malik olan bir şəxsiyyəti respublika rəhbərliyinə gətirməklə SSRİ-nin çox geridə qalmış, lakin ən mühüm xammal ehtiyatları, xüsusilə neft, pambıq, üzüm, tütün istehsalında Mərkəzi qane edəcək bir respublikanı ayağa qaldırmaq, onun ümumittifaq büdcəsinə daha çox fayda verməsini təmin etmək idi. Lakin Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi artıq xalqımızın sonrakı taleyində qalıcı, qarşısıalınmaz ictimai-iqtisadi-mənəvi inkişaf xəttinin, Azərbaycan respublikası üçün umumxalq təəssübkeşliyinin yeni nəfəslə başlanğıcı oldu. Bu, o zamanlar idi ki, bütün SSRİ-də “sovet xalqı” insanların yeni tarixi birliyi kimi təlqin edilir, “sovet vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi” siyasəti sistemli şəkildə yeridilir və dövlətin bütün ideologiya maşını bu sahədə ümumi ictimai rəy formalaşdırmaq üçün səfərbər edilirdi. Belə bir şəraitdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi on dörd il ərzində Azərbaycan dilini, mədəniyyətini, milli adət və ənənələri, ana vətən - tarixi Azərbaycan düşüncəsini yaşatmaq əlbəttə, asan məsələ deyildi. Heydər Əliyev respublikanı iqtisadi cəhətdən ən qabaqcıl sıralara çıxarmaqla, ona mərkəzin əvvəllər heç də xoş olmayan münasibətini müsbət məcraya yönəltməklə milli-mənəvi tərəqqi, milli özünüdərk və Azərbaycan təəssübkeşliyi üçün də geniş yol açmış olurdu. Azərbaycan daim intensiv şəkildə inkişaf edən, hər il “sosializm yarışının qalibi” olan, “keçici qırmızı bayraqlar” qazanan, SSRİ-nin yüksək mükafatlarına layiq görülən bir müttəfiq respublika olmasaydı, əlbəttə Heydər Əliyev xalqımızın dəyərli milli ziyalılarını, alimlərini, yazıçılarını, bəstəkarlarını irəli çəkib onların ölkə miqyasında tanıdılmasına və dəyərləndirilməsinə nail ola bilməzdi, xalqımızın milli-mənəvi dəyərlərini yaşadan ədəbi-bədii əsərlərin, kino və teatr sənətimizin milli ruhlu film və tamaşalarının ərsəyə gətirilməsini təmin edə bilməzdi.
Heydər Əliyev sadəcə olaraq müttəfiq respublikanın qabiliyyətli başçısı deyildi, eyni zamanda Azərbaycan xalqının qəlbində get-gedə özünə yer alan, insanlarla keçirdiyi müntəzəm görüşlərlə, xalqın öz dilində etdiyi nitqləri ilə, müxtəlif təbəqələrə mənsub yüzlərlə-minlərlə respublika sakini ilə şəxsi tanışlığı və ünsiyyəti ilə xalqın böyük əksəriyyətinin hüsn-rəğbətini qazanan və sevilən milli rəhbər idi. Azərbaycanın sənayesinin, kənd təsərrüfatının yüksək inkişafını təmin etməsi ilə yanaşı, xalqın milli-mənəvi inkişafına daim qayğı göstərməsi və bu sahədə əvvəllər görünməmiş köklü canlanma və tərəqqinin əldə edilməsi Heydər Əliyevin böyük nailiyyəti idi.
Ulu öndərin 1990-cı ilin iyulunda Moskvadan doğma Vətənə xilaskar missiyalı qayıdışı, təqiblərə məruz qalıb Bakıdan Naxçıvana getməsi ilk növbədə Naxçıvan Muxtar Respublikasının qorunması, onun düçar olduğu burulğandan və düşmən təcavüzündən xilas edilməsində həlledici rol oynadı. Heydər Əliyevin Naxçıvanda kütləvi ümumxalq məhəbbəti ilə qarşılanması, hər kəsin bu dahi insana ümid və pənah yeri kimi baxması, dualar edib xalqı bu bəladan qurtarmasını istəməsi böyük rəhbərin mübarizə əzmini daha da artırdı, üzərinə düşən ağır və məsuliyyətli vəzifənin öhdəsindən bacarıqla gəlmək üçün ona qüvvət verdi. Həmin dövrdə mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmizdə demokratik dövlət quruculuğunun ilk və qətiyyətli addımları Heydər Əliyev tərəfindən məhz Naxçıvanda atıldı.
Ulu öndər Naxçıvan MR Ali Məclisində deputat olan zaman dönməz iradə və qətiyyətinin gücü ilə ictimaiyyəti qarşıdakı hadisələrdən xəbərdar edir, gözlənilən dəyişikliklərə hazırlayırdı. Bütün xalq Heydər Əliyevi dəstəkləyirdi, lakin Moskvanın diktəsi ilə hərəkət edən Azərbaycanın kommunist rəhbərliyini dəstəkləyənlərin müqaviməti də var idi. Buna baxmayaraq, Heydər Əliyev qısa müddətdə bütün demokratik qüvvələrin qəbul etdiyi liderə çevrildi. 1991-ci ilin ortalarında sovet rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz siyasətini kəskin tənqid etməklə Ulu öndərin Sovet İttifaqı Kommunist Partiyası sıralarını nümayişkaranə şəkildə tərk etməsi “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşayan Naxçıvan MR Ali Məclisindəki keçmiş rəsmi şəxslərin və məmurların bir çoxunun da mövqeyinin dəyişməsinə səbəb oldu. Heydər Əliyevin dönməz iradəsi və qətiyyətli vətəndaşlıq mövqeyi çoxları üçün örnək oldu. Hətta, ən inadkar kommunistlər və sovetpərəstlər belə Heydər Əliyevin bu addımından sonra özləri üçün əminlik hiss etdilər ki, sovet hakimiyyətinin və kommunist partiyasının daha bir perspektivi qalmamışdır və qorxmadan, çəkinmədən istiqlaliyyət yolu seçilməlidir.
Heydər Əliyevin sədrliyi ilə 17 noyabr 1990-cı il tarixində Naxçıvan MSSR Ali Sovetinin sessiyasında Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının iclas salonuna gətirilməsi müstəqil dövlətçiliyin bərqərar edilməsi yolunda əvəzsiz xidmət idi. Bu təqribən 190 illik işğal və ilhaqdan qurtuluşun başlanğıcı idi, XX əsrdə müstəqil dövlətçiliyimizin yenidən bərpasının ilk addımları idi. Həmin iclasda “Ali Sovet” adı da “Ali Məclis”lə əvəz olundu. Həmin anların heç bir vaxt unudulmayacaq coşqusu Muxtar Respublika Ali Məclisinin deputatı olaraq bu sətirlərin müəllifinin də yaddaşında dərin iz buraxmışdır.
Naxçıvan əhalisinin iradəsi ilə Ulu öndərin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin ilk atributlarının qəbulundan tutmuş, köklü inqilabi islahatlar da daxil olmaqla, müstəqilliyə aparan yolun və vasitələrin müəyyən edilməsini şərtləndirdi. Bu Heydər Əliyev yolu idi.
Ümummilli liderin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi ilə Azərbaycanın ayrılmaz bir hissəsində müstəqil dövlət quruculuğu işinə başlanıldı. O zaman üçün ən ümdə və aparıcı vəzifə Naxçıvan Muxtar Respublikasının işğalçı Ermənistanın getdikcə genişlənən təcavüzündən qorumaq idi. Ermənilər tərəfindən şose və dəmir yolu bağlanan, elektrik enerjisi, təbii qazı, telefon rabitəsi kəsilən, yeganə hava yolu da təhlükələrdən xali olmayan Naxçıvan Muxtar Respublikası tam blokada şəraitində ən ağır günlərini keçirirdi. 1991-1993-cü illərdə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi zaman Heydər Əliyev həm Naxçıvanı erməni işğalından qorumaq, həm də müstəqilliyinin kövrək addımlarını atmaqda olan, lakin səriştəsiz və dəyanətsiz rəhbərlərin fəaliyyətsizliyi üzündən, yad xarici qüvvələrin aşkar və gizli təzyiqləri altında az qala varlığını itirmək təhlükəsi ilə üzləşən Azərbaycan Respublikasını fəlakətdən qurtarmaq üçün yollar axtarırdı. Dondurucu qış gecələrində Ali Məclisin ikinci mərtəbəsindəki iş otağında, neft lampası işığında Heydər Əliyev bütün Azərbaycan xalqını işığa çıxarmaq üçün çalışırdı. Lakin bu çətin vəzifəni yalnız şəxsiyyətinin nüfuzu və diplomatiyasının gücü ilə həyata keçirmək mümkün deyildi. Dövlətçiliyin ən vacib və birinci dayağı olan nizami milli ordusuz nə dövləti qurmaq, nə də onu qorumaq olardı.
Məhz Heydər Əliyevin dərin zəkası və tədbirliliyi, sovet idarə sisteminin bütün incəliklərini bilməsi nəticəsində və əlbəttə ki, keçmiş İttifaqda qazanmış olduğu nüfuz sayəsində Naxçıvan MR ərazisindəki sovet ordusu hissələri nizamlı şəkildə yola salındı. Həmin zaman ərəfəsində Ulu öndərin Rusiyanın yüksək rəsmiləri ilə düzgün münasibət formalaşdırması elə bir imkan yaratdı ki, həmin hərbi hissələrin döyüş texnikasının və silahların əksəriyyətinin Naxçıvan hakimiyyətinə verilməsi təmin edildi. Heydər Əliyevin fərmanı ilə Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradıldı və sovet hərbi hissələrinin texnika və silahları həmin quruma təhvil verildi. Beləliklə, Naxçıvanın müdafiəsinin təmin olunması üçün ən zəruri addımlar atılmağa başlandı. Bir çox könullü peşəkar hərbçilər Heydər Əliyevin çağırışlarına böyük coşqu ilə səs verdilər. Xüsusi vurğulamaq lazımdır ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyev orduda azərbaycanlı milli zabit kadrlarının çox az olduğunu görərək bu sahədə sistemli uzaqgörən tədbirlər həyata keçirmişdi.
Heydər Əliyev bir millət vəkili kimi Azərbaycan parlamentin iclaslarında ölkəmizin düşdüyü ağır ictimai-siyasi və iqtisadi böhrandan çıxış yollarını göstərir, buna rəvac verən M.Qorbaçov hakimiyyətini və onun diktəsi ilə hərəkət edən respublika rəhbərliyini qətiyyətlə ittiham edirdi. O, yeni İttifaq adı ilə SSRİ-ni dirçəltmək cəhdlərini qətiyyətlə rədd edərək deyirdi: “Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.
Ulu öndərə, böyük siyasət ustadına dərindən inanan, arxayınlıqla güvənən, onun müstəqillik ideyalarını dəstəkləyən Naxçıvan MR əhalisi elliklə həmin İttifaqa dair ölkə referendumuna getmədi, müstəmləkə boyunduruğunu qətiyyətlə rədd etdi, müstəqil dövlətçilik yolunu seçdi. Heydər Əliyevin iradəsi ilə Kommunist Partiyasının Naxçıvan Muxtar Respublikasındakı strukturlarının ləğv edilməsi, 8 sentyabr 1991-ci ildə Azərbaycanda keçirilən prezident seçkisinin baykot edilməsi barəsində Naxçıvan Ali Məclisinin qərarları bütün Azərbaycana bənzər addımların atılması üçün cəsarətli çağırışlar idi.
20 Yanvar hadisələrinə, erməni işğalçılarının Xocalıda törətdikləri kütləvi qırğınlara hüquqi-siyasi qiymətin verilməsi və Naxçıvan MR Ali Məclisində bu hadisələrlə əlaqədar qərarlar qəbul edilməsi, Xocalı faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti olduğunun dünya ictimaiyyətinin diqqətinə çatdırılması o zaman Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çox zəruri tədbirlər idi.
Heydər Əliyevin həyati əhəmiyyətli, uzaqgörən və məqsədyönlü addımlarından biri də Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının rəhbərləri ilə təmasa keçərək Naxçıvan MR əhalisini iqtisadi fəlakətdən qurtarmaq idi. Bakıda Xalq Cəbhəsi-Müsavat hakimiyyəti onun bu zəruri fəaliyyətlərinə nə qədər qısqanclıqla yanaşsa, müxtəlif vasitələrlə mane olmağa çalışsa da, Azərbaycan dövlətinin xarici siyasətinin əsil təməl daşları məhz Naxçıvanda qoyulurdu. Heydər Əliyev Ali Məclisin deputatlarına, tədqiqatçılara, jurnalistlərə təkidlə Naxçıvanın yaxın tarixini, xüsusilə 1921-ci il Moskva və Qars müqavilələrini öyrənməyi tövsiyə edirdi. Əvvəlki tarixi təcrübələri nəzərə alaraq ölkəmizin bu qədim guşəsini qoruyub saxlamaq üçün Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının dövlət başçıları səviyyəsində görüşlər keçirir, sənədlər imzalayır və qarşıya qoyduğu məqsədlərə nail olurdu. Onun şəxsi nüfuzunun, siyasi sanbalının nəticəsi idi ki, Türkiyənin o vaxtkı Prezidenti Süleyman Dəmirəl Naxçıvana gəldi, Heydər Əliyev İranın həmin dövrdəki prezidenti Haşemi Rəfsəncaninin dəvəti üzrə Tehranda səfərdə oldu, beləliklə blokadada olan Naxçıvan Muxtar Respublikasına yeni nəfəs verildi. Bakıda bütün bunları qısqanclıqla izləyən, hətta əngəllər yaratmağa çalışan qüvvələrə məhəl qoymayan Ulu öndər öz diplomatik tədbirləri ilə erməni işğalçılarını da Naxçıvana təkrar həmlə etməkdən çəkindirdi. Bütün bu müdrik addımlar olmasaydı, 1918-1919-cu illərdəki erməni işğalı təkrarlana, həmin illərdə olduğu kimi Azərbaycan dövləti Naxçıvan bölgəsinin qorunmasında aciz qala bilərdi. Buna görə də, əminliklə deyilə bilər ki, Azərbaycanı xarici işğaldan və daxili bölücülükdən, labüd fəlakət və dağılmadan qurtarmaq görəvinə Heydər Əliyev Naxçıvanda ikən başlamış, Vətənin ayrılmaz bir parçası olan bu diyarın qurtuluşunu təmin etdi. O vaxtlar mərkəzdən edilən təzyiqlərə baxmayaraq Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət xadimləri, ölkənin əksər ziyalı təbəqəsi, vətənpərvər jurnalistlər və çəsarət göstərən bəzi kütləvi informasiya vasitələri Heydər Əliyevin milli dövlətçilik və onun qorunub saxlanması sahəsindəki fəaliyyətlərini bütün Azərbaycan xalqının diqqətinə yetirirdilər. Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışını əngəlləmək üçün hakimiyyətin əsassız hüquqi və fiziki təzyiqlərinə baxmayaraq xalqımız yeganə nicat yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə görürdü.
Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənirdi. Lakin bu dəfə ölkəmiz həm də, xarici qüvvələrin himayə göstərdiyi Ermənistan tərəfindən başlanan hərbi təcavüz, xaricdən dəstəklənən daxili bölücülük, səriştəsiz rəhbərlikdən, əslində rəhbərsizlikdən qaynaqlanan kütləvi xaos və hərcmərclikdən dərin və təhlükəli siyasi-iqtisadi və mənəvi böhran keçirirdi.15 iyun 1993-cü ildə Heydər Əliyevin Milli Məclisin Sədri seçilməsi və on gün sonra isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlaması xalqımızın milli müstəqilliyində, eləcə də Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və inkişaf etdirilməsində dönüş nöqtəsi oldu. 1990-cı illərin əvvəllərindən ölkədə başlayan hakimiyyət böhranı bu və ya digər şəkildə 1993-cü ilin 15 iyun tarixinədək davam edirdi və xüsusi vurğulanmalıdır ki, məlum xarici təsirlərlə yanaşı, xalqa zidd daxili qüvvələrin təxribatçı fəaliyyətləri, millətin və dövlətin taleyinə hakimiyyətdəki müəyyən qüvvələrin biganəliyi ölkəmizi uçurumun bir addımlığına gətirib çıxarmışdı. Daxili çəkişmə və ziddiyyətlər, şəxsi və qrup mənafelərinin toqquşması xalqı və dövləti çətinə salmış, çıxılmaz bir xaosa sürükləmişdi. Vətəndaş qarşıdurmasının qarşısı dərhal alınmasaydı,bu vəziyyət ölkəmizin bir neçə yerə parçalanmasına, nəticədə dövlət müstəqilliyinin itirilməsinə gətirib çıxaracaqdı. Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi sözün əsl mənasında, böyük Qurtuluş missiyasının başlanması idi.
Olduqca ağır və mürəkkəb siyasi şəraitdə hakimiyyət məsuliyyətini çiyinlərinə götürən Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasəti dövlətçiliyimizi həm qaçılmaz yoxolmadan xilas etdi, həm də onun sonrakı inkişafına geniş və etibarlı yol açdı. Bir çox ölkələrlə bərabərhüquqlu münasibətlər quruldu, etibarlı tərəfdaşlıq, xarici əlaqələrdə milli maraqların əsas götürülməsi ölkəmizin beynəlxalq nüfuzunu artırdı, bəzi dövlətlərlə əvvəlki hakimiyyətin yanlış siyasəti üzündən yaranmış etimadsızlıq münasibətləri aradan qaldırıldı. Məhz Heydər Əliyevin xarici siyasət kursunun məqsədyönlülüyünə, dəyişməzliyinə, müstəqilliyinə, qərarlığına və perspektivliyinə inam 1994-cü ilin sentyabrında, hakimiyyət böhranından cəmi bir il sonra “Əsrin müqaviləsi” adını almış neft müqavilələrinin bağlanmasına yol açdı. Xarici siyasətin dördqütblü yönü: Qərb-Şərq-Şimal-Cənub arasında seçim etmədən, bütün tərəflərlə Azərbaycan dövlətinin mənafeyi naminə əməkdaşlıq öz bəhrəsini verdi.
Diqqətəlayiqdir ki, ölkəmizdə 1993-cü ilin 15 iyunundan bu günə kimi daxili və xarici siyasətdə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dəyişmədən uğurla davam etməkdədir. Ulu öndərin dövlətçilik ənənələrini Prezident İlham Əliyev yüksək ustalıq və yaradıcılıqla davam etdirərək bu siyasəti dünyada formalaşmış daha mürəkkəb beynəlxalq münasibətlər sistemində yeni məzmunla, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları ilə zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirmişdir. Bu gün Azərbaycan Prezidentinin dünya ölkələrini və xalqlarını dəvət etdiyi sülh və əməkdaşlıq, çoxmədəniyyətlilik şəraitində ahəngdar birgə yaşayış, cəmiyyətdə dini xoşrəftarlıq və həmrəylik siyasəti məhz ötən əsrin 90-cı illərində Heydər Əliyevin ideyalarının əməli şəkildə həyata keçirilməsinin bəhrəsidir. Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Məqsədyönlü və ölçülüb-biçilmiş daxili siyasət nəticəsində bütün Azərbaycan xalqının ölkə prezidentinə inamı, ölkəmizdə bərqərar olmuş xalq-dövlət birliyi, yaradıcı vətəndaş həmrəyliyi, xaricdə yaşayan soydaşlarımızla bərabər Ulu öndər tərəfindən əsası qoyulmuş birgə Vətən təəssübkeşliyimiz bu gün bizim ən böyük uğurumuzdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz dövlətçiliyimizin təməlini təşkil edir. Dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”. Müstəqilliyimizin üçüncü onilliyində qazandığımız ən dəyərli nailiyyətlər sırasında, əlbəttə, Azərbaycançılıq məfkurəsi Ulu öndərin Qurtuluş missiyasının təməl daşı, gücümüzün və gələcək qələbələrimizin ilham qaynağıdır.