25.02.2020, 14:18 - Baxış sayı: 758

Xocalı soyqırımı XX əsrin faciəsidir


“Azərbaycanın soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Xocalıda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağılıb, məhv edilmişdir.”
Ümumilli lider Heydər Əliyev

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən öz siyasi-hüquqi qiymətinini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü ildə və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Həmin andan Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi, torpaqlarımızın zəbti başlandı.
Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
“Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başladı.
Azərbaycan torpağında yaradılmasına “Bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı.
“Böyük Ermənistan” yaratmaq məqsədilə erməni qəsbkarları 1905-1907- ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirtdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.
1918-ci ilin mart ayından daşnaq-bolşevik birləşmələri Bakını azərbaycanlılardan təmizləmək məqsədi ilə mənfur planlarını həyata keçirməyə başladılar.
Minlərlə dinc azərbaycanlılar milli mənsubiyyətinə görə məhv edildilər. Evlərə od vurub insanları diri-diri yandırıb, memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məsçidləri dağıdıb, Bakının bir hissəsini xapabalığa çevirdilər.
Zaqafqaziyanın sovetləşməsindən sonra Ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra rayonlarını Ermənistan SSR-in ərazisi elan etdilər.
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycan Kür-Araz ovalığına kolxozçuluğun yaradılması haqqında xüsusi qərarına əsasən 1953-cü ildə azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyasına səbəb oldu.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci ildən Azərbaycan xalqına qarşı kaskin mənəvi təcavüz kampaniyasına başladılar.
Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün, tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunub və ictimai fikir çaşdırıldı...
1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən qanlı faciə Ermənistanın növbəti soyqırımı oldu. Minlərlə azərbaycanlının qətl edilməsi, insanların diri-diri yandırılması, əsir alınması, vəhşiliklə, qəddarlıqla insanlarla rəftarı və meyidlərin misli-görünməmiş səviyyədə təhqir edilməsi, bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə, daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilməsini sübut edir.
Xocalı soyqırımı – XX əsrin faciəsidir.
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyatə qarşı tarixi bir cinayətdir!
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Azərbaycan torpağı Xocalı şəhərində genosid aktı həyata keçirtdi.
Xocalı soyqırımı zamanı 613 nəfər günahsız insan öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın , 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi.
Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indiyə qədər məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Dövlətin və əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vurulmuşdu.
Xocalı 1991-ci ilin oktyabrından mühasirədə olmuşdur. 1991-ci il oktyabrın 30-dan şəhərə gedən bütün avtomobil yolları bağlanmış yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. 1992-ci il yanvar ayının 28-də Şuşa səmasında mülki vertolyotun vurulması, həmin hadisədə 40 nəfər azərbaycanlının həlak olması, Xocalı şəhəri ilə hava əlaqəsinin kəsilməsinə səbəb oldu.
Yanvar ayından şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və cəsurluqları səyəsində yaşayıb və müdafiə olunurdular. Xocalılar özlərini müdafiə edərkən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövgelərinə çıxması ilə başlanmışdı.
Şəhərə hücum toplardan, tanklardan, “Alazon” tipli zenit qurğularından 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparaldığından əhali Əsgəran istiqamətində istiqamətlənməyə məcbur olmuşdular. Sonra aydın olmuşdu ki, məkrli hiylə qurularaq, Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfdən kəsilmiş, onları güllə atəşinə tutub, xüsusi qəddarlıqla qətlə yetirmişlər.
Həmin günlərdə Azərbaycan qüvvələri xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərinin götürülməsi, mümkün olmadı.
Xocalı soyqırımı haqqında dünya mətbuatında da çox açılışlar vermişdilər. Fransanın “krua İe Veneman” jurnalı:
Xocalıda meyidləri eybəcər hala salıb yandırmışlar;
Londonun “Sandi Tayms” qəzeti;
9 mart 1992- ci il:
Erməni əsgərləri minlərlə azərbaycanlı ailəni məhv etmişlər.
Londonun “Faynensi Taymas” qəzeti;
9 mart 1992 ci il.
Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər.
Azərbaycanlılar 1200 - ə qədər cəsəd saymışlar;
Rusiyanın “İzvestiya” qəzeti;
4 mart 1992-ci il.
Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi, bir qadının sifətinin yarısı kəsilmişdir, kişilərin skalpları götürülmüşdür.
İzvestiya qəzeti 13 mart 1992-ci il: Mayor Leonid Kravets:
Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər təpədə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Parisin “Valer” aktual jurnalı, 14 masrt 1992-ci il:
ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur). Xocalıdakı vəhşiliklərə dünya ictimayyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Azərbaycan xalqının bütün çətin günlərində xalqla birlikdə olan, xalqın haqq səsini dünya miqyasında bəyan edən, müstəqil Azərbaycan dövlət quruculuğunun banisi Ümumimilli Lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə dövlət rəhbərliyinə gəldikdən sonra, Ermənistan tərəfdən Azərbaycan xalqına qarşı həyata keçirdikləri xocalı soyqırımı ilə bağlı dünya ölkələrinə müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevirdiyini vurğulamışdır.
Ulu Öndər demişdir:
“Azərbaycan xalqına qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən Xocalı faciəsi bütün soyqırımların ən dəhşətlilərindəndir. Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir. Xocalı yarası qəlbimizi həmişə sızladacaq.”
Allah bütün soyqırımlarda qətlə yetirinlərə, vətənimiz, torpağımız uğrunda olan şəhidlərimizə rəhmət etsin!

Akif İbişov
AMEA Fəlsəfə İnstitutunun “Etika” şöbəsinin elmi işçisi