04.02.2020, 15:31 - Baxış sayı: 2672

Ramiz Rövşən poeziyasında tanrı, vətən və insan məfhumlarına fəlsəfi yanaşma


Əli İmanqulu oğlu İbrahimov
AMEA, Fəlsəfə İnstitutu, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


XX əsrin 60-cı illərindən başlayaraq hazırkı XXI əsrin 2-ci onilliyində yaşamaqla özünəməxsus poetikası ilə cəmiyyətin, eyni zamanda dünyanın bütün məkanlarına xas olan insan məskənləri ilə bağlı bütün yaşayış sferasını, laylasını saflaşdırmaq eşqi ilə bədii sözün qüdrətinə, onun fövqəladə, hətta sokral təsirinə həmişə inandığını, ilahi inama görə əvvəlcə sözün, sonra dünyanın bu sözlə vəhdətdə yaranışını təcəssüm edən poetik ifadələrin rəngarəngliyi ilə şöhrət qazanan çağdaş Azərbaycanın ədəbi ictimai-siyasi fikrində ən nüfuzlu söz sahiblərindən biri də xalq şairi Ramiz Rövşəndir.
2019-cu il “Nəsimi ili”, “İslahatlar ili” kimi qeyd olunsa da, bu həm də 25 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış sərəncam ilə İncəsənət sahəsində fəaliyyət göstərən bir qrup mədəniyyət xadimlərinə, o cümlədən Ramiz Məmmədəli oğlu Əliyevə (Ramiz Rövşən) “Xalq şairi” fəxri adının verilməsi ilə yaddaşda qaldı. Ramiz Rövşən şeirinin ifadə tərzi, söz sehrinin qüdrəti onun sadəliyində, lakonikliyində, yığcamlığında və dərin fəlsəfi mənaya malik olmasındadır. O, “Qədrimi bilmədi bu adam mənim” şeirində Allaha-tanrıya yalvarışları ilə bütün dərdlərinin bölünüb min tikəyə parçalanmış güzgü kimi yenidən bütöv, tam şəkildə həyata qayıtmağını arzulayan bir insan obrazı kontekstində bu dünyada səhv addım atanları ibrət güzgüsü ilə islah edir, insanın məşəqqətli həyatına son qoyulması ideyası ilə bizi qarşılaşdırır.
Bölünsəm, dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özümdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum.

***
Bu yerin üstündə, göyün altında
Bölünsəm, hər tikəm bir yana düşsə,
Haçansa, kefinin xoş saatında,
İlahi, təzədən yadına düşsəm,
Təzədən toplasan qırıqlarımı,
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
İlahi, təzədən calasan məni,
Dünyanın ən gözəl güzgüsü ollam.
Təzədən dünyaya yollasan məni,
Bu adam olmaram, özgəsi ollam,
İlahi, al məni bunun əlindən!..
[2. s.70]
Şair “bu adam olmaram, özgəsi ollam, İlahi, al məni bunun əlindən” misraları ilə sanki şeytan yoluna düşən insanı öz imdadı, harayı ilə səhv bir yolda olduğunun, öz ifrat nəfsinin burulğanında çabaladığının şikayətçisi kimi təqdim edir. Bu kimi şeirlərin dini-fəlsəfi baxımdan təhlili şairin əsil mövqeyini üzə çıxarır, onun hansı ideyalara daha çox meyilli olduğunu nümayiş etdirir. Birinci növbədə bir şair-filosof kimi təsir bağışlayan Ramiz Rövşən yaradıcılığında bariz nümunə təşkil edən ən sadə üslubda, xalq dilinə ən yaxın poetik ifadə tərzi ilə oxucunu ofsunlayan misraları, deyimləri üzərində bir qədər dayanaq. Məlum olduğu kimi Azərbaycan dili təkcə ərazisindəki on milyonluq Azərbaycan Respublikasının deyil, Şimaldan Cənuba, Şərqdən Qərbədək planetimizin yetmişədək ölkəsində yaşayıb yaradan əlli milyonluq xalqın dilidir. Azərbaycan dili anamızın dilidir, üzərində boy atıb böyüdüyümüz vətənimizin dilidir, bu gün sözün əsl mənasında bu, AR-nın dövlət dilidir. Doğma dilimiz haqqında deyə bilərik ki, o, gözəl, həm də mənalı və şirindir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdırmağa qadir bir dildir. Başqa sözlə, Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli sözlər söylənilmişdir. Əminliklə qeyd etmək olar ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, çıxışlarında qeyd edirdi ki, millətin milliliyini saxlayan onun dilidir.
Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir [3. s.2].
“Gedək biz olmayan yerə” şeirlər kitabına “Sözün sehri” adında ön sözü yazan müəllifə – Əliağa Cəfərliyə gerçək bir fikrinə görə tam qoşuluram: “R.Rövşən yazdığı onlarca şeirlərin tək bircəsini yazmış olsaydı belə, yenə də böyük şair kimi ədəbiyyat tariximizə daxil olacaqdı, yaşayacaqdı [2. s.3]. Şairin nümunə üçün hansı əsərinə əl atsaq, burada onun milli çərçivədən kənar başqa xalqa xas ideyalar aşılayan şeirlərini sistemə salmaq olar. Məsələn, Azərbaycan xalqının toponimində öz iyrənc hərəkətləri və rəftarı ilə “it balası” adlandırılan bir şəxs, ingilis, yaxud bəzi avropa xalqlarının folklorunda “ilan balası” kimi təqdim edilir. Ramiz Rövşənin bu “İlan balası” şeiri məhz bu baxımdan düşünülərək yaradıcılığına daxil olmuş, özünəməxsus spesifik yanaşma ilə şair buna xüsusi məna vermişdir:
Böyüyüb bu körpə ilan balası,
Gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu, otun qoxusu
Küləyin nəfəsi dolur canına.
...Özündən xəbərsiz, səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey...
[2. s. 25]
Ramiz Rövşən şeirlərinin fəlsəfi-estetik istiqaməti, özünün mürəkkəb insan aləmi, bu insan aləminin müxtəlifliyi ilə xarakterizə edilən cəhətlərinin dərkinə yönəlmişdir. İnsan R.Rövşən poeziyasında tarixi prosesin, Yer üzündə maddi və mənəvi mədəniyyətin inkişafının subyekti, həyatın digər formaları ilə genetik bağlı olan bu formalardan əmək alətləri istehsal etmək qabiliyyətinə görə seçilən, aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq kimi bəşəri məhəbbəti özündə daha çox ehtiva edir. Gələcəyin insanı zəkalı və humanist hər şeyi bilməyə çalışan fəal, eyni zamanda gözəllikdən həzz almağı bacaran insandır. Bu insan mənəvi və fiziki kimliyin həqiqi vəhdəti idealını təcəssüm etdirən bütöv, hərtərəfli inkişaf etmiş şəxsiyyətdir. Təkrarolunmaz özünəməxsusluğa, nadir “mən”lik fərdiliyinə malik insan, özünü ictimai varlıq kimi bərqərar edir. Xalqların mifologiyasında insanı çimçişdirən iyrənc bir varlıq kimi onu xəyalında narahat edən “ilanlar” heç də yaradanın nəzərində belə deyil. Şair özünü, Allahını yaxşı dərk etməyə qabil olan insanları təbiətdəki hər bir varlığın mahiyyətinə dərindən bələd olmağa səsləyir, həyatda saflaşmağın, durulmağın, arınmağın axtarış yollarına üstünlük verir:
... Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu,
Döşünün altında – sevən bir ürək
Dişinin altında – zəhər tuluğu.
... Hara qaçacaqsan göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən, yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə öyrən.
Barış canındakı zəhərli dərdlə,
İyrənmə özündən, ilan balası.
Bəlkə də ən acı həqiqət elə
Sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
Tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə...
[2. s.26]
Şairin “bu zalım dünya” dediyi məkan planetimizin adı bilinməyən guşələrindən biridir. Burada cəmiyyətin, təbiətin min ahəngini pozmağa çalışan zalım, şər qüvvələr nəzərimizdə canlanır. Bunlar görəsən kimdir? Məsləki, əqidəsi, vicdanı bilinməyən, yaxud heç olmayan bu cür insanlarda insanpərvərlik, bəşəri məhəbbət, məslək eşqi, dərin etiqad, vüqar və sadəlik, xalq ruhuna yaxınlıq, müdriklik, həyata və insana məhəbbət yox dərəcəsindədir.
“Gedək biz olmayan yerə” kitabı, “Burax gedim, Ay işığı!”, “Ayrılıq”, “Kəpənək qanadları” və “Qapı” başlıqları ilə sistemə salınaraq seçilmiş əsərləri üçün səciyyəvi olan şeirlər toplusudur.
R.Rövşən yaradıcılığa başladığı XX əsrin 60-80-ci illərindən başlayaraq hazırkı XXI əsrin 2-ci onilliyində yaşayıb fəaliyyət göstərməklə özünün həyat devizini açıqlayır:
...Biz zaman-zaman elə cəmiyyətdə yaşadıq ki, insana nəsə elədiyinə görə yox, nəsə eləmədiyinə görə qiymət verildi...
...Adama qiymət vermək o qədər də asan deyil. Elə məqam yetişə bilər ki, yaxşının pis, pisin yaxşı cəhəti üzə çıxır. Bəlkə yaxşı və pis adam yox, yaxşı və pis zaman var. Yaxşı zamanda yaxşı adam olmaq asandı, pis zamanda yaxşı adam olmaq çətindi. Pis vaxt insandakı naqis cəhətlərə yol açır. Hətta belə məqamda yaxşı adamın da pis keyfiyyəti qabarır. Necə adam olduğumu deyə bilmərəm, onu bilirəm ki, mən zamandan asılı deyiləm, dəyişməz və ardıcılam [1. s.56]. Şairin “Burax gedim, Ay işığı!”, “Başı kəsik gözəl kötük”, “Bulud”, “Qocalıq”, “Bir az uzun çəkdi ömrüm deyəsən”, “Astar üzünə”, “Addım”, “Kim bilir”, “Göy üzü daş saxlamaz”, “Dünya, məndən kimlər keçdi”, “Özünə qayıdır hər şey özünə”, “Kölgə”, “Bu güzgüyə bir vaxt qoşa baxardıq”, “Çiçəklər doğulur bu yaz gecəsi”, “Bu evin kişisi”, “Qara paltarlı qadın”, “Dünya mənə tanış gəlir”, “Tək adam”, “Divar”, “Boşalıb”, “Aydınlıq”, “Qoyun olmaq çətin şeymiş”, “Quzu”, “Öldür məni oynamaram bu toyda”, “Gedən kimdi, qalan kimdi”, “Təki sənin üzün gülsün”, “Yaylığını yel aparır”, “Kəpənək qanadları”, “Qara-qara qarışqalar”, “Bu qışı da saldım yola”, “Yağış yuyur, gün qurudur”, on nəğmədən ibarət “Qapı” şeiri, “Bağban Həsənlə bağı hekayə” və s. və i.a. dərin mənalı şeirləri ilə yanaşı “Süd dişinin ağrısı” poemasını həyəcansız, hissiyatsız və aramsız oxumaq mümkün deyil. Poeziyanın, ədəbiyyatın ayrıca mövzusu, ayrıca sözü yoxdur. Cəmiyyətdə baş verən irili-xırdalı hadisələr, bütün fikirlər poeziyanın mövzusu ola bilər. Əsil məsələ isə bu hadisələrin, bu fikirlərin bədii, poetik və ya qeyri-bədii, qeyri-poetik ifadəsindəndir. Mirzə Cəlil demişkən: “Mən yazıram ki, düşünəsiniz. Bəli, düşünmək lazımdır. Düşüncədən, fikirdən kənar bədii əsər söz yığınıdır. Əsil sənətkar dövrümüzün Ramiz Rövşəni kimi həm düşünə-düşünə, həm də düşündürə-düşündürə yazdıqları ilə oxucu qəlbinə nüfuz eləməyi bacarmalıdır. Bu qədər böyük doğmalıqla, yaxın təmaslıqla, geniş oxucu kütləsinin qəlbinə yol tapmaq hər şairə qismət olmur. Şair Ramiz Rövşən dühasının zənginliyindəndir ki, adları çəkilən və çəkilməyən şeirləri şırıltı ilə axıb büllur bulaq çeşməsindən süzülüb içərimizi sərinləyən durulan saf, şəffaf suya bənzəyir. Poetik nümunələrlə fikrimizi əsaslandıraq.
Gedirəm izim böyüyür,
Susuram sözüm böyüyür,
Baxıram, gözüm böyüyür
Dünya mənə tanış gəlir.

***
Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış.
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.

***
Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi?
Dünya mənə tanış gəlir
[2. s.62]
Ramiz Rövşənin “mən zamandan asılı deyiləm, dəyişməz və ardıcılam” fikri ilə başqalarını deyə bilmərəm mən qismən razıyam. İnsan temperamentinə görə dəyişməz, sabit ola bilər. Amma xarakterinə görə inanmıram ki, daim sabit qalıb konyukturaya (şərait, vəziyyət) meyilli olmasın. Bizlər istisna olmaqla əsil şairlərdə qeyri-adilik, başqalarına bənzəməyən özəlliklər mövcuddur və biz buna təəccüb etmirik, sevinirik. Şair Ramiz Rövşənin arzuladığı, xəyalında canlandırdığı dünya heç də yaşadığımız planet deyil, qəmdən, qüssədən, qeybətdən, stres doğuran mühitdən fəzanın özü olmayan məchul bir nöqtədir ki, o, burada təskinlik tapmağı, rahatlanmağı, səs-küydən azad olmağı tərcih (üstün) edir:
Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.

***
Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.

***
Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

***
Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?!
[2. s.165]
Bəli, illər keçdikcə zamana uyğun olaraq zövqlər də dəyişir, təzələnir. Ramiz Rövşən dəyişən, təzələnən zövqləri, hissləri vaxtında tutmağa qadir bir sənətkardır.