Şəxsiyyəti və əsərlərilə tarixdə yaşayan mütəfəkkir
Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru, dosent
Abbasqulu ağa Bakıxanovun doğumunun 225 illiyi münasibətilə
Görkəmli alim, yazıçı və şair Abbasqulu ağa Bakıxanov Qüdsi (1794-1847) fəaliyyətilə Azərbaycan mədəniyyəti tarixində əzəmətli yer tutur. Mütəfəkkir 1794-cü ilin iyun ayında Bakının Əmircan kəndində doğulmuşdur. Atası Bakı xanı II Mirzə Məhəmməd xandır. O, ərəb, fars və rus dillərini mükəmməl bilmişdir. O, Qafqazın baş komandanı general Aleksey Petroviç Yermolovun dəvətilə Tiflisdə Şərq dilləri üzrə tərcüməçi vəzifəsində çalışmışdır.
Zəngin yaradıcılıq irsinə malik Abbasqulu ağa Bakıxanovun “Qüdsün bağları” (“Riyad əl-Qüds”), “Qısa qrammatika” (“Qanuni-Qüdsi”), “Qəribəliklərin kəşfi” (“Kəşf əl-qəraib”), “Əxlaqın islahı” (“Təhzib əl-əxlaq”), “Tərəzinin mahiyyəti” (“Ayn əl-mizan”), “Gülüstani-İrəm”, “Kainatın sirləri” (“Əsrar əl-mələkut”) və b. əsərləri elmi dəyərilə bütün dövrlərdə aktualdır.
Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mühüm yer tutan məntiqə dair “Tərəzinin mahiyyəti” kitabının yazıması ilə əlaqədar bildirmişdir: ““Tərəzi” kitablarının uzunçuluğu allahsızlığa bais, müxtəsərliyi isə təhsil sahibləri üçün faydasız olduğunu gördükdə onlardan Əmsar kəndində həqiqət və sirrlərə bələd bəzi xeyirxahlar məclisində 1251-ci hicri ilində [ifrat] müxtəsərlikdən, eləcə də [yersiz] təfsilatdan xali olan bir xülasə seçib hazırladım; onu müqəddimə, iki fəsil və nəticədən [ibarət] tərtib etdim, mərhəmətli ağaya təvəkkül edərək, “Tərəzinin mahiyyəti” adlandırdım” [1].
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun qeyd etdiyi kimi, Abbasqulu ağa Bakıxanovun dünyagörüşünün formalaşmasında daha çox Şərq mütəfəkkirlərinin təsiri duyulur. Onun Əbülməcid Sənai, Cəlaləddin Rumi, Sədi Şirazi, Baba Əfzəl Kaşani, Hafiz Şirazi, Mir Əbülqasim Findərəski və başqalarına dönə-dönə müraciət etməsi buna əyani sübutdur. Abbasqulu ağa Bakıxanovun dünyagörüşü islam dininə uyğunlaşdırılmış şəkildə klassik fəlsəfəyə əsaslanır [2, 321].
Abbasqulu ağa Bakıxanov “Əxlaqın islahı” kitabının mənbələri və məqsədi haqqında yazmışdır ki, xalqların böyük adamlarının, islam, yunan və Avropa filosoflarının əsərlərindən bir qədər tədqiqat işi apararaq, öz ağlımın dərəcəsinə görə material toplayıb, bu müxtəsər kitabçanı yazmaq istədim [3, 21].
“Əxlaqın islahı” kitabında hikmətin qaydaları, yaxşılığın fəziləti, rahatlığın əldə edilməsi, şöhrət, əməyin faydaları, rəftarın qaydaları, təvazökarlıq, insaf, qənaətin şərtləri, maarifin rəmzləri və başqa məsələlər işıqlandırılmışdır.
Mütəfəkkirin “Gülüstani-İrəm” kitabına qədər Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və çoğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunmuşdur. Kitabın “Giriş”ndə professor Məmmədəli Şərifli A.Bakıxanovun ilk dəfə olaraq, bu pərakəndə materialları toplayıb, onların əsasında ”Gülüstani-İrəm” əsərini qələmə aldığı göstərilmişdir. Tarixçi alimin fikrincə, “Gülüstani-İrəm”də A.Bakıxanov qədim, orta və yeni dövrlərə aid mənbələrdən, məxəzlərdən geniş şəkildə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, “Gülüstani-İrəm”in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur [4, 7].
“Gülüstani-İrəm” kitabında tarixi öyrənmənin insan həyatındakı rolunun önəmindən bəhs edilmişdir: Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələr də talibdir. Bu elm (tarix) insanı gozəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə torəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələçək üçün düsturüləməldir və elmə əsaslanan bir əməl möhkəm və daimi olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq, yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir [4, 10].
Abbasqulu ağa Bakıxanov yaranmışların kamili olan insanın xasiyyəti və fəaliyyəti ilə əlaqədar məsələləri izah etmişdir. Filosof insanın vücudunun ruh və cisim üzərində qurulduğunu bildirərkən bunun izahını belə vermişdir: Bunların birindən ağıl, o birindən nəfs doğur. Hər kəs nəfsin cürbəcür yaramaz hərəkət və günahdan ibarət olan istəklərindən saqınaraq ağılla maarifin zövqündən qida və qüvvət verərsə, özünü “biz insanı gözəl surətdə xəlq etdik” – dərəcəsinə çatdıraraq Allahın sifətlərini özündə əks etdirər və tükənməz feyzə yetişər [3, 62].
Professor Məmmədağa Sultanov Abbasqulu ağa Bakıxanovun insan haqqında düşüncələrindən bəhs edərkən yazmışdır: “A.Bakıxanov insan şüurunun qüdrətinə böyük qiymət verərək “Hikmətin fəziləti” adlı mənzum hekayəsində çox maraqlı bir lövhə yaradır. Burada dünyada ən xeyirli şeyin hünər və qabiliyyət olduğunu, ən yaxşı şeyin xeyirxahlıq olduğunu və ən lazımlı şeyin həqiqət olduğunu aydın boyalarla təsvir edir” [3, 14].
Abbasqulu ağa Bakıxanov yaxşılığı ümuminin mənafeyinə çalışmaq kimi mənalandırmışdır. İnsan etdiyi yaxşılığı yadına saldıqca zövq alır, buna da heç bir dövlət çatmaz:
Yaxşılıq sevməyir dünyada riya,
Hünərlə eyb ki, birləşməz əsla.
Quranda müvafiq bir ayə vardır
Yaxşılıq eyləyən çatar yaxşıya.
Filosof etidalın, bərabər ölçünün insan üçün vacibliyi məsələsini qeyd etmişdir:
Əgər can nur isə, bu zülmət nədir?
Zülmətsə, bəs nurlu məhəbbət nədir?
Demək var vücudda zülmət də, nur da,
İfrata varmaqda bu adət nədir?
A.Bakıxanov “Hər şeyin orta vəziyyəti yaxşıdır” – hökmünə görə insanın da xeyirxah xasiyyətlərinin bəyənildiyini, buna görə ifratdan uzaq olmağın zəruriliyinə diqqəti yönəltmişdir:
İradə çox olsa, təəssüb artar,
Qorxaqlıq çox olsa, gedər ixtiyar.
Ağıllı odur ki, ifrat etməsin,
Hər şeydə bilməli bir tənasüb var.
İnsanlar arasında dostluq münasibətlərini izah edərkən mütəfəkkir bilikli adamlarla dost olmanı məsləhət bilmişdir. Bilikli adam işin axarını, vəziyyətin necəliyini düşündüyü üçün həmişə ədəb qaydalarını və işin yaxşılığını gözləyər. Dünya malına və rütbəyə vurulmuş adamla dostluq etmək yaramaz. Çünki belə adam zərurət vaxtında insanlığın bütün şərtlərini pozar. Əksinə, xasiyyətində yaxşılıq və mürüvvət olan adamın təbiəti həmişə dostluğa meyl edər. Onun düşmənçiliyi də möhkəm olmaz. Çünki onun düşmənçiliyi vaxtın tələbinə görədir. Lakin zatında rəhmsizlik və zalımlıq olan adamın təbiəti düşmənçiliyə tərəf meyl edər, başladığı dostluq da davamsız olar. Dəfələrlə təcrübə edilmişdir: təvazökar, səxavətli və xoşəxlaq adamın həmişə dostu çox olmuşdur.
Elmin müxtəlif sahələrinə dair qələmə aldığı əsərlərilə mütəfəkkir Azərbaycan mədəniyyəti tarixində əzəmətli yer tutur. 2019-cu ildə dahi şəxsiyyət Abbasqulu ağa Bakıxanovun doğumunun 225 illiyidir.
ƏDƏBİYYAT
1. Bakıxanov Abbasqulu ağa. Tərəzinin ma¬hiyyəti (məntiqə dair traktat). Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. ADU-nun Elmi əsərləri.-1971.-№ 4
2. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994
3. Bakıxanov Qüdsi Abbasqulu ağa. Seçilmiş əsərləri. Tərtib, fars dilindən tərcümə, müqəddimə, qeyd və şərhlərin müəllifi Məmmədağa Sultanovdur. Bakı, 1984
4. Bakıxanov A. Gülüstani-İrəm. Tərcümə edən: M. Əskərli. Bakı, 1951
"karabakhmedia.az"