28.06.2019, 10:06 - Baxış sayı: 861

Elm və təhsilə göstərilən qayğının əyani ifadəsi


Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar çox mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı ötən ilin ikinci yarısından başlayaraq respublikanın iqtisadi həyatında keyfiyyət dəyişiklikləri etmək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində mərhələli şəkildə çoxsaylı fərman və sərəncamlardan ibarət yeni sosial islahatlar paketi təqdim edir. Ölkə rəhbəri tərəfindən iyunun 18-də minimum əməkhaqqının, habelə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılmasını nəzərdə tutan sənədlərin imzalanması bunun əyani ifadəsidir.
Mən dövlət başçımızın fəaliyyətimin daha çox bağlı olduğu təhsil sahəsinə göstərdiyi qayğı barədə bir qədər ətraflı danışmaq istərdim. Başqa sözlə, diqqəti Prezident İlham Əliyevin yeni sosial islahatlar paketində önəmli yer tutan elm və təhsil müəssisələrində çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlara yönəltməyi zəruri bilirəm.
Bununla bağlı əvvəlcə onu qeyd edim ki, ölkə rəhbərinin prezidentlik fəaliyyətinin bütün mərhələlərində təhsil sisteminin inkişafına mühüm önəm verilib, təhsilin məzmunu, kadr hazırlığı, idarəetmə sistemi və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması istiqamətlərində dərin islahatlar reallaşdırılıb. Təhsillə əlaqədar qəbul olunan mühüm strategiya və proqramların gerçəkləşdirilməsi məqsədilə dövlət büdcəsindən bu sahəyə ayrılan xərclər əhəmiyyətli şəkildə artırılıb.
Məhz bütün bunların nəticəsidir ki, son 5 ildən çox müddətdə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub, ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilib, 2017-2018-ci illərdə 243 bu cür təhsil müəssisəsi şagirdlərin istifadəsinə verilib.
Bu dövrdə ali təhsilin hamı üçün əlçatanlığının artırılması diqqət mərkəzində saxlanılıb. Tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği orta hesabla 20 faiz artırılıb.
Möhtərəm Prezidentimiz tərəfindən iyunun 18-də imzalanan “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamlar da elm və təhsil sahəsində çalışanlara göstərilən qayğı və diqqətin bariz ifadəsidir.
Xatırladım ki, həmin sərəncamlarla dövlət ümumi təhsil müəssisələrində və dövlət peşə təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin aylıq maaşları 2019-cu ilin sentyabr ayının 1-dən orta hesabla 20 faiz artacaq. Bu, ömrünü gələcək nəslin təlim-tərbiyəsinə həsr edən insanlara daha bir həssas münasibətin məntiqi nəticəsidir.
Azərbaycanda cari il 500 baldan yuxarı toplayan abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfərin seçməsi də bu peşənin nüfuzunun getdikcə artmasının, mövcud sahəyə dövlət qayğısının əyani ifadəsidir.

"Xalqqazeti.com"