16.04.2020, 15:59 - Baxış sayı: 690

Dünyanı bürüyən pandemiya və proqnozlar


Hüseyn İBRAHIMOV,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru

Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün ön sırada koronavirus pandemiyası dayanır. Bu prosesin ən təhlükəli cəhəti həm də ondadır ki, o, qlobal səciyyə daşıyaraq, bütün bəşəriyyəti təhdid altına almışdır. Hələ bir neçə on illər öncə dünya alimləri bəşəriyyətin qlobal problemlərinin təsnifatını verərkən qarşıda bizi bir sıra təhlükəli ekoloji kataklizmlərin gözlədiyini də istisna etmirdilər. Elə həmin anlarda sivilizasiyaların toqquşması da daxil olmaqla, bir neçə mühüm nəzəriyyələr meydana gəlməyə başladı. Bütünlükdə isə həmin nəzəriyyələrin bir çoxunun nəticələri dünyanın baş verə biləcək təhdidlərini aradan qaldırmağa istiqamətlənmişdi.
Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev hər zaman qloballaşan dün­yanın pozitiv paradiqmalarının daha önə çəkilməsi xəttini əsas götürərək, dialoq fəlsəfəsi çağı­rışlarını gücləndirmişdir. Bakıda bu istiqamətdə keçirilən silsilə beynəlxalq humanitar forumların prinsipləri də mövcud bəşəriyyətin üzləşə biləcəyi problemlərin başvermə ehtimallarını azaltmağa, dialoq və sülhə çağırışlar, qlobal, sağlam həmrəyliyə zəmin yarat­mağa istiqamətlənmişdir.
Bu gün eko-insan nöqtəsindən başlanan pandemiya dünya­da dalğavari təsirlərlə bütün istiqamətlərə neqativ təsirlərini göstərir. Dünya bu çətin sı­naqdan çıxmaq üçün var gücü ilə mübarizə aparır. Təbii ki, Azərbaycan da bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının və eyni zamanda, COVİD-19-la mübarizədə ölkəmizdə operativ qərargahın tələblərindən irəli gələn məsələlər üçün var gücü ilə çalışır. Bu istiqamətdə ölkə başçısının müvafiq sərəncamları ilə gücləndirilən xüsusi vəziyyətin forma və prinsipləri insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyaraq bu gün tam gücü ilə işləyir. İlk növbədə şəhərlərə giriş və çıxışın məhdudlaşdırılması, ciddi ka­rantin rejimi üçün İKT resurs­larından sistemli istifadə kimi məsələlər virusun əhatə dairəsinin genişlənməməsi üçün mübarizədə ən effektli üsullar kimi təqdirəlayiq hadisələrdəndir.
Bu gün dünya özünün yeni mərhələsinə qədəm qoymuşdur. Müasir dünyamızın qarşılaşdığı problemin qlobal xarakter daşıma­sı da təbiidir. Çünki dünyada son 20 ildə münasibətlər – iqtisadi, siyasi, mədəni, ekoloji və digər sahələri əhatə edən inteqrasiya prosesləri, eləcə də həyat tərzi və dəyərlər sisteminə daxil olan münasibətlər yaxınlaşaraq, o qədər ümumi səciyyə daşımış­dır ki, belə bir dövrdə yayılacaq virusun əhatə dairəsinin də sürətlə genişlənməsi labüd idi.
Lakin dünyanı düşündürən məsələlərdən biri də gələcəkdə – pandemiya aradan qaldırıl­dıqdan sonrakı dünyanın necə olacağı məsələsidir. Həm iqtisa­di, həm sosiomədəni faktorlar, eləcə də digər amillər insanları düşündürməkdədir. Ancaq bir məsələ ətrafında fikir ayrılıqları, məqsəd müxtəliflikləri, antiinteq­rasiya meyilləri gələcək koronavi­rusdan sonrakı dünyada nə qədər fərqli ola biləcəksə də, belə bir virusla qarşılaşma ehtimalının təkrarlanmaması üçün ekoloji zəmində dialoq və həmrəyliyi, qlobal təhlükəsizlik paradiqmaları­nın əsası indidən qoyulmalıdır. Bu pandemiyanın təsirləri göstərir ki, insanlar təhlükəsizlik naminə birgə olmalıdırlar.
Bu gün milli təhlükəsizlik anlayışı yalnız milli xarakter daşımayıb qlobal təhlükəsizlik anlayışı ilə çarpazlaşır. Qlobal təhlükəsizliyin prinsip və norma­larının daim yerinə yetirilməsi zəminində gələcək fəaliyyətlər əlaqələndirilməlidir. İnsanları, dünya ictimaiyyətini yarıməsrlik prinsiplər deyil, aydın, müasir fəaliyyət normaları birləşdirməlidir. Bu gün insan haqlarından, fərdi azadlıq prinsiplərindən çıxış edən ən müxtəlif dövlətlər belə bu azad­lıqları boğmaq, məhdudlaşdırmaq zərurəti ilə üz-üzə qalmışdır. Təbii ki, bütün bunların yönəldiyi obyekt birdir – insan. Deməli, insanın təhlükəsizliyi amili, onu əhatə edən liberalizm, demokratiya, ba­zar iqtisadiyyatı və s. kimi anlayış­lardan xeyli üstündür.
Bu günün postulatları qlobal məkanda gedən proseslər, eyni zamanda, koronavirusla gedən mübarizədən sonra dünyanın istiqamətinin digər suallarını da yaradır. Dünyada xidmət sferala­rının sayı həddən artıq çoxalmış, istehlak tələbatları isə o qədər artmışdır ki, çox qısa müddətli pandemiya dünyanı ərzaq ça­tışmazlığı ilə üz-üzə qoya bilər. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycan regionlarının inkişafı haqqında silsilə dövlət proqramları ölkəmiz üçün baş verə biləcək risklərin qarşısını almaqda mühüm tarixi əhəmiyyətə malikdir.
Ölkə başçısının xüsusi diqqəti ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin nəzdində yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı, pandemiya ilə mübarizə sahəsində əlavə tədbirlər haqqın­da sərəncamı, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında müvafiq sərəncamı bu silsilədə atılan mühüm addımlar­dır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində hər zaman ölkə üçün prioritet məsələlərdən ikincisi məhz informasiya – kom­munikasiya texnologiyalarının inki­şaf etdirilməsi olmuşdur. Bugünki dünya düzənində informasiyanın rolunun nə qədər əhəmiyyətli, vacib olması göz önündədir. Məhz ötən illər ərzində aparılan İKT siyasəti nəticəsində Azərbaycanın ən ucqar kəndləri də internet resurslarla əhatə olunmuş və hazırda yüksək internet –mobil şəbəkə provayderləri fəaliyyət göstərməkdədir. Təbii ki, müasir dövrdə informasiya sahəsində, mətbuatın işinin daha səmərəli təşkili sahəsində də müvafiq sərəncamlar bu silsilədə yeni keyfiyyət tələblərinin dərk olunma­sı zərurətini artırır.
Son günlərdə Azərbaycan Respublikası qanunvericilik aktlarının müvafiq maddələrinə dəyişikliklərin edilməsi ilə bağlı ölkə başçısının çevik, ope­rativ siyasi xətti Azərbaycan vətəndaşlarının, gənclərinin potensialının gücləndirilməsinə, təhlükəsizliyinə, insan faktoruna yönələn risklərin azaldılması­na hesablanmışdır. İstər Bakı şəhərində, istərsə də digər şəhərlərdə, regionlarda aparılan işlər artıq ona gətirib çıxarmış­dır ki, Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi tam nəzarətdədir. Ölkə başçısının hər bir ailə başçısına ünvanla­nan “evinizdə qalın”, “ailənizi, usaqlarınızı qoruyun” çağırışları hər bir vətəndaş üçün ünvan­lanan dəyərdir. Artıq qısa bir zaman ərzində görülən işlərin nəticəsidir ki, əhali “COVİD-19” probleminin mahiyyətini dərk etmiş və bütünlüklə xalq bu işdə Prezidentlə həmrəyliyini nümayiş etdirərək, qaydalar çərçivəsində addımlar atır. Həmçinin, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları müəyyənləşmişdir. İşsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişinin müddəti uzadıl­mışdır. Nazirlər Kabineti koronavi­rusla mübarizə şəraitində əlillərin əlillik müddətinin uzadılması ilə bağlı müvafiq addımlar atmışdır. Göründüyü kimi, koronavirus şəraitində Azərbaycan dövləti maksimum səfərbərlik fəaliyyətini artırır. Ölkə rəhbəri tərəfindən aparılan uğurlu addımlar yoluxma hallarının müəyyənləşdirilməsində operativ iş mexanizmlərini təmin etmiş, tibb mütəxəssisləri çevik hərəkət edərək epidemiyanın genişlənməsinin qarşısını ala bilmişlər.
Bu gün Azərbaycanın tibb müəssisələrində dünyanın ən aparıcı şirkətlərinin istehsal etdiyi müasir laboratoriya cihaz­ları qurulmuş və eyni zamanda, modern testlərlə təchiz edilmiş­dir. Müayinələrin də vaxtında aparılması, risk qrupuna daxil olan, yaxud tək yaşayan insan­ların lazımi avadanlıq və qida ilə təminatı istiqamətində həyata keçirilən sosial tədbirlər bu sahədə işlərin sistemli, effektli və dinamik səviyyəsini artırmışdır.
Dünyanı bürüyən pande­miya, eyni zamanda, bütün dövlətləri, cəmiyyətləri dalğavari dəyişikliklər və iqtisadiyyatların zəifləməsi, işsizliyin artması, istehlak prosesinin zəifləməsi prosesləri ilə üz-üzə qoydu. Azərbaycan Respublikası Pre­zidentinin operativ tədbirləri, istər tikinti sektorunda, istər sosial sahədə, istərsə də kənd təsərrüfatı, eləcə də işsizlərlə bağlı müavinətlərin artırılması və digər məsələlərlə sürətli, olduq­ca sistemli qərar və tapşırıqları karantin rejiminin gücləndirilməsi, infeksiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər bütünlükdə əhəmiyyətli və sistem­li dinamikaya malikdir. Pandemiya dünya dövlətlərini, o cümlədən uğurla inkişaf edən Azərbaycanın da gələcək perspektivlərini müəyyənləşdirdi. Qeyd edək ki, hələ 10 il bundan öncə dünyanın qlobal problemlərinin təsnifatı haqqında mühazirələr dinləyərkən çoxumuz üçün bu fikirlər olduqca səthi, bəzən də inanılmaz görü­nürdü. Təbii ki, koronavirus həmin qlobal problemlər müstəvisindən ortaya çıxan bir pandemiya olaraq da səciyyələndirilməlidir. İnsan cəmiyyətlərinin istehlak tələbatlarının sürətlə artdığı və qlobal zəmində transformasiyala­ra uğradığı müasir dövrdə bu bəla artıq ön plana keçmişdir. Eyni za­manda, qarşıda dünya düzəninin gələcək paradiqmalarını müəyyənləşdirəcək çıxış faktorla­rı qarşıda durur. Bunları aşağıda­kı kimi də səciyyələndirmək olar:
-qənaətcil və möhkəm əsaslara malik iqtisadiyyatın formalaşdırıl­ması;
-qənaətcillik prinsipinin ailə təsərrüfatlarında bərqərar olması;
-ekoloji təmiz mühitin qorun­ması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq dialoq əməkdaşlığı mühitinin yaradılması;
-aydın oldu ki, liberalizm və liberal iqtisadiyyat qalib ola bilməz. Dövlət funksiyasının zəif olduğu, mühüm olmadığı cəmiyyətlər nə qədər bolluq içində yaşasalar da öz təhlükəsizliklərini təmin edə bilməzlər. Odur ki, digər sahələrə qoyulan sərmayələrin ekoloji rifaha və ekoloji sağlamlığa yönəldilməsi;
-kənd təsərrüfatının dirçəldilməsi, fermer təsərrüfatlarının istehsal qabiliyyətlərinin zəruri və əlaqələndirilmiş istehsala yönəldilməsi;
-dünyanın münaqişə yolu ilə deyil, sülh paradiqmaları ilə idarə edilməsi və s.
Bütün bunlar onu göstərir ki, dünyanın gələcək mənzərəsində bu kimi bəzi tezislər pozitiv təfərrüatlar sırasına daxil ola bilər.

"Xalqqazeti.com"