28.06.2019, 10:02 - Baxış sayı: 804

Azərbaycan müasir, güclü Silahlı Qüvvələrə malikdir


Günel MƏLİKLİ,
AMEA, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün xilaskarlıq və inkişaf missiyasını uğurla yerinə yetirib. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib. Ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir. Bu gün fəxrlə deyirik ki, təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, böyük nüfuz qazandıran məhz ulu öndər Heydər Əliyev siyasəti olub. Başqa sözlə, ümummilli lider bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb, inkişaf etdirib. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
SSRİ-nin süqutu nəticəsində cəmiyyətdə yaranan yeni siyasi münasibətlər və milli-azadlıq hərəkatı nəticəsində Azərbaycan Respublikası da Sovet imperiyasından ayrılaraq öz müstəqilliyini bərpa etdi və suveren dövlət kimi yenidən dünya birliyinə daxil oldu. Lakin həm daxildə olan hərc-mərclik, xaos, eyni zamanda Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasət nəticəsində ölkədə acınacaqlı vəziyyət yarandı. Xalqın təkidi ilə yenidən hakimiyyət sükanı arxasına qayıdan ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində ağır ictimai-siyasi vəziyyət normal məcraya düşdü və iqtisadiyyatda irəliləyiş meyilləri artmağa başladı. Lakin bu gündə Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Buna görə də dövlətimiz ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün variantlara hazır olmağı vacib sayır. Ordumuz daha da gücləndirilir, peşəkarlığın, döyüş qabiliyyətinin artırılması üçün müntəzəm tədbirlər həyata keçirilir. “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu-respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarımızın müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır,” - deyən möhtərəm Prezidentimiz qısa müddət ərzində müstəqilliyin və suverenliyin yeganə təminatçısı olan silahlı qüvvələrin yaradılmasına nail oldu. Cənab İlham Əliyev Prezident seçiləndən sonra ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini və bunu əməli surətdə həyata keçirilməsini bəyan etməsi ilə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı.
1 oktyabr 2003-cü ildə Prezident Heydər Əliyevin Azərbaycan xalqına müraciətindən İlham Əliyevə verdiyi dəyər və qiyməti aydın görmək olur: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün ilk növbədə vətəndaş həmrəyliyi, qarşılıqlı münasibətləri normallaşdıran, cəmiyyətdə sağlam iqlim yaradan ölkə Prezidenti insanlar arasında dövlətə, dövlətçiliyə inam və etibar hissini yaratdı. İnsanlarda öz ölkəsini sevmək, onun uğrunda döyüşmək, onunla qürur duymaq, Vətənin sınırlarını, sərhədlərini göz bəbəyi kimi qorumaq hissi, duyğusu yaratdı. Bu, İlham Əliyevin ən parlaq qələbəsi idi. Çünki qazanılan bütün qələbələrin başında sabaha, gələcəyə inam hissi dayanırdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, rəhbərlik etdiyi dövrdən etibarən ulu öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirir, həmişə Silahlı Qüvvələri dövlət himayəsi ilə əhatə edir. Müstəqil dövlətimizi qoruyan zabitlər və əsgərlər Heydər Əliyevin ideyalarına, dövlətçiliyinə və xalqa sadiqliyini dəfələrlə sübut etmişlər.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 93-cü ildönümü münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda nitqindən: “Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda Ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir. Azərbaycanda ordunun maddi-texniki bazasının gücləndirilməsi işində böyük məsələlər öz həllini tapmışdır”.
Silahlı Qüvvələrimizin qüdrətinin artmasında müdafiə sənayesinin davamlı inkişafının da böyük rolu vardır. Belə ki, 2015-ci ilin sonlarında artıq Azərbaycanda 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunurdu və İlham Əliyev bunu hərbi quruculuq sahəsində həyata keçirilən siyasətin mühüm uğuru kimi dəyərləndirirdi. Dövlət başçısı İlham Əliyev onu da əlavə edirdi ki, ordunun ehtiyaclarının respublika daxilində daha geniş şəkildə ödənilməsi üçün lazımi işlər gələcəkdə də görüləcəkdir və bununla bağlı o, ölkə alimlərini də bu işdə daha fəal iştirak etməyə çağırırdı. 2016-cı il sentyabr ayının 27-30-da keçirilən ADEX-2016 müdafiə sərgisində Azərbaycanda istehsalı yeni mənimsənilən müasir silah və hərbi texnika da nümayiş etdirildi və respublika Prezidenti də bu hərbi texnika ilə yaxından tanış oldu.
Dövlət hərbi təhlükəsizlik məsələsində ilk növbədə özünün yaratdığı və inkişaf etdirdiyi müasir Orduya arxalanır. Təsadüfü deyildir ki, Heydər Əliyev 1994-cü il yanvar ayının 24-də cəbhəyə hazırlaşan hərbi hissələrin yola salınma mərasimində əsgər və zabitlərə belə müraciət etmişdi: “Mən sizə, əziz zabitlər, əsgərlər, məhz sizə arxalanıram, sizə güvənirəm və əminəm ki, siz də sizin kimi minlərlə Azərbaycan əsgəri, zabiti bir nəfər tək ayağa qalxıb Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəklər. İnanıram ki, siz gedib cəbhədəki qəhrəman döyüşçülərimizin sıralarına qoşulacaq, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hünər, qəhrəmanlıq göstərəcəksiniz”.
Heydər Əliyev öz çıxışlarında ordu quruculuğunu xüsusi özəlikləri olan çox mürəkkəb proses kimi qiymətləndirir və belə hesab edirdi ki, bu proses bir sıra zəruri prinsiplərə əsaslanmalıdır. Onun nitqlərində öz əksini tapan prinsiplərin məzmun baxımından araşdırılması sübut edir ki, Heydər Əliyev məsələyə yüksək professionallıqla yanaşıb. Ulu öndər qarşıya qoyulan məqsədlərə, vəzifələrə, dövlətçilik təfəkkürü ilə yanaşıb, prinsipləri şərtləndirən məqamlara xüsusi diqqət yetirib. Həmin prinsiplər sırasında bunları qeyd etmək olar: ordu quruculuğunda dövlət rəhbərliyinin müntəzəmliyi və təkmilləşdirilmə prinsipi; bu prosesin daimi və keyfiyyətli təchizata əsaslanması; orduya çağırışda peşəkarlığın gücləndirilməsi; ordu quruculuğunda mənəvi-psixoloji amillərə konkret cavabdehlik və məsuliyyət məsələlərinə ciddi diqqət yetirilməsi və s.
Ordu quruculuğunda siyasət məsələsi ciddi məna kəsb edir. Ordu və siyasət məsələsinə münasibətdə Heydər Əliyevin mövqeyi birmənalı idi: “Ordu siyasətə qarışmamalıdır. Kim ordunu siyasətə qatmaq istəyirsə, o, Azərbaycan Konstitusiyasını pozur və biz buna yol verməyəcəyik, belə halların qarşısını alacağıq. Ancaq orduda xidmət edən hər bir əsgər, zabit, general bilməlidir ki, o, müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan dövlətinin, dövlətçiliyinin, ərazimizin müdafiəsi, ölkəmizin konstitusion əsaslarının qorunması hər bir əsgərin, zabitin, döyüşçünün borcudur”.
2016-cı il oktyabr ayının 17-də Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdəki çıxışında Prezident İlham Əliyev ötən illər ərzində ordu quruculuğu sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirərək demişdir ki, ordu quruculuğu sahəsində Azərbaycanda böyük addımlar atılıb və bu iş davam etdirilməkdədir. Biz öz gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv etməyə qadirik. Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprelində erməni hərbi qüvvələrinin təxribatına qarşı həyata keçirdiyi əks-hücumlarda nümayiş etdirdi.
Azərbaycan Respublikası işğalçı dövlətin-Ermənistanın hərbi təcavüzünə məruz qaldığından yaranmış bu mürəkkəb şəraitdə Milli Ordu quruculuğu müstəqilliyin qorunmasının əsas amillərindən birinə çevrilibdir. Ona görə də Milli Ordunun geniş dünyagörüşü, intellektual səviyyəsi, hərbi iş təcrübəsi yüksək olan ixtisaslı kadrlarla təmin edilməsi kimi mühüm strateji vəzifəni yerinə yetirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır. Görülən işlər uğurla başa çatdırılır və respublikamızın Hərbi Doktrinasının tələblərinə tam uyğundur.
Azərbaycanın Hərbi Doktrinasında ölkənin hərbi təhlükəsizliyinə təhlükə və təhdidlərin vaxtında aşkarlanması və qarşısının alınması, səmərəli müdafiə və hərbi təhlükəsizlik sisteminin yaradılması, onun cəlb olunduğu müharibə və regiondakı mövcud silahlı münaqişələrin aradan qaldırılması, hər cür silahlı təcavüzün dəf edilməsi, ölkənin dünyadakı mövcud hərbi-strateji və təhlükəsizlik bloklarına münasibəti və s. məsələlərlə bağlı dövlətin rəsmi mövqeyi əks olunmuşdur.
Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib ki, iqtisadi, hərbi nöqteyi-nəzərdən Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, antiazərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Azərbaycan Ordusu hücuma keçsə, bir həftə ərzində Ermənistanda daş üstündə daş qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.
Azərbaycan əsgəri 100 il bundan əvvəl də cəsurluq, igidlik, nümunələri göstərib. Bu gün isə Azərbaycan Ordusunun ixtiyarında ən müasir döyüş sistemləri mövcuddur ki, bu da ordunun döyüş qabiliyyətini xeyli artırmışdır. O cümlədən, 152 mm-lik “Msta-C”, 120 mm-lik “Vena” özüyeriyən artilleriya qurğuları, 120 mm-lik “Sani” minaatan kompleksi, 220 mm-lik TOS-İA reaktiv qurğuları, 122 mm-lik T-122 “Sakariya”, 300 mm-lik T- “Qasırğa”, 300 mm-lik “Smerç” yaylım atəşli reaktiv artilleriya sistemləri, “Maşina-M” markalı özüyeriyən artilleriya divizionunun atəşi avtomatik idarəetmə kompleksi, PRTMK-1 radopelenqasiya meteroloji kompleksi, “Mersedes-Benz” avtomobilinin şassisi üzərində yığılmış 120 mm-lik “CORDOM-M3” markalı özüyeriyən minaatan sistemləri, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda-müşahidə maşınları, T-72, T-72 M1, müasir T-90S tankları, BMP-3, BTR-82 zirehli texnikaları, BTS-4, BTS-5 markalı dartıcılar, səyyar təmir emalatxanaları, ən müasir hərbi təyyarələr və vertolyotlar, hava hücumundan müdafiə sistemləri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 60, 82 və 120 mm-lik minaatanlar, müxtəlif növ atıcı silahlar, elektro-optik, termal, gecə nişangahları, müşahidə sistemləri və s. silah və texnikalar Azərbaycan Ordusunun döyüş və müdafiə imkanlarını yeni bir səviyyəyə qaldırmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik”.
"Respublica-news.az"