30.09.2019, 10:45 - Baxış sayı: 860

Kəşmirdə yeni qarşıdurma: regionda və dünyada sülhə ciddi təhlükə kimi


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Füsunkar və bənzərsiz təbiətə, mehriban və xoşrəftar insanlara malik olan, eyni zamanda, tarixin müxtəlif dövrlərində çətin sınaqlarla üzləşən Kəşmirin Pakistan himayəsində olan Azad Kəşmir hissəsində, uca dağlar qoynundakı Rara qəsəbəsində 2005-ci il zəlzələsində tamamilə yerlə yeksan olmuş məktəbin yerində Heydər Əliyev Fondunun inşa etdirdiyi gözəl və müasir məktəb binası hər kəsin diqqətini cəlb edir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qısa müddətdə tikilib dörd yüz qız şagirdi təhsilə qovuşduran bu məktəb Azad Kəşmirin paytaxtı Müzəffərəbad şəhərindən xeyli aralıda, olduqca gözəl mənzərəli vadidə, dağ ətəyində yerləşir və buranın qədirbilən əhalisi zəlzələ zonasında ilk istifadəyə verilmiş bu məktəbə görə minnətdarlıq hissini hər zaman bildirirlər. Yetmiş mindən çox insanın həyatını itirdiyi bu zəlzələdə Kəşmir əhalisi də minlərlə qurban vermişdi, amma dost ölkələrin təmənnasız qardaş köməyi bütün pakistanlılar kimi, kəşmirlilərin də yarasına məlhəm olmuşdu. Təəssüf ki, bu günlər həm Azad Kəşmirdə, həm də Hindistanın nəzarətindəki Cammu-Kəşmirdə həyəcanlı anlar yaşanır. Hindistanla Pakistan arasında Kəşmirlə əlaqədar hazırkı siyasi və hərbi gərginliyin necə çözüləcəyi hamını əndişələndirir: sülh yolu tapılacaqmı, ya regionda daha bir müharibə alovu yüksələcək?

***
2019-cu il avqustun 5-də Hindistan prezidenti Ram Natx Korind Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında hökumətin irəli sürdüyü və parlamentin qəbul etdiyi qərarı təsdiqlədi. Bununla, 1947-ci ildən bəri davam edən, Kəşmir xalqına əzab və məhrumiyyətlər gətirən, eyni zamanda, Hindistanla Pakistan arasında bir neçə dəfə qanlı müharibələrə səbəb olan Kəşmir problemi daha da kəskinləşdi. Hadisələrin gedişi göstərir ki, bu dəfə tərəflər daha ciddi təhlükə ilə üzləşə bilərlər. Hindistanın bu qərarı indiyədək atılmamış, gözlənilməz bir addım oldu və bundan sonra olacaqları öngörmək bir qədər çətindir. Pakistan hökuməti artıq BMT-yə müraciət edib, Pakistana siyasi dəstəyini hər vaxt göstərən Çin Xalq Respublikası isə Kəşmir məsələsini BMT Təhlükəsizlik Şurasının qapalı müzakirəsinə çıxarıb. Müzakirələrdə Hindistan tərəfindən insan hüquqlarının pozulması ilə əlaqədar narahatlıq ifadə olunub.
Hazırkı şəraitin bir təhlükəsi də ondadır ki, bu iki nüvə dövlətinin hərbi toqquşması hər an genişlənib nüvə qarşıdurmasına gətirib çıxara, bu isə bütövlükdə çox geniş bir bölgədə ağır fəlakətə səbəb ola bilər.
Şübhəsiz ki, 1947-ci ilin avqustunda Hindistan yarımadasında Hindistan və Pakistan kimi iki müstəqil dövlətin yaradılması tarixi zərurətdən irəli gəlmişdi və XX əsrin II dünya müharibəsindən sonrakı mühüm hadisələrindən sayılmalı, təqdirəlayiq hesab edilməlidir. Yüz illərlə əsasən müsəlman, xüsusən də türk idarəçiliyində olan yarımada XIX əsrin ortalarından ingilis müstəmləkəsinə çevrilsə də, Böyük Britaniya hindlilərin və müsəlmanların öz müstəqil dövlətlərini qurmaq istəyi ilə hesablaşmalı olmuşdu.

***
Kəşmir Hind çayının yuxarı axar hövzəsində, əsasən Kəşmir vadisində və ətrafinda yerləşir. Əhalinin əksəriyyəti kəşmirlilərdən ibarətdir. Burada ilk dövlət qurumları eramızın VII əsrində meydana gəlmiş və bu ərazini hind racaları idarə etmişlər.
1586-cı ildə Böyük Muğal ("moğol" da yazılır) imperatoru Əkbər (1556-1605) Kəşmiri fəth edib onu XVI əsrin bu böyük türk imperatorluğunun (1525-1858) tərkibinə qatmış və Kəşmir 166 il türk-müsəlman idarəçiliyində olmuşdu. Nadir şahın ölümündən sonra (1747) onun sərkərdələrindən olan əfqan Əhməd xan Abdal "Dürranilər" adlandırdığı sülaləsinin əsasını qoyub Əfqan dövlətini yaratdıqda Kəşmir bu sülalənin hakimiyyəti altına düşmüşdü. Bölgədə ingilis işğalı başlayanda isə Kəşmir əvvəlcə Pəncab hakimi Rancid Singxin tabeliyində olmuş, 1849-1947-ci ilərdə isə Britaniya Hindistanın vassal knyazlığı halına salınmışdı.
Hindistanın bölünməsi zamanı Kəşmirin əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət idi, burada sünnilərlə şiələr qarışıq yaşayırdılar. Coğrafi, dini, mədəni səbəblərlə bu bölgənin Pakistana birləşməsində təbii məntiq var idi, lakin bu bölgənin mühüm su qaynaqlarının mənbəyi olması, həmçinin, Kəşmir vadisinin strateji mövqeyi Hindistanı bu bölgəyə sahib olmağa çəkirdi, üstəlik, Kəşmirin o zamankı hakimi-maharacası da etnik olaraq hindus idi. Hindistanın məşhur baş naziri Cəvahirləl Nehru (Jawaharlal Nehru) da əslən kəşmirli idi və o, Kəşmiri xüsusi hüquqlu ştat kimi Hindistana birləşdirmək istəyirdi.
Kəşmir məsələsi 1947-ci ildə Britaniya Hindistanının bölünüb Hindistan İttifaqı və Pakistan dövlətlərinin təşkil edilməsi zamanı meydana çıxdı. Hindistanın Azadlığı Qanununda əhalisinin 90 faizini müsəlmanlar təşkil edən və maharaca Hari Sinqh tərəfindən idarə olunan Kəşmir hakimiyyətinə ya Hindistana, ya Pakistana birləşmək, ya da Böyük Britaniyanın vassalı kimi qalmaq seçimi verilmişdi. Bu məsələ ümumxalq rəyi (səsverməsi) ilə həll edilməli idi. Lakin maharaca ənənəvi idarəçiliyindən əl çəkmək istəmirdi və bu, müsəlmanların üsyana qalxmasına səbəb oldu. Maharaca kömək üçün Hindistan hökumətinə müraciət etdi və Hindistan İttifaqına birləşməyə hazır olduqlarını bildirdi. Belə vəziyyət yarandıqda Pakistanın Şimal Qərb Sərhəd Əyalətindən (indiki Xeybər Paktunkva) puştu dəstələri (ləşkər) Kəşmir müsəlmanlarına yardım etmək üçün hərəkətə keçdilər. 26 oktyabr 1947-ci il tarixində Kəşmirin hind rəhbərliyi tərəfindən Hindistana birləşdirilməsini təsdiq edən rəsmi razılaşma imzalandı. Bu isə Kəşmirdə xalqın ayağa qalxması, eləcə də Pakistanla Hindistan arasında ilk silahlı toqquşmanın başlamasına səbəb oldu. 24 oktyabr 1947-ci ildə Kəşmirin qərb bölgələrində Sərdar İbrahimin liderliyində müsəlman mübarizləri bu bölgələrdə nəzarəti ələ keçirib buranı Azad Kəşmir adlandırdılar. Kəşmirin digər bölgələri Cammu Kəşmir vadisi və Ladax Hindistanın tam nəzarətinə keçəndə Azad Kəşmir Pakistana müraciət etdi. Bu zaman Kəşmirin şimalındakı Gilgit də 1 noyabr 1947-ci ildə Pakistana müraciət etdi və az sonra bütün Şimal əraziləri də Pakistanın nəzarət və himayəsinə keçmiş oldu.
BMT Təhükəsizlik Şurası 13 avqust 1948-ci il və 5 yanvar 1949-cu il tarixlərindəki qətnamələrində Kəşmir xalqına ümumirəyvermə (plebsit) əsasında öz müqəddəratını təyin etmə haqqı verilməsini irəli sürdü. 1948-ci ilin sonunadək davam edən bu lokal müharibə 1 yanvar 1949-cu ildə Beynəlxalq güclərin işə qarışması ilə hər iki tərəfin qoşunlarının mövqe aldığı xətdə atəşkəslə nəticələndi və həmin şərti təmas xətti üzrə həmin il iyulun 29-da Hindistan - Pakistan Razılaşması imzalandı. Bu Razılaşma ilə Kəşmir faktiki olaraq ikiyə bölündü: Gilgit, Baltistan, Hunza, Azad Kəşmir Pakistanın nəzarətinə keçdi və bu hissələr (40 faiz) "Azad Kəşmir" və Şimal əraziləri adlandırıldı, Hindistanın nəzarətində olan hissə (60 faiz) Cammu və Ladax (Kəşmir) olaraq Hindistanın tərkibinə qatıldı. BMT qətnamələrinə baxmayaraq, Hindistan sonra Kəşmiri xüsusi statuslu ştata çevirdi və bunu ölkə konstitusiyasının 370-ci maddəsi ilə təsbit etdi.
Bu zəmində davam edən qarşıdurmalar 1965-ci ilin avqust-sentyabr aylarında iki ölkə arasında ikinci silahlı toqquşmanın başlanması ilə nəticələndi. BMT Təhlükəsizlik Şurasının işə qarışması ilə Pakistan və Hindistan 23 mart 1965-ci il tarixində qoşunların təmas xəttində atəşkəsə nail oldular. SSRİ-nin də yaxından iştirakı ilə tərəflər ordularını toqquşmadan əvvəlki mövqelərə çəkdilər. SSRİ rəhbərliyinin təşəbbüsü ilə 4-11 yanvar 1966-cı il tarixlərində tərəflər Daşkənddə bir araya gəldilər. Pakistanın prezidenti general Əyyub Xan və Hindistanın baş naziri Ləl Bahadur Şastri SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginın iştirakı ilə geniş müzakirələrdən sonra yanvarın 10-da Daşkənd Bəyannaməsini imzaladılar. Bəyannamədə qarşıya qoyulan müddəaların bir çoxuna sonralar əməl edilsə də, Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun həll olunmaması bölgədə gərginlik ocağı olaraq qalırdı. 1971-ci ildə Kəşmirdəki təmas xəttində qarşıdurmalar yeni hərbi münaqişənin başlanmasına gətirib çıxartdı.
Bu hərbi toqquşmalardan sonra Hindistanın xeyrinə təmas xəttində dəyişikliklər baş verdi və atəşkəsin baş verdiyi xətt bundan sonra "Nəzarət xətti" adandırılmağa başladı.
2 iyul 1972-ci il tarixində Simla Razılaşması ilə Hindistan və Pakistan qərara gəldilər ki, bir ay ərzində qoşunlarını müharibədən əvvəlki mövqelərinə, beynəlxalq sərhədlərə uyğun şəkildə geri çəksinlər və 17 dekabr 1971-ci ildə atəşkəsin elan edilməsindən sonra müəyyən edilmiş Nəzarət Xəttinə əməl etsinlər.
Pakistanla Hindistan arasında 1998-ci ilin payızında ucqar şimal ərazilərində, Nəzarət Xətti boyunca qarlı Siyaçen buzlağı ərazisindəki Kargil bölgəsində mövqe tutmaq üçün qarşıdurma yarandı. Siyaçen buzlağı adətən tərəflər arasında heç kəsin mövqe qurmadığı buzlaq idi, Hind qoşunlarının bu buzlağı ələ keçirməsi Kəşmirin azadlıq mücahidlərinin həmin ərazidəki Karğil bölgəsini tutması ilə nəticələndi. Pakistan ordusu imkanları çərçivəsində Kəşmir azadixahlarına hərbi dəstək verirdi. Bütün Kəşmir sanki döyüş meydanına çevrilməkdə idi. Belə bir şəraitdə ABŞ prezidenti Bill Klintonun Pakistan və Hindistanın baş nazirləri ilə telefon danışığı öz bəhrəsini verdi və tərəflər 4 iyul 1999-cu il tarixində müharibənin dayandırılması barəsində razılığa gəldilər.
9 sentyabr 2001-ci ildə ABŞ-a qarşı törədilən terror aktlarından sonra Pakistan və Əfqanıstan ətrafında tamamilə yeni vəziyyət meydana gəldi. Vaşinqtonun nəzərincə, Pakistan Kəşmirdəki "militanları", həmçinin, Osama ben Ladeni - Əl-Qaidənı dəstəkləyirdi. Buna görə, ABŞ o zaman rəsmən Pakistan İcra Hakimiyyətinin Başçısı adlandırılan general Pərviz Müşərrəfin qarşısında kəskin tələb qoydu: ya bizimlə terrora qarşısınız, ya da terrorçularla birlikdə bizə qarşı! Doğru seçim edən Pakistan fəal şəkildə terrorla beynəlxalq mübarizəyə qoşuldu.
2002-ci il yanvarın 12-də prezident Pərviz Müşərrəf Kəşmirdən mücahidlərin ölkəyə sızmasına yol verilməyəcəyinə, qanunsuz silahlı təşkilatların ləğv ediləcəyinə dair qəti bəyanat verdi. Əlbəttə, bu o demək deyildi ki, Pakistan kəşmirlilərin azadlıq mübarizəsini daha dəstəkləməyəcək. Pakistan hər zaman Kəşmir mücahidlərinə mənəvi dəstək vemiş, Kəşmir xalqının qanuni haqlarını beynəlxalq forumlarda, təşkilatlarda hər zaman gündəmdə tutmuşdur.
Zaman-zaman Nəzarət Xətti hər iki tərəfin möhkəmləndirib müdafiə-istehkamları qurduğu postlar və müşahidə məntəqələri, əsgər kazarmaları tikdiyi, əsgərlərin bütün xətt boyu üz-üzə dayandığı uzun bir sahəyə çevrilirdi. Bəzən bir dərənin bir döşündəki Pakistan əsgəri digər döşdəki Hindistan əsgəri ilə o qədər yaxın məsafədədir ki, onlar səslənib bir-biri ilə danışa da bilirlər. Bu sətirlərin müəllifinin bir neçə dəfə hökumətin bölgəyə təşkil etdiyi səfərlərdə diplomatlar və beynəlxalq müşahidəçilərlə birlikdə hərbi helikopterlər, sonra isə xüsusi maşınlarla həmin ərazilərdəki postları görmək, əsgərlərlə danışmaq fürsəti olub.
Əlbəttə, Nəzarət Xətti daimi olmasa da, keçici sülhü təmin edir, lakin bu şəkildə ikiyə bölünən xalqın, qohum-əqrabanın təmasa ehtiyacı vardır. Minlərlə kəşmirli - istər müsəlman, istərsə hindus qarşıdurmalar nəticəsində həlak olub, milyonlarla insan öz yurd-yuvalarından dərbədər düşüb. Hindistanın təhlükəsizlik qüvvələri ilə Kəşmir azadlıq mücahidləri arasında illərlə davam edən toqquşmalar son illərdə müxtəlif xarici dini-radikal qüvvələri də bu bölgəyə cəlb edib, bununla da, onsuz da hər vaxt gərgin olan vəziyyət daha da ağırlaşıb.
1989-cu ildə Kəşmirdə güclənən xalq hərəkatı bu məsələyə daha həssas yanaşılmasını ortaya qoyub. Müqavimət hərəkatı daxilində də fikir, mövqe fərqliliyi daha qabarıq üzə çıxmağa, burada üç istiqamət müşahidə olunmağa başlayıb:

1. Hindistandan ayrılıb Pakistana birləşmək;
2. Müstəqillik əldə etmək;
3. Hindistan Kontitusiyasının 370-ci maddəsinə uyğun olaraq maksimum muxtariyyətə nail olmaq.

Hindistan belə hesab edir ki, Pakistanın dəstək verdiyi müxtəlif ekstremist dini qruplaşmalar Kəşmirdə vəziyyəti gərginləşdirir. Pakistanlıların fikrincə, Kəşmirdə vəziyyətin tənzimlənməməsinin əsas səbəbi Hindistanın 1950-ci il Konstitusiyasının 370-ci maddəsində Kəşmirin müəyyən edilmiş statusuna Hind hökuməti tərəfindən əməl edilməməsi və bu hüquqların zaman-zaman məhdudlaşdırılmasıdır. Münaqişələr üzrə analitiklərin bir çoxunun fikrincə, Hindistan hökumətinin buradakı iqtisadi, mədəni siyasətində, bütövlükdə idarəçilikdə bu yerlərin köklü xalqının - kəşmirlilərin mənafelərinin nəzərə alınmaması bu konfliktin Hindistan çərçivəsində həllini mümkünsüz edib.
2002-ci ildə tərəflər arasında silahlı toqquşmalar vəziyyəti xeyli gərginləşdirmişdi və gərgin vəziyyət 2003-cü ilin noyabrınadək davam etdi, hətta İslamabaddakı əksər səfirliklər əməkdaşlarının xeyli hissəsini ölkədən çıxarmış, ailələrini ölkələrinə göndərmişdilər. O zaman hər iki ölkənin rəhbərləri müdriklik göstərib tələsik addımlar atmadılar, çünki bu müharibə geri dönüşü olmayan fəlakətə yol aça bilərdi. 2003-cü ilin noyabrında prezident Pərviz Müşərrəfin təşəbbüsü ilə Nəzarət Xəttində atəşkəsin elan edilməsi Hindistan tərəfindən müsbət qarşılandı və münaqişənin uyğun həlli yolunda müzakirələr üçün yol açıldı. 2004-cü ilin yanvarında prezident Pərviz Müşərrəfin dəvəti ilə İslamabadda keçirilən və bu sətrilərin müəllifinin də dəvət olunduğu Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası (SAARC) təşkilatının 12-ci Sammitinə gələn Hindistan baş naziri Atal Behari Vacpayi ilə Pakistan prezidentinin görüşü Kəşmir məsələsi üzrə əhatəli müzakirə aparmaq üçün yol açdı. Pərviz Müşərrəf aşağıdakı dörd tədbirin həyata keçirilməsini təklif edirdi:

1. Cammu və Kəşmirin addım-addım hərbisizləşdirilməsi (demilitaization);
2. Özünüidarənin təmin olunması;
3. Sərhəd rejiminin yumşaldılması;
4. Cammu və Kəşmirin birgə idarəçiliyinin təmin edilməsi.
Qeyd edilməlidir ki, həmin vaxt Hindistan bu son təkliflərdən yalnız "Yumşaq sərhəd" məsələsinə müsbət yanaşdı və az sonra məhdud olsa da, hər iki Kəşmirin, yəni Hindistanın nəzarətindəki Cammu və Kəşmirin, Pakistanın nəzarətindəki Azad Kəşmirin paytaxtları Srinaqar və Müzəffərabad arasında avtobus xətti açıldı, bölgədə xalqın məhdud da olsa gediş-gəlişinə, təmasına imkan verildi. Lakin Kəşmir məsələsinin həllinə yönələn əsaslı addımlar atılmamış qaldı.
Qeyd edilməlidir ki, artıq uzun illərdir, İslam Əməkdaşlıq Təşkilatı (əvvəlki adı İslam Konfransı Təşkilatı) Fələstin məsələsi ilə yanaşı, Kəşmir məsələsini də müzakirələr gündəliyində saxlayır, əlaqə qrupu yaratmaqla bu problemin ədalətli həlli üçün yollar axtarır və Pakistanın Kəşmirlə bağlı mövqeyinə dəstək nümayiş etdirir. Təəssüf ki, 58 ölkənin üzv olduğu bu möhtərəm təşkilat İslam dünyasının bu ağrılı problemlərinin həlli istiqamətində hələ real bir müvəffəqiyyətə nail olmamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də dəfələrlə müzakirə mövzusu olsa da, bu təşkilatın Ermənistanın təcavüzünü ittiham edən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsini ehtiva edən qətnamələri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kimi kağız üzərində qalmaqdadır. Ölkəmiz Dağlıq Qarabağ məsələsində olduğu kimi, Kəşmir məsələsinin də BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsini uyğun hesab edir, bu məsələnin həllində gücün yox, beynəlxalq hüququn hakimiyyətini ardıcıl dəstəkləyir. Fikrimizcə, son həftələrdə daha da kəskinləşən Kəşmir məsələsinin beynəlxalq hüququn çərçivəsindən kənarda, güc yolu ilə həllinə cəhd edilməsi həm çox geniş bir regionda, həm də ümumiyyətlə dünyada sülh üçün ciddi təhlükə doğura bilər.

Mənbə: "525.az"