29.04.2019, 14:20 - Baxış sayı: 1905

Tarixdə yaşayan dünya şöhrətli alim


Aytək Zakirqızı (Məmmədova)
Fəlsəfə İnstitutu, fəlsəfə üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, dosent

(Nəsirəddin Tusinin vəfatının 745 illiyi münasibəti ilə)

Açar sözlər: Nəsirəddin Tusi, Şərq peripatetizmi, din, fəlsəfə, elm
Ключевые слова: Насираддин Туси, Восточный перипатетизм, религия, философия, наука
Key words: Nasir ad-Din Tusi, Eastern Peripateticism, religion, philosophy, science

Ensiklopedik alim Nəsirəddin Tusi elmin müxtəlif sahələrinə dair qiymətli əsərləri ilə elm və mədəniyyət tarixində özünəməxsus mövqe qazanmış dahi şəxsiyyətdir. Əbu Cəfər Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda təvəllüd tapdığı üçün Tusi (ət-Tusi) nisbəsi ilə tanınmışdır. Mütəfəkkirin doğum tarixinə gəldikdə, bu barədə müxtəlif məlumatlar mövcuddur. Lakin mənbələr əsasında bu qənaətə gəlmək mümkündür ki, Nəsirəddin Tusi şənbə günü 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə anadan olmuşdur.
Nəsirəddin Tusinin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələ hər zaman aktualdır. Nəsirəddin Tusinin şagirdi və davamçısı İbn əl-Füvətinin (1244-1326) göstərdiyi bir fakt onun milli mənsubiyyətinin türk mənşəli olmasının sübutu üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşmüş, 1261-ci (659) ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında yaşamışdır. İbn əl-Füvəti yazmışdır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə bir tapşırıq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Azərbaycan alimi Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir [1, 14].
Bununla da Nəsirəddin Tusinin şagirdi İbn əl-Füvətinin yazdığı fakt filosofun milli mənsubiyyətinin türk olmasına parlaq misaldır. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşımaqla yanaşı, bəşər elm və fəlsəfəsi tarixində əzəmətli yer tutmuşdur.
Filosof ziyalı mühitində böyümüş, atasından və dayısından təhsil almış, sonra Xorasana getmiş və orada dövrün məşhur alimlərinin mühazirələrini dinləmişdir. Nəsirəddin Tusi XIII əsrin iyirminci illərində Nasirəddin Möhtəşəmin dəvəti ilə Kuhistana getmiş, İsfahanda olmuşdur.
Türkiyənin görkəmli mütəfəkkiri Hilmi Ziya Ülkən (1901-1974) ismaili məzhəbinin XIII əsrdə ən parlaq bir dövrü olduğunu xatırladarkən Xorasanda bu məzhəbə mənsub alimlərin toplandığını qeyd edir: “İsmaili məzhəbinin ən məşhur simalarından biri o sırada Kuhistan valisi olan Nasirəddin Əbülfəth ibn Mənsur özü ədəbiyyatçı olduğu kimi ətrafına da zamanın tanınmış təsəvvüf, fəlsəfə və riyaziyyatçı alimlərini toplayırdı. Xoca Nəsir Tusi prinsip baxımından İsmailliliklə eyni əsldən olan İmami məzhəbindən olduğu üçün Nasirəddinin məclisinə qatılmaqda gecikmədi və orada çox yaxşı qarşılandı” [2, 132].
Nəsirəddin Tusi sonra müəyyən narazılıq üzündən İsmaililər hökmranlığının iqamətgahı olan Ələmut qalasına salınmışdı. Mütəfəkkir Ələmutda olan zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olur. Lakin filosofa qaladan kənara çıxmaq qadağan edilir və o burada bir növ sürgün həyatı keçirir. Monqol xaqanı Hülakü xan 1256-cı ildə Ələmut qalasını tutub İsmaililər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Nəsirəddin Tusi azad olur.
Hülakü xan bu qələbəsindən sonra 1258-ci ildə Bağdad şəhərini tutaraq xəlifə Müstəsimi (1242-1258) öldürdü. Bununla Abbasilər sülaləsinin 500 ildən artıq hökm sürən hakimiyyətinə son qoyuldu.
Qeyd etmək lazımdır ki, təəssübkeş islam ideoloqları Abbasilər xilafətinin süqutunda və xəlifənin öldürülməsində Nəsirəddin Tusinin səbəbkar olduğunu yazmaqla onu islama düşmən və qəddar adlandırmışlar.
Tarixçi, ictimai xadim Fəzlüllah Rəşidəddin (1247-1318) 1258-ci ildə Hülakü xanın Bağdada hücum edib xəlifəni öldürməsi hadisəsini təsvir etmişdir Onun fikrincə, Hülakü xan əvvəlcə Nəsirəddin Tusi ilə məsləhətləşmiş, xəlifənin qeyri-adi, müqəddəs bir şəxs olub-olmamasını soruşmuşdur. Nəsirəddin Tusi bir alim kimi düzünü demiş, xəlifənin adi adam olduğunu bildirmişdir [3, III, 38-39]. Beləliklə, bu hadisəyə görə filosofu qətlin səbəbkarı, qəddar və islama düşmən saymağa heç bir əsas yoxdur.
Tarixçi İbn Kəsir (1301-1372) şiəliyə qarşı olsa da həmin hadisəyə obyektiv mövqedən yanaşmış və bu işdə Nəsirəddin Tusini müqəssir saymamışdır. O yazır ki, bu iş Nəsirəddin Tusi kimi “bir aqildən və fazildən meydana çıxmayıb. Bəzi bağdadlılar onu xatırlayıb həmd-səna etmişlər. Demişlər: o, aqil, fazil və yaxşı xasiyyətli idi”.
Həqiqətən məlumdur ki, Nəsirəddin Tusi insanlara əlindən gələn yaxşılıqları etməklə onları hökmdarın qəzəbindən qorumuşdur. Humanist filosof həmişə günahsız dustaqların azad edilməsinə çalışmışdır. Bir mənbədə deyilir ki, o, ölüm cəzası gözləyən alim həmkarı Cüveynini xilas edə bilmişdir. İbn əl-Füvətinin və onun qardaşı Bədrəddin Əbdülvəhhabın xilası da bu qəbildəndir. Bütün bunlar filosofun xeyirxahlığından xəbər verir. Nəsirəddin Tusi “Nasir etikası” (“Əxlaqi Nasiri”) və b. əsərlərində təbliğ etdiyi yüksək insani xasiyyətlərə ilk növbədə özü əməl etmişdir.
Səlahəddin Səfədi (1296-1363) Nəsirəddin Tusinin şəxsi keyfiyyətlərinə diqqəti yönəldərək yazırdı: “Tusi alicənab, səxavətli, comərd, həlim, xoşrəftar, fəzilətləri sanballı, qədr-qiyməti böyük idi”. Türk tarixçisi Kərim Aqsarayi (XIII-XIV əsrlərin qovşağı) “Xəbərlər söyləmə və seçilmişləri müşayət etmə” kitabında Nəsirəddin Tusinin şəxsiyyətini, elmi fəaliyyətini yüksək qiymətləndirmişdir.
XV-XVI əsrlərdə Əbdürrəşid Bakuvi, Qiyasəddin Xandəmir (1475-1535) də Nəsirəddin Tusini görkəmli alim kimi yad etmişlər. Qiyasəddin Xandəmir “Həbib əs-siyər” əsərində XIII əsrin tarixi hadisələri ilə bağlı olaraq filosofun siyasi və elmi fəaliyyətindən ətraflı bəhs etmişdir. XVII əsrdə Hacı Xəlifə (1608-1670) “Kitabların və fənlərin adlarından zənnlərin açılması” kitabında Nəsirəddin Tusinin əsərləri və onlara yazılmış şərhlər, haşiyələr barədə dolğun məlumat vermişdir.
Nəsirəddin Tusi 25 iyun 1274-cü (18 zülhiccə 672) ildə Bağdadda vəfat etmişdir. Öz vəsiyyətinə görə o, Musa Kazım əleyhissəlamın türbəsində, İraqda Bağdad yaxınlığında yerləşən müqəddəs şəhər Kazımeyndə dəfn edilmişdir. Bu yerdə on iki imamdan yeddincisi və doqquzuncusu Musa ibn Cəfər əl-Kazım və onun nəvəsi Məhəmməd dəfn olunduğu üçün Kazımeyn (İki Kazım) adlanmışdır. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).
Nəsirəddin Tusinin vəfatı ağır itki kimi elmi ictimaiyyəti sarsıtmışdır. Bundan təsirlənmiş Fəzlüllah Rəşidəddin yazırdı:
Onun ölümü ilə fəzilətlər və elmlər öldü,
Qoy fəzilətlər və elmlərdə salamatlıq olsun!
“Fəzilətlər və elmlərin salamatlığında” Nəsirəddin Tusinin xidməti misilsizdir. Onun yaratdığı Marağa rəsədxanasının alimlərinin sorağı zaman keçdikcə Təbriz, Səmərqənd və Pekin rəsədxanalarından gəlməyə başladı.
Elmi-fəlsəfi əsərləri isə sonrakı alimlər, filosoflar üçün örnək oldu. Nəsirəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına görə “on birinci əql” demişlər. Belə ki, Şərq peripatetizminin sistemini yaratmış Əbunəsr Farabi özünün emanasiya nəzəriyyəsində “on əql” doktrinasını vermişdir. Onuncu və sonuncu fəal əql Ay göyünə mənsub edilir. Nəsirəddin Tusiyə “on birinci əql” deməklə onun misilsiz idrak sahibi olmasına işarə edirdilər. Nəsirəddin Tusinin dini və dünyəvi elmlərə dair qiymətli traktatları öz şagirdləri və sonrakı əsrlərdə yaşamış mütəfəkkirlər üçün örnək olmuşdur.
Hilmi Ziya Ülkən Azərbaycan filosofunun “Nasir etikası” (“Əxlaqi Nasiri”) əsərində Aristotelin “Nikomaxın etikası” ilə Qəzalinin təsəvvüfün əxlaq görüşünü uzlaşdırmağa çalışdığını bildirərək, “İslam aləmində ilk dəfə sistemli əxlaq kitabı” yazdığını qeyd etmişdir. Nəsirəddin Tusinin dünyagörüşü – fəlsəfəsi və etik, ictimai-siyasi görüşləri öz dəyərinə görə bütün dövrlərdə aktuallıq kəsb etmişdir. Mütəfəkkir Şərq peripatetizmi xəttini əsas tutaraq öz sələflərinin ideyalarını yaradıcı surətdə davam etdirmişdir.
İbn Sinanın “İşarələr və qeydlər” kitabı müxtəlif dövrlərdə filosof və mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Şərhçilərin bu kitaba münasibəti müəyyən mənada onların fəlsəfə tarxində tutduqları mövqeyi ifadə edirdi. Mütəkəllimlər (sxolastlar) bu qiymətli əsəri əsas etibarilə təkzib etməyə çalışır, peripatetik filosoflar isə elmi fəlsəfə tərəfində durur, mütərəqqi fikirlərin təhrifinə yol vermirdilər. Mütəkəllim Fəxrəddin Razinin və filosof Nəsirəddin Tusinin şərhləri bu ideya mübarizəsinin aparıcı istiqamətlərini təmsil edirdi.
Maraqlıdır ki, Fəxrəddin Razi bu şərhi Nəsirəddin Tusinin anadan olduğu ayda və ildə, yəni fevral 1201-ci (cümad əl-ula 597) ildə qələmə almışdır. Azərbaycan filosofu sonralar həmin şərhə qarşı özünün şərhini yazmışdır. O, “İşarələr və qeydlər” kitabına yazdığı şərh üzərində iyirmi ilə yaxın işləmiş və onu 1246-cı ildə Ələmut qalasında bir növ həbsdə olarkən tamamlamışdır.
Nəsirəddin Tusinin şərhində İbn Sinanın mütərəqqi fəlsəfi fikirləri təəssübkeş islam ideoloqlarının hücumlarından cəsarətlə qorunmuş, inkişaf etdirilmişdir.
Nəsirəddin Tusi fars dilində yazdığı “İqtibasın əsası” (“Əsas əl-iqtibas”) əsərinin 1244-cü (642) ildə tamamlamışdır. Türkiyəli alim Hilmi Ziya Ülkən “İqtibasın əsası” əsərini “farsca və çox ətraflı təfsilatı ilə yazılmış ən böyük məntiq kitabı” kimi dəyərləndirmişdir [2, 134].
Mənbələrdə Nəsirəddin Tusi şiəliyin imamilik (imamət) təriqətinin görkəmli nümayəndəsi kimi göstərilir. Filosofun özünün yaradıcılığında da imamət mövzusu geniş yer tutur. Buna onun “Kəlamın təcridi” (“Təcrid əl-kəlam”), “Nəsir fəsilləri” (“Füsul nəsiriyyə”) və xüsusən “İmamətə dair traktat” (“Risalə fi-l-imamə”) əsərləri parlaq nümunələrdir.
Ensiklopedik alim yaradıcılığında dəqiq elmlərdən bəhs edən əsərlərlə bərabər, bir sıra fəlsəfi əsərlərin də müəllifidir. Onlardan “Mövcudatın bölgüsü və onun qisimləri” (“Qismət-e maucudat va əqsam-e an”), “Vacib varlığın isbatı” (“İsbat əl-vacib”), “Elmin təhqiqi” (“Təhqiq əl-elm”), “Başlanğıc və son” (“Ağəz və əncam”), “Elm öyrənənlərin ədəb-ərkanı” (“Adab əl-mütəəllimin”) kitabları çap edilmişdir.
Nəsirəddin Tusi fəlsəfi təlimində, xüsusilə idrak nəzəriyyəsində sufi və işraqi ideyalardan təsirlənmiş, həmin təlimlərin bəzi doktrinalarından, habelə İslam dininin müqəddəs kitabı Qurandan bəhrələnmişdir. Lakin bu təsir bəzən terminoloji, zahiri səciyyə daşıyır. Məsələn, filosofun işlətdiyi ifadələrdə təsəvvüf boyası ilə, mistik məzmunla məntiqi intuisiyanın da ifadə edilməsi özünü göstərir. Nəsirəddin Tusinin ictimai-siyasi görüşləri onun etik görüşlərinin bir növ davamıdır. Burada insan və cəmiyyət münasibəti araşdırılır, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, nəzəri fikirlər irəli sürülür. Azərbaycan filosofunun idarəetmə nəzəriyyəsində insanın özünü, ailəsini və dövləti idarəetməsindən bəhs edilir. Mütəfəkkir bu məsələdə də ilk növbədə öz sələflərinə istinad edir.
Nəsirəddin Tusi insanın özünü idarə etməsini onun idrak fəaliyyətini artırmasında, kamillik yolunu tutmasında görür. Özünü idarəetmədən sonra gələn ailəni idarəetmə işində ailə üzvlərindən hər birinin vəzifəsi, fəaliyyəti, qarşılıqlı münasibəti göstərilir. İdarəetmə nəzəriyyəsində dövlət idarəçiliyi yüksək pilləni təşkil edir. Monqol hökmdarları alimlərə böyük rəğbət bəsləmiş, elm və mədəniyyətin inkişafına xüsusi diqqət yetirmişlər. Nəsirəddin Məhəmməd Tusinin başçılığı ilə Marağa şəhərində inşa edilmiş rəsədxana buna parlaq misaldır. Belə ki, Marağa rəsədxanası təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqi ölkələrində böyük elmi-mədəni hadisə idi. Bununla da Nəsirəddin Tusi 1259-cu ildə təsis etdiyi Marağa rəsədxanasına görə bəşər elminin inkişafında misilsiz xidmət göstərmişdir. Fəzlullah Rəşidəddin “Salnamələr toplusu” kitabında göstərmişdir ki, Hülakü xan alimə özünün münasib bildiyi bir yerdə ulduzları müşahidə etmək üçün bina tikməsinə razılıq verir. Nəsirəddin Tusi Marağa şəhərini seçir və çox yaraşıqlı rəsədxana təşkil edir [3, III, 48-49].
Rəsədxanada çalışan alimlər astronomik müşahidələr aparmaqla, rəsədxana işlərində çalışmaqla yanaşı bütün elm sahələrində dərin tədqiqatlarla da məşğul idilər. AMEA-nın müxbir üzvü Zakir Məmmədov bu barədə yazmışdır ki, 1266-cı ildə Nəsirəddin Tusinin yanına gəlib, Marağa rəsədxanasında işləyən azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Salmasi kağızı həll edib alınan xəmirdən alətlər və cihazlar düzəldirmiş. Zakir Məmmədov mənbələr əsasında sübut etmişdir ki, Kəriməddin Salmasi rəsədxanada içiboş Yer kürəsi modelini hazırlamış, onun üzərində iqlimlərin təsvirini vermişdir. Əlbəttə, bu coğrafi qlobus idi. Halbuki elm aləmində elə hesab edirlər ki, ilk coğrafi qlobus alman coğrafiyaçısı və səyyahı Martin Böhaym (1459-1507) hazırlamışdır [4, 187; 5, 185].
Marağa rəsədxanasında aparılan elmi tədqiqatların sonrakı əsrlərdə elmin inkişafına böyük təkan verdiyini bildirən professor Həbibulla Məmmədbəyli rəsədxanada görülən çox dəyərli elmi işlərdən birinin coğrafi koordinatlar cədvəlinin tərtib edilməsi olduğunu qeyd etmişdir: “Zic Elxani”də 256 şəhərin coğrafi enlik və uzunluq koordinatları verilmişdir. Bu cədvəl XIII əsrdə Azərbaycan alimlərinin coğrafi biliklərinin yüksək səviyyədə olduğunu göstərir. Cədvəlin coğrafiya elminin inkişafında böyük və Amerikanın kəşfində isə müəyyən dərəcədə əhəmiyyəti olmuşdur [6, 98].
Nəsirəddin Tusinin yaradıcılıq yolu həm şagirdləri, həm də övladları – Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd tərəfindən də davam etdirilmişdir. Sədrəddin Əli atasının ölümündən sonra Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə bildirildiyi kimi, o, farsca şeirdə və astronomiyada fəzilətli idi. Əsiləddin Həsən riyaziyatçı və şair kimi tanınırdı. Əsiləddin Həsən həm elmi fəaliyyət göstərmiş, həm də dövlət işlərində çalışmışdır. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama getmiş, sonra Bağdadda mənsəb tutmuşdur. Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasım Əhməd riyaziyyatçı, astronom olmuş, vəqflərin müdiri işləmişdir. Fəxrəddin Əhməd Abaqa xanın oğlu Arqun xan zamanında xidmət etmiş, 27 avqust 1301-ci (21 zülhiccə 700) ildə Sivasda öldürülmüşdür. Cənazəsi Marağaya gətirilib, qardaşının yanında dəfn olunmuşdur. Mənbələrdə qeyd edilir ki, Əvhədi Marağayi “Dəhnamə” məsnəvisini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənin adına 1306-cı (706) ildə nəzmə çəkmişdir. Lakin onun hansı ixtisas sahibi olması, nə kimi mövqe tutması məlum deyildir.
Marağa rəsədxanasında çalışanlar və onun nəzdindəki məktəbdə təhsil alanlar Nəsirəddin Tusinin yaradıcılıq yolunu davam və inkişaf etdirmişlər. Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Əllamə Cəmaləddin Həsən Hilli (1250-1326) və başqaları bu məktəbin nümayəndələridir.
Ensiklopedik alim elmi-fəlsəfi təlimlərdən panteizmə və işraqiliyə ciddi maraq göstərmiş, onların nəşət edib yayılmasına şərait yaratmışdır. Zakir Məmmədov Şihabəddin Sührəvərdinin əsərlərinin, xüsusən onun işraqilik fəlsəfəsinin Nəsirəddin Tusinin istedadlı şagirdi Qütbəddin Şirazi tərəfindən müfəssəl araşdırıldığını bildirmişdir. Peripatetik filosof sufizmin fəlsəfəsi ilə də dərindən maraqlanmışdır. Azərbaycanda Eynəlqüzat Miyanəcinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədovun bildirdiyi kimi, Nəsirəddin Tusi sufizmin panteist fəlsəfəsinin əsaslarını ifadə edən, sufi-fəlsəfi ədəbiyyatın şah əsərini – Eynəlqüzat Abdulla Miyanəcinin “Həqiqətlərin məğzi” (“Zübdət əl-həqaiq”) traktatını ərəb dilindən fars dilinə tərcümə etmişdir.
Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələri də müəllimləri kimi elmi yaradıcılıqla yanaşı, özlərinin məktəblərini yaradaraq “müəllim-şagird” silsiləsini, ənənəsini davam etdirmişlər.
Beləliklə, “haqlı filosof” (“feyləsuf bi-l-həqq”), “mütləq müdrik” (“həkim mütləq”), “ən böyük ağa” (“əl-maula əl-əzəm”), “həqiqətlərin təzahür yeri” (“məzhər əl-həqaiq”), “incəliklərin yaradıcısı” (“mübdi əd-dəqaiq”), “bəşər ustadı” (“ustad əl-bəşər”) fəxri adlarını daşıyan Nəsirəddin Tusinin irsi yaradıcı ziyalılar üçün örnək olmuşdur. Həmin dəyərli irsin əsasında qələmə alınmış dolğun şərhlər, haşiyələr və izahatlarla birlikdə əsrlər boyu mədrəsələrdə tədris edilərək geniş yayılmışdır. Azərbaycan filosofunun ayrı-ayrı millətlərin müxtəlif əqidəli yüzdən çox nümayəndəsini inşa etdiyi Marağa rəsədxanasında işləməsinə lazımi şərait yaratması onun humanizmi və azadfikirlilik meyllərinin ifadəsidir. Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələri, Marağa rəsədxanasında çalışan alimlər öz fəaliyyətləri ilə nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində şöhrət qazanmış, dünya mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr bəxş etmişlər.


ƏDƏBİYYAT
1. Məmmədova Aytək Zakirqızı. Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, 2000
2. Ülken Hilmi Ziya. İslam felsefesi kaynakları ve tesirleri. Ankara, 1967
3. Рашид ад-дин Фазлуллах. Джами ат-таварих. Перевод с персидского языка А.К.Арендса, т. III, Баку, 1957
4. Məmmədov Zakir. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983
5. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994
6. Məmmədbəyli H.C. Nəsirəddin Tusi. Bakı, 1968


Айтек Закир кызы Мамедова
Живущий в истории всемирно известный ученый
(по случаю 745-ой годовщины со дня кончины Насираддина Туси)

РЕЗЮМЕ

В статье отмечается важная роль ученого-энциклопедиста Насираддин Мухаммад Туси (1201-1274) в обогащении мировой науки и философии. Обсерватория, построенная под его руководством в Мараге в 1259 году, подчеркивается как важнейшее крупное научное и культурное событие не только в Азербайджане, но и во всех мусульманских странах Востока в свою эпоху.Последователи выдающегося представителя восточного перипатетизма Насираддин Туси так же имели энциклопедическое наследие. Азербайджанский философ был представлен в научных источниках почетными званиями – мудрый, умный, великая личность и.т.д.

Aytek Zakir qizi Mammadova
World-renowned scholar living in history
(on the occasion of the 745th death anniversary of Nasir ad-Din Tusi)

SUMMARY

The important role of the encyclopedic scholar Nasir ad-Din Muhammad Tusi (1201-1274) in enriching world science and philosophy is noted in the article. The observatory, built under his leadership in Maragha in 1259, is emphasized as the most important major scientific and cultural event not only in Azerbaijan, but also in all Muslim East in its era. The followers representative of Eastern Peripateticism Nasir ad-Din Tusi, also has an encyclopedic heritage. The Azerbaijani philosopher was represented in scientific sources by honorary titles – a wise, intelligent, great personality and etc.

Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Dövlət və din. İctimai fikir toplusu. №01(60). Bakı, 2019. səh. 64-70