24.10.2019, 11:26 - Baxış sayı: 747

Heydər Əliyev və istiqlal mücadiləsi


Günel MƏLİKLİ,
“Heydər Əliyev irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsi”nin böyük elmi işçisi,
siyasi elmlər üzrə fəlsəfə doktoru.


Azərbaycan dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir.

HEYDƏR ƏLİYEV


Azərbaycan xalqı daim müstəqillik arzusu ilə yaşayıb, ona çatmaq uğrunda mübarizə aparıb. 1917-ci ildə Çar Rusiyası dağıldıqdan sonra XX əsrin əvvəllərində, yəni 1918-ci ildə tarixi müstəqiliyin şirinliyindən Azərbaycan xalqı da daddı. Tarixçilər yaxşı bilirlər ki, Azərbaycan xalqı bu müstəqillik dövrünü cəmi 23 ay yaşamışdır. Həmin dövrdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, höküməti, ordusu və pul vahidi, bayrağı, himni olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə prinsiplərinə görə şərqdə ilk demokratik respublika idi. Lakin 1920-ci ilin aprelində sovet Rusiyasının Silahlı qüvvələri tərəfindən süquta uğradı. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-iqtisadi şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalımızın tarixinin ən parlaq səhifələrindən birinə çevrilmişdir.
XX əsrin sonunda dünyada, Avropada və xüsusən Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin nəticəsində 1991-ci ildə 70 ilə yaxın bir dövr yaşamış kommunist imperiyası dağıldı. Bununla əlaqədar olaraq Sovetlər İttifaqının tərkibindəki 15 müttəfiq respublika öz müstəqilliyini elan etdi.
Nəhayət ki, 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında Ümumxalq Referendumu keçirildi və səs vermə hüququ olan əhalinin 95 faizi iştirak edərək dövlət müstəqilliyini seçdi.
SSRİ-nin dağılması, müttəfiq respublikaların öz müstəqilliyini elan etməsi dövrü başqalarına nisbətən Azərbaycan üçün çox çətin və ağır olmuşdur. Əvvəla, o dövr özlüyündə çox mürəkkəb idi. 70 il Sovet İmperiyası kimi bir dövlətin tərkibində yaşamaq, sonra isə ayrılmaq, müstəqillik elan etmək və bu müstəqillik yolu ilə getmək özü-özlüyündə böyük, çətin bir yol olmuşdur.
XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi daim azadlıq arzuları ilə yaşayan və qədim dövlətçilik ənənələrinə malik olan xalqımızın həyatında çox böyük əhəmiyyətli tarixi hadisəyə çevrildi. Lakin milli müstəqilliyi qoruyub saxlamaq və onun dönməzliyini təmin etmək, ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək xalqımızın qarşısında dayanan çox mühüm və məsuliyyətli bir vəzifəyə çevrildi. Sözsüz ki, sadalanan tarixi məsələləri həll etməkdə tarixi məsuliyyətin əsas ağırlıq qüvvəsi siyasi hakimiyyətin üzərinə düşürdü.
Təəssüf ki, azadlıq uğrunda mübarizənin genişləndiyi, xalqımızın taleyüklü problemlərinin həll olunduğu dövrdə Vəzirov-Mütəllibov hakimiyyəti xalq qarşısında üzərinə düşən tarixi missiyanı yerinə yetirə bilməmişdi. Daha dəqiq desək, öz mahiyyətinə görə heç yerinə yetirmək iqtidarında da deyildi. Əksinə, Azərbaycanın dövlət müstəqilliyi, xalqın köklü maraqları əleyhinə yönəlmiş təslimçi siyasəti ilə xalqın yaddaşında qaldı. Hadisələrin gedişi göstərdi ki, Vəzirov-Mütəllibov hakimiyyətinin əsas məqsədi mərkəzin imperiya siyasətinin Azərbaycanda birmənalı şəkildə, kor-koranə icrasına yönəlmişdi.
1988-ci ildən sonra Azərbaycanda ictimai-siyasi, iqtisadi, mənəvi vəziyyətin ağırlığı, dönülməzliyi, çıxılmazlığı xalqı, sözün əsl mənasında, təlatümə gətirmişdi. Ölkəyə cavabdeh şəxslərin fəaliyyətsizliyini, bacarıqsızlığını görən minlərlə insan çıxış yolunu küçə və meydanlara toplaşıb öz etiraz səsini ucaltmaqda tapdı.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə seçmə ordu hissələri sovet dövlətinin başçısı M.Qarbaçovun ümumi komandanlığı ilə Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğın törətdi. Azərbaycanın o zamankı rəhbərləri bu qanlı aksiyanın qarşısını ala bilmədikləri kimi, sonradan ona siyasi qiymət verilməsini də tələb etmədilər.
M.Qorbaçovun şəxsi qərəzliyi ilə Sov. İKP MK Siyasi Bürosundan və SSRİ Nazirlər Sovetinin birinci muavini vəzifəsindən istefa verən ümummilli lider Heydər Əliyev 1990-cı ilin Qanlı Yanvar günlərində Moskvada səhhətinin ağırlığına baxmayaraq, özünün, ailəsinin həyatını təhlükə altında qoyaraq faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib imperiya rəhbərliyini ittiham etdi. Heydər Əliyev azərbaycanlıların ilk lideri kimi, sovet imperiyasına qarşı öz etiraz səsini ucaldırdı, özü də düz imperiya rəhbərliyinin gözü qarşısında M. Qorbaçov və onun komandası vəzifəsindən uzaqlaşdırılsa da, mübarizliyini, qətiyyətini, əzəmətini itirməmiş böyük azərbaycanlının - Heydər Əliyevin ittihamları qarşısında gücsüz idi. Daimi nümayəndəlikdəki bəyanat dünyaya yayıldı və Heydər Əliyev Moskvada siyasi təqiblərə məruz qaldığına görə doğma Naxçıvana qayıtmağa məcbur oldu.
Xalq öz ləyaqətli oğlunu Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının deputatı seçdi. Ancaq nə yeni formalaşan qanunverici orqan, nə də A. Mütəllibovun millli satqınlarından ibarət komandası Qanlı Yanvar hadisələrinə hüquqi-siyasi qiymət vermək iqtidarında deyildi. Belə bir şəraitdə deputat kimi vətənpərvərlik nümunəsi göstərən Heydər Əliyev “1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilməsi haqqında” qərar layihəsini hazırlayaraq noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim etdi. Ali Məclisin binası qarşısında toplaşan xalq kütlələrinin tələbi, deputatların fəallığı və Heydər Əliyevin nüfuzu ölkə rəhbəri olan A.Mütəllibov komandasının müqavimətini qırdı və qərar layihəsi Naxçıvan MR Ali Məclisinin sədri Afiəddin Cəlilov tərəfindən imzalandı. İmzalanan bu qərarda ilk dəfə olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verilir, kütləvi qırğın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Həmin qərarda ilk dəfə olaraq 20 Yanvarın hər il Naxçıvan MR-da matəm günü kimi qeyd olunması əks olunmuşdur. Sənəddə qırğın təşkilatçıları adbaad göstərilmiş, 20 Yanvar faciəsini araşdıran xüsusi deputat komisiyasının işini qeyri-müəyyən səbəblərdən başa çatdırlmamasına, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanun məsuliyyətinə cəlb olunmamasına kəskin etiraz ifadə olunurdu.
Onun Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dövlətçilik ənənələrinin mühafizəsi istiqamətində atdığı addımlar, yenicə müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin Ali Məclisin sədri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və ermənilərin hərbi təcavüzünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edirdi. O, xarici dövlətlərin rəsmi təmsilçiləri, BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüşlərində erməni təcavüzünün nəticələri barəsində geniş və hərtərəfli məlumat verirdi. Belə bir şəraitdə Azərbaycan xalqı, onun qabaqcıl dairələri, ziyalılar, elm, mədəniyyət xadimləri yaranmış böhranlı vəziyyətdən çıxış yolunu, ölkənin etibarlı gələcəyini dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında görür və bütün ümidlərini bu görkəmli şəxsiyyətlə bağlayırdı. Bu məqsədlə, Azərbaycanın vətənpərvər ziyalıları 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində Heydər Əliyevə müraciət edərək respublikadakı vəziyyətin ağırlığını və AXC-Müsavat hakimiyyətinin apardığı naşı, avantürüst siyasətin nəticəsində ölkəmizin məntiqi olaraq ağır təhlükələrlə qarşılaşdığını böyük həyəcanla ifadə etdilər. Onlar ölkəni düşdüyü bəlalardan xilas edə biləcək və özündə xalqımızın bütün tələblərini birləşdirəcək siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirməklə bu siyasi quruma Heydər Əliyev sədrlik etməsini təkid etdilər. Müraciətdə yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq liderin məhz Heydər Əliyevin olduğu açıq şəkildə bəyan edilmişdi. Bu müraciətə cavab olaraq Heydər Əliyev Azərbaycanın müharibə vəziyyətindən çıxması və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin, sosial-iqtisadi böhranın dərinləşdirilməsinin qarşısının alınmasının, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda mühüm addımların atılmasının, qanunun aliliyinin qorunmasının, Azərbaycanın parçalanmasına yönəlmiş separatizm meyillərinin qarşısının alınmasının zəruri olduğu bildirilirdi.
İqtidarın zəifliyindən istifadə edən S. Hüseynovun dəstələri xalqın etibarını itirmiş AXC - Müsavat hakimiyyətinin istefası tələbi ilə Bakıya yürüş edib yolu üstündəki bölgələrdə hakimiyyəti ələ alırdılar. Belə bir ağır, çıxılmaz vəziyyətdə Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağladı, ölkənin düşmüş olduğu ağır bəlalardan yalnız onun zəkası sayəsində xilas ediləcəyinə inanırdı.
Xalqımızın bu mövqeyi tutması hərtərəfli müşahidələrin və zəngin təcrübələrin nəticəsi olmaqla aşağıdakı səbəblərdən irəli gəlirdi. Birincisi, keçmiş Sovetlər İttifaqı dövlətində 14 il Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev xalqın yaddaşında zəngin idarəetmə təcrübəsinə malik dünyamiqyaslı qüdrətli şəxsiyyət kmi həkk olunmuşdur. Onun Azərbaycan rəhbərliyinin birinci dövründə respublikamızda mühüm quruculuq işləri aparılmış, cəmiyyətin sosial-iqtisadi və mənəvi-mədəni sahələrinin dinamik inkişafı təmin edilmişdi. İkincisi, Azərbaycanın özünün dövlət müstəqilliyini əldə etdikdən sonra Heydər Əliyevin müdrik siyasətçi kimi respublikamızda gedən mürəkkəb və ziddiyytəli proseslərə verdiyi qiymət bir qayda olaraq ictimai praktikada özünün təsdiqini tapırdı. Məhz buna görə də, xalqımız Azərbaycanın ən gərgin anlarını yaşadığı bir vaxtda Heydər Əliyevin hadisələrə yanaşma tərzinə və proseslərin hansı sonluqla nəticələnəcəyi barəsində söylədiyi fikirlərə daim böyük ehtiyac hiss etmişdir. Üçüncüsü, xalqımızda Heydər Əliyevə daim böyük inamın olması bu görkəmli şəxsiyyətin fenomenallığı və bərabərsizliyi ilə bağlıdır.
Məhz göstərdiyimiz səbəblər Heydər Əliyevin müdrik dövlət xadimi kimi ictimai rəydə hər cür rəqabətdən yüksəkdə dayanmaqla aparıcı yer tutmasını təmin edirdi. Gəncədə baş verən qanlı faciənin miqyasının artması təhlükəsi Heydər Əliyevin yenidən siyasi hakmiyyətə qayıtmasının xalqın yeganə nicat yolu olduğunu bir daha göstərdi. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqram-teleqram ardınca göndərilir, Heydər Əliyevi dar ayaqda xalqının harayına çatmağa dəvət edilirdi.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.
Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi kimi tarixdə yer almış ümummilli lider mərkəzi planlaşdırma və ictimai mülkiyyət prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına sürətli keçid strategiyasını irəli sürdü. O, Azərbaycanın özünə məxsus milli inkişaf modelinin əsaslarını yaratdı və həyata keçirilməsilə iqtisadi iflasa məhkum edilmiş ölkəni yeni tərəqqi yoluna çıxara bildi.
Qarşıda çox böyük işlər, tərəqqi və inkişafa ünvanlanan möhtəşəm layihələr dururdu. XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin hüquqi, siyasi və sosial-iqtisadi bazisini yaradaraq suverenliyin dayaqlarını möhkəmləndirən və Azərbaycanı sivil dünyanın getdiyi yeni inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin, qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün göstərdiyi böyük fədakarlıqlarından, müstəsna xidmətlərindən biri də özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı - siyasi varis yetişdirməsindədir.
Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bu gün İlham Əlyevin hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək Prezident İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir. O, çıxışında qeyd etmişdi: “Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir”.
"respublica-news.az"