28.11.2019, 13:22 - Baxış sayı: 766

Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvəti və iftixarıdır


Günel Məlikli,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Vaxtın, zamanın zərurəti, diktəsi olan Bakı Dövlət Universitetinin 100 il bundan əvvəl yaradılması həm milli özünüdərkin, özünütəsdiqin intişar tapması, həm də gənc bir dövlətin “vardır millətimin imzası imzalar içində” deməsi idi. Həmin dövrün ictimai-siyasi mürəkkəbliyi, beynəlxalq vəziyyətin gərginliyi də nəzərə alınsa, 23 ay yaşamış milli-demokratik respublikamızın taleyüklü məsələlərin həllində necə çevik hərəkət etdiyinin şahidi olarıq.

Müxtəlif tarixi dövrlərdə rejimin basqılarına baxmayaraq, Bakı Dövlət Universiteti daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək, ölkədə ali təhsil sisteminin qurulmasında, elmi-tədqiqatların son texnologiyalarının tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində böyük xidmətlər göstərmişdir.
Hazırda Bakı Dövlət Universiteti Azərbaycanın milli intellektual elitasının fəaliyyət göstərdiyi möhtəşəm mərkəzlərdən birinə çevrilmiş, burada çox güclü intellektual potensial cəmləşmişdir. Universitet yarandığı gündən bu elm və təhsil ocağından ölkəmizin və dünyanın tarixinə düşən yüzlərlə alim və maarfçi, dövlət, xadimi, geniş şöhrət qazanmış incəsənət və mədəniyyət nümayəndələri, yazıçı və şairlər pərvazlanmışdır.
Universitetin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi barədə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən hələ bir il əvvəl müvafiq sərəncam imzalanmışdır. Bu, dövlətimizin başçısının Bakı Dövlət Universitetinə çox yüksək dəyər verdiyini göstərir.
Bu ali təhsil ocağının yüz illik fəaliyyətinə nəzər salanda aydın olur ki, universitet auditoriyaları təkcə elm öyrətmək, maarifləndirmək, mütəxəssis hazırlamaqla məhdudlaşmayıb, həm də belə bir müqəddəs məbəddə insan, vətəndaş tərbiyə edilmişdir. Başqa sözlə, burada milli dəyərlər yaradılmış, elmə, peşə biliklərinə, yüksək mənəvi prinsiplərə sevgi və vətəndaş məsuliyyəti aşılanmaqla yeni tip şəxsiyyət ­formalaşdırılmışdır.
Adətən deyirlər ki, yubileyi tarixə köçən illər deyil, bu illərin zaman müstəvisində qazanılan uğurları rövnəqləndirir. Hazırda Bakı Dövlət Universiteti ona xas olan bütün keyfiyyətləri -- humanitar, iqtisadi, təbiət elmləri sahəsində ixtisasların geniş spektrı, müasir tədris texnologiyaları, innovasiyalı tədris proqramlarının tətbiqi, fundamental elmlərin sürətli inkişafı, beynəlxalq tədris və elmi ictimaiyyətə inteqrasiyası ilə müasir elm və təhsil mərkəzi kimi fəaliyyət göstərir.
Burada nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları yetişmişdir. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirmişlər.
Ulu öndərimiz Heydər Əliyev Bakı Dövlət Universitetində böyük işlərin görüldüyünü qeyd etməklə yanaşı, bu ali təhsil ocağının xalqın taleyində oynadığı rolu və onun gələcəkdə də digər təhsil müəssisələrinə nümunə olacağına əminliyini bildirdi: “Tam əsasla demək olar ki, respublikamızın digər ali məktəbləri də Azərbaycanın ilk ali məktəbi ilə qohumdur. Azərbaycan Dövlət Universitetinin yetişdirmələri sovet Azərbaycanının 12 ali məktəbinin hamısında səmərəli elmi-tədqiqat işi aparırlar.
Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxxəsislərin böyük bir dəstəsini hazırlamışdır.”
Dahi öndərin Azərbaycanda hakimiyyətinin ilk dövründə Bakı Dövlət Universiteti tədris prosesinin təşkili, elm–tədqiqat işlərinin səviyyəsi, professor – müəllim heyətinin tərkibinə görə respublika ali məktəblərinin həqiqi bayraqdarına çevrilmiş, təhsil ocağının mənəvi mühiti saflaşmışdır.
Ulu öndərimiz Heydər Əliyevin o zaman “Literaturnaya qazeta”da dərc edilmiş məşhur müsahibəsinin sərlövhəsindəki “Qoy, ədalət zəfər çalsın!” aforizmi Azərbaycan ictimaiyyətinin qabaqcıl nümayəndələri, məmur heyətinin böyük bir qismi üçün, o cümlədən, Bakı Dövlət Universitetinin kollektivi üçün mənəvi-əxlaqi prinsipə çevrilmişdir. Universitet ictimaiyyəti arasındakı yüksək nüfuzuna görə, həmin dövrdə Sovet İttifaqının qabaqcıl ali təhsil məktəblərinə göndərilən azərbaycanlı gənclərin seçilməsi üçün, necə deyərlər, baş qərargaha çevrilmişdir.
Həmin illərdə universitet dahi şəxsiyyətin siyasi kursuna və idarəçilik prinsiplərinə ciddi əməl edilməsi sayəsində keyfiyyətli kadr hazırlığı, qəbul imtahanlarında neqativ halların aradan qaldırılması, dünyanın qabaqcıl universitetlərilə qarşılıqlı əlaqələrin güclənməsi tədbirləri ilə böyük uğurlara imza atmışdır. Tədrisin yüksək səviyyəsi və tədqiqatçıların gənc nəslinin yetişdirilməsindəki nailiyyətləri Bakı Dövlət Universitetinə xarici ölkələrdə böyük maraq oyatmışdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışından sonra Bakı Dövlət Universitetində yenidən canlanma başladı. Təhsilə, inkişafa, sivilizasiyaya xüsusi önəm verən ümummilli lider öz doğma ocağı saydığı universitetə xüsusi qayğı ilə yanaşırdı. Məhz bu diqqət nəticəsində ali təhsil müəssisəsində ilahiyyat, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələri kimi yeni ixtisaslar açıldı. Beynəlxalq Universitetlər Assosiasiyasının üzvü olan Bakı Dövlət Universiteti öz əlaqələrini daha da genişləndirdi.
Bir çox görüşlərində “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” söyləyən və bununla qürur hissi keçirdiyini vurğulayan Heydər Əliyev həmişə bu təhsil ocağının ölkənin ali məktəblərinin bayraqdarı-flaqmanı saymış və onu hər yerdə nümunə göstərmişdir: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi-tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür” .
Dövlətimizin başçısı cənab İlham Əliyev də prezidentlik fəaliyyətinin bütün mərhələlərində Bakı Dövlət Universitetinin inkişafını diqqətdə saxlamış, bu ali təhsil ocağına qayğısını əsirgəməmiş, 90 illik yubiley təntənəsində universitetin xalqımızın tarixindəki yerinə və göstərdiyi xidmətlərə belə dəyər vermişdir: “Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır, 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir”.
Universitetin tarixinin, xüsusilə son illəri göstərir ki, zamanın qarşıya qoyduğu çağırışlara cavab vermək üçün bu ali təhsil ocağında hazırda yeni kombinasiya modelləri və strategiyalar işlənib hazırlanır, tərbiyə müəssisəsi özünün daxili mədəniyyətini dəyişir və xarici missiyasını yeniləyir.
Universitet hazırda klassik ənənələri müasir tələblərə uyğunlaşdıraraq, yalnız bilikli kadrlar hazırlamaqla vəzifəsini bitmiş hesab etmir, həm də başqa mədəniyyətləri, müasir məişətin spesifikasını, təbiətin maraqlarını dərk edən insan yetişdirir. Bu da Azərbaycanda əsrlərin ənənəsinə çevrilən və müasir dünyamızın daha çox ehtiyacı olan multikultural dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə xidmət edir.
"Xalqqazeti.com"