Nəsimi şeirində ədəbi-ictimai düşüncənin fəlsəfi inikası
[b]Əntiqə Paşayeva[/b]
AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru
pashayeva.ph@mail.ru
Nəsimi şeirində ədəbi-ictimai düşüncənin fəlsəfi inikası[/b]
Azərbaycan ədəbiyyatının məşhur simalarından olan Seyyid Muhəmməd oğlu Seyyid Əli İmadəddin Nəsimi təkcə ədəbiyyatda deyil, həmçinin, fəlsəfi, ictimai-siyasi mövzularda da dərin düşüncə sahibi olub. Çünki onun şeirlərində dini, tarixi, ictimai-siyasi məsələlərlə yanaşı, həm də fəlsəfi mövzularla qarşılaşırıq.
Nəsimi şeirlərini oxuduqda hədsiz fəlsəfi terminlərin mövcudluğunun şahidi oluruq. Onun elə bir misrası yoxdur ki, burada insanı düşünməyə vadar etməyən mövzu olmasın. Hər bir misrası həm daxili və həm də batini mənaları əks etdirir.
Şairin həyat və yaradıcılığını təhlil etdikdə burada çox mühüm bir məsələ diqqətimizi cəlb edir. Bu ondan ibarətdir ki, bir çox hallarda şair mütəfəkkir, filosof adlandırılır. Şairin belə adlandırılmasının səbəbi odur ki, şeirlərində fəlsəfi, ictimai-siyasi mövzuları və həm də mövcud aləmdə olan varlıqları nəzmə çəkir, yəni bu mövzuları şeirin dili ilə bizə çatdırır:
Gənci-nihanın sirriyəm, həm kuntə kənzin məzhəri,
Həm cövhərəm, həm cövhəri, həm cövhərə kaun olmuşam
Şair bu misrada insanın çox dəyərli və gizli bir xəzinə, həmçinin, həm yaradan (cövhər) və həm də yaranan (kaun) olduğunu bildirir. Məlum olduğu kimi, "cövhər" (hər hansı bir şeyin zatı - substance), "kaun" (yaranış) terminləri Qədim Yunan, Qərb və İslam fəlsəfəsinin mühüm mövzuları hesab olunur. Əsası Aristotelə aid olan bu mövzular islam mütəfəkkirlərinin, xüsusilə İbn Sinanın tədqiq etdiyi əsas mövzulardan biridir və qeyd olunan mövzular da Nəsimidən çox-çox əvvəl deyilib. Buradan məlum olur ki, Nəsimi fəlsəfi ideyaların yaradıcısı deyil, bəlkə bu ideyaları nəzm üslubunda yazaraq gələcək nəsillərə çatdırmışdır. Bundan əlavə, şair filosof ruhlu, həmçinin, şeirlərində humanizm, insansevərlik, haqq, ədalət, mənəviyyat, mübarizlik və digər əxlaqi keyfiyyətlər olduğu üçün filosof şair və mütəfəkkir adlandırılmışdır.
Mütəfəkkir şairin ədəbi və fəlsəfi irsi ilə tanış olduqda onun insanı müqəddəs bir varlıq hesab etməklə yanaşı, həm də onu dünyanın yaradıcısı, əzəli və əbədi bir varlığı kimi gördüyünü anlayırıq. Nəsimi insanı köləlikdən azad olub öz qüdrətini və dəyərini dərk etməyə çağırır.
Nəsimi insana sevgi və məhəbbət bəsləməyi önə çəkir. Nəsimi insanı məftunluqla tərənnüm edir, onun cismani və mənəvi gözəlliyindən aldığı təəssüratı emosional bir qüvvə ilə ifadə edir. Nəsiminin insana olan məhəbbəti iki şəxs arasında olan adi məhəbbət deyil, onun baxışlarında insana olan məhəbbət həm də insana olan diqqət və dəyərin nişanəsidir. Məhz bu üstünlüklərə görə də mütəfəkkir şair insanın yüksək dərəcəyə layiq olduğunu bütün yaradıcılığı boyunca tərənnüm edir:
Ta ki, üzünü görmüşəm, hüsnündə heyran olmuşam...
Nəsimi insana heyran olduğunu bildirir; insanın batində gizli, sirli və əbədi bir xəzinə olduğunu yazır, amma bununla belə, mövcud aləmdə isə insanın viran olduğunu və dəyərsiz hesab edildiyini gördükdə hədsiz sarsılır:
Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz,
Zahirdə gör bu surəti, aləmdə viran olmuşam.
Nəsimi şeirlərini oxuduqda hurifi təriqəti barədə məlumatın olması zəruridir. Onun şeirlərində Qurani-Kərimdən alınmış ibarələr çoxdur. Şair bu dini ibarələri islam ruhanilərinin başa düşdüyü kimi deyil, hürufi baxımdan mənalandırır. Nəsiminin fikrincə, yeganə varlıq adlanan mütləq varlıq-Allah insan camalında təcəlli etmişdir. Quran ayəsinə əsasən, Allah bütün məlaikələrə əmr etmişdir ki, Adəmə, yəni insana səcdə etsinlər. İblis adlı mələk insana səcdə etmədiyinə görə adı şeytan olaraq Allah dərgahından qovulmuşdur. Nəsimi rübaidə buna işarə edir:
Ey camalın qul hüvəllahu əhəd
Surətin nəqşidir Allahüs-səməd.
Bir ucu zülfün əzəl, biri əbəd,
Hüsnünə şeytan imiş mən la səcəd.
"Ey insan, sənin camalın Qurandakı qul hüvəllahu əhəd (de ki, o, yeganə Allahdır) ifadəsi, üzün isə Allahüs-səməd (Allah ehtiyacsızdır) ifadəsidir. Əbədiyyət və əzəliyyət sənin saçının uclarıdır. Sənin gözəlliyin qarşısında baş əyməyən ancaq şeytan olmuşdur".
Mütəfəkkirin fəlsəfi şeirlərində ərəb, fars sözləri və hədis ibarələri çoxluq təşkil edir və bunların hər birinin geniş izaha ehtiyacı vardır. Hürifilər eyni zamanda, Allahın gözəl insan üzündə təcəssüm etdiyini, yaradılış sirrinin sözdə olduğunu, sözün hərflərlə ifadə olunduğunu, hərflərin isə insan üzündə yerləşdiyini iddia edirlər. Buna görə də kainatın bütün sirlərini insanı öyrənmək yolu ilə izah edir və özünü düzgün dərk edən Allah ola biləcəyini söyləyirlər. Onlar çalışırdılar ki, islam dinində ilahi göstərişlərin səbəbini cazibəli və maraqlı formada ədəd və hərflərə istinad etməklə təfsir etsinlər. Bu məktəbin əsas ideyalarından biri insan və ona verilən dəyərdir. İnsan və insana olan eşq və onun varlığının vəsfi mühüm məqamlardan biri olaraq demək olar ki, Nəsimi yaradıcılığınını bütövlükdə əhatə edir. İnsan maddi və mənəvi aləmin vəhdətindən yaranmışdır; insan mənəvi baxımdan öz yaradanına bağlıdır. O, Tanrını dərk etməyə qadir deyil, amma mütləq varlığı tanımağa səy göstərməlidir və bu nisbi tanıma yalnız insanın özünü dərk etməsi və özünə verdiyi dəyərlə mümkündür.
Nəsimi şeirlərində insanı, insanın mövcud olduğu cəmiyyəti və bu cəmiyyətdə insan təkamülünün formalaşmasını dini ehkamlarda deyil, reallıqda axtarırdı və bu reallıq insanın özü idi:
Kəbə üzündür canıma, eşq ilə məscudam ana,
Ey zülfü kafir, gör necə gerçək müsəlman olmuşam.
Mütəfəkkir insan aləminə, onun ləyaqətinə, qüdrətinə olan hədsiz sevgisini ifadə edərək, insanı təbiət aləminin yaradıcısı və əsl gözəlliklərin mənbəyi olaraq görürdü:
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər,
Gərçi uçmaq hurusu cümlə ana can dedilər.
Səni bu hüsni-camal ilə, bu lütf ilə görən,
Qorxdular həq deməgə, döndülər insan dedilər.
Nəsimi şeirlərində hikmət dolu mənaların bilərəkdən yanlış dərk olunmasına səy göstərən savadsız, satqın ruhaniləri, özlərini dindar adlandıran və cəhalət içində qərq olan üzdəniraq din sahiblərini açıq-aşkar tənqid edirdi:
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir,
Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm,
Ey mərifətdən bixəbər, insafa gəlgil, biriya.
Nəsimi yaradıcılığı bütünlüklə insan gözəlliyinə, insan varlığının üstünlüyünə həsr olunub. Amma bu gözəllik bütün insanlara aid ola bilməz; şairin vəsf etdiyi insana xas olan üstün keyfiyyətlər ancaq özünü dərk edən insana aiddir və Nəsimi kəlamlarında belə insanı kamil insan adlandırır. O, insanı "canımın cananəsi" adlandırmaqla ona səcdə etməyin vacib olduğunu bildirir. Kamil insana səcdə etməyənlər isə haqq yolundan azmışlardır:
Səcdə edər şəmsü qəmər, Zöhrəvü Mahü Müştəri,
Hüsni-camalın görməgə, hurü mələk, insan budur...
***
Təriqim, gəncimü malım, Nəsimim, aşiqim, eşqim,
Həbibim, vey əzizim, ey əzəldə kamil insanım.
Nəsimi şeirlərində diqqəti cəlb edən digər mühüm məsələlərdən bir də onun dövrün ictimai-siyasi hadisələrinə biganə qalmaması, daim insan və insanlığı tərənnüm edən, köləlikdən qurtularaq azad düşüncə və parlaq gələcəyə çağıran fikirlərinin şahidi oluruq. O, feodal zülmünə, istilaya qarşı etirazını bildirmiş, islam dinini öz mənafelərinə uyğun təbliğ edən ruhaniləri tənqid etmişdir. Mütəfəkkir insanları həyat və kainatın sirlərini öyrənmək üçün dini mülahizələri diqqətlə təhlil etməyə çağırır, ibadət və səcdənin yalnız insana mənsub olduğunu tərənnüm edərək yazır:
Ey Nəsimi, səcdə qıl şol maha kim, həqdən sana
Fə'budu əyyahu vəscud vəqtərib gəldi xitab.
Yəni ey Nəsimi, o gözələ (insana) səcdə et ki, onun haqqında Quranda "ona səcdə və ibadət edin, ona yaxınlaşın" əmri gəlmişdir.
Şairin şeirlərinin hər bir misrasında ədəbi, fəlsəfi, ictimai, siyasi və tarixi irsin müxtəlif çalarlarda poetik inikasının şahidi oluruq. Nəsimi söz sənətini nəinki şeirdə, həm də ictimai həyatda əks etdirmişdir. Onun şeirlərini dinlədikcə sanki şair insanı möhkəm olmağa, mübarizliyə, dönməzliyə, hər hansı bir hadisə zamanı sarsılmamağa və mənən güclü olmağa çağırır.
Nəsimi insan varlığını həm ruhi və həm də cismani yönümdə nəzmə çəkərək insanın bütün canlılardan üstün olduğunu əqli sübutlarla göstərmişdir. Şair həm insanın ruhu və həm də cismi ilə danışır və insanı aləmdə ən dəyərli sərvət hesab edir. İnsan ilahi təcəssümdür; insanın kamalı, zəkası yaradıcılıq qüdrəti və gözəlliyi dünyaya zinnətdir, hər şey insana və onun səadətinə xidmət etməlidir. Şair mövcud aləm barədə olan fikirlərini adi sözlərlə deyil, əqli nəzəriyyə əsasında bəyan edən mütəfəkkirdir. Şairin yaradıcılığı təkcə Şərqdə deyil, hətta xristian xalqları arasında da sevilmişdir. Onun dərin fikriləri Hammer, Purqştall, Cibb, Braun, A.Bombaççi, V.Smirnov, A.Krımski və digər görkəmli şərqşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.
Nəsimi düşüncəsi insanı xarüqələr yaradıb kainatın sirlərini, elmin və hünərin qüdrətini dərk etməyə sövq edir. Nəsimi yaradıcılığı real həyatı göstərən və təsdiq edən elə bir hikmətdir ki, onun hər bir hissəsi bütün əsrlərdə sevilərək öyrənilir. Bu öyrənmə təkcə şeirə olan istək deyil, bu, həm də vətənpərvər mütəfəkkir şairə olan sevgidən irəli gəlir. Nəsimi ruhu o qədər lətif və zərifdir ki, ilk oxunuşda bunu hiss etmək çətin deyil. Şairin şeirlərilə yanaşı, nəzm ruhu nəsimisevənlərin qəlbində həmişə yaşayacaq.
Nəsiminin ədəbi-fəlsəfi irsi milli mədəniyyətimizin incilərindən hesab olunur. Milli mədəniyyətimizin inkişafında böyük rol oynamış Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi ilk dəfə YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda keçirilərək, həmin il "Nəsimi ili" elan olunmuşdur. Bunun davamı olaraq Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsi də klassik ədəbiyyatın dahi mütəfəkkirlərindən olan Nəsimi yaradıcılığını, onun fəlsəfi, ədəbi, ictmai-siyasi irsini daha dərindən yeni araşdırmalar əsasında öyrənilməsi və tədqiq olunması deməkdir. Nəsimi irsini tədqiq etməklə yanaşı, həm də onun ədəbi fəaliyyətinin əsasını təşkil edən humanizm, insansevərlik, vətənpərvərlik, mübarizlik ideyalarını insanlar arasında yaymaq və bunu gələcək nəsillərə çatdırmaq vacibdir.
"525-ci qəzet"