Azərbaycanın dünya mədəniyyəti tarixində iz qoyan böyük dühaları
UOT 1(09)
Aytək ZAKİRQIZI (MƏMMƏDOVA)
AMEA Fəlsəfə İnstitutu, aparıcı elmi işçi, fəl.f.d., dosent
Məqalədə Azərbaycanın həm Orta əsrlərdə, həm də müasir dövrdə yetişdirdiyi alimlərin, filosofların fəaliyyətləri haqqında məlumatlar işıqlandırılır. Orta əsrlərdə İslam aləmində elm, fəlsəfə, ədəbiyyat və incəsənət sahəsində böyük nailiyyətlər qazanılmışdı. Burada azərbaycan-lıların da misilsiz xidmətləri olmuşdur. Onların dini və dünyəvi elmlərə dair qələmə aldıqları qiymətli əsərlər bütün dövrlərdə aktualdır. Müasir dövrdə yaşayıb yaratmış mütəfəkkirlər elmi fəaliyyətlərilə yanaşı, ictimai-siyasi fəaliyyətləri ilə də tarixdə özünəməxsus yer tuturlar. Bu baxımdan Əbubəkr Əhməd Bərdici Bərdəi, Əbusəid Əhməd Bərdəi, Eynəlqüzat Miyanəci, Nizami Gəncəvi, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Əminəddin Təbrizi, Şihabəddin Xoylu, Əfzələddin Xunəci, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Azərbaycanın dünya mədəniyyəti tarixində iz qoyan böyük dühalarıdır. 2019-cu il həmin şəxsiyyətlərin doğum və anım tarixləri ilə əlamətdardır.
Məqsəd: 2019-cu ildə doğum və anım tarixləri olan Azərbaycanın on altı nəfər böyük dühasının yaradıcılığını araşdırmaq
Metodologiya: sistemli yanaşma, tarixilik metodu
Elmi yenilik: ilk dəfə olaraq Orta əsrlərdə, Yeni və müasir dövrlərdə yaşayıb fəaliyyət göstərmiş, 2019-cu ildə doğum və anım tarixləri olan on altı azərbaycanlının yaradıcılığından bəhs edilir
Açar sözlər: Azərbaycan, düha, mədəniyyət, tarix, fəlsəfə, elm
GİRİŞ
Müsəlman Şərqi ölkələrində elmin, fəlsəfi fikrin tərəqqisi əsasən İslam dininin mütərəqqi cəhətləri ilə əlaqədardır. Xilafətin erkən çağlarından dünyəvi elmlərə maraq yaransa da, Abbasi xəlifəsi Məmunun dövründə (813-833) elm və tərcümə sahəsində böyük uğurlar qazanılmışdı. İslam dininin müqəddəs kitabı Quran-i Kərim bütün müsəlmanların, xü¬susən Yaxın və Orta Şərq ölkələrində yaşayan xalqların ideologiyası üçün qiymətli mənbədir. Xilafətin fəthləri nəticəsində, ən əsası isə mütərəqqi cəhətlərinə görə İslam dini yayılırdı. Xəlifə Məmunun yaratdığı “Hikmət evi” adlı tərcümə məktəbinin nümayəndələri Hindistana, İrana, Konstantinopola və başqa yerlərə gedərək oradakı qiymətli kitabları toplayır və ərəb dilinə çevirirdilər.
Orta əsrlərdə İslam aləmində elm, fəlsəfə, ədəbiyyat və incəsənət sahəsində böyük nailiyyətlər qazanılmışdı. Bu dövrdə yaşayıb fəaliyyət göstərmiş alimlər, filosoflar dini və dünyəvi elmlərə dair qiymətli əsərlər qələmə almış, tarixdə özünəməxsus mövqe tutmuşlar.
ORTA ƏSRLƏRİN DAHİ FİLOSOFLARI VƏ MÜTƏFƏKKİRLƏRİ
IX əsrin böyük Azərbaycan mütəfəkkiri, fəqih alimi Əbubəkr Əhməd Harun oğlu Bərdici Bərdəinin (844-914) vaxtilə Kür çayı sahilində, Bərdənin on dörd fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü, Əhməd Bərdici irsinin ilk araşdırıcısı Zakir Məmmədov yazır ki, o, doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İraq, Suriya, Misir, Əlcəzair, Hicaz, İran və başqa ölkələrə səyahət etmiş, təhsilini artırmışdır. Ömrünün axırına – 914-cü ilin aprelinə qədər müxtəlif ölkələrlə bağlı olmuşdur. Müasir ərəb alimi Əbduh Əli Kuşək bu məsələyə toxunaraq yazır: “Bərdici yetmiş il ömür sürdü. Həmin müddətdə yorulmaq və darıxmaq bilmədi, bu gün Misirdə, sabah Şamda, sonra Hicazda oldu və i.a. O, ətirsaçan çiçək axtarıb ona doğru gedən arı mislindəydi, uzaqda olsaydı da onun şirəsini sorar, faydalı bala çevirərdi”. Əhməd Bərdicinin yaradıcılığı dini-ideologiyaya həsr olunmuşdur. Əbülhəsən Darəqütni (918-995) onu “Hədis (Peyğəmbərin sözləri və işləri ilə bağlı rəvayət) dayaqlarından biri” sayıb, “inanılmış”, “nüfuz sahibi” adlandırmışdır. Xətib Bağdadi (1002-1071) və Əbucəd Səmani (1113-1167) onun haqqında “fəzilətli”, “zəkalı” və “hafiz” sözlərini işlətmişdir. İbn İmad Hənbəli (... -1678) yazır ki, Əhməd Bərdici “axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi”. Başqa mənbələrdə isə o, “təkzibedilməz nüfuz sahibi”, “müsəlman hüququnu dərindən bilən” alim kimi təqdim edilir. O, nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş [1].
Əhməd Bərdicinin “Əshabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri” traktatı daha məşhurdur. “Nadir adların təbəqələri”ndə 426 nəfər Peyğəmbər əshabəsinin, ardıcıllarının, davamçılarının və hədis alimlərinin adları, onların mənsub olduqları yerlər göstərilir. Əhməd Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: “Mənim (araşdırdığım) nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshabələridir. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik” [1]. 2019-cu ildə Əbubəkr Əhməd Bərdəi Bərdicinin doğumunun 1175 illiyi, vəfatının 1105 illiyidir.
Azərbaycanın böyük hüquqşünas və ilahiyyatçı alimi Əbusəid Əhməd Bərdəi (...-929) Bərdə şəhərində doğulub böyümüş və ömrünün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir. Əbusəid Əhməd Bərdəi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov Xətib Bağdadiyə (1002-1071) istinadən yazır: “O, ziyarətçi kimi Bağdada gəlmiş, sonra orada yaşamışdır. ... Əbusəid (Bərdəi) illərlə Bağdadda qalıb dərs dedi”. İbn ən-Nədim (...-1047) Əbusəid Əhməd Bərdəidən söz açarkən onun kitabları olduğunu qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir sıra əsərlər qələmə almış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanına gedib-gəldiyini və ondan çox faydalandığını yazırlar [2, s. 7-8].
Əbusəid Bərdəi mənbələrdə Əbuhənifənin məzhəbinə (hənəfiliyə) mənsub fəqihlərdən və mütəzililərin təlimlərini izləyən mütəkəllimlərdən biri kimi göstərilir [2, s. 8]. Bu il Əbusəid Əhməd Bərdəinin doğumunun 1090 illiyidir.
Panteist fəlsəfənin banisi Eynəlqüzat Əbülməali Abdulla Miyanəci (1099-1131) əslən Cənubi Azərbaycanın Miyanə şəhərindəndir. Eynəlqüzat Miyanəci Həmədanda doğulub yaşadığına görə Həmədani kimi də məşhurdur. Eynəlqüzat Miyanəcinin fəlsəfi irsinin yeganə araşdırıcısı AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, o, baş qazi vəzifəsində dərin hörmət qazandığından “Eynəlqüzat” (Ayn al-qudat - Qazilərin gözü) fəxri adını almışdır. “Əbülməali” ləqəbı isə “Fəzilətlər atası” deməkdir [3, s. 123]. Eynəlqüzat Miyanəci 24 yaşına qədər yazdığı əsərlərdə daha çox ədəbiyyat, hədis, təfsir, müsəlman hüququ, kəlam, peripatetizm məsələlərinə diqqət yetirmişdir. Mütəfəkkir bundan sonra qələmə aldığı “Həqiqətlərin məğzi”, “Müqəddimələr” və “Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti yaxud müxtəsər “Qəribin şikayəti” kitablarında sufizmin panteist fəlsəfəsini işləyib hazırlamışdır [2, s. 21].
Eynəlqüzat Miyanəci 28-29 yaşlarında azadfikirliliyi ilə bağlı müsəlman qanunçuları - fəqihlər tərəfindən təqiblərə məruz qalır. Ayrı-ayrı yerlərdə onu kafir elan edir, ölümünə fitva verirlər. О, 1128-ci ildə həbs edilərək Bağdad zindanına göndərilir. Alim Bağdad zindanında yazdığı “Qəribin şikayəti” traktatında ağrılı-acılı günlərindən xəbər verir. Bir müddət qürbətdə saxladıqdan sonra Eynəlqüzat Miyanəcini Həmədana qaytarır və 1131-ci ildə may ayının 6-da otuz iki (hicri tarixi ilə otuz üç) yaşında dərs dediyi mədrəsədə edam edirlər [3, s. 124-125].
Zakir Məmmədovun fikrincə, sufizmin panteist fəlsəfəsi İbn Ərəbidən hələ yarım əsrdən əvvəl Azərbaycan filosofu Eynəlqüzat Miyanəcinin (1099-1131) əsərlərində dolğun şəkildə öz ifadəsini tapmışdır. Onun təlimində sufilərin panteist ideyaları və peripatetik filosofların təbii-elmi görüşləri məharətlə birləşdırilir. Eynəlqüzat Miyanəcı Allahı mövcudatın özündə, onunla eyniyyətdə bir başlanğıc saymaqla, buraya yalnız insani və İlahi başlanğıcları deyil, maddi və mənəvi olan hər şeyi daxil etmişdır.
Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteistdir. Filosofun təlimi Yaxın və Orta Şərq ölkələrində azadfikirliliyin və panteist ideyaların yayılmasına böyük təsir göstərmiş, fəlsəfə və ədəbiyyat tarixində silinməz iz buraxmışdır. Onun əsərləri zəminində İbn Ərəbi, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi və başqa görkəmli sufi-panteist mütəfəkkirlər yazıb yaratmışlar [2, s. 24]. 2019-cu ildə Eynəlqüzat Miyanəcinin doğumunun 920 illiyidir.
Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvi (1141-1209) bəşər mədəniyyəti xəzinəsinə parlaq töhfələr bəxş etmiş böyük sənətkardır. Zakir Məmmədov Nizami Gəncəvinin fəlsəfi düşüncələrini araşdırarkən “Xəmsə”dəki poemaların şahlara ithaf edilməsi məsələsindən bəhs etmişdir. İthaf - ərəb dilində töhfə, hədiyyə vermə deməkdir. Orta əsrlərdə yaradıcı ziyalılar elmi və bədii əsərlərini rəğbət bəslədikləri və ya böyük ehtiram göstərdikləri şəxslərə ithaf edirdilər. İthaf məqamındakı bu ciddilik, demək olar ki, bütün ali mənsəb sahibi alimlərə xasdır. Mənsəb, vəzifə sahibi olmayan, şahlara, xaqanlara əsərlər ithaf edən şairlərə gəldikdə isə onların vəziyyəti fərqlidir. Belə müəllifləri (əlbəttə, dahi sənətkarları) hər şeydən öncə əsərin taleyi düşündürmüşdür. Mədhiyyəçi saray şairləri yanında hökmdar rəğbətini qazanmadan ona töhfə verdiyi əsərin müəllifliyini qorumaq sənətkar üçün çox da asan deyildi. Bu məsələ böyük Nizamini də narahat etmişdir. Xalqa xidmət etməyi özünün ülvi məqsədi sayan şair söz xəzinəsinin qıfılsız, hamının üzünə açıq olduğunu söyləsə də, qonşu malını oğurlayan (başqasının əməyini mənimsəyən) bir ovuc tüfeylidən ehtiyat edir. O, ələ gətirdiyi sənət şəbçırağını (incisini) ehtiyacını ödəmək üçün şaha göndərmək məcburiyyətində olarkən saray şairlərinin talanına məruz qaldığını bildirir: “İlahi, sözqapanlar pusquda dayanıblar, bir hasar ver ki, sözümü görməsinlər”. Şairin bu “hasar” diləyi ithafın mühüm amili olub, hökmdar qayğıkeşliyinin iltiması məqsədini güdmüşdür. Hökmdarın şəninə təriflər söyləmək (buna öz fəzilətləri ilə layiq olsalar belə) ağızdan söz qapan saray şairlərindən qorunmaq zərurətindən irəli gəlirdi. Təsadüfi deyildir ki, “Xəmsə”dəki poemalar şahlara ithaf edildiyindən söz qapanların talanına məruz qalmamış, qorunmuşdur. Qeydkeşliyin olmaması ucbatından şairin Divanındakı şeirlərin çoxu itib-batmış, bəlkə də hansısa saray şairi tərəfindən mənimsənilmişdir.
Nizaminin varlığa dair baxışlarında Allah və mövcudat haqqında mühakimələr insan və cəmiyyət haqqında düşüncələrlə vəhdət təşkil edir. Mütəfəkkirin əsərlərində insan surəti peyğəmbər (Adəm, Məhəmməd, Xızır və b.), ədalətli şah, zəhmət adamı və ümumiyyətlə, xilqətin üstünlük verdiyi İnsan simasında nümayiş etdirilir. İnsan Məhəmməd surətində ən yüksək dərəcəyə qalxır: Merac zamanı mövcudatın son həddinə - ərşin fövqünə çatır, “iki cahanın halqası onun itaətkarı” olur [4, s. 520-521] Bu il dahi Nizaminin vəfatının 810 illiyidir.
Azərbaycanın görkəmli hüquqşünas alimi, sufi nəzəriyyəçisi, ictimai-siyasi xadimi Şihabəddin Əbuhəfs Ömər Sührəvərdi (1145-1234) 1145-ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur. Gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbünnəcib Sührəvərdi, Əbdülqadir Cili, Əbuzürə Müqəddəsi və başqalarından təhsil almışdır. Mənbələrdə deyildiyi kimi, Əbuhəfs Sührəvərdi fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələnmış, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazanmışdır [3, s. 112].
Əbuhəfs Sührəvərdi əmisi Əbünnəcib Sührəvərdinin Dəclə çayı sahilindəki ribatları nəzdində mədrəsədə müəllimlik etmiş, tədris işləri ilə ciddi məşğul olmuşdur. Mənbələrin verdiyi məlumata görə Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Əbuhəfs Sührəvərdi varid olduğu yerlərdə böyük ehtiram və təntənə ilə qarşılanarmış. Şihabəddin Əbuhəfs Ömər Sührəvərdi ömrünün son çağlarında kor olmuş, 1234-cü ildə sentyabrın sonlarında Bağdadda ölmüş və orada Vərdiyyə qəbiristanlığında dəfn edilmişdir [3, s. 113-114].
Əbuhəfs Sührəvərdinin sufi təlimi Əbuhamid Qəzalinin sufi təliminə çox yaxındır. Hər iki mütəfəkkirə görə təsəvvüf yolçusu hallar və məqamlar silsiləsində mistik özünükamilləşdirmədən sonra mütləq heçliyə varmaqla haqqa qovuşur. Əbuhamid Qəzali kimi Əbuhəfs Sührəvərdi də təsəvvüfdə panteist təsəvvürü inkar etmişdir. Mütəfəkkir iddia edirdi ki, Əbuyəzid Bistami “Sühhanəllah!” (“Allaha şükür!”) əvəzinə “Sübhani!” (“Mənə şükür!”) və Həllac “Ənə əl-Haqq” (“Mən haqqam”) deyərkən özlərini deyil, təkcə Allahı nəzərdə tutmuşlar [3, s. 121-122].
Şihabəddin Əbuhəfs Ömər Sührəvərdinin sufi təlimi onun övladları və ardıcılları tərəfindən inkişaf etdirilmiş, bütün müsəlman Şərqi ölkələrində nüfuz qazanmışdır. Sührəvərdiyyə sufi ordeni yalnız ərəb ölkələri, Kiçik Asiya, Azərbaycan, İran, Orta Asiyada deyil, habelə Hindistanda da geniş yayılmışdır, Əsrlərin ideya sınağından keçmiş bu təlim öz varlığını bir sıra ölkələrdə müasir dövrə qədər saxlamışdır [3, s. 122]. Bu il Şihabəddin Ömər Sührəvərdinin vəfatının 785 illiyidir.
İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) yaradıcılığında peripatetizmə, sufizmə və işraqiliyə aid əsərlər qələmə alınmışdır. Filosofun peripatetizmə dair əsərlərində məntiq, metafizika və təbiyyat məsələləri dərindən araşdırılmış və inkişaf etdirilmişdir. Şihabəddin Sührəvərdi işraqilik fəlsəfəsinin banisi kimi daha böyük şöhrət qazanmışdır. O, “İşıq heykəlləri” (“Həyakil ən-nur”), “İşraq fəlsəfəsi” (“Hikmət əl-işraq”), “İşığa dair traktat” (“Risale-yi pərtovname”) və başqa əsərlərində yeni bir təlimin əsaslarını işləyib hazırlamışdır [5, s. 4-5].
“İşıq heykəlləri” traktatı işraqi ədəbiyyatda “İşraq fəlsəfəsi” kitabından sonra məşhurdur. Bu traktatda ontoloji və qnoseoloji məsələlərin şərhində Şərq peripatetizminin güclü təsiri duyulsa da, həmin əsər bütövlükdə işraqilik fəlsəfəsini ifadə edir [6, s. 11].
İşraqilik təliminə görə işıqlardan və onun kölgələrindən təşəkkül tapmış bütün mövcudatın zirvəsində İşıqlar işığı durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Azərbaycanda filosofun fəlsəfi irsinin yeganə tədqiqatçısı olmuş Zakir Məmmədov göstərmişdir: “İşraqiliyin ontologiyasında İşıqlar işığından başlamış son mücərrəd işığa qədər hər bir ali işığın aşağı işıq üzərində qəhri, aşağı işığın isə ona eşqi, şövqü və məhəbbəti vardır. Bu baxımdan bütün mücərrəd işıqlar üzərində İşıqlar işığının hökmranlığı mütləqdir. Şihabəddin Sührəvərdi qeyd edir ki, ən yaxın işığın özünə olan məhəbbəti İşıqlar işığına olan məhəbbətə tabe edilmişdir. Bu münasibət eyni zamanda hər bir ali işıq ilə hər bir aşağı işıq arasındakı münasibətə şamildir” [7].
İşraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv mərhələləri qəbul edilir. İşraqilik fəlsəfəsinin qnoseologiyası peripatetizmdə olduğundan əsaslı şəkildə fərqlidir. Aristotel¬çilər – Farabi, İbn Sina, Bəhmənyar və başqaları idrakda hissi və əqli mərhələləri qəbul etdikləri halda, işraqi filosoflar üstəlik intuisiya mərhələsini də bu sıraya əlavə edirdilər [7].
Şihabəddin Sührəvərdi azadfikirlilik meyillərinə, yüksək fəlsəfi ideyalarına görə müsəlman Şərqi ölkələrində, habelə Əndəlüsdə tanınmış, böyük şöhrət tapmışdır [7]. 2019-cu ildə Şihabəddin Yəhya Sührəvərdinin doğumunun 865 illiyidir.
Şafiilik sünni hüquq məktəblərinin görkəmli nümayəndələrindən olan Əminəddın Müzəffər Təbrizi Varani (1163-1224) hüquqşünas alim, ilahiyyatçı və filosofdur. O, Mosulda, Bağdadda təhsil almış, bir müddət Nizamiyyə mədrəsəsində işləmişdir. Azərbaycan alimi sonra Misirə getmiş, Nasiriyyə mədrəsəsində dərs demiş, oradan qayıdıb Şirazda vəfat etmişdir. Əminəddin Təbrizi üç cilddən ibarət “İncilər boyunbağısı”, iki cilddən ibarət “Məsələlərin səlisi” kimi əsərlər yazmışdır. Mütəfəkkir müsəlman Şərqi ölkələrində Əbuishaq Şirazi Firuzabadidən sonra ən böyük hüquqşünas ilahiyyatçılar olan Əbuhamid Məhəmməd Qəzalinin “Yığcam” (“Vəciz”) traktatını xülasə və Fəxrəddin Razinin müsəlman hüququnun əsaslarına aid “Məhsul” traktatını ixtisar etmişdir. Onlardan birincisi “Xülasə” (“əl-Müxtəsər”), ikincisi “Təhsisat” (“ət-Tənqihat”) adlanır [2, 31-32]. 2019-cu ildə Əminəddin Təbrizinin vəfatının 795 illiyidir.
Müsəlman Şərqi ölkələrində dilçi, hüquqşünas alim, ilahiyyatçı, filosof və təbib kimi tanınan Şəmsəddin Əhməd Xəlil oğlu Xoylunun (1187-1240) oğlu Şihabəddin Məhəmməd Xoylu (1229-1294) 1229-cu ilin avqust ayında Dəməşqdə anadan olmuşdur. On bir yaşında ikən atası ölən Şihabəddin Məhəmməd zəhmətə qatlaşmış, öz istedadı və çalışqanlığı sayəsində elmi biliklərə dərindən yiyələnə bilmişdir. O, Adiliyyə mədrəsəsində təhsil almış, habelə Ömər ibn Kərəm, Əbuhəfs Sührəvərdi və başqalarının mühazirələrini dinləmişdir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, Şihabəddin Xoylu böyük alim kimı tanındığı bir vaxtda - 1258-ci ildə Qüdsün, sonralar isə Hələbin və Misirin qazisi olmuş, eyni zamanda müəllimlik etmişdir. Azərbaycan mütəfəkkiri axırda Dəməşqə qayıdaraq orada da qazi vəzifəsini tutmaqla bərabər, tədris işlərində fəal xidmət göstərmiş, Adiliyyə, Qəzaliyyə və Dimağiyyə mədrəsələrində dərs demişdir. Şihabəddin Xoylu 19 avqust 1294-cü ildə vəfat etmiş, atasının yanında dəfn olunmuşdur. Şihabəddin Xoylu iyirmi fənni əhatə edən böyük bir kitabın, eləcə də “Təlimlərin sahələri”, “Cəbr və müqabil”, “Kosmoqrafiya”, “Vərəsəlik hüququ”, “Əruz” kimi müxtəlif mövzulu əsərlərin müəllifidir [3, s. 192-193]. Bu il Şihabəddin Xoylunun doğumunun 790 illiyi, vəfatının 725 illiyidir.
Böyük filosof, təbib, məntiqçi və hüquqşünas alim Əfzələddin Məhəmməd Xunəci (1194-1248) 1194-cü ilin 24 aprel – 23 may günlərindən birində Azərbaycanın Xunəc şəhərində dünyaya göz açmışdır. XIII əsrin iyirminci illərində bu şəhərdə olmuş ərəb coğrafiyaşünası, səyyah Yaqut Həməvi bu şəhərin Marağa ilə Zəncan arasında yerləşdiyini və kağız istehsalına görə eyni zamanda Kağəzkonan adlandığını xəbər verir. Əfzələddin Xunəci ziyalı ailəsində böyüyüb boya-başa çatmış, fəlsəfi fənləri dərindən öyrənmişdir. Mürəkkəb ictimai-siyasi vəziyyət üzündən bir çox başqa ziyalı həmvətənləri kimi doğma yurdundan didərgin düşmək məcburiyyətində qalmış filosof ölkələr gəzmiş, nəhayət Misirdə yaşamışdır.
Əfzələddin Xunəci irsinin yeganə araşdırıcısı Zakir Məmmədov qeyd etmişdir ki, o, Qahirədə Səlahiyyə mədrəsəsində və digər tədris müəssisələrində müxtəlif fənlərdən, xüsusən fəlsəfə və təbabətdən mühazirələr oxumuşdur. Misirin baş qazisi vəzifəsini tutmuş mütəfəkkir dini-hüquqi məsələlər üzrə fitvalar vermiş, disput məclisləri təşkil etmişdir.
Əfzələddin Xunəci idrakın hissi və əqli mərhələlərini qəbul etmiş, onları vəhdətdə gotürmüşdür. Farabi, İbn Sina, Bəhmənyar və başqa görkəmli Şərq peripatetikləri kimi, Əfzə-ləddin Xunəci də özünün idrak nəzəriyyəsi və məntiqində təfəkkür formalarını - anlayış, hökm və istidlalı quruluş, struktur cəhətdən araşdırmaqla bərabər, onların daşıdığı məna və məzmuna da böyük əhəmiyyət vermişdir. Bu baxımdan onun fəlsəfi və məntiqi görüşləri sxolastikaya qarşı yönəlmiş, müsəlman Şərqi ölkələrində Orta əsrlərdə elmi-fəlsəfi fikrin inkişafında mühüm rol oynamışdır.
Əfzələddin Xunəci 54 bahar ömür sürdü, xəzan yerini qışa tərk edən gün – 22 dekabr 1248-ci (5 ramazan 646-cı) ildə dünyadan köçdü [8]. 2018-ci ildə Əfzələddin Xunəcinin vəfatının 770 illiyi olmuşdur. 1919-cu il Əfzələddin Xunəcinin doğumunun 825 illiyidir.
Elmin müxtəlif sahələrinə dair qiymətli əsərləri ilə elm və mədəniyyət tarixində özünəməxsus mövqe qazanmış Nəsirəddin Məhəmməd Tusi Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda təvəllüd tapdığı üçün Tusi (ət-Tusi) nisbəsi ilə tanınmışdır. Mütəfəkkirin doğum tarixinə gəldikdə, bu barədə müxtəlif məlumatlar mövcuddur. Lakin mənbələr əsasında bu qənaətə gəlmək mümkündür ki, Nəsirəddin Tusi şənbə günü 17 fevral 1201-ci ildə anadan olmuşdur.
Nəsirəddin Tusinin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələ hər zaman aktualdır. Nəsirəddin Tusinin şagirdi və davamçısı İbn əl-Füvətinin (1244-1326) göstərdiyi bir fakt onun milli mənsubiyyətinin türk mənşəli olmasının sübutu üçün xüsusi əhəmiyyət daşıyır. 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşmüş, 1261-ci (659) ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında yaşamışdır. İbn əl-Füvəti yazmışdır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə bir tapşırıq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Azərbaycan alimi Nəsirəddin Tusinin öz həmvətənlərinə olan dərin məhəbbət hissini ifadə edir. Bununla da Nəsirəddin Tusinin şagirdi İbn əl-Füvətinin yazdığı fakt filosofun milli mənsubiyyətinin türk olmasına parlaq misaldır. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşımaqla yanaşı, bəşər elm və fəlsəfəsi tarixində əzəmətli yer tutmuşdur.
Türkiyənin görkəmli alimi Hilmi Ziya Ülkən Azərbaycan filosofunun “Nasir etikası” (“Əxlaqi Nasiri”) əsərində Aristotelin “Nikomaxın etikası” ilə Qəzalinin təsəvvüfün əxlaq görüşünü uzlaşdırmağa çalışdığını bildirərək, “İslam aləmində ilk dəfə sistemli əxlaq kitabı” yazdığını qeyd etmişdir. Nəsirəddin Tusinin dünyagörüşü – fəlsəfəsi və etik, ictimai-siyasi görüşləri öz dəyərinə görə bütün dövrlərdə aktuallıq kəsb etmişdir. Mütəfəkkir Şərq peripatetizmi xəttini əsas tutaraq öz sələflərinin ideyalarını yaradıcı surətdə davam etdirmişdir.
Ensiklopedik alim İbn Sinanın “İşarələr və qeydlər” kitabı müxtəlif dövrlərdə filosof və mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Şərhçilərin bu kitaba münasibəti müəyyən mənada onların fəlsəfə tarixində tutduqları mövqeyi ifadə edirdi. Mütəkəllimlər (sxolastlar) bu qiymətli əsəri əsas etibarilə təkzib etməyə çalışır, peripatetik filosoflar isə elmi fəlsəfə tərəfində durur, mütərəqqi fikirlərin təhrifinə yol vermirdilər. Mütəkəllim Fəxrəddin Razinin və filosof Nəsirəddin Tusinin şərhləri bu ideya mübarizəsinin aparıcı istiqamətlərini təmsil edirdi. Maraqlıdır ki, Fəxrəddin Razi bu şərhi Nəsirəddin Tusinin anadan olduğu ayda və ildə, yəni fevral 1201-ci ildə qələmə almışdır.
Nəsirəddin Tusi 25 iyun 1274-cü (18 zülhiccə 672) ildə Bağdadda vəfat etmişdir. Öz vəsiyyətinə görə o, Musa Kazım əleyhissəlamın türbəsində, İraqda Bağdad yaxınlığında yerləşən müqəddəs şəhər Kazımeyndə dəfn edilmişdir. Bu yerdə on iki imamdan yeddincisi və doqquzuncusu Musa ibn Cəfər əl-Kazım və onun nəvəsi Məhəmməd dəfn olunduğu üçün Kazımeyn (İki Kazım) adlanmışdır. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə 17 fevral 1201-ci ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).
Mütəfəkkirin anadan olmasının 800 illik yubileyinin 2001-ci ildə keçirilməsi ilə əlaqədar Azərbaycanın ümummilli lideri Heydər Əliyev Fərman (13 iyun 2000-ci il) vermişdi. Ensiklopedik alimin 2001-ci ildə doğumunun 800 illik yubileyi YUNESKO qərarı ilə dünya miqyasında keçirilmişdir. 2019-cu ildə Nəsirəddin Tusinin vəfatının 745 illiyidir.
Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsimi (1369-1417) din, fəlsəfə və onların tarixini dərindən bilmiş, elmlərə möhkəm yiyələndikdən sonra ədəbi fəaliyyətə başlamışdır. Ədibin yaradıcılığı sonralar bütövlükdə hürufizm ideologiyasına həsr edilmişdir. Zakir Məmmədov Nəsiminin fəlsəfi fikirlərini araşdırarkən şair mütəfəkkirin hürufizm əqidəsinə bağlılığını humanizm idealı ilə əlaqələndirərək yazmışdır:”Yadelli işğalçılar cəng-cidal meydanında zülm və zorakılıq yolu ilə insanları alçaldıb onlara ən zəif məxluq, ən müti kölə nəzəri ilə baxdıqları bir şəraitdə humanist şair insanı ülviləşdirir, ilahiləşdirirdi. O, insanı bütün maddi və mənəvi aləm səviyyəsində götürüb Allahla eyniləşdirirdi” [3, s. 257].
İmadəddin Nəsimi üç dildə - Azərbaycan (türk), fars və ərəb dillərində yazıb-yaratmışdır. Bu da onun əsərlərinin təkcə Azərbaycanda, türkdilli ölkələrdə deyil, bütün Yaxın və Orta Şərq ölkələrində sürətlə yayıla bilməsini təmin etmişdir. Mütəfəkkirin poeziyası həm siqlətli fikir tutumuna, həm də yüksək bədii dəyərinə, sənətkarlıq xüsusiyyətlərinə görə diqqəti cəlb edir. Onun ana dilində yazdığı şeirlər dil, üslub, bədiilik və məna dərinliyi baxımından bənzərsiz sənət inciləridir. Mütəfəkkirin yaradıcılığında dini, fəlsəfi, ümumiyyətlə, elmi traktatlara rast gəlinmir. О öz dünyagörüşünü, varlıq, idrak haqqında düşüncələrini, sosial-siyasi, etik-estetik baxışlarını poeziyanın müxtəlif janrlarında ustalıqla, еcazkar bədiiliklə ifadə etmişdir. İmadəddin Nəsimi öz ideyalarını peşəkar filosoflar kimi bitkin bir sistemdə, müəyyən ardıcıllıqla verməmişdir. Buna baxmayaraq, mütəfəkkir şair irəli sürdüyü müddəaların mündəricəsinə, panteist yönümünə görə sözün əsl mənasında filosofdur. Eynəlqüzat Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa bəlkə о qədər də ehtiyac duyulmurdu. Mövcud panteist fikirlərin bədii şəkildə qələmə alınıb tərənnüm edilməsi təbliğat üçün daha təsirli, beyinlərə hakim kəsilməsi üçün daha kəsərli idi. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, o, artıq Nəiminin əsərlərində işlənib hazırlanmışdı. Vəzifə həmin parlaq fikirləri yaradıcı və kütləvi şəkildə xalqa çatdırmaq, zehinləri işıqlandırmaq idi [3, s. 266].
2019-cu ildə İmadəddin Nəsiminin doğumunun 650 illiyidir. Azərbaycan şairinin doğumunun 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı (15 noyabr 2018-ci il) böyük tarixi, elmi-mədəni hadisədir.
Azərbaycanın görkəmli mütəfəkkiri Məhəmməd Füzuli (1494-1556) zəngin yaradıcılıq irsinə malik dahi şəxsiyyətlərdəndir. Füzulinin dünyagörüşü “Başlanğıcın və sonun idrakı barədə baxışın mənbəyi” (“Mətlə əl-etiqad fi mərifət əl-məbdə va-l-məad”) fəlsəfi əsəri ilə bərabər “Səhhət və Mərəz”, “Bəng və Badə”, “Rind və Zahid”, “Leyli və Məcnun” əsərlərində də işıqlandırılmışdır.
“Mətlə əl-etiqad” fəlsəfi kitabında yazılmışdır: “Mən əqidə sahiblərinin məsləkləri ilə tanış oldum. Bunlardan faydalı olanlarını seçəndə, zaman onların itib-batacağından qorxuya düşdü, onları qorumağı (məndən) dilədi. Mən də onları qorumaq üçün hər birinin iman bağçalarına qapıları (fəsilləri) olan dörd sütun (bölmə) üzərində bir bina qurdum və onu: “Başlanğıcın və sonun idrakı barədə baxışın mənbəyi” adlandırdım” [9, s. 9].
Füzuli müxtəlif problemlərin şərhi ilə əlaqədar olaraq Qərb filosoflarından Fales, Anaksaqor, Empedokl, Demokrit, Heraklit, Pifaqor, Sokrat, Platon, Aristotel, Prokl, Femisti, Şərq filosoflarından isə Farabi, Nəzzam, İbn Sina, Nəsirədin Tusi və başqalarının adını çəkib, fikirlərinə əsaslanmışdır. O, fəlsəfi və dini təlimlərin bu və ya digər məsələdə mövqeyini göstərərkən sofistlər, naturalistlər, dəhrilər, sabiilər, sufilər, işraqilər, mütəzililər, əşərilər və qeyriləri haqqında söz açmışdır [3, s. 283].
1956-cı ildə Füzulinin vəfatının 400 illiyi münasibətilə Azərbaycanda bir çox işlər görülmüşdü. Yubileylə əlaqədar “Məhəmməd Füzuli (elmi-tədqiqi məqalələr). Vəfatının 400 illiyi münasibətilə” (Bakı, 1958) kitabı çapdan çıxmışdır. Kitabda Mirzə İbrahimovun, Əbdüləzəl Dəmirçizadənin, Mirzəağa Quluzadənin, Qafar Kəndlinin və b. alimlərin məqalələrilə yanaşı, əlavələr bölməsində Seyid Əzim Şirvaninin, Fridun bəy Köçərlinin, Bəkir Çobanzadənin, Cəfər Cabbarlının, Abdulla Şaiqin məqalələri də vardır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi haqqında Fərmanı (16 mart 1994-cü il) ilə bağlı olaraq mütəfəkkir şairin yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd edildi. Bu il Məhəmməd Füzulinin doğumunun 525 illiyidir.
Orta əsrlərdə müsəlman Şərqi xalqlarında, eləcə də türklərdə elm, mədəniyyət və fəlsəfə yüksək səviyyədə olsa da, Yeni dövrdən başlayaraq bu proses tənəzzülə uğrayır.
Yeni və müasir dövrlərin görkəmli filosoflari, alimləri
Yeni dövrün böyük Azərbaycan filosofu Molla Rəcəbəli Təbrizi (...-1669) əslən Təbriz şəhərindən olub, ömrünün çoxunu isə, İsfahanda yaşamışdır. Rəcəbəli Təbrizi irsinin yeganə araşdırıcısı Zakir Məmmədovun fikrincə, filosof öz əsərlərində Aristotel, Əbunəsr Farabi, İbn Sina, Sədrəddin Konəvi, Mahmud Şəbüstəri, ümumiyyətlə, peripatetik və sufi mütəfəkkirlərin adlarını böуüк hörmətlə çəkmiş, onların fikirlərinə əsaslanmışdır. Elmi-fəlsəfi biliklərə möhkəm yiyələnmiş Rəcəbəli Təbrizi bir müddət İsfahanda Şeyx Lütfulla mədrəsəsində müəllim işləmişdir. İkinci Şah Abbas (1642-1666) Azərbaycan aliminə böyük hörmət bəsləmiş, İsfahan qalası divarının xaricində Şəmsabad adlanan yerdə ona bir mülk bağışlamışdı. Deyilənə görə şah ehtiram əlaməti olaraq оnun mənzilinə gəlib-gedərmiş. Ömrünün son çağlarında tədris işlərindən ayrılmış filosof yalnız elmi yaradıcılıqla məşğul olmuşdur [3, s. 300-301]. Rəcəbəli Təbrizinin qiymətli orijinal əsərləri və onun istedadlı, müdrik şagirdlərinin yaratdıqları zəngin irs XVII əsrdə müsəlman Şərqi ölkələrində elmi-fəlsəfi fikrin inkişafına və yayılmasına böyük təsir göstərmişdir [3, 309]. Bu il Rəcəbəli Təbrizinin vəfatının 350 illiyidir.
Yeni dövrdən etibarən müsəlman Şərqi ölkələrində elmin, mədəniyyətin və fəlsəfi fikrin tənəzzülə uğradığı bir zamanda Qərb ölkələrində elm, mədəniyyət və fəlsəfə sahələrində inkişaf özünü göstərir. Qərbin elmi yenilikləri isə Şərq, eləcə də Azərbaycan mədəniyyətinə təsir etməyə başlayır.
Görkəmli alim, yazıçı və şair Abbasqulu ağa Bakıxanov Qüdsi (1794-1847) fəaliyyətilə Azərbaycan mədəniyyəti tarixində əzəmətli yer tutur. Onun “Qüdsün bağları” (“Riyad əl-Qüds”), “Qısa qrammatika” (“Qanuni-Qüdsi”), “Qəribəliklərin kəşfi” (“Kəşf əl-qəraib”), “Əxlaqın islahı” (“Təhzib əl-əxlaq”), “Tərəzinin mahiyyəti” (“Ayn əl-mizan”), “Gülüstani-İrəm”, “Kainatın sirləri” (“Əsrar əl-mələkut”) və b. əsərləri elmi dəyərilə bütün dövrlərdə aktualdır. Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mühüm yer tutan məntiqə dair “Tərəzinin mahiyyəti” kitabının yazılması ilə əlaqədar o bildirmişdir: “Tərəzi” kitablarının uzunçuluğu Allahsızlığa bais, müxtəsərliyi isə təhsil sahibləri üçün faydasız olduğunu gördükdə onlardan Əmsar kəndində həqiqət və sirrlərə bələd bəzi xeyirxahlar məclisində 1251-ci hicri ilində [ifrat] müxtəsərlikdən, eləcə də [yersiz] təfsilatdan xali olan bir xülasə seçib hazırladım; onu müqəddimə, iki fəsil və nəticədən [ibarət] tərtib etdim, mərhəmətli ağaya təvəkkül edərək “Tərəzinin mahiyyəti” adlandırdım” [10].
Zakir Məmmədovun qeyd etdiyi kimi, Abbasqulu ağa Bakıxanovun dünyagörüşünün formalaşmasında daha çox Şərq mütəfəkkirlərinin təsiri duyulur. Onun Əbülməcid Sənai, Cəlaləddin Rumi, Sədi Şirazi, Baba Əfzəl Kaşani, Hafiz Şirazi, Mir Əbülqasim Findərəski və başqalarına dönə-dönə müraciət etməsi buna əyani sübutdur. Abbasqulu ağa Bakıxanovun dünyagörüşü İslam dininə uyğunlaşdırılmış şəkildə klassik fəlsəfəyə əsaslanır [3, s. 321].
Filosof insanın vücudunun ruh və cisim üzərində qurulduğunu bildirərkən bunun izahını belə vermişdir: “Bunların birindən ağıl, o birindən nəfs doğur. Hər kəs nəfsin cürbəcür yaramaz hərəkət və günahdan ibarət olan istəklərindən saqınaraq ağılla maarifin zövqündən qida və qüvvət verərsə, özünü “biz insanı gözəl surətdə xəlq etdik” – dərəcəsinə çatdıraraq Allahın sifətlərini özündə əks etdirər və tükənməz feyzə yetişər” [11, s. 62].
Professor Məmmədağa Sultanov Abbasqulu ağa Bakıxanovun insan haqqında düşüncələrindən bəhs edərkən yazmışdır: “A.Bakıxanov insan şüurunun qüdrətinə böyük qiymət verərək “Hikmətin fəziləti” adlı mənzum hekayəsində çox maraqlı bir lövhə yaradır. Burada dünyada ən xeyirli şeyin hünər və qabiliyyət olduğunu, ən yaxşı şeyin xeyirxahlıq olduğunu və ən lazımlı şeyin həqiqət olduğunu aydın boyalarla təsvir edir” [11, s. 14]. 2019-cu ildə Abbasqulu ağa Bakıxanovun doğumunun 225 illiyidir.
Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə (1864-1940) həm Azərbaycanın, həm də Türkiyənin ictimai-siyasi həyatında özünəməxsus mühüm yer tutmuş dahi şəxsiyyətdir. Türk dünyasında Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq” ideyası Şərq və Qərb dəyərlərinin mükəmməl sintezini təqdim edən düstur kimi tarixi aktuallığını və əbədiliyini təmin etmişdir.
Türkiyəli alim Hilmi Ziya Ülkən “Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq” düsturunun ilk dəfə hələ türkçülüyün oyanmadığı, bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Əli Suavi (1839-1878) tərəfindən irəli sürülüb və müdafiə edildiyini yazmışdır. İkinci dəfə Əli bəy Hüseynzadə tərəfindən bu düsturun təklif edilməsi tam zamanında idi. Azərbaycan mütəfəkkirinin təsiri ilə Türkiyənin görkəmli ictimai xadimi Ziya Gökalp (1876-1924) Türkçülük cərəyanına daxil olmuş, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” fikri ilə “Turan” ideyasını ondan mənimsəmişdir [12, s. 269].
Azərbaycanın bütövlüyü ideyasının səciyyələndirilməsində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə (1884-1955) bayraqda da “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunun ifadə edildiyini göstərmişdir: “Rus istibdadı pəncəsindən dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsrin məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da “türkləşmək, islamlaşmaq, müasirləşmək” məfhumlarında tapdı: bayrağı mavi, yaşıl və al (mavi, al və yaşıl) rəngli qumaşlardan düzəldildi” [13, s. 8].
Mirzə Bala Məmmədzadə Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunun Ziya Gökalpa təsir etdiyini, onun vasitəsilə bu düsturun Məhəmməd Əmin Rəsulzadə tərəfindən də qəbul edildiyini bildirərək yazmışdır ki, Əli bəy Hüseynzadə İstanbuldan Bakıda qayıtdıqdan sonra ortaya atdığı və üç cərəyanı əhatə edən “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturu İstanbulda Ziya Gökalp tərəfindən əsaslı bir surətdə işlədilməyə başlamışdı [13, s. 8].
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni Ziya Gökalp və Yusif Akçura ilə müqayisə edərək yazmışdır ki, Gökalp qədər məhsuldar və hadisələrin axışına fikirlərini uydurmuş, nə də Akçura kimi iynəli zəkalıydı. Çəkingən mizacı və təbiiliyinə görə kütlə üzərində deyil, mütəfəkkirlər üzərində təsirliydi.
Əli bəy Hüseynzadə elmi-mədəni və ictimai fəaliyyəti ilə türk dünyasında əzəmətli mövqe qazanmışdır. Bu il Əli bəy Hüseynzadənin doğumunun 155 illiyidir.
Dahi mütəfəkkir Əhməd bəy Ağaoğlu (1869-1939) da həm Azərbaycanın, həm də Türkiyənin siyasi və elmi həyatında özünəməxsus fəaliyyət göstərmiş şəxsiyyətdir. 1902-ci ildə Əhməd bəy Ağaoğlunun təklifi ilə bakılı milyoner Hacı Zeynalabdin Tağıyev çar Rusiyasından türkcə bir qəzet çıxarmaq icazəsi almaq istəmiş, lakin buna müvəffəq olmamışdı. Hilmi Ziya Ülkən Əhməd bəy Ağaoğlunun fəaliyyətindən bəhs edərkən qəzetin çapı üçün icazənin yalnız 1905-ci il inqilabından sonra mümkün olduğunu bildirmişdir: “Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı türk qəzetçiliyi yenidən canlandı və özünün də qatıldığı “Həyat” adlı qəzet quruldu. Bu təşəbbüslə Azərbaycan oyanış hərəkəti ikinci dövrünə keçirdi. Bu dövrün başlıca simaları Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov idi. Əhməd bəy bir il “Həyat”da çalışdıqdan sonra özü “İrşad”ı çıxardı. Bundan sonra Bakı zənginlərindən Murtuza Muxtarın yardımı ilə “Tərəqqi”ni qurdu. Eyni zamanda Əhməd bəy Ağaoğlu “Difai” adında siyasi bir cəmiyyət yaradaraq türk xalqının hüququnu müdafiə etməyə başladı. Bu illərdə yenə Tiflisdə Hüseynzadə ilə “Füyuzat”ı çap etdirdi” [12, s. 409].
Əhməd bəy Ağaoğlu doğulduğu Şuşa şəhərinə çox bağlı olmuş, 1892-ci ildə Londonda iştirak etdiyi “Şərqşünaslar Konqresi” haqqında təəssüratlarında Londonun Hayd Parkını gəzərkən Şuşa şəhərinin yadına düşdüyünü ifadə etmişdi [14, s. 316], həmçinin Maltada iki ilə yaxın sürgündə olarkən ailəsinə yaz¬dığı məktublarda da bu özünü göstərir. Əhməd bəy Ağaoğlu məktublarında Qarabağı, Şuşa qalasını, Daşaltını, Dəlikdaşı və başqa məkanları yada salmışdır [15, s. 164].
1918-ci ildə dahi şəxsiyyət müstəqil Azərbaycanın yardımına yetişən Türk ordusu komandanı yanında müşavir kimi gəlmişdir. Əhməd bəy Ağaoğlu Ankara Universitetinin Hüquq Fakültəsinə əsas hüquq professoru təyin edilmiş, 1931-ci ilə qədər bu vəzifədə çalışmışdır. O, 1933-cü ildə bir neçə ay müddətinə çap olunan “Akın” qəzetini çap etdirmiş, qəzet bağlandıqdan sonra müəllimlikdən ayrılmış, məqalələr çap etdirərək fəaliyyətini davam etdirmişdir [12, s. 409].
2019-cu ildə Əhməd bəy Ağaoğlunun doğumunun 150 illiyidir. 10 aprel 2019-cu ildə mütəfəkkirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı onun irsinə verilən böyük töhfədir.
NƏTİCƏ
Qədim və Orta əsrlərə aid tarixi mənbələrdə Azərbaycan zəngin təbii sərvətlərinə görə tanınmışdır. Bu torpağın yetirdiyi şəxsiyyətlər fəaliyyətləri ilə yalnız öz ölkələrində deyil, başqa məmləkətlərdə də məşhurlaşmışlar. Orta əsrlərdə, Yeni və müasir dövrlərdə yaşayıb yaratmış Əbubəkr Əhməd Bərdici Bərdəi, Əbusəid Əhməd Bərdəi, Eynəlqüzat Miyanəci, Nizami Gəncəvi, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Əminəddin Təbrizi, Şihabəddin Xoylu, Əfzələddin Xunəci, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Azərbaycanın dünya mədəniyyəti tarixində iz qoyan böyük dühalarıdır. Beləliklə, illər, yüzilliklər keçsə də, onlar unudulmadı, 2019-cu il həmin şəxsiyyətlərin doğum və anım tarixləri ilə əlamətdardır.
İstifadə olunmuş ədəbiyyat
1. Məmmədov Z. IX əsr Azərbaycan mütəfəkkiri. “Azərbaycan gəncləri” qəzeti, 17 oktyabr 1991-ci il.
2. Məmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.
3. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
4. Məmmədov Z. Nizaminin fəlsəfi düşüncələri. Məmmədov Z. Seçilmiş əsərləri. Bakı, 2015.
5. Sührəvərdi Şihabəddin Yəhya. Filosofların görüşləri. Ərəb, Azərb. və rus dil. tərc. ed. Z. Məmmədov, T. Həsənov. Bakı, 1986.
6. Sührəvərdi Şihabəddin Yəhya. İşıq heykəlləri. Ərəb və Azərb. dil. tərc. ed: Z. Məmmədov. Bakı, 1989.
7. Məmmədov Z. Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü). Bakı, 2009.
8. Məmmədov Z. Bahar ovqatlı müəllim-filosof. “Azərbaycan müəllimi” qəzeti, 28.04.1998.
9. Füzuli. Mətlə əl-etiqad. Ərəb və azərb. tərc. ed. akademik Z. Bünyadov. Bakı, 1987.
10. Bakıxanov A.a. Tərəzinin mahiyyəti (məntiqə dair traktat). Ərəb dilindən tərcümə edən: Z. Məmmədov. ADU-nun Elmi əsərləri,1971, № 4.
11. Bakıxanov Qüdsi A. Seçilmiş əsərləri. Tərtib, fars dil. tərc., müqəddimə, qeyd və şərhlərin müəllifi M. Sultanovdur. Bakı, 1984.
12. Ülken Hilmi Ziya. Türkiyede Çağdaş Düşünce Tarihi. İstanbul, 1994.
13. Rəsulzadə M.Ə. Toplayanı, tərtib və transliterasiya edəni professor Ş.Hüseynov. Bakı, 1992.
14. Ağaoğlu Əhməd bəy. Seçilmiş əsərləri. Tərtib edənlər: Ə. Mirəhmədov,V.Quliyev. Bakı, 2007.
15. Ağaoğlu Samet. Babamın Arkadaşları. İstanbul, Nebioğlu Yayınevi.
Mənbə: