19.09.2019, 12:28 - Baxış sayı: 778

Yüksək keyfiyyətli təhsil yeni texnologiyaların tətbiqinə imkan yaradır


Günel Məlikli,
AMEA Fəlsəfə İnstitunun Heydər Əliyev irsi və azərbaycançılıq
fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru


Ölkə Prezident cənab İlham Əliyev təhsilin müasir dünyamızda insan inkişafının əsası olduğunu, təhsil sistemi sayəsində ölkənin yüksəkixtisaslı, ağıllı və fəal vətəndaşlar qazanılmasına xidmət edən dəyərli işlər görməkdədir. Yüksək keyfiyyətli təhsil yeni texnologiyaların istehsalata tətbiqinə imkan yaradır, bu da öz növbəsində əmək istehsalının yüksəlməsinə və ölkənin inkişaf tempinin sürətləndirilməsinə gətirib çıxarır. Təhsil eyni zamanda insanın həyatda qarşıya qoyduğu amallara çatmasına, onun rifahının yüksəlməsinə, peşə karyerasının irəliləməsinə, onun nüfuzunun artmasına imkan verir. Siyasətdə, mədəniyyət sahəsində karyera qurmağa və cəmiyyətə faydalı olmağa inam yaradır. Şəxsiyyətin və cəmiyyətin sosial sağlamlığı da bir çox amillərlə yanaşı, həm də insanın təhsil səviyyəsi ilə müəyyənləşir. Təhsil insana sosial həyata uğurla adaptasiya olunmağa imkan verir və onun yaxşılaşmasında əsas vasitəyə çevrilir.
Ümumiyyətlə, təhsil insanın elm və mədəniyyət aləminə daxil olmasının optimal və intensiv vasitələrindən biridir. Məhz təhsil prosesində insan mədəni dəyərləri qavramağa başlayır. Təhsilin məzmunu müxtəlif ölkələrin və xalqların mədəni irsindən, elmin daim inkişaf edən fərqli sahələrindən, həmçinin insanın həyat və təcrübəsindən fasiləsiz şəkildə bəhrələnərək zəginləşir. Bəşəriyyət bu gün təhsil sahəsində bütün səyləri birləşdirərək dünya və bütün planetin vətəndaşını tərbiyə etməyə çalışır. Dünya təhsil müstəvisi intensiv şəkildə inkişaf edir. Ona görə də dünya ictimaiyyəti harada və hansı ölkədə yaşamasından, aldığı təhsilin tipindən və səviyyəsindən asılı olmayaraq, insan təhsilinin qlobal strategiyasının işlənib hazırlanması tələbini ortaya qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günün gəncliyinə ünvanlanmış: “Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm” sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.
Gənclər üçün əsas istiqamət təhsildir. Müstəqillik əldə etdikdən sonra dövlətimizin inkişafına böyük qayğı göstərdiyi sahələrdən biri də təhsil və elm sahəsi olmuşdur.
Ümumiyyətlə, müasir dünyada dövlətlərin mövqeyinin əhalisinin sayı, ərazisi, hərbi qüdrəti yox, yalnız intellektual inkişafı, yəni elm və təhsilin səviyyəsi müəyyənləşdirdiyindən, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən Heydər Əliyevin strateji xəttini yaradıcı şəkildə davam etdirərək, Azərbaycanın qloballaşan dünyada layiq olduğu yerini möhkəmləndirmək üçün ölkənin iqtisadi potensialını intellektual kapitala çevirmək istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməkdədir.
Bu dövrdə əsasən aşağıda qeyd etdiyimiz məsələlər ön plana çəkilir: təhsil modelinin elmi tədqiqatlara daha da üstünlük verən yeni və səmərəli modellə əvəz edilməsi; kadrların ixtisas və peşə təhsilinin stimullaşdırılması; təhsil sahəsində qeydi-dövlət sisteminin formalaşdırılması; təhsilin dövlət tərəfindən himayəsinin daha da gücləndirilməsi.
Bu məqsədlə ölkəmizdə elmin inkişafına yüksək qayğı göstərən Prezident cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalaması dövlət gənclər siyasətinin daha da inkişafına səbəb olacaqdır. Proqrama gənclər siyasətinin səmərəli həyata keçməsinə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq və s. daxildir. Bütün bu tədbirlər təhsil sisteminin gücləndirilməsi, ölkədə elm potensialının artırılmasında böyük rol oynayır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Milli Məclisində Elm və Təhsil Komitəsinin hazırladığı “Elm haqqında” qanunun 2015-ci ildə qəbul olunması və AMEA-da müstəqillik dövrünün birinci nizamnaməsinin hazırlanıb təsdiq edilməsi, fəaliyyət mexanizmlərinin işə salınması ölkədə elmi yeni inkişaf müstəvisinə çıxarmağa geniş üfüqlər açır. Elm sahəsində baş vermiş bu yeniləşmə Prezident İlham Əliyevin elm siyasətinin mühüm nəticəsidir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdi: “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları vardır. Hər bir insan qarşısında eyni imkanlar, bərabər imkanlar yaradılır. О imkanlardan faydalanmaq üçün ilk növbədə gənclər bilikli, savadlı olmalıdır”.
Məni boya-başa çatdıran bir təhsil ocağında çalışmağım ən böyük uğurlarımdan biridir. Təyyarə uçuş meydanından güc toplayıb göylərə qalxdığı kimi, mən də isti ana qoynundan - doğma universitetimizdən pərvazlanmaq, gələcək arzularıma qovuşmaq istəyirəm.
Tələbə auditoriyasında keçirdiyim anlar mənim ən xoşbəxt anlarımdır. Tələbələrimin hər birində ilk növbədə böyük vətəndaş olmağı, Azərbaycan sevdalısı olmağı, universitetin dəyərlərini qorumağı, adını, şərəfini uca tutmağı görmək istəyirəm.
Çünki “Bakı Dövlət Universiteti Azərbaycanımızın milli sərvəti, dəyəridir. Biz həmişə qürurla deyirik ki, müasir Azərbaycanımızın memarı və qurucusu, ulu öndər Heydər Əliyev bizim doğma Bakı Dövlət Universitetinin yetirməsidir”. Hər bir məzunun yolunda işıq, nur olan ulu öndər Heydər Əliyevin ideyaları həm də xoşbəxt gələcəyimizin qarantıdır.
Müasir dövrdə dünya universitetləri arasında çox yüksək rəqabət mövcuddur. Tələbələr ən yaxşı ali məktəblərdə oxumaq, universitetlərdə istedadlı tələbə kontingentinə sahib olmaq, elmi tədris üzrə ən yüksək pillədə dayanmaq uğrunda rəqabət aparır.
Bakı Dövlət Universitetinin verdiyi müasir təhsil yaradıcı potensialı hərəkətə gətirməyə qabil, insanı düzgün həyata istiqamətləndirən, tərbiyə edən güclü impulsdur. Universitet təhsili cəmiyyətin mənəvi yenilənməsinə kömək edir, qloballaşmanın yeni tələblər irəli sürdüyü bir şəraitdə sosial-mədəni reformasiyanı stimullaşdırır.
Dünya təhsil sisteminə inteqrasiya etməkdə olan BDU-da hazırda ali təhsilin hər üç - bakalavriat, magistratura və doktorantura pillələrində kadr hazırlığı Avropanın ali təhsil məktəblərində çox geniş tətbiq edilən Baloniya sisteminə uyğun həyata keçirilir. Kadr hazırlığını təkmilləşdirmək və insan kapitalının formalaşdırılması indi qabaqcıl dünya dövlətləri üçün prioritet məsələ kimi gündəlikdə durur. Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycanın tərəqqi və rifahının davamlı olması üçün məhz təhsilimizin dünya bazarındakı rəqabət qabiliyyətliliyini artırmağı qarşıya bir vəzifə kimi qoymuşdur.
Azərbaycan dövləti hələ yeni formasiyaya keçid fazasını başa vurmamış cəmiyyətin inkişaf konsepsiyasını dəqiq müəyyənləşdirmiş, iqtisadi potensialını intellektual kapitala çevirmək məramı daşıyan 26 dövlət elm və təhsil proqramı qəbul edilmiş, müasir innovasiya texnologiyalarının respublikaya gətirilməsi prioritet elan edilmiş və hətta dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında kadr hazırlığı üçün ayrıca Dövlət Proqramı qəbul edilərək reallaşdırılmışdır. Bu siyasətin parlaq təzahürlərini dövlət başçısının Bakı Dövlət Universitetində təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yüksək ali təhsil almaq üçün müasir dünya standartları səviyyəsində şərait yaradılmasına göstərdiyi diqqət və qayğının nəticələrindən aydın görmək olar.
Bakı Dövlət Universiteti hər bir tələbənin, hər bir müəllimin çiyninə böyük məsuliyyət yükü qoyur: Universitetimizin şərəfli yubileyini qürurla, təntənə ilə qeyd etmək, böyük alimlərin, şəxsiyyətlərin adlarını minnətdarlıqla yad etmək, xatirələrini yaşatmaq bizim şərəfli borcumuzdur.
respublika.pdf [3,22 Mb] (Yüklənib: 5)