09.07.2019, 22:09 - Baxış sayı: 838

Müstəqil Azərbaycan dövlətinin banisi


Günel Məlikli
AMEA-nın Fəlsəfə İnstitutunun “Heydər Əliyevin
siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin
böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru


Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşa- ğındakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Hər bir xalq ancaq yetişdirdiyi müdrik siyasi liderin zəkası, iradəsi sayəsində öz milli sərvətlərinə sahib ola və onu gələcək inkişafına yönəldə bilər. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı uğurla yerinə yetirib. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib. Ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir. Bu gün fəxrlə deyirik ki, təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran məhz ulu öndər Heydər Əliyev olub. Başqa sözlə, ümummilli lider bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Xalqımızın XX əsrin sonunda və üçüncü minilliyin əvvəlində həyatın ən müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər məhz bütün şüurlu ömrünü Vətənə xidmətə həsr edən ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Onun 2003-cü ilin oktyabrında xalqımıza ünvanladığı müraciətdə deyilirdi: “...bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Azərbaycan Respublikasının Prezidenti ilham Əliyevin 11 mart 2008-ci il tarixli sərəncamında belə deyilir: “1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir... O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir.
Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək, vahid məcrada həyata keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”.
Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar, yenicə müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyırdı. Hələ AXC-Müsavat hakimiyyətindən əvvəl Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı xəyanətkar mövqe tutan A. Mütəllibov hakimiyyətinin maneçiliyinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının 17 noyabr 1990-cı il tarixli iclasında Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan MR-in bayrağı kimi qəbul olunması haqqında qərar verilməsi məhz Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü sayəsində mümkün olmuşdu.
Heydər Əliyevin səmərəli siyasəti və gərgin fəaliyyəti nəticəsində çoxsaylı problemlərlə üzləşmiş Naxçıvanda sosial-iqtisadi vəziyyətin normalaşdırılması sahəsində mühüm nailiyyətlər əldə edilmişdi. Bu məqsədlə Muxtar Respublika ilə qonşu dövlətlər olan iran və Türkiyə arasında sıx iqtisadi və mədəni əlaqələr yaradıldı. Xüsusilə Naxçıvan və Türkiyə arasında Sədərək körpüsünün tikintisi və onun 28 may 1992-ci il tarixdə istifadəyə verilməsi blokada şəratində yaşayan muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən məsələ idi. Heydər Əliyevin Ali Məclisin sədri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və ermənilərin hərbi təcavüzünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edirdi. O, xarici dövlətlərin rəsmi təmsilçiləri, BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüşlərində erməni təcavüzünün nəticələri barəsində geniş və hərtərəfli məlumat verirdi.
Belə bir şəraitdə Azərbaycan xalqı, onun qabaqcıl dairələri, ziyalılar, elm, mədəniyyət xadimləri yaranmış böhranlı vəziyyətdən çıxış yolunu, ölkənin etibarlı gələcəyini dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında görür və bütün ümidlərini bu görkəmli şəxsiyyətlə bağlayırdı. Bu məqsədlə Azərbaycanın vətənpərvər ziyalıları 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində Heydər Əliyevə müraciət edərək respublikadakı vəziyyətin ağırlığını və AXC-Müsavat hakimiyyətinin apardığı naşı, avantürist siyasətin nəticəsində ölkəmizin məntiqi olaraq ağır təhlükələrlə qarşılaşdığını böyük həyəcanla ifadə etdilər. Onlar ölkəni düşdüyü bəlalardan xilas edə biləcək və özündə xalqımızın bütün təbəqələrini birləşdirəcək siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirməklə bu siyasi quruma məhz Heydər Əliyevin rəhbərlik etməsini təkid et¬dilər. Müraciətdə yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq liderin məhz Heydər Əliyevin olduğu açıq şəkildə bəyan edildi. Bu müraciətə cavab olaraq Heydər Əliyev Azərbaycanın müharibə vəziyyətindən çıxması və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi, sosial-iqtisadi böhranın dərinləşdirilməsinin qarşısının alınmasının, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda mühüm addımların atılması, qanunun aliliyinin qorunması, Azərbaycanın parçalanmasına yönəlmiş sepa¬ratizm meyillərinin qarşısının alınmasının zəruri olduğunu bildirdi.
Qayıdış 1993-cü il iyunun 9-da baş verdi. Heydər Əliyev onu qarşılayanların alqışları altında böyük Azərbaycan torpağına, Bakıya qədəm qoydu. Azərbaycan xalqının taleyində önəmli bir hadisə baş verdi. Xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyevin iyun ayının 13-də Gəncəyə yola düşməsi və orada S. Hüseynovla apardığı danışıqlar bir çox mürəkkəb və ziddiyyətli məsələlərin müəyyənləşdirilməsində, Azərbaycanın müstəqil dövlətçiliyini sarsıda biləcək planların üzə çıxmasında özünəməxsus rol oynadı.
1993-cü il iyun ayının 15-də keçirilən Milli Məclisin iclasında Heydər Əliyevin namizədliyi irəli sürüldü və bu görkəmli dövlət xadimi səs çoxluğu ilə Azərbaycan parla¬mentinin sədri seçildi. Elə həmin iclasda Heydər Əliyev proqram xarakterli çıxışında mövcud dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclis üzvlərinə, Azərbaycan Ali Sovetinə öz minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlarımdan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq müstəqilliyimizin banisi, qarantı və dövlətimizin qurucusuna çevrilən Heydər Əliyev bir neçə istiqamətdə apardığı işləri bir nöqtəyə yönəltməklə yanaşı, vahid məqsədə - xalqın güzəranının yüksəldilməsinə və müstəqil dövlətçiliyin möhkəmlənərək inkişaf etdirilməsinə şərait yaratmışdır. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində istər milli müstəqilliyimizin qorunub saxlanılması, istərsə də müstəqil dövlət quruculuğu yönündə aparılan məqsədyönlü siyasət və onun mühüm tarixi əhəmiyyət daşıyan nəticələri xalqımız tərəfindən yüksək qiymətləndirildi. Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edildi.
Müstəqillik aktından düz 23 ay keçdikdən sonra müstəqil Azərbaycanda prezident seçkiləri başlandı. Azərbaycan xalqı öz müdrik oğlu Heydər Əliyevi ən yüksək kürsüyə seçməklə müstəqillik erasına doğru özünün ən qətiyyətli addımını atdı. Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın əksəriyyətinin səsini qazandı və oktyabrın 10-da, andiçmə mərasimindən sonra öz səlahiyyətlərinin icrasına başladı.
1993-cü il noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev televiziya və radio vasitəsilə Azərbaycanın düçar olduğu fəlakətlərin, vətənimizin düşməndən müdafiəsi sahəsində yaranmış ağır vəziyyətin səbəblərini dərindən təhlil etdi. Azərbaycanın bu ağır vəziyyətindən çıxarılması üçün hamını ayağa qalxmağa, var qüvvə ilə orduya kömək göstərməyə, döyüşkənlik və intellektual potensiallarından səmərəli istifadə etməyə çağırdı. Heydər Əliyevin xalqa bu müraciəti döyüş əməliyyatları zonasında əsaslı dönüşün başlanğıc nöqtəsi oldu. Çox keçmədi ki, Azərbaycan qüvvələri Füzuli rayonunun Horadiz yaşayış məntəqəsi istiqamətində erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbə endirdilər. Nəticədə bu istiqamətdə işğal olunmuş 20-dən çox kənd azad edildi. Horadiz əməliyyatı Azərbaycan ordusunun Qarabağ müharibəsi dövründə qazandığı ən böyük qələbə idi və bu, artıq Ermənistanda ciddi təşviş doğurmuşdu. Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi qarşı tərəfi işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin may ayının 12-də Ermənistan prezidenti atəşkəs haqqında sazişin imzalamasına razılıq verməli oldu. Atəşkəsin əldə olunması Azərbaycana bərpa şansı qazandırdı və çox qısa vaxt ərzində ölkədə ictimai-siyasi sabitlik yaratmaq, iqtisadi titrəyişləri aradan qaldırmaq mümkün oldu.
Heydər Əliyevin qısa müddət ərzində respublikada sabitlik yaratması, vətəndaş müharibəsinin qarşısının alınması, dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, xarici ölkələrdə özünə sığınacaq tapmış hakimiyyət hərislərini çox narahat edirdi. Öz bəd niyyətlərini həyata keçirmək üçün onlar respublika daxilindəki nökərlərinin yardımı ilə sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa çalışırdılar. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdləri məhz xarici qüvvələrdən dəstək alan daxildəki düşmənlərin məkrli planlarının nəticəsi idi.
1994-cü ilin oktyabr hadisələri zamanı Heydər Əliyev öz çıxışlarının birində qeyd etmişdir: “Biz humanistik, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik. insan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışırıq. Ancaq gərək insan da dövlətin qanunlarına əməl etsin. Dövlətin qanunlarına riayət etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik. Bu müddətdə keçdiyimiz dövrdə, təəssüf ki, belə hallara yol verilmişdir. Oktyabr hadisələri göstərdi ki, bunlara yol vermək mümkün deyildir. Şəxsiyyətindən, keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq hər kəs qanuna tabe olmalıdır. Qanunun aliliyi hamı üçün eyni olmalıdır - adi vətəndaş üçün də, vəzifəli şəxs üçün də, prezident üçün də. Mən də qanunun aliliyi keşiyində duracağam”.
1994-cü il sentyabrın 20-də Azərbaycanın “Gülüstan” sarayında ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı dövlətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə həmin ölkələrin neft şirkətləri arasında sazişin imzalanmasını yuxarıda deyilənlərin məntiqi nəticəsi kimi göstərmək olar. Sonrakı illərdə Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi istiqamətində bir sıra dəyərli addımlar atılmışdır. Dünyanın 14 ölkəsinin 32 neft şirkəti ilə imzalanmış 21 müqavilə üzrə ölkəmizə 60 milyard ABŞ dolları həcmində investisiya daxil olacağı planlaşdırıldı. Təkcə bir faktı qeyd edək ki, 90-cı illərin sonlarında “Əsrin müqaviləsi” üzrə razılaşmalardan Azərbaycanın gəliri 900 milyon dolları ötüb keçmişdir. 1999-cu ildən etibarən ölkəyə ildə 2530 milyon dollar dəyərində əlavə vəsait gəlir.
2002-ci il sentyabrın 18-də paytaxtımızın cənubunda Səngəçal terminalının genişləndirilmiş sahəsinə Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəmərinin tikinti mərhələsinin başlanması təntənəli sürətdə qeyd edildi. Boru kəməri ərazilərindən keçəcək üç ölkənin - Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti E.Şevarnadze və Türkiyə prezidenti Ə.N.Sezer tikintinin başlanmasını ifadə edən xatirə lövhəsini açdılar və içərisinə gələcək nəsillərə ünvanlanan məktub qoyulmuş “Zaman kapsulunu - polad slindri torpağa basdırdılar. Bu, Azərbaycan prezidentinin həyata keçirdiyi yeni neft strategiyasının bəlkə də indiyədək müşahidə olunan ən yüksək nöqtəsi idi.
1995-ci il may ayının 2-də Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası yaradıldı. Komissiyanın tərkibinə Azərbaycanın görkəmli dövlət xadimləri və hüquq-şünasları, müxtəlif ictimai-siyasi təşkilatların üzvləri, elm və mədəniyyət xadimləri daxil edildi. Yeni Konstitusiya müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu yolunda tutduğu strateji yolun hüquqi təsisatlarını yaratdı. Bu Konstitusiyanın ana xəttini xalqın və onun dövlətinin ümumi mənafeyi, xalqın iradəsi və dövlətin suverenlik hüququ, dövlətçiliyin mütləq üstünlüyü və əhalinin hüquqi təminatı təşkil edir. Dövlətlərin idarə olunmasında həmişə mübahisəli məsələ olan hakimiyyət bölgüsü ilə bağlı yeni Konstitusiyadakı müddəalarda respublikamızın reallıqları, demokratik inkişaf yolu, siyasi plüralizm, siyasi sistemdə baş verən dəyişikliklər, çoxpartiyalılıq və s. beynəlxalq təcrübələr nəzərə alındı.
Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasından sonra dövlətimizin müəyyənləşdirdiyi perspektiv vəzifələrdən biri də Avropaya inteqrasiya prosesinin sürətləndirilməsindən ibarət idi. Çünki iqtisadi və siyasi azadlıq, daxili sabitlik hələ dövlətimizin suveren bir siyasi təsisat olaraq özünütəsdiqinə imkan verən əsas faktların yalnız bir hissəsini təşkil edirdi və həyata keçirilməsi vacib amillər sırasında beynəlxalq birliyə inteqrasiya heç də onlardan az əhəmiyyət kəsb etmirdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması ölkəmizin diplomatik mübarizə müstəvisində daha fəal görünməsini tələb etdiyindən Avropa Şurasına üzvlüyün əhəmiyyəti artmışdı. Çünki ermənilərin uzun müddətdən bəri başladığı kampaniya problemin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyətin yalnış şəkildə məlumatlandırılmasına gətirib çıxarmışdı. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra meydana çıxan yeni xarici siyasət strategiyası informasiya blokadasını aradan qaldırmağa müvəffəq olsa da, prosesin davamlı xarakter almasını və çoxşaxəliliyini təmin etmək üçün Avropa Şurası Assambleyasının tribunasından söz demək imkanı qazanmaq ehtiyacı öz aktuallığını saxlayırdı. Məhz həmin strategiyanın sayəsində Azərbaycan Avropanın qapılarını aça bildi. 2001- ci il yanvar ayının 25-də isə artıq üçrəngli Azərbaycan bayrağı Avropa Şurasının binası önündə dalğalanırdı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində vəziyyət 70-ci illərindən tamamilə fərqli idi. Bədxahlarımız Azərbaycan adlı dövlətin dünyanın siyasi xəritəsindən silinməsinə sırf zaman məsələsi kimi baxır və belə bir məqamın tezliklə yetişəcəyinə şübhə etmirdilər. Ümummilli liderin hakimiyyətə qayıtdığı ilk gündən etibarən göstərdiyi səylər bütün bədbin proqnozların üstündən xətt çəkdi. Onun coşqun siyasi fəaliyyəti sayəsində ölkə qısa müddət ərzində tanınmaz dərəcədə dəyişdiyi kimi, dövlətin beynəlxalq miqyasda nüfuzu da sürətlə artmağa başladı. indi Azərbaycan müasir dünyanın mühüm bölgəsi olan Cənubi Qafqazda əsas söz sahibidir və lider dövlətdir.

"Respublica-news.az"