17.05.2020, 10:35 - Baxış sayı: 693

Pandemiya dönəmində vətəndaş məsuliyyəti


Füzuli QURBANOV
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

Son bir neçə aydan bəri COVİD-19-un yaratdığı pandemik vəziyyət bütün dünyanı silkələyir. Ən güclü dövlətlər belə bu bəla ilə mübarizədə çətinlik çəkirlər. Hətta artıq virusla savaşda ölkənin böyük və ya kiçik olması meyarlarında bir qeyri-müəyyənlik yaranıb.
ABŞ, İtaliya, İspaniya, Fransa, Böyük Britaniya və digər ənənəvi olaraq güclü və böyük hesab edilən ölkələr daha çox itki verir. Onlara daha az inkişaf etmiş ölkələrdən yardımlar gedir. Bu pandemiya prosesi dünyada çox şeyi dəyişir. O cümlədən, ayrı-ayrı ölkələrin onunla mübarizəsi fonunda maraqlı məqamlar özünü göstərir. Fəlsəfi olaraq dövlət-vətəndaş münasibətləri aspektində də üzərində düşünüləsi faktorları görmək mümkündür. Azərbaycan nümunəsində məsələnin həmin tərəfinə nəzər salaq.
Azərbaycan hakimiyyəti yeni pandemiyaya qarşı prinsipial və insan sağlamlığını əsas tutaraq yanaşdı. Dövlət başçısı ardıcıl və qətiyyətli tədbirlər həyata keçirdi. Bütün hakimiyyət orqanları pandemiya şəraitində fövqəladə fəaliyyət rejiminə hazırlandı. Azərbaycan iqtidarı yeni pandemiya ilə mübarizədə dövlətlə xalqın birliyinə və dayanışmasına nail ola bildi. Proseslər göstərdi ki, Azərbaycan rəhbərliyi vaxtında və düzgün mövqe seçib. COVİD-19-la mübarizədə qətiyyətli, konkret və ciddi mövqe tutulmasa, minlərlə insanın həyatı təhlükəyə atıla bilər. Bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycan bütün diqqətini yaranmış təhlükə ilə güzəştsiz mübarizəyə yönəltdi. Bu taktika və strategiya öz müsbət bəhrəsini verməkdədir. Artıq Azərbaycan pandemiya ilə mübarizənin ikinci mərhələsinə keçib. Bu mərhələdə bir sıra məhdudiyyətlər aradan qaldırılır və ya yumşaldılır.
Birinci mərhələdən ikinci mərhələyə keçiddə hakimiyyətlə yanaşı, vətəndaşların da üzərinə ciddi vəzifələr düşür. Bütövlükdə cəmiyyətin gələcəyi baxımından bu, mühüm faktordur. Məsələ ondan ibarətdir ki, istənilən ölkənin iqtidarı həyata keçirdiyi tədbirlərdə o zaman daha çox uğur qazanır ki, ona cəmiyyətdən dəstək gəlsin və vətəndaşlar həyata keçirilən tədbirləri anlayışla qarşılasınlar. Bu da fəlsəfi aspektdə vətəndaş məsuliyyəti məsələsinin yeni pandemiya mərhələsində daha da aktuallaşması anlamına gəlir. Bir sıra hallarda bu məqamı hətta intellektual təbəqə də lazımi dərəcədə qiymətləndirə bilmir. Və ya qərəzli dairələr ondan süni istifadə etməyə çalışır. İnsan azadlığı anlayışını özbaşınalıq kimi, qaydalara əməl etməməyi isə sərbəstlik kimi təqdim etməyə baş vururlar, həmişə başqasını ittiham etməklə öz məsuliyyətini gizlətməyə çalışırlar. Bu cür cəhdlərin bütövlükdə cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu başa düşmək çətin deyildir.
Məsələn, polisin nəzakətlə insanlara məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə "başqa yerdə belə qadağalar yoxdur" kimi münasibət göstərmək şəxsi məsuliyyəti dərk etməmək deməkdir. Çünki polis və ya hər hansı başqa rəsmi orqan pandemiyada tələbləri vətəndaşın sağlamlığı üçün edir. Əgər insan yaranmış vəziyyəti bu cür qiymətləndirə bilmirsə, onun vətəndaş kimi sosial həyatda üzərinə düşən məsuliyyəti tam anlaya bilmədiyi nəticəsini çıxarmaq olar. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş məsuliyyəti faktoru daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan tibbi şərtlərə nə qədər çox əməl etsələr, müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində hərəkət etsələr, bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər.
Belə çıxır ki, artıq pandemiya ilə mübarizədə cəmiyyətin özünü bu prosesin harasında görməsi əhəmiyyətlidir. Daha fəlsəfi ifadə etsək, indi vətəndaşın pandemiya haqqındakı təsəvvürlərindən yekun nəticə xeyli dərəcədə asılıdır. Bu mənada pandemiya mərhələsi digər sosial, siyasi, mədəni və psixoloji məqamlarla yanaşı, cəmiyyətin konsolidasiya səviyyəsi və iqtidar-xalq həmrəyliyi üçün də bir sınaqdır.
Azərbaycanda müşahidə edilən proseslər göstərir ki, cəmiyyət hakimiyyətin həyata keçirdiyi tədbirləri dəstəkləyir. Bəzi ölkələrdən fərqli olaraq burada sakitlikdir və vətəndaşlar qoyulan şərtlərə əməl edirlər. Bununla yanaşı, ikinci mərhələdə prosesin əsasən vətəndaşın şəxsi davranışı ilə bağlı olması hər bir insanın daha məsuliyyətli olmasını tələb edir. Konkret desək, hər bir vətəndaşın pandemiya ilə mübarizəni kənardan verilən göstərişlərə əməl etmək məcburiyyəti kimi deyil, özünün şəxsi işi kimi qəbul etməsi zəruridir. Vətəndaş bu prosesin obyekti deyil, aktoru, subyektidir. Hakimiyyətin insan sağlamlığı üçün çalışdığı kimi, insanın da özü üçün çalışması vacib şərtdir. Sosial-mədəni, hüquqi, psixoloji və etik aspektlərdə insanların bunu dərk etməsi həm cəmiyyətin konsolidasiyasını, həm də iqtidar-xalq həmrəyliyini daha da gücləndirər.

"525.az"