10.10.2019, 14:00 - Baxış sayı: 879

Unudulmaz şərqşünas alim


Günel Məlikli,
AMEA Fəlsəfə İnstitunun Heydər Əliyev irsi və azərbaycançılıq
fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru


Deyirlər, insan özü də bir dünyadır. Öz ömrü, öz günəşi, öz baharı, öz qışı var. Ömür var, necə gəldi, necə getdi, bilinməz. Ömür də var ki, işığı ürəklərə, diləklərə, arzulara köçür, gələcək nəslin yolunun üstündə bir mayaka dönür. Həyat bizə səxavətlə verdiyi nə varsa, onu bizdən xəbərsiz alır. Və sonra heç kəsin qaça bilmədiyi bir sonluq - ölüm, əbədiyyət bizi öz ana qoynuna alır.
Müvəqqəti həyatda insanın elə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır.
Vaxtlı, vaxtsız, fərqi yoxdur. Həyata heç kim öz xoşu ilə vida etmir. Hərənin bir tale yazısı, ölüm tarixi var. Lakin ölümsüzlüyü öləndən sonra da yaşayanlar qazanır - unudulmaz şərqşünas alim Aida xanım İmanquliyeva kimi...
Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetirmiş, ürəklərdə özünə abidə qoymuşdu. Ölməzliyi ölümündən sonra qoyub getdiyi əsərləri ilə qazanan bu gözəl xanımı, şərqşünas alimi unutmaq olmur... Bundan da böyük xoşbəxtlik olarmı?
Gözəl ziyalı ailəsində tərbiyə alması da bir çox şeyləri şərtləndirmişdir. Aida xanımın görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev, əsilzadə ailəsindən olan Gövhər İmanquliyeva kimi müdrik, mehriban, duyğulu, cəfakeş, tələbkar valideynləri olmuşdur.
Ötən əsrin əvvəllərinin zülmətdə işıq olan müəllimlərinə bənzəyən bu gözəl ziyalı ocağının - iki əzəmətli çinarın pöhrəsi olan gənc Aida xanımı çox-çox sonralar dünyanın hər yerindən görəcəkdilər.
Gəlimli-gedimli, son ucu ölümlü bu dünyada Aida xanım özündən sonra çox gözəl, unudulmaz xatirələr qoymuşdur.
Elə insanlar var ki, bu dünyada qazandıqları hər şeyi son damlasınadək vətənə, ana yurda, insanlara qaytarırlar. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Bəli, ana təbiət ona hər şeyi bəxş etmişdi. Azərbaycanda ilk qadın - ərəbşünas elmlər doktorudur.
Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almış, Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. Elm sahəsində yeniliklərə imza atan professor, həm də yüksək idarəçilik keyfiyyətləri, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçilirdi.
Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Yüzlərlə, minlərlə tələbələrin, elm adamlarının, müəllimlərin, sadə insanların ömürlərində yaşayan ömrü əbədi sönməyən işıq ömrünə bənzəyir. Aydın məntiqi, fitrətən xəlqiliyi, həssaslığı, dəqiqliyi və ən başlıcası, xeyirxahlığı onu hamının gözündə ucaltmışdır.
Aida xanım yenilik duyğusuyla hər gələn sabahı gözləyən və tələbələrində də bunu görmək arzusuyla yaşayan unikal bir insan, cəsarətli elm, təhsil fədaisi, Azərbaycan elminin, təhsilinin, maarif və mədəniyyətinin əsl cəfakeşi idi.
SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdi. Azərbaycan şərqşünaslıq elmini xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda təmsil etmişdir. Dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə “Mixail Nuaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyalarını və 70-dən artıq elmi məqalə həsr etmişdir. Onun rəhbərliyi ilə Şərq filologiyası ilə bağlı toplular və ərəb ədəbiyyatı nümunələrinin tərcümələri kitab şəklində işıq üzü görmüşdür. “Yeni ərəb ədəbiyyatının korifeyləri” adlı fundamental əsər rus, Azərbaycan, türk, gürcü və İSESCO təşkilatı tərəfindən ərəb dilində nəşr edilmişdir.
Keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. O, Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr edib.
Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlamış və həmin ilin dekabrında isə direktor vəzifəsində çalışmışdır.
Dahi Sokratdan soruşurlar: İnsanda ən çox nəyi qiymətləndirirsən? - “İnsaniyyəti”, - deyə Sokrat cavab verir. - Bəs insaniyyət deyəndə nəyi başa düşürsən? - sualına isə -”İnsana layiq olan keyfiyyətləri”, - deyə cavab verir.
Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgiz və Mehriban xanımın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı.
Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi. Həmin İnstitutun direktoru işləyərkən Aida xanım əməkdaşlarına qayğı ilə yanaşaraq onların elmi biliklərinin aşkar edilməsinə yardım göstərirdi.
İstedadı, xeyirxahlığı, nəcibliyi, mərdliyi, sadəliyi, vətənə sədaqəti, insanlara sevgisi hər zaman seçilirdi. Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi.
İlk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmişdir. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında”, “Böyük Oktyabr və Şərq xalqlarının milli-azadlıq mübarizəsi”, “Sovet Azərbaycanı və xarici Şərq”, “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi”, “Yaxın və Orta Şərqdə milli-azadlıq hərəkatı məsələləri”, “Şərq filologiyası məsələləri”, “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə”, “Xarici Şərqin problemləri: tarix və müasirlik”, “Şərq ədəbiyyatında ənənə və novatorluq” məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur.
Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb. “Ərəb filologiyası” şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət kiçik bir antologiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. “Ağ günlərin sorağında” adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin “Boğulmuş hıçqırıqlar” adlı hekayəsi də öz əksini tapmışdır.

"respublica-news.az"