08.06.2020, 15:03 - Baxış sayı: 1100

Cəlil Məmmədquluzadənin ideya irsində insani-nəfs, etidal məsələlərinə fəlsəfi-nəzəri baxış


Əli İbrahimov
AMEA, Fəlsəfə İnstitutu, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin (1869-1932) zəngin ideya irsində özünə yer alan çoxşaxəli əsərlərində o zamankı Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasibətlər, çar hakimləri və din xadimlərinin özbaşınalığı, şüurlardakı və məişətdəki gerilik, mövhumat və xurafat, qadınların acınacaqlı taleyi böyük vətəndaş kədəri ilə qələmə alınmışdır. Onun “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Nigarançılıq”, “Poçt qutusu”, “Usta Zeynal” (1906), “İranda hürriyyət” (1906), “Qurbanəli bəy” (1907) kimi hekayələri, “Ölülər” (1909) məşhur komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. C.Məmmədquluzadə çarizm, burjuaziya və mülkədarlar, dini fanatizm, cəhalət və nadanlıq, Qərb imperializmi və Şərq istibdadı əleyhinə çevrilmiş yüzlərcə publisistik məqalə, felyetonların müəllifidir. Onun ontoloji-fəlsəfi görüşlərində materialist və ateist alim olduğu bizə bəllidir. Əsərlərində İran və Türkiyə inqilablarından, qadın azadlığı, maarif, ədəbiyyat, incəsənət, ana dili və s. ictimai-mədəni problemlərdən bəhs edilir, qabaqcıl fikirlər irəli sürülür. O, Marks və Darvin, Epikür və Sokrat, Şekspir və Şiller, Kant və Spinoza, Holbax və Leybnits, Zərdüşt və Mani, müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cərəyanlar haqqında yazmış, mürtəce ideyaları ifşa və rədd etmişdir. Dövrün acı həqiqətləri Mirzə Cəlilin “aclıq”, “ölülər”, “matəm”, “faciə” kimi mövzuları dönə-dönə işləməsinə səbəb olmuş, bu isə onun ancaq ilk baxışda şən, ürəkaçan görünən gülüşünün çox aydın hiss olunan bir qüssə, kədərə müncər olunmasından xəbər verirdi. 1909-cu ildə “Molla Nəsrəddin” jurnalının lap guruldayan vaxtında yazılmış “Ölülər” pyesi bu baxımdan ən səciyyəvi əsərdir. Burada qadın hüquqsuzluğu, vətəndaş kədəri bir tərəfdən ədibi üzüntülərə məruz qoyan cəhətlərdəndirsə, o biri tərəfdən ədibə araşdırmalardan məlum olan “insani-nəfs kamilliyinin, haqqa müxalif adamların naqisliyinin nədə olması kimi məsələlər barədə böyük Azərbaycan filosofları Nəsrəddin Tusi, Abbasqulu Ağa Bakıxanov, M.F.Axundovun nəzəri-elmi müddəalarından faydalanmaq və dünyagörüşünü zənginləşdirmək üçün bir vasitə olmuşdur. Abbasqulu Ağa Bakıxanov “Mişkatül-ənvar” (Nurlar mənbəyi) əsərində insandakı “alçaq nəfsin fəsadlarına dair əsaslandırdığı bir hekayədə itini bağlı qapı arxasında, dam üstündə daim ipdən asılı vəziyyətdə saxlayan bir ev sahibinin vara, dövlətə, gözəl imarətli evinə hərisliyindən bəhs edilir. Həftə ərzində ac, susuz qalıb gecə-gündüz fəğan qoparan itə edilən zülmü xoşlamayan Allahın möcüzəsi ilə qəzadan bir alov nəticəsində evin qapısının alışıb yanmasından it xilas olur, insan nəfsinin fəsadları ifşa olunur:
O nəfsə çox heyif olsun ki, alçaqdır itdən də,
Əhvalı çox pərişandır, düşüb çıxılmaz bəndə [8, s.42]. Alçaq nəfsdən şikayət” mənzuməsində böyük mütəfəkkirin həddi aşan, alçaq nəfsə dair etirazlarından oxucu mütəəssir olur:
Dad əlindən bu şum nəfsin məni dərdə o çəkir,
Odur məni daim edən qəm əlində dəstgir.

Canan kuyi yollarından uzaq salır o məni,
Onun zalım əllərilə alışır can xərməni [8, s.42].

Dahi Nizamidən başlamış Nəsimiyə qədər, Nəsimidən Abbasqulu Ağa Bakıxanova, M.F.Axundovdan Cəlil Məmmədquluzadəyədək yaşayıb fəaliyyət göstərmiş elm, sənət adamları insani-nəfs kamilliyinin sadə olması, bunlarda kamillik və naqislik məsələlərinin elmi şərhini vermiş, ifrat və təfritin səbəbləri haqqında əsərlərində ideal fikirlər söyləmişlər. Nizami Gəncəvi az danışmağın gözəlliyi haqqında, normal nəfsi alçaq nəfsdən qorumaq yollarını düşünərkən hər şeydən əvvəl insana, insanlığa xidmət etməyi əldə müqəddəs tutmuşdur.
Nəsrəddin Tusi “Əxlaqi Nasir” əsərində insanın şərəf və ləyaqətinin ən yüksək dərəcəyə, kulminasiya nöqtəsinə çatmasından bəhs edərkən onu da əlavə edirdi ki, “ağılları bu dərəcəyə çata bilməyi təsəvvür edə bilməyən adamlar, insan bədəni çürüyüb məhv olduqdan, tərkib hissələrinə parçalanıb dağıldıqdan sonra hər şeyin bitdiyini güman etmişlər, onun yaradıldığı yerə qayıdacağı belə adamlara qaranlıq qalmışdır. Ona görə hamısı kef çəkməyə, şəhvani ehtiraslarını söndürməyə aludə olmuş, nitq nəfsini dünya eyş-işrətini nizama salan bir vasitə kimi başa düşmüşlər, onlar belə demişlər: nəfs qüvvələrindən olan fikir və nitqin faydası və məqsədi ondan ibarətdir ki, dil-yemək, içmək, kef çəkmək haqqında söz açsın; fikir isə onu ələ gətirmək haqqında yollar düşünüb tapsın” [7, s. 58].
Nəsrəddin Tusi “insani-nəfsin” mətum, məşrub, məlbus və mənkuh növlərindən bəhs etməklə insan həyatında bunların oynadığı rolu ehtiyacdan doğan təminat kimi dəyərləndirir. Aydındır ki, “mətum” ərəbcə “məta” sözündən olub “mal”, əmtəə sözləri ilə yaxın mənalarda işlənir. İnsan dadlı xörəkələrin ləzzətini aclıq bəlasına mübtəla olanda başa düşür, soyuq suyun şərbət təsirini susuzluq əzabını hiss etdikdə qanır, isti və yaxud soyuğun acısını dadan kimi paltarın qədrini bilir. Çıxarılan nəticə bundan ibarətdir ki, insan aclıq bəlasını duymadan təamdan ləzzət almaq, atəş əzabını görmədən içkidən zövq almaq səadətinə nəsib ola bilmir. Bu gətirilən misalın əgər bir tərəfinin şərhi ilə bağlıdırsa, bu işin başqa bir tərəfinin şərhi də var. İnsani-nəfsin təfrit, yəni israf etmə, boş yerə sərf etmə prosesi adi halda, etidalı gözləmə, bir bərabərdə, bir ölçüdə olma anlamını verir.
Azərbaycanda Molla Nəsrəddinçilərin fəaliyyətində əsaslı bir məqam kimi qeyd edilən felyetonların gülüş doğuran məziyyətlərini daim qabardan Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Rus qızı”, “Saqqallı uşaq”, “Molla Fərzəli”, “Zırrama”, “Qəssab”, “Kişmiş oyunu”, “Konsulun arvadı”, “İranda hürriyyət” kimi hekayələrində oxucunu güldürmək, mütəəssir etməklə kifayətlənmir. Onun satirasında, acı gülüş və istehzalarında dərin, ictimai, fəlsəfi məna vardır. Mirzə Cəlilin toxunmaq istədiyi və toxunduğu həyati məsələlərin içində qadın hüquqsuzluğu, köləlik, avamlıq və nadanlıq burulğanında boğulan cəmiyyətin bir qrup insanlarının həm də elmsizlikdən, savadsızlıqdan bir qrup dələduzların (maşenniklərin) toruna düşdüklərinin acı nəticələri, fəsadları ifşa edilir. Zülmətə tay tutulan bu mühitin ontologiyasında oxucu, məfkurənin bəsitliyi, demək olar ki, yoxluğu məsələsi ilə qarşılaşır. Mirzə Cəlilin qəflətdən oyatmağa cəhd göstərdiyi surətlərin çoxu onun nəzərincə “danabaş” düşüncəli, nicat yollarının nədə olmasını dərk edə bilməyənlərdir və bunlar hacıların, kərbəlayi, məşədilərin, qazıların, kəndxudaların əllərində oyuncağa çevrilmiş və hüquqsuzluqlarının qurbanlarıdır. Onun M.F.Axundov və H.B.Qoqol ənənələri əsasında yetişib kamala çatmış “Ölülər” əsəri realist bir sənətkar dühasının məhsuludur. XIX əsrin sonu, XX əsrin əvvəlindəki Azərbaycan həyatı üçün tipik və səciyyəvi sayılan ibrətamiz hadisələr, canlı bədii surətlərin yüksək humanist fikri və hisslərinin Mirzə Cəlilin “Ölülər” kimi qeyri-adi, ciddi düşündürücü pyesində ifadəsini tapması tədqiqatçıların nəzər diqqətini cəlb etmişdir. Tədqiqatçı Əziz Mirəhmədov bu xüsusda yazır: “Bəli, doğrudan da “Ölülər” onun hərarətli oğul məhəbbəti ilə sevdiyi Hacı Həsənləri, Kərbəlayi Fatmaların dərdləri, qayğıları, sıxıntı və məhrumuyyətləri, həmçinin Azərbaycan torpağının gözəl, ağıllı, qabaqcıl, qeyrətli övladlarının – İsgəndərlərin, Nazlıların arzu və diləkləri, işıqlı mənəviyyatları haqqında faciədir, öz ideya-estetik təravətini bu gün də saxlayan bir faciə!” [9, “Dahi yazıçının ədəbi irsi” ön sözü, səh.XXVII] Tədqiqatçının “bu gün də təravətini saxlayan bir faciə” ifadəsi XX əsrin 60-cı illəri üçün nisbətən səciyyəvi olsa da bunu müstəqillik qazanan Azərbaycanımızın indiki çağı üçün xarakter hesab etmək olmaz. Bu gün Şeyx Nəsrullahlara, Hacı Həsənlərə, Mirbağır, Heydər ağalara uymaq, fəlsəfəsinə nə lüzum var, nə də inam.
Şeyx Nəsrullah “ölülər” aləminə daxil olduqda ilk dəqiqələrdən real həyata, maddi aləmə, dünya nemətlərinə qarşı çıxır. Ətrafına toplaşmış möminləri müvəqqəti, fani dünyaya bağlanıb, axirəti unutmaqda, naz-nemətə uymaqda təqsirləndirir. Şeyx ona yemək-içmək təklif edən Hacı Həsən ağanın sözünü ağzında kəsərək qışqıra-qışqıra deyir: “Necə təam, necə cücə-plov? Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?” [4, s.50]
Şeyxin kərbəlayıları, hacıları tərksilah etmək, əlinin altında saxlamaq üçün tətbiq etdiyi geniş proqramın ilk bəndini təşkil edən bu sözlərin arxasında çox ciddi mətləblər durur. O, burada bir tərəfdən fanatikləri əsil müsəlman, əsil mömin olmamaqda ittiham edir, digər tərəfdən özünü onlara pak, müqəddəs, dünya malından çoxdan üz döndərmiş, gözü tox bir adam kimi təqdim edir. Bununla Şeyx hacıları, kərbəlayıları əvvəlcədən yanında gözü kölgəli edir, qorxuya salır, özü ilə onların arasında böyük, əlçatmaz bir sədd çəkir.
Şeyxin ittihamları möminlərə qarşı durmadan artır. Məntiqi olaraq o, möminlərə yuxarıdan təkəbbürlə baxmaqla onlarla istədiyi rəftara malik olmaq hüququ qazanır. Onu böyük hörmətlə qarşılayan adamları tanımaya-tanımaya təhqir etməkdən “vələdüzzina” (qeyri-qanuni, zinadan doğulmuş övlad) adlandırmaqdan əsas hədəf də “ölü diriltmək” məharətini səsə salmaq, möminlərdə qorxu hissi yaratmaqdır. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli “Ölüləri” “Azərbaycan dramaturgiyasının, tragikomediyasının tayı-bərabəri olmayan şah əsəri kimi nəinki Azərbaycan xalqının, həm də bütün türk-müsəlman dünyası da daxil olmaqla biliksizliyə, cəhalətə, avamlığa, fanatizmə və mövhumata qarşı müharibədə sanki atom bombası gücünə bərabər tutulan nəhəng əsər” adlandırır [5, s.20].
İnsan dünyasının altı cür ləzzətdən ibarət olması fikri Cəlil Məmmədquluzadənin də fəlsəfi baxışlarının tərkib hissəsi kimi diqqəti cəlb edir. İlahiyyatın şəriət məsələlərindən baş çıxara bilməyən möminlərin savadsız, avam və nadanlığından istifadə edən Şeyx Nəsrullah “insani” nəfsin birini-yəni mənkuhatı əsas saymaqla beşini 2-ci dərəcəli hesab edir və bununla da sağlam insanların zəhmət, əmək fəaliyyətlərinə zərbə vurmaq, yalnız axirət dünyasının təamları üçün yaşamaq lazım olduğunu onlara təlqin etməyə çalışır: “Bu nədir, vələdüzzina? Nə uymusunnuz bu dünyaya? İnnə dünyaküm indi lahövlə min vərəqətin fixümmi cəradətin? Bu nədir? Nə istəyirsiniz? Nə axtarırsınız? Öləcəksiniz, əgərçi şah olasız. Dünyayi-şüma dər nəzdi-mən hər ayinə biqədrtər əst əz bərgi ki, dər dəhəni-mələx başəd. Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mətum, məşrub, məlbus, mənkuh, mərkub və məşmum vəssalam! Lakin təamların ən ləzzətlisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərlə heyvanat cəmdəyi üzür. Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu minən həmişə xətadadır. Libasların nəfisləri ipəkdir ki, qurdun üfunətli ağzından çıxır. O ki, qaldı mənkuhatın müəzzəm (ə. əhəmiyyətli) faydaları burada mətləb bir az tuldur” (uzundur) [4, s.50-51].
Şeyx Nəsrullah səsini bir az da yüksəldərək ətrafdakıları vahiməyə salır: “Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmibaşəd. Dil niz dər vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-hübbi dünya, rəğbət bəzikri-pərvərdigar nəmidarəd. Təam hərçənd ləziz başəd və lakin dər nəzəri-bimar ləzzət namidəhəd. Dil niz çün bəmərəz zatül-səfər vəsvəseyi-dünya mübtəla başəd, əz neməti bəndəgiyi-xuda və təhsili-faideyi-üqba mütələzziz-nəmikərdəd. Bəqədri-matəhzünü lid-dünya yüxrücühümül-axirətü min qəlbikə və biqədri matəhzünü axirətin yüxrücü hümmüd dünya min qəlbikə” [4, s.50].
Tərcüməsi: Tərcüməsi: Xəstəlik zamanı insanın xörək yeməyə meyli olmaz. Ürək dünyanın həvavü-həvəs mərəzinə mübtəla olan vaxt Allahı yada salmağa rəğbət etməz; yemək nə qədər ləzzətli olur-olsun xəstənin nəzərində ləzzətli görünməz və axirət faydasını ələ keçirmək də ona ləzzət verməz. (Səndə) axirət eşqi olsa, dünya üçün gözəl hesab etdiyin şeylərin hamısını axirət sənin ürəyindən çıxardar və axirətdə görmək istədiyin şeylər dünyanı sənin ürəyindən çıxardar.
Şeyx Nəsrullah göründüyü kimi dələduzluq məharətindən yerindəcə istifadə edib yalnız mənkuhatın (nigah, evlənmə) əhəmiyyət kəsb edən faydalarından danışır. Onun fikrincə insanların yeyib-içməyi, geyimlərini səliqə-səhmana salmağı, içilən maye şeylərə: şərab, çay, şirə, kofe, qəhvəyə ehtiyacları, miniklərdən, müşki-ənbərdən (ətirlər) istifadələri ifrat dərəcədə məhdudlaşdırılmalıdır, əks təqdirdə axirət dünyasının əzablarından qurtulmağın işıq yolu yoxdur. Şeyx “mənkuhat” məsələsində cəmiyyətin qəbul etmədiyi uydurma sərt qanunları işə salır. Qadınların siğə vasitəsilə kişilərdən asılılığını reallaşdırmaqla haqsızlıq, köləlik, zülmkarlıq, ədalətsizliyin geniş vüsət almasına imkan yaradır. Lakin müasir insanların elə zümrələrinə rast gəlinir ki, onlar həzz, ləzzət yaradan mətum (ə. mal, əmtəə, sərmayə), məşrub (içiləcək hər şey; şərab, çay, şirə və s.), məlbus (ə. libas, paltar), mənkuh (ə. nigah, evlənmə), mərkub (ə.minik, heyvanat, gəmi) və məşmum (f. müşk-ətir, ənbər-göz ətir) kimi insani nəfslərin həddi aşan ifrat pilləsindən faydalanmağı çox-çox üstün tutur və başqalarını da bu yola təhrik etməyə çalışırlar. Belə hallarda Nəsrəddin Tusi Rum həkimi, təbiətşünas Qalen Klavdini, özünü Calinus (təx.130-200) kimi təqdim etdiyi alimin fikirləri ilə bizi tanış edir: “bu xəbislər ən alçaq təbiətə malikdirlər, elə ki, bir adamın bu yola meyl edəcəyini hiss etdilər, dərhal onu aldadıb öz tərəflərinə çəkmək, həmməslək etməyə çalışırlar, bununla göstərmək istərlər ki, onlar tək deyildirlər, xüsusilə bir neçə fazil və alim adam girlərinə keçəndə özlərinin haqlı olduqlarını nümayiş etdirmək üçün onlardan istifadə edərlər, hiylələrinin baş tutduğunu gördükdə başqalarını, ilk növbədə yeniyetmələri yoldan çıxartmağa başlayar, onlara təlqin edərlər ki, ruhani bir şey varsa da fəzilətlərin həqiqəti yoxdur, varsa da ələ gələn şey deyil, insanlar öz təbiətləri etibarilə ehtiraslı, şəhvətpərəstdir və s. bu sözlər nəfsi yerindən oynatdığından bu camaatın tərəfdarlarının sayı çoxalır” [7. s.59].
İşgüzarlığı ilə seçilən insanlar əməyə, zəhmətə daha çox meylli olur. Onların “mənkuhatla” (evlənmə, nigah) bağlı baxışlarını tənbəllərin, acizlərin, dələduzların baxışları ilə eyniləşdirmək olmaz. Yusif Vəzir Çəmənzəminli “Qızlar bulağı” romanında “eşq” məfhumu ilə bağlı fikirlərini ifadə edərkən şərhlərində huşyar olmağı, ağıl və zəka sahiblərini, ümumiyyətlə mərifətliləri, həyatı düzgün qavrayanları çılğınlıqdan qaçmağı məsləhət bilir. Eşq aldadıcı da, həqiqi də ola bilər. Lakin ona bağlılığın meyarını pozmaq, əndazəni aşmaq uçurum yaradır. Yusif Vəzirə görə “eşq” deyilən boş “ləfz”dən (sözdən) irəli gəlməyib. Əslində eşq yoxdur, eşq şairlərin boş xəyallarının məhsuludur. “Eşq” bir xəyaldır. Xəyalla ömür keçirmək isə işsizlərin işidir. Öyrəniş və anlaşma var. Bir adam bir adama öyrəşir, alışır, onu görmədikdə könlü sıxılır [14, s.72].
Çəmənzəminli əxlaqı şəxsiyyətin tələb və ehtiyacları ilə uyğunlaşdırırdı. Əsl insan odur ki, özünə xoşbəxt həyat yarada bilsin, habelə başqaları üçün şərait yaratsın. İnsan özünün hərəkətləri üçün məsuliyyət daşımalı, özünü yaxşı, ağılla idarə etməlidir, həmçinin ehtiraslarını cilovlamalı, nəfsini saxlaya bilməli, intizamlı olmalıdır.
Aza qane olmaq, özünün yeri gəlmişkən tox olduğunu inandırmaq halları cəmiyyətdə çox zaman məqbul sayılan adətlərdəndir. “Mötədil” hesab edilən bu cür insanlar həm də cavanmərd, gözəl xasiyyətli, əliaçıq, alicənab kişilər hesab olunur. “Qabusnamə”nin “Cavanmərdlik” qaydaları haqqında qırx dördüncü fəslində “Hicri-qəmər”in 3-cü əsr sufi şeyxlərindən biri Şibli Əbubəkr Cəfər ibn Yusifin (247-334) mötədilliyə dair bir hekayətindən bəhs edilir:
“İki məktəblinin məsciddə nahar vaxtı çörək yediklərinə diqqət yetirərkən Şibli bir şeyə çox heyrət edir. Dövlətlinin oğlu halva çörək yeyir, yoxsul uşaq isə zənbilindəki yavan çörəyi yemək üçün dövlətlinin oğlundan halva istəyirmiş. Dövlətli oğlu deyir: “Sənə bir parça halva versəm, mənim itim olarsanmı?” Yoxsulun oğlu razılaşır, hər dəfə it kimi hürməklə dövlətli oğlundan bir parça halva alır. Şibli bu mənzərədən mütəəssir olub ağlayır. Şagirdləri şeyxin nə üçün ağladığını soruşanda o deyir: “Görünüz tamah və qane olmamaq insanı nə kökə salır. Nə olardı o uşaq öz quru çörəyinə qane olaydı və o oğlanın halvasına tamah salmaya idi? Onda o, özü kimi birisinin iti olmazdı” [12, s.216].
Aza qane olmaq fəlsəfəsi ilə yaşamağın təcrübəsi xalqımızın nəinki bu günü, hətta keçmişi üçün səciyyəvi hal kimi dəyərləndirilir. Şeyx Nəsrullahın əməlində isə dələduzluğun, lotuluğun elementləri kifayət qədərdir. O, həm aldadır, həm kələk gəlir, həm də qeyri-adi hərəkətlər edir. Mənkutahdan başqa bütün təamlardan imtinanı axirət dünyası naminə məqbul sayan bu dələduz şeyx yeri gəlmişkən xəlvətdə üzülməmək üçün bu təamlardan gətirməyi Şeyx Əhməddən xahiş edir. Qəbiristanlıq səhnəsində Şeyx Nəsrullah sxolastik dini ehkamların ehtiraslı mübəlliği (təbliğatçısı) kimi meydana çıxır. Onun dini elmlər haqqındakı fikirləri sırf idealist mahiyyət daşısa da güclü məntiqə, bəlağətə və təsir gücünə malikdir. Elm haqqında şairanə söylədiyi şeirdə bu məntiq bütün təfsilatı ilə nəzərə çarpır:
Elm bavəd zindəgiyi-canü dil,
Elm dəhəd tazəgiyi-abü gil.
Elm nəsimi-çəməni-can bəvəd,
Rayiheyi-rövzeyi-rizvan bəvəd.
Hər ki, bəsərçeşmeyi-daniş rəsid,
Abi-həyati-əbədira çəşid.

(Tərcüməsi: Qüdrət xəzinəsində elmdən daha əziz və daha qiymətli bir cəvahir yoxdur. Qəlbin və ruhun yaşayışı elmlə bağlıdır. Elm suya və palçığa təzəlik verir. Elm can çeşməsinin nəsimidir. Elm behişt bağının ətridir. Elm sərçeşməsinə çatan adam həmişəlik abi-həyat daddı).
“Dünyamızın altı cür ləzzətdən ibarət olmasının ontologiyası ilə dərindən tanışlıq və araşdırmalardan nəhayət elmi nəticənin ən bariz nümunələrini yenə də böyük alim və mütəfəkkir Nəsrəddin Tusinin insani nəfslə bağlı kamillik və naqislik haqqında verilən komentariyalarından, nəzəri müddəalarından söyləmək olar. Şeyx Nəsrullahın işlətdiyi həzz və ləzzət yaradan “məntu” termini yeməyə aid olduğu üçün “onu bədəndəki müvazinəti saxlamağa lazım olana qədər endirməli, həyatı davam etdirmək üçün lazım olandan yuxarı qaldırmamalıdır. Xörəyi səhhət üçün yeyərlər, keyf üçün yeməzlər; xalq arasında hörmət qazanmaq, öz fəaliyyətini mühafizə etmək, gözüac, qarınqulu adı almamaq xatirinə lazım olduğundan da az yemək olar, ancaq bu aparıb zəiflik, xəstəliyə çıxarmamalıdır” [7, s.60].
“Məlbus” ərəbcə paltar, libas mənasında olub isti və soyuqdan qorunmaq, eyib yerləri örtmək üçün lazımdır, başqalarının tənəsinə məruz qalmamaq xatirinə daha yaxşı geyinmək olar, lakin bu aparıb paltarbazlığa çıxarmamalıdır, başqalarının yanında qürrələnməyə səbəb olmamalıdır. Şeyxin “mənkuh” adlandırdığı termin evlənməyə, ailə həyatı qurmağa aid olduğu üçün burada cinsi əlaqə növündən də bəhs etmək lazımdır. Bu cinsi əlaqə növündən sui istifadə etmək olmaz, məhrəm sayılmayanlara sataşmaq yaramaz [7, s.60].
Şeyxin “məşrub” dediyi termin ərəbcə “içiləcək şey” mənasını verdiyi üçün buraya şərabla birlikdə adi su, çay, kofe, qəhvə, şirələr və s. daxildir. Bunları da elə qəbul etmək lazımdır ki, həddi aşmaq olmasın. Çox şərab içməkdən insan ziyan gördüyü kimi çox danışmaqdan da xəstəlik tapa bilər. Necə ki, dahi Nizami məqamında buna aydınlıq gətirmişdir:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.

Şeyx Nəsrullahın “mərkub” dediyi beşinci termin də ərəbcədən “mərkəbin cəmi” olaraq “minik heyvanları”, “gəmi, avtomobil” mənalarında işlənir. Şeyx mərkubatın əşrəfi olaraq atı göstərir və onu minən şəxsin həyatının həmişə xətada olmasını izah edir. Lakin ağıl işlədən şəxs atı da, avtomobili də minsə belə səhv etməz, “yaxşı at”, “yaxşı maşın” eşqi ilə yaşayanların həyatı qürrələnməklə bağlı olsa burada təhlükənin, xətanın baş verməsi üçün şərait yarana bilər. Şeyxin işlətdiyi altıncı termin ərəbcə müşk-ənbər, ətir mənasını verən “məşmum” adlanır. Ətirin tərkibində spirt olduğu üçün ondan məişətdə istifadə etmək xüsusi əhəmiyyət kəsb edir. Lakin bundan istifadə edilmənin həddi yüksək olmamalıdır. El arasında belə bir məsəl var: “altı təzək, üstü bəzək”. Bəzən günlərlə, aylarla təmizlənmək, saflaşmaq naminə sudan istifadə etməyənlər ətirlənməyi üstün tuturlar ki, bu da bəzi fəsadlara gətirib çıxarır.
Beləliklə, insani-nəfs və etidal məsələləri ilə bağlı Cəlil Məmmədquluzadənin ideya irsində qaranlıq qalan məqamlar açıqlandıqca bir daha əmin oluruq ki, böyük mütəfəkkir, böyük şəxsiyyət adına layiq ədib, ən müqəddəs insan və dinin ələmdarı sayılan müctəhidi-şeyx Nəsrullahı öz dərin dünyəvi elmi ilə susdurmaqla, böyük həqiqətlərin düyünlərinin açılmasında mütərəqqi və azad fikirli insanların, alimlərin rəğbətini qazanmış, zəmanəsində olduğu kimi indi də sevilməkdədir.

Ədəbiyyat

1. Məmmədquluzadə Cəlil. Əsərləri 4 cilddə (tərtib edəni İ.Həbibbəyli). Bakı, “Öndər” 2004 (Klassik Azərbaycan ədəbiyyatı) Nəsr, dram əsərləri, satirik şeirlər.
2. Məmmədquluzadə Cəlil. Əsərləri (Tərtib edəni H.Səmədzadə) Bakı Azərnəşr: Komediyalar, 1936-367 səh.
3. Əlimirzəyev Xalid. Dahi sənətkar, böyük vətəndaş. Bakı. 2010, 684 s.
4. Məmmədquluzadə Cəlil. Əsərləri 3 cilddə. Tərtib edəni Mirəhmədov Ə.B. Azərb.SSR EA nəşri 1-ci cild pyeslər, Nəşr əsərləri 1966, 682 səh.
5. Иса Габиббейли. Джалил Мамедкулизаде Издателсьство «Дельта» Севастополь 2010, 33 стр
6. İsa Həbibbəyli Cəlil Məmmədquluzadə (Tanıtma kitabı) Naxçıvan, “Əcəmi” 2009 170 səh. Azər. ingilis və rus dilində
7. Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasirin “Elm” nəşriyyatı 1980
8. Abbasqulu ağa Bakıxanov Qüdsi. Seçilmiş əsərləri. Azərbaycan Dövlət nəşriyyatı, Bakı – 1964
9. Cəlil Məmmədquluzadə əsərləri I cild. Tərtib edənləri, Əziz Mirəhmədov, Turan Həsənzadə Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1983
10. Fəlsəfə Ensiklopedik lüğəti. Azərbaycan ensiklopediyası nəşriyyat-poliqrafiya birliyi. Bakı-1997, 517 səh.
11. Azərbaycan ədəbiyyatı tarixi. II cild Azərbaycan SSR EA nəşriyyatı. Bakı-1960, 902 səhifə
12. Qabusnamə Azərbaycan SSR EA nəşriyyatı, 1989 236 səh.
13. Ərəb və fars sözləri lüğəti. Bakı. Yazıçı-1985, 1035 səhifə
14. Əli İbrahimov. Y.V.Çəmənzəminlinin fəlsəfi və sosial siyasi görüşləri. “Elm və Təhsil” nəşriyyatı. Bakı 2009, 250 səh.