11.09.2019, 09:15 - Baxış sayı: 1 418

1953-1962 illərdə mənzil-kommunal tikintisi və təmiri (tarixi-sosioloji aspekt)


UOT 693

Aydın Əlizadə


Fəlsəfə üzrə elmlər doktoru, dosent. AMEA Fəlsəfə institutunun Sosiologoya şöbəsi, e-mail:alizadeh@mail.ru.

Xülasə: Təqdim edilən məqalədə tarixi-sosioloji aspektdə Azərbaycanda 1953-1962-ci illərdə Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən aparılan yaşayış və inzibati binaların tikintisi və əsaslı təmiri prosesi araşdırılmışdır. Burada tikintinin təşkili, maliyyələşməsi, idarə edilməsi, inşaat briqadalarının tərkibi haqqında arxivlərdən alınmış məlumatlar verilmişdir. Eləcə də o zaman əhalinin mənzillərlə təmin edilməsi qaydaları göstərilmişdir.
Tədqiqatda təsviri və analitik sosioloji araşdırma metodlarından istifadə edilmişdir. Elmi yeniliyi onun ilk dəfə aparılmasındadır. Araşdırmanın əsas nəticəsi ondan ibarətdir ki, o zaman aparılan tikinti-təmir işləri gələcək sosial və tarixi proseslərə əhəmiyyətli dərəcədə təsir etmişdir.
Açar sözlər: kommunal təsərrüfatı, memarlıq, tikinti, təmir, şəhərlərin abadlaşdırılması, sosiologiya.

Giriş

XX əsrin ortalarında Kommunal təsərrüfatı nazirliyi (bundan sonra KTN) o zaman Azərbaycanda gedən geniş miqyaslı inşaat işlərində iştirak etmiş, tabeliyində olan inzibati binaları, kommunal obyektləri tikmiş, öz sistemində çalışan işçilərin bir çoxunu mənzillərlə təmin etmişdir. Bu işlər Sovet iqtisadi sisteminin əsasını təşkil edən planlar üzrə icra edilmiş və buna böyük məbləğdə vəsait ayrılmışdır. Görülmüş işlərin nəticəsində Azərbaycanın şəhər və qəsəbələrində çoxlu sayda yaşayış binaları ucaldılmış, əhalinin mənzil problemləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Eyni zamanda, KTN-ə aid olan tikinti-təmir idarələri bir çox rayonlarda müxtəlif təyinatlı inzibati evləri, o cümlədən yerli İcraiyyə Komitələrinin (zamanımızda İcra Hakimiyyətləridir) binalarını da inşa edirdilər. Tikilmiş obyektlərin bəziləri memarlıq baxımından əhəmiyyətli olmuşdur və günümüzdə onlar respublikanın ən yaraşıqlı binalarının siyahısındadırlar. Eyni zamanda, KTN keçmişdə tikilmiş binaların tikinti-təmir işləri ilə də məşğul olmuş, Azərbaycanın yaşayış və inzibati fondunun qorunub saxlanmasını təmin etmişdir.

Tədqiqatda istifadə edilən materiallar və metodlar


Məqalə Azərbaycan Respublikası Dövlət (ARDA) və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər (ARPİİSSA) arxivlərində saxlanan sənədlərin əsasında yazılıb. Eyni zamanda elmi ədəbiyyatdan və dövri mətbuatdan da istifadə edilib. Təsviri və analitik tarixi-sosioloji metodlardan istifadə edilib. Tədqiqatın yeniliyi onun ilk dəfə aparılmasındadır.

Yaşayış və inzibati binaların tikintisi


1. Tikintinin təşkili və aparılması. 1953-1958-cu illər ərzində KTN respublikanın müxtəlif şəhərlərində çoxlu sayda yaşayış binalarının layihələrini təsdiq etmiş və tikinti işlərini aparmışdır. O zaman binalar əsasən Sovet dövrünün keçmiş illərinin monumental memarlıq üslubunda tikilirdi. Bu binaların xarici görkəmində müəyyən qədər bəzək elementlərindən də istifadə edilirdi, mənzillərdə otaqlar isə nisbətən geniş və hündür idi [4, s. 227]. Ancaq onlar baha başa gəldiyindən çoxlu sayda tikilmirdi və bu səbəbdən respublikada mənzil problemi həll edilmirdi.
Həmin illər ərzində Bakının mərkəzində də memarlıq baxımından zəngin olan bir neçə bina tikilmişdir. Bu cür binaların tikintisinə daha çox vəsait buraxılırdı və iş prosesinə ciddi nəzarət edilirdi. Bunun üçün KTN həmin binaların memarı, baş mühəndisi və başqa məsul şəxslərdən ibarət müəllif nəzarəti heyətini təyin edirdi. Bu heyət tikinti zamanı daimi olaraq görülən işlərin layihəyə uyğunluğunu yoxlayırdı. Məsələn, 1954-cü ildə Kommunal Təsərrüfatı naziri Abutalıb Abdullayevin əmri ilə memar M.A.Üseynov Hüsü Hacıyev 42 ünvanında yerləşən binanın müəllif nəzarəti heyətinə başçılıq etmişdir [13, s. 176]. 1956-cı ildə tikintisi başa çatmış həmin binada KTN-in bir çox işçisinə mənzil verilmişdir.
Həmin dövrdə həm də bünövrəsi və aparıcı konstruksiyaları möhkəm olan köhnə binaların üstünə əlavə mərtəbələr də tikirdilər. Öncə onları mütəxəssislər yoxlayıb onların tikilməsinin mümkünlüyü haqqında qərar verirdilər. KTN tərəfindən mərtəbələri əlavə edilmiş evlərin nümunəsi kimi Neftçilər (o zaman Stalin) prospekti 121 №-li binanı göstərmək olar. Həmin 3 mərtəbəli bina 1897-ci ildə tikilmişdir, 4-cü mərtəbənin tikintisi isə 1957-1958-ci illərdə aparılmışdır [12, s. 20]. Müstəqillik dövründə isə həmin bina əsaslı təmir edilmişdir.
Həmin əlavə edilmiş mərtəbədə KTN sistemində işləyən üç idarə rəisləri mənzil almışdı [12, s. 20]. Buna səbəb kimi onların ailə üzvlərinin çoxluğu və ev şəraitinin ağır olması göstərilmişdir. Ancaq Bakının ən görkəmli yerlərində yalnız müdirlərin ev alması onu göstərir ki, o zamankı Sovet rejimi şəraitində də, hamının bərabərliyi iddia edilsə belə, ictimai təbəqələşmə olmuş, vəzifəlilərin daha çox imtiyazları olmuşdur. Çünki çoxlu insanın mənzil şəraiti ağır olduğu halda həmin binada yalnız rəislər mənzil almışdırlar. Bununla belə, qeyd etmək lazımdır ki, nazirlik sistemində çalışan aşağı təbəqəli işçilərin də bir çoxu o zaman şəhərin kənarlarında pulsuz mənzillər ala bilmiş və bu proses gələcək illərdə də davam etdirilmişdir.

1959-cu ildən başlayaraq Azərbaycanda vətəndaşların mənzillərlə təmin edilməsi istiqamətində böyük miqyaslı layihələr həyata keçirilmişdir. Bu da ümumittifaq prosesinin tərkib hissəsi idi [2, s. 42-58]. O zaman şəhər və qəsəbələrdə nisbətən ucuz başa gələn çoxlu sayda “xruşovka” adlanan 4-6 mərtəbəli binalar tikilirdi. Bu binaların mənzil quruluşu rahatlıq baxımından o qədər də əlverişli olmasa və memarlıq baxımdan görkəmi sadə və bəzəksiz olsa da, onlar ölkədə mənzil probleminin həllində əhəmiyyətli rol oynamışdırlar. Bu səbəbdən yeni tipli binaların tikintisində memarların fəaliyyəti arxada qalmış, önə isə ümumi plan üzrə tikinti aparan inşaatçıların rolu artmışdır [5]. KTN də bu ümumittifaq layihəsində iştirak etmiş, yeni layihələr əsasında respublikanın müxtəlif şəhərlərində inşaat işləri aparmış və mənzil ehtiyacı olan öz işçilərinin böyük bir qismini ödənişsiz mənzillərlə təmin edə bilmişdir.
Cədvəl 1. KTN tərəfindən istismara verilən yaşayış sahəsinin illər üzrə ümumi göstəriciləri [7, s. 338]:
1953-1962 illərdə mənzil-kommunal tikintisi və təmiri (tarixi-sosioloji aspekt)Göründüyü kimi, tikinti işlərinin gedişi və surəti illər üzrə fərqlənirdi, bəzən planlar yerinə yetirilmişdir, bəzən isə obyektiv və subyektiv səbəblər üzündən geriləmələr olurdu. Məsələn, 1956-ci ildə nazirlik 4473 m2 həcmində yaşayış sahəsi təhvil verməli idi, ancaq 10 ay ərzində yalnız 2343 m2 (52%) verə bilmişdir [11, s. 2]. Bu məsələ KTN-in Kollegiyasında müzakirə edilmiş, vəziyyətin düzəldilməsi üçün ciddi tədbirlər görülmüş və ilin axırı üçün 4255 m2 yaşayış sahəsi istismara verilmişdir. Ancaq görülən tədbirlərə baxmayaraq, 1 yanvar 1960-cı ilə qədər tikintisi yarımçıq qalan binaların sayı çox olmuş və nazir onların siyahıya alınması üçün xüsusi qərar vermişdir [15, s. 312].
1960-1962-ci illər ərzində isə tikinti işləri daha da səmərəli aparılmış və yaxşı nəticələr əldə edilmişdir. O zaman tamamlanmış binaların sayı 184, istismara verilən ümumi yaşayış sahəsi isə 42052 m2 bərabər olmuşdur [28, s. 351]. Təkcə 1962-ci ildə ümumi sahəsi 14500 m2 olan 60 bina tikilmişdir. Bunun nəticəsində çoxlu sayda ailələr pulsuz mənzillərlə təmin olunmuşdurlar. Bu da o zaman sosial problemlərin həll olunması yolunda ən uğurlu addımlardan biri idi.
Yeni sadə binaların bir nümunəsi kimi Bakının Y. İbrahimli (o zaman Çiçerin) küçəsi ev 7 ünvanında yerləşən altı mərtəbəli iki bloklu binanı göstərmək olar. Onun 1452670 manatlıq layihəsi 1956-cı ildə “Azərdövlətlayihə” institutu tərəfindən hazırlanmışdır [18, s. 32]. 1960-cı ildə layihədə dəyişikliklər edilmiş, görüləcək işlərin həcmi artırılmış, ümumi dəyər 1662200 manat civarında təyin edilmişdir [16, s. 360]. Binanın tikintisi isə 1962-ci ildə tamamlanmışdır.
Həmin binada KTN sistemində çalışan 12 nəfər işçi mənzil almalı idi və onların kimlərdən ibarət olması təyin edilməli idi. Bu məsələyə nazirliyin 29 dekabr 1962 il tarixli Kollegiyasında baxılmışdır [25, s. 271-273]. Toplantıda çıxış edənlər qeyd etmişdirlər ki, evlər bölünərkən yaşayış sahəsinə həddindən artıq ehtiyacı olan, işdə özlərini müsbət cəhətdən göstərən işçilərin ərizəsini xüsusi ilə nəzərə almaq lazımdır. Kollegiyanın qərarı ilə, həmkarlar ittifaqının nümayəndələri yaşayış sahəsinə ehtiyacı olan işçilərin yaşayış şəraitini yerində yoxlamalı, sənədləşdirməli və növbəti Kollegiya toplantısına təqdim etməli idi. Həmin yoxlamanın nəticələri 10 yanvar 1963-cü il tarixli Kollegiyasının toplantısına çıxarılmış və nazirliyin sistemində işləyən bir neçə işçiyə mənzillərin verilməsi haqqında qərar qəbul edilmişdir [26, s. 57-59].
KTN tərəfindən tikilmiş daha bir bina Azadlıq (o zaman Lenin) prospekti ev № 114 ünvanında yerləşmişdir. Kollegiyanın 30 yanvar 1963 il tarixli qərarı ilə orada nazirliyin sistemində işləyən daha yeddi işçisi pulsuz mənzil ala bilmişdir [26, s. 151-152]. Onların bundan qabaq yaşadıqları mənzilləri isə mənzil ehtiyacı olan nazirliyin başqa işçilərinə verilmişdir. Həmin işçilərin mənzil şəraitinin yoxlanması yuxarıda göstərilən qayda ilə həyata keçirilmişdir. Beləliklə, nazirliyin daha bir neçə nəfər işçisi mənzil ala bilmişdir.
Eyni zamanda, KTN sistemində işləyənlərin bir qismi öz mənzil problemlərini həll edə bilsə də, hamının ehtiyaclarını ödəmək mümkün olmamışdır. Bunun da səbəbi nazirlik üçün ayrılan mənzil sayının məhdud olması idi. Buna görə bu mənzillərin alınması uğrunda güclü rəqabət gedirdi və narazılıqlar olurdu. Bəzi hallarda narazı qalanlar yuxarı təşkilatlara şikayət məktubları yazırdılar. Hətta bu narazılığı nazirə qarşı istifadə edənlər də olmuş, onun əleyhinə respublika rəhbərliyinə imzasız məktublar da yazılmışdırlar. Ancaq həmin məktublarda göstərilən məlumatlar öz əksini tapmamış iftira xarakterli olmuşdur. Bununla belə respublika rəhbərliyinə ünvanlandırılan başqa məktubların məzmunu təsdiq edilmişdir. Onlardan birinə görə yeni tikilən binalarda mənzil alan nazirliyin bir neçə idarə rəisi köhnə mənzillərini təhvil verməmiş və daha geniş sahə almaq üçün ailə üzvlərinin sayını çox göstərmişdir. Prokurorluq tərəfindən yoxlama aparılan zaman məktubda göstərilən qanun pozuntusu aşkar edilmiş və həmin şəxslər tutduqları vəzifələrindən azad edilib məsuliyyətə cəlb edilmişdirlər. Bundan sonra 20 avqust 1960-cı il tarixli Azərbaycan SSR KP MK bürosunun qərarı ilə KTN-də mənzillərin verilməsi ilə bağlı yoxlamalar aparılmış və nazir A. Abdullayevə tapşırılmışdır ki, bu sahəyə nəzarəti gücləndirsin [10, s. 11].
Beləliklə, mənzillərin alınması prosesində saxtakarlıq və dələduzluq halları da olmuşdur. Ancaq inşaat işlərinin miqyası, bir çox KTN işçilərinin mənzillərlə təmin olunması onu deməyə əsas verir ki, yuxarıda göstərilən nöqsanların olduğuna baxmayaraq bu sahədə işlər ümumiyyətlə uğurlu aparılmışdır.
2. “Xalq tikintisi”. 1958-ci ildə KTN-in təmir-mexaniki zavodunun mənzil şəraiti ağır olan fəhlə və qulluqçuları “xalq tikintisi” yolu ilə həmin zavodun binasını tikmək təklifini irəli sürmüşdürlər. Bu cür tikintilər o zaman Sovet İttifaqında aparılmışdır [3, s. 200]. Onun şərtlərinə görə, ev almaq istəyən müəssisə işçiləri işdən kənar vaxtlarda, bayram və istirahət günlərində gələcəkdə aldıqları evin tikintisində iştirak etməli idilər. Beləliklə, həmin bina tam ya da qismən gələcək sakinlərin əməyinin hesabına tikilirdi. Nazir A. Abdullayev zavod işçilərinin təşəbbüsünü müsbət qarşılamış və həmin ilin 9 dekabr tarixində KTN həmkarlar ittifaqlarının nümayəndələri ilə birlikdə Kollegiya toplantısını keçirmişdir [19, s. 139-143]. Nazirin sədrlik etdiyi həmin toplantıda Zahid Xəlilov (o zaman 7-ci Dağlıq) küçəsi 576 №-li məhəlləsi ev “L” ünvanında yerləşən binanın tikintisinə başlamaq qərarı verilmişdir. Həmin toplantıda zavodun həmkarlar ittifaqları tərəfindən təqdim edilmiş gələcək sakinlərin siyahısı da təsdiq edilmişdir. Onların hamısı ümumi rəhbərlik altında layihəyə və inşaat qaydalarına uyğun olaraq öz qüvvələri ilə bu binanı tikməli idilər, ən azı 300 saat tikintidə işləməli idilər.
Kollegiyada təsdiq edilən sənədə görə 58 nəfər işçi ailələri ilə birlikdə (ümumi say 89 nəfər) bu binada mənzil almalı idi, onların əksəriyyəti təmir-mexaniki zavodun işçiləri olmuşdur. Bir neçə nəfər isə nazirlik sistemində işləyən digər idarə və müəssisələrdən idilər.
Ancaq nazirliyin 19 dekabr 1961-ci il tarixli Kollegiyasının qərarı ilə bu siyahı bir qədər dəyişdirilmişdir [19, s. 66-67]. Çünki öncəki siyahıda olan bir neçə nəfər öz mənzillərindən hansısa səbəblər üçündən imtina etmiş, daha bir neçəsi isə tikinti işlərində iştirak etmədiklərinə görə siyahıdan çıxarılmışdır. Onların əvəzinə siyahıya başqa adamlar daxil edilmişdir.
Layihəyə görə mənzillər 1 və 2 və 3 otaqlı olmuşdur. Bir otaqlı mənzillərin yaşayış sahəsi 16-18 m2, iki otaqlıların 27-28 m2, üç otaqlıların isə 47 m2 idi. Ancaq 3 otaqlı mənzillərin çoxu 2 ailə arasında paylaşdırılmışdır. Ailə tərkibi az olanları həmin mənzillərin bir otağında, çox olanları isə 2 otağında yerləşdirirdilər. Beləliklə, təmir-mexaniki zavodun 17 çilingəri, 6 mühəndisi, 4 sürücüsü, 3 elektromontyoru, 3 mühasibi, 4 xarratı, 1 qaynaqçısı, 1 elektromexaniki, 1 makinaçı-katibi, eləcə də rəhbərlik və başqa peşə sahibləri bu binada mənzil almışdırlar. Mənzil alanların milli tərkibinə gəldikdə isə, onların 28 nəfəri azərbaycanlı, 13-ü rus, 9-u erməni, 5-i yəhudi, 2-si ukraynalı, 1-i gürcü idi.
“Xalq tikintisi” üsulu ilə tikilən həmin bina 1962-ci ildə istismara verilmiş, ancaq onun su kəməri, kanalizasiya və isitmə sistemlərində bəzi qüsurlar aşkar edilmişdir. Ona görə tikinti rəhbərlərinə tapşırılmışdır ki, onlar 5 günün ərzində təcili olaraq qüsurları aradan qaldırsan, eləmədikləri təqdirdə işdən qovulacaqdırlar [27, s. 218].
Mənzil sakinlərinin tikintidə iştirak etməsinə baxmayaraq, işlərin böyük qismini xüsusi inşaat briqadaları yerinə yetirmiş və gördüyü işlərin həcminə görə əmək haqqı almışdırlar. Məsələn, 1960-cı ilin dekabrında tikintidə 35 nəfərdən ibarət inşaat briqadası işləmişdir [6, s. 96]. Onlar usta və ixtisası olmayan fəhlələrdən ibarət olmuşdurlar. Ustalar bənna, suvaqçı, dülgər, krançı, mororist, şüşəçi, rəngsazlar idi. Bundan başqa, tikintidə asfalt işlərini görən fəhlələr də olmuşdur.
Usta və fəhlələrin milli tərkibinə gəldikdə isə 3 bənnadan ikisi, 6 suvaqçıdan ikisi, eləcə də 1 krançı, 1 şüşəçi azərbaycanlı olmuşdur. 6 dülgərin və 2 rəngsazın arasında isə azərbaycanlı olmamışdır. Beləliklə tikintidə işləyən 19 ustadan yalnız altısı azərbaycanlı idi. 9 nəfər ixtisası olmayan fəhlələrin isə hamısı azərbaycanlı idi. Bundan başqa yüksək ixtisas tələb etməyən asfalt salma işinə cəlb olunan altı nəfərin də hamısı azərbaycanlı idi. Başqa millətlərdən olan inşaatçılar isə ancaq ustalardan ibarət idilər, aralarında ixtisası olmayan fəhlə yox idi. Milliyəti erməni olan ustaların sayı doqquz (1 bənna, 3 suvaqçı, 5 dülgər), rusların isə dörd (1 suvaqçı, 1 dülgər, 2 rəngsaz) idi. Beləliklə, bu rəqəmlər onu göstərir ki, 1960-cı illərin əvvəllərində KTN sisteminin tikintilərində azərbaycanlılar daha çox ixtisas tələb etməyən işlərə qatılırdılar. İxtisası olan ustaların arasında onların sayı başqa millətlərin nümayəndələrinə nisbətən az idi. Bundan başqa, tikintidə işləyənlərin 33 nəfəri kişi, ikisi isə qadın olmuşdur. Həmin fəhləlik edən qadınlar azərbaycanlı idi.
Həmçinin qeyd etmək lazımdır ki, tikinti briqadalarına yerində rəhbərlik edən iş icraçıları və onbaşılar əsasən azərbaycanlılar idi [6, s. 120]. Bu da o vaxtın ümumi qaydasına uyğun idi. Belə ki, azərbaycanlılar rəhbər işçilərin arasında çoxluğu təşkil etsələr də, onların əksəriyyəti ixtisas tələb etməyən fəhlə işlərini görürdü. Ali və orta təhsilli mütəxəssislərin, mühəndislərin, mühasiblərin eləcə də ustaların çoxu isə başqa millətlərin nümayəndələri idilər.
3. İnzibati binaların tikintisi. Nazirliyin nəzdində olan inşaat idarələri həm də bəzi inzibati obyektlərin tikintisini də aparırdılar. 1962-ci ilə qədər bir çox şəhər və rayonlarda həmin obyektlər üzrə işlər başa çatmış və onlar istismara verilmişdir. Onların arasında Zərdabın, Ağstafanın, Masallının rayon İcraiyyə Komitələrinin binaları olmuşdur.
İnzibati binaların ən böyüyü və əzəmətlisi isə Gəncədə tikilmişdir. Onun 14 milyon 940 min manatlıq layihəsi 1954-cü ildə KTN tərəfindən təsdiq edilmişdir [8, s. 137]. Tikinti bir neçə il davam etmişdir və 1961-ci ildə tamamlanmışdır. Bu obyektin tikilməsinə xüsusi diqqət yetirilmiş və qaydalara uyğun aparılması üçün 1960-cı ildə nazir A. M. Abdullayev tərəfindən binanın memarı və layihənin baş mühəndisi daxil olmaqla müəllif nəzarəti heyəti təyin olunmuşdur [15, s. 214]. Bu heyət ayda bir neçə dəfə binanın tikintisinin gedişini yoxlayırdı. Günümüzdə həmin binada Gəncə şəhər icra hakimiyyəti yerləşir.
Bundan başqa, Beyləqan, Şabran, Ağcabədi, Goranboy, Lerik, Lənkəran, Şəki, Saatlı, Qazax Rayon İcraiyyə Komitələri binalarının layihələri hazırlanmış və nazir tərəfindən təsdiq edilmişdir.
4. Tikinti zamanı yaranan problemlər və onların həlli. Binaları vaxtında istismara verə bilməyən idarələrin məsələsi KTN-in Kollegiyalarına çıxarılırdı, orada həmin idarələrin müdirləri tikintidə yaranan problemlərin səbəbləri haqqında hesabat verirdilər. Bundan sonra onlar barəsində ümumi qərar qəbul edilirdi. Məsələn, 29 fevral 1960-ci il tarixli Kollegiya toplantısında bir neçə rayonların tikinti idarələrinin hesabatları dinlənilmişdir [21, s. 150-153]. Bəzi müdirlər tikinti işlərinin ləngiməsini tikinti materiallarının vaxtında çatdırılmaması ilə izah edirdilər. Bəziləri isə işi düzgün təşkil edə bilməmişdirlər. Kollegiyanın qərarı ilə bütün idarələrə işlərin bitirilməsi üçün konkret vaxt qoyulmuş və xəbərdarlıq edilmişdir ki, yenə ləngimələr olsa, onlara qarşı tədbirlər görüləcək. İdarə rəislərinin birinə isə Kollegiyanın qərarı ilə töhmət verilmişdir. Texniki təminat şöbəsinə isə tapşırılmışdır ki, tikinti materiallarını əldə edib obyektlərə çatdırılmasını təmin etsin.
Təyin edilmiş vaxt ərzində tikinti işlərini bitirməyən idarələr barəsində tədbirlər görülürdü, onların rəhbərliyi işdən azad edilirdi. Cinayət tərkibli əməl törətdikləri təqdirdə isə onların işləri prokurorluq orqanlarına ötürülürdü. Bununla belə, bəzən obyektiv və subyektiv səbəblər üzündən hətta ən sərt tədbirlər görüləndən sonra da işləri nizama salmaq olmurdu, obyektlər vaxtında istismara verilmirdi.
Bəzi hallarda rayonlarda tikinti işlərini aparan müəssisələr işə məsuliyyətsiz yanaşdıqlarına görə binalar keyfiyyətsiz tikilirdi. Bu kimi hallardan bir neçəsi KTN-in təşkil etdiyi yoxlamaları zamanı aşkar edilmişdir. Yoxlamanın yekun aktında göstərilmişdir ki, bəzi binaların pencərə və qapıları, eləcə də otaqların küncləri və hətta xarici divarları şaquli vəziyyətdə hörülməmiş, dülgər-xarrat, boya və suvaq işləri texniki standartlar əsasında aparılmamışdır. Elə də binalar olmuşdur ki, onların eyvanları tikilməmiş, tüstü bacaları hörülməmiş, hətta bir yerdə özül əhəng məhlulu ilə hörülmüşdür. Bundan başqa, bəzi tikinti yerlərində texniki və material hesabatları aparılmırdı, fəhlələrə qabaqcadan iş tapşırığı vərəqələri verilməmiş, onların maaşları gecikdirilmiş, tikinti materialları isə anbarlardan onlara məsul olan şəxslərdən başqa digər adamların adına da verilmişdir. Bu yoxlamanın nəticələrinə görə tikinti işlərinin keyfiyyətini artırmaq və məsuliyyətsizliyi aradan qaldırmaq üçün nazir xüsusi əmr imzalayıb tikinti idarələrinə çatdırmışdır [15, s. 157-160].
Daha bir problem tikinti materiallarının səmərəsiz istifadəsi üzündən yaranırdı. Məsələn aşkar edilmişdir ki, divar hörgüsü və suvaq işlərində sement həddən artıq çox sərf olunurdu. Buna görə də sementə nəzarətin güclənməsi və onun ciddi sənədləşməsinin aparılması haqqında nazirin xüsusi əmri dərc vermişdir [17, s. 71].

Binaların əsaslı təmiri

1. Təmir işlərinin təşkili və aparılması. Yeni binaların tikilməsi ilə bərabər KTN-in təmir-tikinti idarələri keçmişdə tikilmiş evlərin və başqa obyektlərin əsaslı təmiri ilə də məşğul olmuşdurlar. Məsələ burasındadır ki, vaxt keçdikcə istismarda olan evlər və kommunal obyektlər köhnəlir və yarıtmaz hala düşür. Məsələn binaların su və kanalizasiya boruları çürüyür, xarici görkəmi korlanır, dam örtükləri yararsız hala gəlir. Buna görə müəyyən vaxtdan sonra həmin binaların və kommunal obyektlərin təmirə ehtiyacı yaranır. Bu məqsədlər üçün Sovet dövründə ayrıca vəsait ayrılırdı, plan üzrə işlər tərtib olunurdu, təmirçilər tikinti materialları və texnika ilə təchiz edilirdi. Təmirə ehtiyacı olan binaların siyahısını rayon İcraiyyə Komitələrinin səlahiyyətli nümayəndələri tərtib edirdilər. Bundan sonra layihələr hazırlanıb nazir tərəfindən təsdiq edilirdi və təmir-tikinti idarələri ilə işlərin görülməsi haqqında müqavilə bağlanırdı.
Əsaslı təmir işlərinin gedişi müxtəlif səbəblər üzündən yeni binaların tikintisindən geri qalırdı. 20 iyun 1957-ci il tarixində Azərbaycan SSR Nazirlər Soveti “Dövlət fondunun qorunması və istismarının yaxşılaşdırılması haqqında” adlı 328 №-li qərar qəbul etmişdir [14, s. 145-146]. Orada qeyd olunmuşdur ki, respublika nazirlikləri və İcraiyyə Komitələri dövlət fondunun qorunmasını lazımi səviyyədə təmin etmirlər, binaların düzgün istismar edilməsi üçün tədbirləri vaxtında həyata keçirmirlər. Buna görə də binalar vaxtından əvvəl sıradan çıxır, qəza halları çoxalır. Belə ki, 2100000 m2 yaşayış sahəsindən 53200 m2 qəza vəziyyətində olmuş, 406 binanı isə təcili olaraq təmir edilməli idi. Bir çox evlərə su çəkilməmiş, hamamxanalar evlərin yalnız 13%-də, isitmə şəbəkəsi isə 10%-də quraşdırılmışdır. Yalnız Bakı şəhəri qismən qazlaşdırılmış (Azərbaycanın digər şəhərlərinin qazlaşdırılması üzrə işlərə 1959-cu ildən sonra başlanılmışdır [1, s. 126]), respublikanın digər böyük şəhərlərində isə kanalizasiya olmamışdır.
Daha sonra həmin qərarda qeyd olunmuşdur ki, yaşayış fondunun təmirinə ayrılan vəsait kəsirlə xərclənir. Son 10 ilin ərzində təkcə Bakıda kəsir 44 milyon manata bərabər olub. Bir çox hallarda təmir həddən artıq uzadılır və görülən işlərin keyfiyyəti aşağı olur. Həmçinin bir çox təmir-tikinti idarələrində işçilərin peşə təhsili olmadığına görə təmir işlərinin texniki şərtləri pozulur. Buna görə eyni işləri bir neçə dəfə görmək məcburiyyəti yaranır və nəticədə təmirin qiyməti artır.
Nazirlər Sovetinin bu sənədini müzakirə etmiş KTN-in Kollegiya toplantısının qərarı ilə rayon kommunal və mənzil idarələri binaların təmiri üzrə 1957-ci ildə planlar tərtib edib, onları yerli İcraiyyə Komitələrinin təsdiqinə verməli idilər; 1960-cı ilə qədər isə təmir işləri yekunlaşmalı idi. Həmçinin onlar işlərin keyfiyyətli görülməsinə nəzarət etməli və uzadılmasına yol verməməli idilər. Bundan başqa, təmir olunan evlərin sakinləri də işlərin tamamlanmasını təsdiq etməli və onların şikayətləri nəzərə alınmalı idi. Eyni zamanda qeyd edilmişdir ki, həmin idarələr həyətlərin və blokların təmiz saxlanması da təmin etməli, onların yaxınlığında yaşıllıq sahələri yaratmalı, çoxlu sayda ağaclar əkib onlara xidmət göstərməli idilər.
Ən əhəmiyyətli layihələrdən biri məktəblərdə və uşaq uşaq bağçalarında təmir işlərinin aparılması olmuşdur. Bu barədə Nazirlər Soveti 1962-ci ildə qərar qəbul etmiş, Maarif nazirliyi isə işlərin görülməsi üçün 300000 manat vəsait ayırmışdır. Təmir işləri KTN tərəfindən icra edilmiş, layihəsi isə onun nəzdində olan “Azərkommunallayihə” institutu tərəfindən hazırlanmışdır [24, s. 223-224]. İşlər tədris ilinin başlamasına (1 sentyabra) qədər tamamlanmışdır.
2. Təmir işlərinin gedişində yaranan problemlər və onların həlli. Qərarların qəbul olunmasına baxmayaraq, əsaslı təmir işlərinin gedişində çoxlu problemlər yaranırdı, planlar yerinə yetirilmirdi. Məsələn 1959-cu ilin 7 ayının göstəricilərinə görə bir çox şəhərlər təyin edilmiş planın cəmi 20-40% yerinə yetirmişdirlər. Buna görə nazir tərəfindən həmin şəhərlərin Kommunal Təsərrüfatı idarələrinin müdirlərinə ciddi xəbərdarlıq edilmiş və onlara təcili olaraq vəziyyəti düzəltmək əmri verilmişdir [20, s. 147-148]. Buna baxmayaraq, yalnız 1960-cı ildə plan üzrə işlər yerinə yetirilmişdir [22, s. 86].
Məhz bu səbəblər üzündən Nazirlər Sovetinin “1961-ci ildə Azərbaycanda yaşayış binalarının əsaslı təmir üzrə planlarının yerinə yetirilməsi haqqında” adlı qərarı qəbul edimişdir. Bu qərarı icra edən KTN həmin ilin sonunda verdiyi hesabatında [7, s. 345] qeyd etmişdir ki, ümumiyyətlə planlar yerinə yetirmişdir. Ancaq bununla belə, bəzi rayonlarda vəziyyət ağır olaraq qalmışdır, çünki həmin rayonların İcraiyyə Komitələri əsaslı təmirə ayrılan vəsaiti başqa məqsədlər üçün xərclənmişdirlər.
KTN-in 14 yanvar 1963-cü il tarixli Kollegiya toplantısında isə Bakı şəhəri üzrə vəziyyət müzakirə olunmuşdur [26, s. 99-100]. Qeyd olunmuşdur ki, təmir-tikinti idarələri tərəfindən binaların əsaslı təmiri üzrə müəyyən işlərin görülməsinə baxmayaraq, bu sahədə planlar olaraq yerinə yetirilməmiş, işlərin keyfiyyəti aşağı olmuş, başlanan təmir işləri tamamlanmamış və bunun nəticəsində natamam obyektlərin sayı çoxalmışdır. Bunun səbəbi kimi təmir-tikinti idarələri rəhbərlərinin nəzarətsizliyi və biganəliyi, işçilərin isə intizamsızlığı göstərilmişdir. Kollegiyanın qərarı ilə bütün nöqsanlar qısa müddət ərzində aradan qaldırılmalı, işlərin keyfiyyəti təmin edilməli, planlar yerinə yetirilməli, nəzarət gücləndirilməli, texniki sənədlər “Azərkommunallayihə” institutunda hazırlanmalı, çatışmayan avadanlıq isə KTN-in təmir-mexaniki zavodunda sifariş edilməli idi.
20 fevral 1963 il tarixində keçirilən Kollegiya toplantısında isə Azərbaycan üzrə 1962-ci il ərzində aparılan binaların əsaslı təmiri üzrə hesabatı dinlənilmişdir. Hesabata görə 1742 binanın təmirinə 5940000 manat vəsait buraxılmış, ancaq təmir edilmiş binaların sayı bu rəqəmdən az olmuş və cəmi 4784000 manat (buraxılan məbləğin 80,5%) xərclənmişdir.
Cədvəl 2. 1962-ci ildə bəzi şəhərlər üzrə binaların əsaslı təmirinə ayrılan vəsait və onun xərclənməsi (min manatla) [26, s. 240-241]:
1953-1962 illərdə mənzil-kommunal tikintisi və təmiri (tarixi-sosioloji aspekt)Göründüyü kimi, 1962-ci ildə binaların əsaslı təmiri üzrə planlar tam yerinə yetirilməsə də ümumiyyətlə həmin ilin ərzində respublikada yüzlərlə bina təmir olunmuşdur. Rayon mərkəzləri üzrə isə vəziyyət fərqli idi: bəzilərində planlar yerinə yetirmiş, digərlərində isə yetirilməmişdir. Bu problemi müzakirə etmək üçün çağırılan KTN-in Kollegiya toplantısı bir tərəfdən rayonların Kommunal Təsərrüfatı idarələrini təqsirli bilmiş, digər tərəfdən isə təmir üzrə layihələrin vaxtında hazırlanmamasını, tikinti materialların başqa təşkilatlar tərəfindən çatdırılmamasını və əmək briqadalarının texnika və mexanizmlərlə ilə lazımi səviyyədə təchiz olunmamasını qeyd etmişdir. Ona görə yekun qərarda rayon idarələrinə və nazirliyin şöbələrinə bütün problemlərin qıza zaman içində həll edilməsi tapşırılmışdır.
Təmir sahəsində baş verən qanun pozuntuları və təmir edilən binaların sayının saxtalaşdıraraq yuxarı göstərilməsi hallarını isə nazir A. M. Abdullayev hələ 1956-cı ilin kommunal təsərrüfatı işçilərinin respublika toplantısında etdiyi çıxışında açıqlamışdır [9, s. 142]. Onun sözlərinə görə təmir idarələri binalardan sökülmüş köhnə materialları aktlaşdırıb məhv etmək əvəzinə yenidən istifadə edir, sənədlərdə isə onları yeni alınmış materiallar kimi göstərir. Bunun nəticəsində təmir işlərinə ayrılan pullar yenidən büdcəyə gəlir kimi qayıdır, işlərin çox hissəsi yerinə yetirilmir və həmin idarələrin göstəriciləri əsassız olaraq yüksək görsənir.

Nəticə

Sovet Azərbaycanında gedən proseslər müstəqillik dövründə yaranan vəziyyətə təsir etmişdir. Zamanımızda gedən hərtərəfli inkişaf proseslərinin əsası o zamanlar qoyulmuş və müasir zamanda davam etdirilmişdir. Buna görə ölkənin bugünkü inkişafından danışanda Sovet dövrünün tarixi də yaddan çıxarılmamalıdır. Əsaslı tikinti və təmir sahəsində keçmiş dövrlərdə aparılmış işlərin nəticəsində Azərbaycanda çoxlu şəhər və qəsəbələr salınmış və abadlaşdırılmışdır. Tikinti-təmir işlərinin bir hissəsini KTN həyata keçirmişdir. Nazirliyin bu sahədə fəaliyyətinin tədqiq edilməsi Sovet dövründə görülən işlərin axarı haqqında ümumi təsəvvür yaradır. Göründüyü kimi, bütün işlər nizamlı şəkildə dövlət proqramları üzrə layihələr əsasında yerinə yetirilmiş, memarlıq təsisatları ilə razılaşdırılmış; sistemsiz və baş planlana uyğun olmayan tikintiyə yol verilməmişdir. Eyni zamanda Sovet iqtisadi sisteminin tikintidə yeyinti və israf, işlərin keyfiyyətsiz görülməsi, təşkilatların bir-biri ilə əlaqəsiz işləməsi, sahibkarlığa yol verilməməsi kimi çoxlu qüsurları da olmuşdur.
Beləliklə, sosioloji araşdırmalar o dövrün müsbət təcrübələrindən günümüzdə örnək götürmək, qüsurlarından isə yayınmaq imkanını yaradır. Buna görə bu istiqamətdə araşdırılmaların davam etdirilməsinə ehtiyac vardır. Ümumi nəticə isə ondan ibarətdir ki, yuxarıda göstərilən bir çox nöqsanlara baxmayaraq, KTN tikinti-təmir işlərini uğurla aparmış, respublikada yaşayış və inzibati fondunu əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Mənzil-kommunal fondunun inkişafı isə ölkəmizdə sosial proseslərə birbaşa təsir etmişdir, buna görə də sosiologiya elminin tədqiqat obyekti olmaqdadır.

Ədəbiyyat:

1. Abdullayev A. M., Nərimanov A. A. Qazın hasilatı, nəqli və işlədilməsi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1967.
2. Задорин Д. Массовое домостроение в СССР в 1950-1980-е: история в постановлениях // Массовое домостроение в России: история, критика, перспективы. М.: АВТ Груп, 2016.
3. Зенькович Н. Самые закрытые люди. М.: Олма-Пресс, 2002.
4. Строительные нормы и правила. Часть II. М.: Государственное издательство литературы по строительству и архитектуре, 1954.

Dövri mətbuat:

5. Пятиэтажная ценность. Ведомости, 23.05.17. URL: https://www.vedomosti.ru/realty/articles/2017/05/24/690957-tsenni-pyatietazhki? (Müraciət tarixi 20.04.19)

Sənədlər:


6. Ведомости по строительству жилого дома и нового ремонтно-механического завода (РМЗ) // ARDA, fond (f.) 3193, siyahı (s.) 1Ş, № 14.
7. Выступление министра коммунального хозяйства тов. Абуталыба Мирага оглы Абдуллаева на Пленуме ЦК КП Азербайджана, 1962 // ARDA, f. 244, s. 9, № 59.
8. Документы отдела строительства и коммунального хозяйства Совмином Азерб. ССР // ARDA, f. 441, s. 37, № 111.
9. Документы республиканского актива работников Министерства Коммунального Хозяйства (МКХ) Азерб. ССР об итогах работы за 1956 год // ARDA, f. 244, s. 9, № 33.
10. Личное дело А. М. Абдуллаева (№ 33) // ARPİİSSA, f. 1, s. 87, № 33.
11. О выполнении плана ввода в действие жилой площади по Азерб. ССР за 1956 год // ARDA, f. 411, s. 38, № 4.
12. Переписка МКХ с Совмин Азерб. ССР. 1960 // ARDA, f. 244, s. 9, № 50.
13. Приказы № 1-150 МКХ. 1954 г. // ARDA, f. 244, s. 9, № 20.
14. Приказы № 185-345 МКХ. 1957 гг. // ARDA, f. 244, s. 9, № 29.
15. Приказы № 1-302 МКХ. 1960 г. // ARDA, f. 244, s. 9, № 44.
16. Приказы № 304-618 МКХ. 1960 г. // ARDA, f. 244, s. 9, № 45.
17. Приказы № 140-262 МКХ. 1961 г. // ARDA, f. 244, s. 9, № 52.
18. Приказы № 157-213 МКХ. 1962 г. // ARDA, f. 244, s. 9, № 25.
19. Протоколы заседания Коллегии МКХ № 1-13. 1957- 1958 г. // ARDA, f. 244, s. 9, № 32.
20. Протоколы заседания Коллегии МКХ, 1959 г. // ARDA, f. 244, s. 9, № 43.
21. Протоколы заседания Коллегии МКХ, 1960 г. // ARDA, f. 244, s. 9, № 46.
22. Протоколы заседания Коллегии МКХ, 1961 г. // ARDA, f. 244, s. 9, № 54.
23. Протоколы заседания Коллегии МКХ, 1961 г. // ARDA, f. 244, s. 9, № 58.
24. Протоколы заседания Коллегии МКХ. 1962 г. // ARDA, f. 244, s. 9, № 64.
25. Протоколы заседания Коллегии МКХ, 1962 г. // ARDA, f. 244, s. 9, № 66.
26. Протоколы заседания Коллегии МКХ, 1963 г. // ARDA, f. 244, s. 9, № 73.
27. РМЗ МКХ. Приказы 1-214. 1962 г. // ARDA, f. 3193, s. 2Ş, № 1.
28. Справки представленные в ЦК КП и Совмин Азерб. ССР, 1962 г. // ARDA, f. 244, s. 9, № 69.

İstifadə edilən şəkillərin URL ünvanları:

Şəkil 2: https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/68/Ya%C5%9Fay%C4%B1%C5%9F_binas%C4%B1%2C_Neft%C3%A7il%C9%99r_prospekti%2C_121.jpg/1024px-Ya%C5%9Fay%C4%B1%C5%9F_binas%C4%B1%2C_Neft%C3%A7il%C9%99r_prospekti%2C_121.jpg (Müraciət tarixi 20.04.19).
Şəkil 4: https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/B1C2/production/_102560554_gence.jpg (Müraciət tarixi 20.04.19).

Memar.pdf [6.64 Mb] (cкачиваний: 6)