14.05.2020, 13:30

Heydər Əliyev - Müasir Azərbaycanın qurucusu


Günel MƏLİKLİ
AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Dahi alman filosofu Fridrix Nitsşe əsərlərinin birində yazırdı ki, “insan üçün həyatda özü öz yükünü daşımaq çətindir, o da qalmışdı başqalarının yükünü çiyninə alasan”. Əlbəttə, belə bir şəraitdə viranə bir məmləkətin ağır və son dərəcə məsuliyyətli vəzifələrini üzərinə götürmək Heydər Əliyev dəyanətinin, iradə və cəsarətinin, hər şeydən əvvəl isə Azərbaycana, xalqına olan sonsuz məhəbbətin və sevginin möcüzəsi ola bilərdi.
Hər bir xalq ancaq yetişdirdiyi müdrik siyasi liderin zəkası, iradəsi sayəsində öz milli sərvətlərinə sahib ola və onu gələcək inkişafına yönəldə bilər. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı uğurla yerinə yetirib. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib.
Ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir. Bu gün fəxrlə deyirik ki, təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran məhz ulu öndər Heydər Əliyev olub. Başqa sözlə, ümummilli lider bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Heydər Əliyevin qeyri-adi intellekti bütün xalqa xidmət edirdi. Prezident Şərqin böyük mütəfəkkiri Cəmaləddin əl-Əfqaninin əqidəsini bölüşərək xalqdan ayrı xoşbəxtliyin mövcud olmadığını deyirdi.
Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.
Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Ona görə də Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərinı təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır.
1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu.
Ulu öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı. Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı.
Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.
Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: "O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan".
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı.
1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Ulu öndərin siyasi fəaliyyətində daha bir mühüm mərhələ Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də onun xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini göstərən mühüm mərhələdir.
Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiyada idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə gördüyü işlərin mahiyyətini və əzəmətini anlamaq üçün sadəcə bir neçə fakta nəzər yetirmək kifayət edir. Belə ki, milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə görülən işlər sırasında Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin birinci sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi.
Müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi problemlərlə üzləşdi və sistematik strategiyanın həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi, ölkədə vətəndaş müharibəsi, separatizm təhlükəsi artdı. Bu durum 1993-cü ilə, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi.
Ölkəmizdə hökm sürən xaotik və anarxist meyilllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı. Yeni Azərbaycan Partiyasının yaradılması ictimai-siyasi gerçəkliklərdən doğan tarixi zərurət idi Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.
Beləliklə, hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Partiyanın uğurlarının davamlılığını şərtləndirən ən mühüm amil partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır.
Heydər Əliyevin Ali Məclisin sədri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və ermənilərin hərbi təcavüzünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edirdi. O. Xarici dövlətlərin rəsmi təmsilçiləri, BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüşlərində erməni təcavüzünün nəticələri barəsində geniş və hərtərəfli məlumat verirdi.
Belə bir şəraitdə Azərbaycan xalqı, onun qabaqcıl dairələri, ziyalılar, elm, mədəniyyət xadimləri yaranmış böhranlı vəziyyətdən çıxış yolunu, ölkənin etibarlı gələcəyini dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında görür və bütün ümidlərini bu görkəmli şəxsiyyətlə bağlayırdı.
Bu məqsədlə, Azərbaycanın vətənpərvər ziyalıları 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində Heydər Əliyevə müraciət edərək respublikadakı vəziyyətin ağırlığını və AXC –Müsavat hakimiyyətinin apardığı naşı, avantürüst siyasətin nəticəsində ölkəmizin məntiqi olaraq ağır təhlükələrlə qarşılaşdığını böyük həyəcanla ifadə etdilər. Onlar ölkəni düşdüyü bəlalardan xilas edə biləcək və özündə xalqımızın bütün tələblərini birləşdirəcək siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirməklə bu siyasi qüruma məhz Heydər Əliyev rəhbərlik etməsini təkid etdilər. Müraciətdə yardılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq liderin məhz Heydər Əliyevin olduğu açıq şəkildə bəyan edildi.
Bu müraciətdə cavab olaraq Heydər Əliyev Azərbaycanın müharibə vəziyyətindən çıxması və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi, sosial-iqtisadi böhranın dərinləşdirilməsinin qarşısının alınmasının, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda mühüm addımların atılması, qanunun aliliyinin qorunması, Azərbaycanın parçalanmasına yönəlmiş seperatizm meyllərinin qarşısının alınmasının zəruri olduğunu bildirdi.
1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin bu siyasi təşkilata sədr seçilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisəyə çevrildi.
Xalqımızın bu mövqeyi tutması hərtərəfli müşahidələrin və zəngin təcrübələrin nəticəsi olmaqla aşağıdakı səbəblərdən irəli gəlirdi.
Birincisi, keçmiş Sovetlər İttifaqı dövlətində 14 il Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev xalqın yaddaşında zəngin idarəetmə təcrübəsinə malik dünya miqyaslı qüdrətli şəxsiyyət kmi həkk olunmuşdur. Onun Azərbaycan rəhbərliyinin birinci dövründə respublikamızda mühüm quruculuq işləri aparılmış, cəmiyyətin sosial-iqtisadi və mənəvi-mədəni sahələrinin dinamik inkişafı təmin edilmişdi.
İkincisi, Azərbaycanın özünün dövlət müstəqilliyini əldə etdikdən sonra Heydəır Əliyevin müdrik siyasətçi kimi respublikamızda gedən mürəkkəb və ziddiyytəli proseslərə verdiyi qiymət bir qayda olaraq ictimai praktikada özünün təsdiqini tapırdı.
Məhz buna görə də, xalqımız Azərbaycanın ən gərgin anlarını yaşadığı bir vaxtda Heydər Əliyevin hadisələrə yanaşma tərzinə və proseslərin hansı sonluqla nəticələnəcəyi barəsində söylədiyi fikirlərə daim böyük ehtiyac hiss etmişdir.
Üçüncüsü, xalqımızda Heydər Əliyevə daim böyük inamın olması bu görkəmli şəxsiyyətin fenomenallığı və bərabərsizliyi ilə bağlıdır.
Məhz göstərdiyimiz səbəblər Heydər Əliyevin müdrik dövlət xadimi kimi ictimai rəydə hər cür rəqabətdən yüksəkdə dayanmaqla aparıcı yer tutmasını təmin edirdi. Məhz Gəncədə baş verən qanlı faciənin miqyasının artması təhlükəsi Heydər Əliyevin yenidən siyasi hakmiyyətə qayıtmasının xalqın yeganə nicat yolu olduğunu bir daha göstərdi. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqram-teleqram ardınca göndərilir, Heydər Əliyev dar ayaqda xalqının harayına çatmağa dəvət edilirdi. Xalq və tarix qarşısında məsuliyyət hissindən vahiməyə düşən, digər tərəfdən, özünün yaratdığı problemləri aradan qaldırmaqla aciz qaldığını anlayan AXC – Müsavat iqtidarı ümumxalq istəyinə və tələbinə boyun əyməyə məcbur oldu.
Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində “Azərbaycan Respublikası” adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır.
Qayıdış 1993-cü ilin iyunun 9-da baş verdi. Heydər Əliyev onu qarşılayanların alqışları altında böyük Azərbaycan torpağına, Bakıya qədəm qoydu. Azərbaycan xalqının taleyində önəmli bir hadisə baş verdi.
1993-cü ilin iyun ayının 15-də keçirilən Milli Məclisin iclasında iqtidar nümayəndələrinin Heydər Əliyevin respublikanın ali rəhbərliyində təmsil olunmasına maneçilik törətmək cəhdləri ortaya çıxdı. Həmin şəxslərin Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi məsələsini arxa plana keçirərək, müzakirələri özlərinə sərf edən istiqamətə yönəltməyə çalışmaları, görünür, onların artıq taleyi həll edilmiş AXC –Müsavat hakimiyyətinin yaşayacağına hələ də ümid etmələrindən, bu şərəfsiz iqtidarı nəyin bahasına olursa-olsun yaşatmaq cəhdlərindən irəli gəlirdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın əsasında siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr dayanırdı. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi. Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu.
Beləliklə, xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi.
Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı. Müstəqillikdən sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin olmaması bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma meyillərinin müşahidə olunmasına və nəticə etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb olmuşdu. Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yalnız 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirildi.
Bir məqamı qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Onun rəhbərliyi dövründə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı.
Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi. Beləliklə, xalqın tələbləri ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev müstəqillik dövründə azərbaycançılıq ideologiyasından milli həmrəyliyi və bütövlüyü təmin edən mexanizm qismində istifadə etdi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilən və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı.
Məhz 1999-cu ildə keçirilən YAP-ın I Qurultayında o zaman ARDNŞ-in birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, cənab İlham Əliyev həmin dövrdə həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri idi, onda qeyd edə bilərik ki, bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi.
Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
Cənab İlham Əliyev Prezident seçiləndən sonra Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini və bunu əməli surətdə həyata keçirməsini bəyan etməsi ilə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı. Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi isə ilk növbədə əldə edilən uğurların daha da çoxalması, dövlətçiliyimizin əbədiliyi deməkdir.
Ötən bu illər ərzində İlham Əliyev həqiqətən hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu əməli işləriylə sübut etdi.
İlham Əliyev prezident seçildiyi elə ilk gündən ağıllı dövlət xadimi kimi iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasını, sahibkarlığın vüsət almasını, kənd təsərrüfatının dinamik inkişafını, tarixi, məşğulluq ənənələrinin bərpası istiqamətində təcili, təxirəsalınmaz işlərin həyata keçirilməsini tələb etdi.
«Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir» – deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə qeyri-neft sektorunun, sənayenin inkişafına, infrastrukturların müasirləşməsinə davamlı tərəqqiyə zəmin yaradan investisiya layihələrinin gerçəkləşdirilməsinə xüsusi şərait yaratdı.
Məhz cənab prezident İlham Əliyevin gərgin səyi nəticəsində Azərbaycan bu gün korona virus pandemiyasına qarşı mübarizənin ön sıralarında dayanır. Beynəlxalq miqyasda göstərilən səylərə çox ciddi töhvələr verir.
Vətəndaş amili, öz vətəndaşının marağını sağlamlığını hər şeydən üstün tutmaq prezident İlham Əliyev siyasətinin ana xəttini təşkil edir.
Prezident İlham Əliyev hər dəfə olduğu kimi yaranmış durumda da “Mənim üçün vətəndaşın sağlamlığından qiymətli heçnə yoxdur” söyləmişdir.
Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin ilkin I rübünün sosial - iqtisadi yekunlarına həsr olunan video konfrans şəklində müşavirədə pandemiyanın təsirlərini azaltmaq üçün qarşıda duran vəzifələrə sistemli və kompleks şəklində nəzər saldı, mövcud bəlanın reallıqlarını vətəndaşa izah etdi. Prezident öz çıxışında qeyd etmişdir: “Əgər bu addımlar atılmasaydı və düşünülmüş strategiya çərçivəsində mərhələli yollarla biz məhdudlaşdırıcı rejimi sərtləşdirməsəydik bu gün xəstələrin sayı 1000 yox bəlkə 10000, bəlkə 20000 ola bilərdi. Mənim seçimim bir mənalıdı insanların sağlamlığı ona görə bu addımlar atıldı. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın və insanların həyatını qorusun”.
Azərbaycan məhz o dövlətlərdəndir ki, operativ və təxirə salınmaz tədbirlər görür və mövcud vəziyyəti nəzərə alaraq təsirli addımlar atır. Ölkədə karona virus pandemiyasının yayılmasını qarşısını almaq, fəsadlarını minumuma endirmək üçün olduqca böyük miqyaslı işlər aparılır.
Bəşəriyyətə qənim kəsilən gözlə görünməyən bu virusun nə vaxt bitəcəyini heç kəs bilmir, lakin dövlət başçısı cənab prezident İlham Əliyev istər iqtisadi, istər sosial, istərsə də hərbi sferadan, o cümlədən də müxtəlif dönəmlərdə yaşadığımız təbii fəlakətlər zamanı dəfələrlə sübut edərək hər zaman vətəndaşının yanında olmuşdur.

"strategiya.az"