18.04.2020, 13:37 - Baxış sayı: 836

AMEA-nın Fəlsəfə İnstitutunda elmi tədqiqatlar davam edir


AMEA-nın Fəlsəfə İnstitutunda elmi tədqiqatlar davam edirÖlkəmizin üzləşdiyi qlobal pandemiya şəraitində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının bu fəlakətlə apardığı məqsədyönlü, sistemli mübarizə və mühafizə tədbirləri vətəndaşlarımızda bu bəladan daha az itki ilə çıxacağımıza, görülən tədbirlərin səmərəli olacağına və tezliklə ölkəmizdə həyatın normal məcraya düşəcəyinə qəti inam yaradır. AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin göstərişi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları və digər elmi-tədqiqat müəssisələri dövlətimizin koronavirusla mübarizə tədbirlərinə fəal şəkildə dəstək göstərir, elmi tədqiqat fəaliyyətlərini yaranmış şəraitə uyğunlaşdıraraq ev şəraitində davam etdirirlər. Aprel ayında AMEA əməkdaşlarına işə çıxmadan əməkhaqqı verilməsinə qərar verən hökumətimizin bu addımı özü diktə edir ki, elmi fəaliyyətlər belə şəraitdə də davam etməli, plan üzrə görülməli işlər yerinə yetirilməli, yaranmış müvəqqəti çətinlikdən cari və perspektiv işlərdə axsaqlıq yaranmamalıdır. Bu fikirləri AZƏRTAC-a Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli bildirib.
O qeyd edib ki, bu sahədə Fəlsəfə İnstitutunun elmi əməkdaşları da fəallıq göstərirlər. İnstitutda çalışan təqribən yüzədək elmlər doktoru və fəlsəfə doktoru Novruz bayramı tətilindən sonrakı özünütəcrid şəraitində yaşamalı olsalar da, ilin əvvəlindən planlaşdırılmış tədqiqatları davam etdirirlər.
İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin rəhbərliyi və elmi redaktorluğu ilə mart-aprel aylarında “İpək yolu — mədəniyyətlərin kəsişməsində Azərbaycan” adlı əhatəli elmi almanax üzərində iş başa çatdırılıb və şərait imkan verərsə, may ayında həmin kitab nəşr ediləcək. Bu almanaxda institutumuzun yaxından elmi əməkdaşlıq etdiyi Çin, Rusiya, İtaliya, Fransa, Özbəkistan tədqiqatçılarının da məqalələri yer alıb. İnstitutun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi və İdrak nəzəriyyəsi şöbələrinin müdirləri tarix elmləri doktoru Eynulla Mədətli və fəlsəfə elmləri doktoru Füzuli Qurbanov cari ilin əvvəlindən başladıqları (plandankənar) “Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyasının fəlsəfəsi” adlı monoqrafiya üzərində işi davam etdirirlər və payızda bu əsəri tamamlayıb nəşr etmək nəzərdə tutulur.
Fəlsəfə İnstitutunda bir neçə şöbənin elmi mütəxəssislərinin iştirakı ilə cari ilin əvvəlindən hazırlanmasına başlanmış “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” elmi məcmuəsinin ikinci kitabı artıq nəşrə hazırdır və imkan yaranan kimi elmi şuranın qərarı ilə Ulu Öndərin anadan olmasının 97-ci ildönümünədək çap ediləcək. Kitaba AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli əhatəli ön söz yazıb, institutun direktoru professor İlham Məmmədzadənin geniş məqaləsi də topluda yer alıb. İnstitutun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin hazırladığı, cari ilin aprel ayında nəşri nəzərdə tutulmuş elmi toplu da imkan yaranan kimi nəşr ediləcək. Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Özbəkistan, Türkmənistan, Monqolustan tədqiqatçılarının elmi məqalələrinin yer aldığı bu kitab ölkəmizdə davamlı inkişaf strategiyasının fəlsəfi təhlilinə həsr olunub.
Pandemiya ilə əlaqədar karantin qaydalarının törətdiyi çətinliklərə baxmayaraq institutun müxtəlif şöbələrində fəlsəfə tarixi, azərbaycançılıq fəlsəfəsi, etika, sosiologiya, estetika, məntiq, idrak nəzəriyyəsi, informasiya cəmiyyətinin fəlsəfəsi, multikulturalizm, müasir siyasətin fəlsəfəsi, müasir dünyanın fəlsəfi cərəyanları, İslam fəlsəfəsi və sair sahələr üzrə tədqiqatlar qəbul edilmiş fərdi planlar üzrə davam etdirilir. Magistrlər, dissertantlar və doktorantlar üçün məsafədən tədris internet üzərindən təmin edilir.
Qeyd etmək istəyirəm ki, institutumuzun əməkdaşları elmi tədqiqat işləri ilə yanaşı, pandemiya ilə mübarizə sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək vermək üçün kütləvi informasiya vasitələrində məqalələr, müsahibələr, məktublar, şərhlər və təhlillərlə müntəzəm çıxış edirlər.
Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşularaq Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçiləri, Yeni Azərbaycan Partiyası institut təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, fəlsəfə doktoru Günel Məlikli ölkənin aparıcı qəzet və saytlarda məqalələr və təhlillərlə çıxış ediblər. Eləcə də institutun digər şöbələrində çalışan alimlər, o cümlədən Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, AMEA Qadınlar şurasının sədri professor Rəna Mirzəzadə, İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, professor Əbülhəsən Abbasov, institutun aparıcı elmi işçiləri, dosent Əhməd Qəşəmoğlu, dosent Faiq Ələkbərli, fəlsəfə doktorları Hüseyn İbrahimov, Zeynəddin Şabanov məqalə və müsahibələrində həm dövlətimizin siyasətinə dəstək zəminində, həm də elmin populyarlaşdırılması istiqamətində öz fikir və görüşlərini paylaşıblar. İnstitutun daim yeniləşən saytında əməkdaşların mart-aprel aylarında özünütəcrid şəraitində yazdıqları məqalələr yerləşdirilib.
Hazırda qarşıdakı may ayında Azərbaycan fəlsəfi fikir tarixində əhəmiyyətli yer tutan, dəyərli elmi-fəlsəfi əsərləri ilə xalqımızın mənəvi dünyasını zənginləşdirən, fəlsəfə elmləri doktoru, professor, akademiyamızın müxbir üzvü olmuş Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilən elmi konfransa hazırlıq görülür. Eyni zamanda, institutumuzda AMEA-nın humanitar və ictimai elmlər bölmələrinin iştirakı ilə “Fəlsəfə pandemiya dövründə” mövzusunda seminar hazırlanır. Bu tədbirlərin yaxın vaxtlarda şəraitə uyğun olan şəkildə və vaxtda keçirilməsi nəzərdə tutulur.
İnstitutda cari ilin may ayında, Respublika Günü ərəfəsində növbəti dəfə “Fəlsəfə və poeziya” elmi-bədii seminarın keçirilməsinə hazırlıq görülür. Bir sözlə, ictimaiyyətimizə “evdə qal” çağırışı elmi yaradıcılığa o qədər də zərər vurmayıb, bununla yanaşı, hər kəs kimi, fəlsəfə ilə məşğul olan şəxslər də daha çox düşünmək, cəmiyyət və təbiətin qarşılıqlı təsir əlaqələrini fəlsəfi təhlil süzgəcindən keçirib doğru əqli nəticələr çıxarmaq üçün fürsət əldə ediblər.
Lakin insanın cəmiyyətlə canlı təmasına, birgə iş ünsiyyətinə ehtiyacı hər halda bir müddətdən sonra öz sözünü deyir. Hər birimiz bu pandemiyanın tezliklə dəf edilməsinin, normal həyat və iş ahənginə dönüşün intizarındayıq. Əminik ki, xalqımızın dövlətimizlə qırılmaz surətdə möhkəm bağlılığı, cəmiyyətimizin yüksək ideya-mənəvi birliyi və mütəşəkkilliyi, vətəndaşlarımızın ictimai fəallığı, səbir və dəyanəti, ölkəmizin bundan sonra da inkişaf və çiçəklənəcəyinə qəti inamı bu böhranı tezliklə arxada qoyacaq.

"Azertag.az"