Virusların hökmü, yaxud taclı viruslar
Könül BÜNYADZADƏ
AMEA-nın müxbir üzvü
Keçmişdə xanlar, sultanlar hamama gedəndə bütün küçələr boşaldılırdı. İndi bu koronavirus - taclı virusun gəlişi lap ona oxşadı. Tacın qüdrətinə bax! Virus olanda nə olar?!
Tacı var, deməli, gücü də var, hökmü də. Bilmirəm tacı o virusun başına kim qoyub, nə məqsədə qoyub, ancaq bilirəm ki, o, Allahın yox, məhz insanın bəlasıdır. Hər halda bu, onun ən son "nailiyyətidir". Əslində, mənim işim viruslarla deyil, insanlarladır, ona görə də birbaşa keçirəm mətləbə, yəni virusla üz-üzə duran, bəzən də ... qol-boyun olan ali məxluqa.
XXI əsrin insanının qürur duymalı çox nailiyyəti var: yüksək texnologiyaların kəşfi, kainatın ənginliklərinin fəthi, Allahın yaratdıqlarının dəqiq surətini yaratmaq hünəri - qiymətli daşlardan tutmuş, insanın klonlaşdırılmasına qədər. İnsan az qala özünü Mütləq Yaradanla eyni səviyyədə görüb, bəzən hətta Ondan yüksəkdə də görüb özünü Onun müdafiəçisi zənn edir, Onun səlahiyyətlərini öz üzərinə götürmək iddiasına düşür. Ancaq bir məsələ illərdir, əsrlərdir dəyişmədən qalır: insan öz qazdığı quyuya düşməkdən bezmir ki, bezmir. Nəinki bezmir, daha geniş qazmağa davam edir. Nə demək istədiyimi izah edim.
Bəlalar iki cür olar: Allahın göndərdiyi və insanın törətdiyi. Allah təalanın bəlası gələndə onun qarşısını almaq olmur. Yaradan sunami, ildırım, daşqınlar, zəlzələlər, vulkanlarla bir anda nə demək istədiyini bəşəriyyətə "qandırır" və sonra onu qoyur özü ilə baş-başa. Bu fəlakətin necə, nə üçün baş verdiyini anlamaq, dağıntıların altından necə çıxmaq, viran qalmış yurdunu təkrar necə çiçəkləndirmək artıq insanın öz biliklərindən, fiziki və mənəvi gücündən asılı olur. İnsanın yaratdığı bəlalar isə fərqli olur. Gah oturduğu yerin, yediyi nemətin təmizliyinə riayət etmədiyinə görə taun, vəba tutur. Gah heyvanlar üzərində sınaqlar keçirtməkdən bezib insanları laboratoriya dovşanı kimi istifadə edib QİÇS yaradır. Gah da düşməni altdan-altdan çökdürmək üçün bioloji silahlar düşünür, yaxud atom bombası kəşf edib, sonra da radiasiyadan doğulan, mutasiyaya uğrayan əcaib nəslin problemlərinin həllini axtarır. Tarixən həm Allahın bəlası, həm də bəşərin bəlası dönə-dönə baş verir, ara-sıra gəlib insanlara cəhənnəmi yaşadıb geri çəkilir. Yalnız bir dəhşətli faktı deyək ki, XXI əsrdə, yəni 20 il ərzində 4 böyük sunami yaşanıb.
Əslində, bəşərin bəlası elə də mürəkkəb bir hadisə deyil. Müəyyən səbəbdən aktivləşən bir virus nəzarətdən çıxır, "müstəqilləşir", coşur-daşır, olduğu dar çərçivəni dağıdır və öz diktəsini etməyə başlayır. Bu virusun hakimiyyətinin gücü və miqyasına görə ya epidemiya, ya da pandemiya adlanır. Məsələn, hələ Bibliyada xatırlanan və rəvayətə görə, gəmiricilərlə şəhərdən şəhərə səyahət edib oraları viran qoyan taun sonralar daha bir neçə dəfə - VI əsrdə Şərqi Roma İmperiyasında, XIV əsrdə və XIX əsrin sonunda pandemiya səviyyəsinə çatıb. Hər gəlişində də böyük insan itkisi, vahimə yaşanıb.
Bəlanın gətirdiyi faciənin daha dəhşətli bir tərəfi də var: ən ali dəyərlərdən danışan insanın ölüm qorxusu, özünüqoruma hissinin təsiri və təzyiqi ilə heyvani instinktlərinin bütün keyfiyyətləri üstələməsi. Anidən cəmiyyət özünüsevən eqolar toplusuna çevrilir. Sanki sivilizasiyanın çağırışları, yüksək texnologiyalar itir və canlılar arasında təbii seçim prosesi başlayır: biri digərinin dərdi üzərindən varlanmaq eşqinə düşür, bir başqası yaranmış mühitdən karlı çıxmaq yolunu axtarır, biri digərini tapdalayıb xilas olmaq istəyir. 2011-ci ildə Yaponiyada baş verən sunaminin statistikası dünyanı dəhşətə gətirmişdi: ölüm sayı - 15 524, itkin - 7 130, yaralı - 5 393 nəfər. Bu rəqəmlər yadda çətin qalır, amma dünyanı bir fakt daha çox heyrətə salmışdı və düşünürəm, hələ uzun illər unudulmayacaq: yaponlar heyvani instinktlərinə təslim olmadılar. Anna Axmatova demiş, "taunun, müharibənin sonu gələcək, fərman verilib. Bəs zamanın gətirdiyi dəhşətdən bizi kim qoruyacaq?"
İnsanlar Allahın bəlasını vaxtında öyrənmək üçün yeni texniki avadanlıqlar düşünür, özünü qorumaq üçün vasitələr tapır, sonra da.... eyni bəlanı yaratmaq eşqinə düşür. Qəribədir, o, daha çox ölüm gətirən fəlakətləri "yüyənləyib", "əhliləşdirib" öz marağı üçün istifadə etmək istəyir. Məsələn, fərqli zamanlarda ölkələri ağuşuna alan, VI əsrdə 100 mln, ikinci yayılma zamanı - XIV əsrdə isə dünya əhalisinin üçdə birinin - təqribən 25 mln insanın ölümünə səbəb olan taunu II Dünya müharibəsində Yaponiya bioloji silah kimi istifadə etdi və xəstəliyin daşıyıcıları olan birələri bir aviabomba şəklində düşmən tərəfə - Çin, Koreya və Mancuriya ərazisinə atdı. Yaxud artıq məlumdur ki, okeanda nüvə bombasının sınağını keçirtməklə dəhşətli gücdə olan sunami yaratmaq mümkündür. Kim bilir?! O deyilən sunamilərdən hansı isə bəlkə elə kiminsə "oyuncağının" sınağının nəticəsi olub? İnsanın tanrılıq iddiası, başqalarının həyatını idarə etmək həvəsi tükənmir!
Bəşəriyyət tarix boyu bir neçə dəfə fərqli bəlalarla üzləşib, az qala məhv olmaq təhlükəsi ilə üzləşib. İnsan da bu olanlardan dərs alıb. 1928-ci ildə ingilis mikrobioloq Aleksandr Fleminqin təsadüfən penisillini - ilk antibiotiki kəşf eləməsi "Taym" qəzetinin yazdığı kimi, bütün tarixi dəyişdi. Bəli, insan təhlükəli xəstəlikləri nəinki ram etməyi öyrəndi, üstəlik... yeni xəstəliklər yaratmağa, olanları öz marağına uyğun istifadə etməyə həvəsləndi. Belə bir maraqlı faktı da demədən keçməyək ki, bəzən insanın öz səhlənkarlığı, yaxud qara məqsədli niyyəti səbəbindən yaranmış xəstəlikləri Allahın adına yazmaqla da onu bir silaha çevirməyə nail olublar. Məsələn, orta əsrlərdə dönə-dönə təkrarlanan taun xəstəliyinin əlacını, səbəblərini İbn Sina dəqiqliklə tərif etsə də, din xadimləri bunun əslində, Allahın bir cəzası olduğuna insanları inandırmağı bacarırdılar.
Bəli, virusların hökmü var və onların taxt-tacını əlindən alana qədər insanlar ciddi zərər görüb. İnsan yer üzünün ən ağıllı məxluqu olduğuna görə, gec, ya tez həmin bəladan qurtara da bilir, onun bir daha baş verməməsi, yaxud daha az zərərlə ötüşməsi üçün bütün biliyini və bacarığını işə də salır. Amma vay o haldan ki, insan gücünü belə viruslarla birləşdirə. Düzdür, o, öz işini laboratoriyalar, bioloji silahlar vasitəsilə və siyasi maraqlar xətrinə edir. Ancaq nəticə eynidir: o insan da gəmiricilər, həşəratlar kimi həmin virusların daşıyıcısına çevrilir.
Allahın bəlasından fərqli olaraq bəşəri bəlanın bir xüsusiyyəti də var: insan təkliyə düçar olur. İnsan sosial varlıqdır. Müəyyən ilahi həqiqətlərə vaqif olmaq üçün özü ilə baş-başa qalmağı zərurət olsa da, şəxsiyyət kimi yetişməsinin, dəyərlərinin cilalanması üçün digər insanlarla ünsiyyətə, cəmiyyətə ehtiyacı var. Bəlaların gəlişi insanın bu keyfiyyətinin də gizli məqamlarını üzə çıxarda bilir. Allahın bəlası gələndə şüuraltı olaraq insanlar bir-birinə doğru can atır, tək qalmaq istəmir. Bununla özündən qat-qat güclü olan bir fəlakətdən qorunacağını, heç olmasa sağ qalacağını ehtimal edir, inanır. Bəşərin gətirdiyi bəla isə əksinə, insanları bir-birindən vahimələndirir, uzaq salır. Təhlükəsizlik tənhalıqda olur! Bu könüllü bir təcrid olmadığına görə, insan əziyyət çəkir. Tarixə də baxanda əmin olursan ki, hər zaman bəşər özü də bilmədən bütün gizli "istəklərini" reallaşdıran virus "istehsal edir".
İndi də insanlığı XXI əsrin başqa bir bəlası - koronavirus sınağa çəkir. Bəşər ümmanına bir nüvə bombası - taclı virus düşüb, sunami qalxıb, dağıntılar var. İndi insan qalıb özü ilə üz-üzə. İstər-istəməz bir müqayisə gəldi ağlıma. Son zamanlar texnologiyalar insanları zatən ayrı salıb. Sosial şəbəkələr canlı ünsiyyəti üstələyib. İnsanlar, xüsusilə gənclər küçədə qulaqlıqla gəzir ki, ətrafı görüb, eşitməsin. Hər kəs yalnız öz dediyini eşidir, öz həqiqətini qəbul edir, əks mövqeni şişlə qarşılayır. COVID-19 sanki məhz reallığın inikasıdır. İnsan daha bir virus "kəşf elədi" və dövrün bütün niyyətini necə mükəmməl əks etdirdiyini görüb başına bir tac da qoydu! Acı ironiyadı, ancaq reallığın ifadəsidir, daha doğrusu, mənzərəsidi. Özünü təkliyə düçar edən və bununla xoşbəxt olduğunu zənn edən müasir insanın, necə deyərlər, "istədiyi yar idi, yetirdi pərvərdigar".
Qədim Roma komediantı Plavt təqribən e.ə. 3-cü əsrdə özünün "Uzunqulaqlar" dramında ilk dəfə bu məşhur sözü işlətdi: "insan insanın canavarıdı". Buna qarşılıq və etiraz olaraq Seneka dedi, "yox, insan insan üçün müqəddəsdir". Ancaq kimdir filosofu dinləyən?! Bir komediantın sözü döndü müdrik hikmətə, oturdu yaddaşlarda. Artıq XVII əsrdə başqa bir filosof Tomas Hobbs hər iki fikri qarşılaşdırıb dedi ki, "tərəf tutmadan danışsaq, hər iki fikir haqlıdır: insan insanın Tanrısıdır, ancaq bu da düzdür ki, insan insanın canavarıdır. Birinci, əgər insanları öz aralarında müqayisə etsək, ikinci əgər şəhərləri müqayisə etsək düz olar". Belə düşünmək olar ki, bunu deyən XVII əsrin ingilis reallığından - müharibələrin, üsyanların, inqilabların fonunda, yəni siyasi mənzərəni şərh edən Hobbs deyib, bəşəri dəyərlərin əhəmiyyətini axtaran filosof kimi yox. Üstəlik, Hobbs çox incə bir faktı da vurğulayır: insan insanın tanrısıymış! Göydəki Yaradanı unudan, təbii ki, yerdə tanrılıq eşqinə düşəcək və bu yolda hər üsula əl atacaq. Dostoyevski təsadüfən demirdi ki, "Allahsız vicdan dəhşətdir, o, mənəviyyatsızlığa qədər azıb gedə bilir."
Maraqlıdır, sivilizasiya yaratmaq qüdrətində olan İnsan ölüm qorxusu ilə ruhunun ali qatından heyvani səviyyəsinə düşürsə, bu, sonuncunun daha güclü olduğuna dəlalət etmirmi?! Burada bir incəlik var. Elə ki, insan insan kimi yox, heyvan kimi yaşamağa başlayır, yaxud özünü ölümün əlində tələyə düşmüş heyvan kimi hiss edir, onda heyvani instinktlər baş qaldırır. Bəs bu, niyə baş verir?!
Hisslər yüngüldür və hakim olduqları hər şeyi yüngülləşdirir. Ali ideyaları dərk etmək, onlar can atmaq və bu yolda olan maneələri dəf etmək çox ağırdır. Hisslərin hökmündə olan insan üçün təfəkkürün mövcudluğu arzuolunmazdır, çünki ağıl hisslərin ayaqlarından tutub yerə endirir, qanadlarına qurğuşun bağlayır. Qorxu, yaxud xoşbəxtlik hissləri oyadır və düşüncə zəif olanda iflic vəziyyətə düşür. Belə olanda... heyvani, bioloji instinktlər aktivləşir, ön plana keçir. Bunu bilən insanlar öz niyyəti xətrinə qarşıdakının düşüncəsini oyundankənar vəziyyətə salmağın min bir üsulunu işləyib hazırlayır və tətbiq edirlər. Faust biliklərə, sehrli gücə, hökmə sahib olmaq üçün İblislə müqavilə bağladığı kimi, bəzi insanlar da başına tac, bank hesabına böyük məbləğlər qoymaq üçün ... viruslarla müqavilə bağlamalı olur.
"525.az"