13.04.2019, 12:11 - Baxış sayı: 1001

Gənclər İlham Əliyevin siyasi alternativsizliyini birmənalı qəbul edirlər


Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru

İnamla və böyük uğurlara imza atmaqla addımlayan respublikamız qısa zaman kəsiyində böyük uğurlar əldə edib, sosial-iqtisadi göstəricilərinə görə dünya miqyasında liderlər mövqeyinə yüksəlib. Eyni zamanda yerləşdiyi regionun iqtisadi və siyasi cəhətdən söz sahibi statusuna malik olan Azərbaycan beynəlxalq birlikdəki yerini möhkəmləndirib. İndi ölkəmiz tək regionda deyil, dünyada söz sahibi kimi çıxış edir.
Təbii ki, bu gün Azərbaycanın qazandığı bütün nailiyyətlərin kökündə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq böyük siyasi iradə ilə davam etdirilməsi dayanır. Ölkə vətəndaşları bu gün haqlı olaraq əldə edilən inkişafla, yüksək sosial rifahla və güclü Azərbaycan dövləti ilə fəxr edirlər. Bütün bunlara nail olmaq isə Prezident İlham Əliyevin ötən 16 ildəki fəaliyyətinin daimi prioritetləri olub. Ölkə rəhbəri qazanılan uğurlarla kifayətlənməyib və onun davamlı olması üçün əzmlə çalışıb.
Bu baxımdan cənab İlham Əliyevin hər bir prezidentlik dövrü onun xalqımıza verdiyi uğurlu hesabat kimi xarakterizə oluna bilər.
2018-ci ilin aprelində keçirilən son prezident seçkisində də xalqımızın etdiyi müdrik seçimin kökündə bu siyasətin dəstəklənməsi dayanırdı. Aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən Prezident İlham Əliyev inkişaf siyasətinin bundan sonra da davam etdiriləcəyini demişdi: "Biz daha güclü olmalıyıq. Güclü olmaq üçün daha güclü iqtisadiyyat qurmalıyıq. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasındadır. Rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir”.
Ümumiyyətlə, cənab İlham Əliyevin son prezident seçkilərində qazandığı qələbə misilsiz olmaqla yanaşı, həm də bundan sonra onun rəhbərliyi altında görüləcək daha böyük, əzəmətli və genişmiqyaslı işlərə xalqın böyük inamının, güvəninin göstəricisidir. İlham Əliyevə verilən hər bir səs eyni zamanda Heydər Əliyev siyasi kursuna xalqın etimadını təcəssüm etdirirdi. Odur ki, bu seçkilərdə də xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev ideyalarının və siyasətinin davamına səs verdi. Bu mənada cənab İlham Əliyevin qələbəsi hər birimizin - Heydər Əliyev dövlətçilik xəttinə və Azərbaycanın müstəqilliyinə sadiq olan milyonların qələbəsi kimi tarixə düşdü.
Seçkidən ötən bir ildə Azərbaycanın inkişafı 12 aya sığmayacaq qədər möhtəşəm uğurlardan xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən dövlət siyasəti nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər ölkəmizin daha da inkişaf etməsi üçün yeni perspektivlər açmış və praktiki olaraq bunun nəticələri ötən bir ildə hiss olunmuşdur.
Dövlət başçısı praqmatik və rasional düçüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi, intellektual səviyyəsinin yüksəldilməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Dövlət başçısının bugünün gəncliyinə ünvanlanmış "Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm” sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.
Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialının güclənməsindən ötrü bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. 2019-cu ilin fevral ayında həyata keçirilən sosial islahatlar bunu bir daha təsdiq etdi. 3 milyon vətəndaşa şamil olunan sosial paket Azərbaycanda insan amilinin sosial siyasətin fövqündə dayandığını göstərdi.
Azərbaycan Prezidenti hər zaman çətin vəziyyətə düşən vətəndaşa arxa durur. Fevral ayında respublikanın şimal bölgəsində baş verən zəlzələdən dərhal sonra Prezidentin Şamaxıya səfəri, insanlara təskinlik verməsi və yeni mənzillərin tikilməsi ilə bağlı sərəncamların imzalanması əsl liderlik örnəyi idi.
Martın sonlarında Bakının Nizami rayonundakı "Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkmiş sahibkarlara münasibətdə bunun şahidi olduq. Prezident İlham Əliyev zərər çəkmiş sahibkarlara maddi dəstək göstərməklə, onların yanında olmaqla bütün dünyada ən mükəmməl sosial siyasət nümunəsi göstərdi.
Bütün bunlar dövlət başçısının hər bir vətəndaşın taleyinə həssaslıqla yanaşmasının, diqqət və qayğısının təcəssümüdür. Eyni zamanda insanlar bir daha əmin oldular ki, Prezident İlham Əliyev kimi güvənc yerləri var.
Bütövlükdə ötən bir il Azərbaycan üçün uğurlarla əlamətdardır. Hələ ötən il aprelin 11-də öz səsini cənab İlhah Əliyevə verən hər bir vətəndaş perspektivdə dövlətin və özünün həyatında daha böyük nailiyyətlərin olacağını bilirdi. Budur, son bir ilin uğurlu sosial-iqtisadi göstəriciləri xalqın öz seçimində heç vaxt yanılmadığını tam təsdiq edir.
Bunu aprelin 9-da Fransanın "Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu da bir daha təsdiqləmişdi. Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirilən geniş rəy sorğusu dövlət başçısının yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiqlədi.
Rəyi soruşulanların 80,1 faizi hesab edir ki, ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılması Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsidir. Respondentlərin 85,1 faizi dövlət başçısının son bir ildə gördüyü işləri yüksək dəyərləndirib. Sorğunun ümumi nəticəsi də onu göstərir ki, bu gün ölkədə yenidən prezident seçkiləri keçirilərsə, İlham Əliyev seçicilərin 85 faizinin səsini qazanaraq bir daha alternativsiz lider olduğunu təsdiqləyəcək.
Göründüyü kimi, xalq Azərbaycan dövlətinin qazandığı bütün bu uğurlarda İlham Əliyev fenomenini xüsusi vurğulayır. Çünki ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün ilk növbədə vətəndaş həmrəyliyi, qarşılıqlı münasibətləri normallaşdıran, cəmiyyətdə sağlam iqlim yaradan cənab İlham Əliyev insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini daha da gücləndirib.
"Azərbaycan" qəzeti