13.03.2020, 11:45 - Baxış sayı: 603

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb


AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıbAMEA-nın Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.
Öncə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin siyasi-ideoloji çağırışlarının əsasında yaradılmış mərkəzin əhəmiyyətindən danışıb. O, azərbaycançılığın bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu, azərbaycançılıq ideologiyasının özündə xalqımızın milli maraqları və dövlətçilik mənafeyini əks etdirdiyini bildirib.
Akademik Ramiz Mehdiyevin sözlərinə görə, azərbaycançılıq məfkurəsi dil, mədəniyyət, eləcə də milli-mənəvi dəyərlərin yaşadılmasına, gənc nəslin bu məfkurə əsasında tərbiyə olunmasına xidmət edir.
İdeya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyəti və mahiyyətinə görə bir-birindən fərqləndiyini deyən AMEA rəhbəri azərbaycançılığa həsr olunmuş kitab və məqalələrdə, o cümlədən kütləvi informasiya vasitələrində səsləndirilən fikirlərdə müxtəlif yanaşmaların olduğunu bildirib. Alim bu məfkurənin elmi cəhətdən araşdırılması üçün akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi qiymətləndirib. O, bu qurumun qarşısında xalqımızın çoxəsrlik milli dövlətçilik ənənələrinin, azərbaycançılıq ideyasının idealdan ideologiyaya qədərki formalaşma, inkişaf proseslərini tədqiq və təbliğ etmək kimi vacib vəzifələrin dayandığını bildirib. İsa Həbibbəyli müstəqil dövlət ideologiyasının araşdırılmasında akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib: “Elmlər Akademiyasında azərbaycançılıqla bağlı aparılmış araşdırmalar sistemli xarakter daşımadığından konseptual tədqiqatların aparılmasına ciddi ehtiyac duyulur”.
Daha sonra tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və digərləri çıxış ediblər.
Müzakirələr zamanı yeni qurumun missiyaları və əsas hədəflərindən ətraflı bəhs olunub. Azərbaycançılıq konsepsiyasının tarixi köklərinin, elmi-ideoloji əsaslarının öyrənilməsi və təbliği, xalqın çoxəsrlik milli dövlətçilik ənənələrinin tədqiqi və ümumiləşdirilməsi, azərbaycançılıq anlayışının elmi-nəzəri şərhi və vəzifələrin müəyyən olunması istiqamətində mülahizə və təkliflər səsləndirilib.
Tədbirin sonunda AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi tərəfindən “Azərbaycançılıq idealı: ideyadan ideologiyaya” mövzusunda elmi konfransın təşkili, “Azərbaycançılıq: mənşəyi, formalaşma prosesləri və milli dövlətçilik ideologiyasına çevrilməsi” mövzusunda monoqrafiyanın hazırlanması və nəşri, dövri mətbuatda və elmi nəşrlərdə azərbaycançılıq məsələlərinə həsr edilmiş məqalələrin hazırlanıb çap edilməsi, “Azərbaycançılıq: tarixdə və müasir dövrdə” adlı seminarların mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin sədri akademik Ramiz Mehdiyev, sədr müavini isə akademik İsa Həbibbəylidir.

"Science.gov.az"