15.04.2019, 10:43 - Baxış sayı: 794

İlham Əliyevin islahatlar kursu və strategiyası


İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor.

Ölkəmizi müasirləşdirmək, yeniləşdirmək, gücləndirmək, iqtisadiyyatımızı, ordumuzu gücləndirmək – bu gün bizim planlarımız məhz bundan ibarətdir. Azərbaycan xalqı üçün gözəl şərait yaratmaq və Azərbaycanı dünya birliyinə daha da sürətlə, hərtərəfli inteqrasiya etmək bizim əsas, prioritet məsələlərimizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Tarixdə iz qoymuş böyük liderlər dövlət hakimiyyətini ölkənin yalnız bugünkü maraqları baxımından deyil, həm də gələcək mənafeyini nəzərə alaraq təşkil edir, dövlətçiliyin ideoloji-siyasi, hüquqi-iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa çalışırlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin reformatoru, müasir tipli lideri İlham Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, yeni xəttini fundamental elmi-praktik, müasir, kreativ, səmərəli prinsiplər aspektində müəyyənləşdirmişdir.
Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursu, hökumətin ümumi daxili və xarici siyasətdə uğurları ölkədə birmənalı pozitiv mühit yaradır. Onun ən uğurlu nəticəsi isə sabitliyin qorunub saxlanılmasıdır.
Dövlət başçısının yeni xətti ulu öndər Heydər Əliyevin strategiyasını davam etdirməklə, həm də sabitliyi yenilik və müasirliklə uzlaşdırır.
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxarılaraq yeni məzmun kəsb etmiş, respublikada milli ruhlu vətəndaşlar formalaşmışdır.
Ulu öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlər, qəbul etdiyi cəsarətli qərarlar, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün yeni tip lider obrazını yaratmışdır. Bu obraz Prezident İlham Əliyevin fəaliyyətində də əks olunur və yeni çağırışlara cavab tapır. Azərbaycan xalqı özünün müasir inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev respublikanı nəhəng quruculuq meydançasına çevirərkən, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Ulu öndərin hakimiyyəti illəri Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər o dövrlərdə belə, fəaliyyətində yüksək daxili “Mən”inin təcəssümü olan ədalətlilik, insanpərvərlik, humanizm kimi ali dəyərlərə sadiqliyini nümayiş etdirmişdir. Düzgünlük, haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları müdafiə etmək, hər bir fərdin mənafeyini önə çəkmək Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas mahiyyətini təşkil etmişdir. Yalnız bir faktı xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə kasıb, imkansız ailələrin övladlarının daxil olmasına yol açan xüsusi göstəriş vermiş, beləliklə bu sahədə ədalət və şəffaflıq prinsipini təmin etmişdir.
Böyük öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görərək, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ulu öndər yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Bəşəriyyətin çoxəsrlik təcrübəsi də göstərir ki, elmə, təhsilə qiymət verməyi bacaran xalqlar və dövlət başçıları öz ölkələrinin sürətli inkişafını təmin etmiş olurlar. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Heydər Əliyev dühası həm də fəlsəfəmizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, araşdırıcısı, ən əsası, böyük hamisi olmuş, elmə, alimə həmişə yüksək qiymət vermişdir.
Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat strategiyasını yaratmışdır. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı, sakitliyi imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsini, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını konseptual formada özündə təcəssüm etdirir.
Böyük öndər bu iqtisadi inkişaf modelini irəli sürərkən heç də dünya ölkələrinin təcrübəsini Azərbaycana köçürməmiş, respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə almışdır. O, qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”, – deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli öndərimiz mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.
Ulu öndərin dövlətçilik fəlsəfəsinə tapınan cənab İlham Əliyevin prezidentliyinin son bir ili də respublikada sabit iqtisadi və hüquqi sistemin islahatlarına, sosial vəzifələrin həllinə, əhalinin alıcılıq qabiliyyətinin və rifahının yüksəldilməsinə, cəmiyyətdə həmrəyliyin əldə edilməsinə yönəlmişdir. Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl sürətlə yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm enerji və transmilli layihələri icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, iqtisadiyyatın ayrı-ayrı sahələrinin əsaslı inkişafını reallaşdırıb.
Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərindən biri kimi elan edib, ölkədə sistem xarakterli inzibati və institusional islahatlar həyata keçirir. Qazanılan uğurlar Azərbaycanın davamlı və sonu görünməyən demokratiya magistralında uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunun yüksəlməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır. Respublikamızın sabit iqtisadi inkişaf yolunda olması idarəçiliyin demokratik formasını sabitləşdirməyə və möhkəmlətməyə əsaslı zəmin formalaşdırır. İndiki məqamda ölkənin siyasi elitası qarşısında duran əsas vəzifələrdən biri iqtisadi nailiyyətləri yeni hüquqi şüur formalaşdırılması amilinə transformasiya etməkdir.
İnkişaf etmiş və demokratik inkişaf yolunda böyük təcrübə qazanmış Qərb ölkələrinin standartlarını Azərbaycanla eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa məhkumdur. Azərbaycan müstəqillik qazandıqdan sonra azad bazar iqtisadiyyatı və demokratik inkişaf yolunu prioritet kimi seçsə də, bu prosesin tədricən həyata keçirilməsinə, təkamülə əsaslanmasına üstünlük vermişdir. Respublikamızın üstünlük verdiyi siyasi strategiya dünya miqyasında qəbul olunmuş universal prinsiplərin saxlanılması yolu ilə milli demokratiya modelinin inkişaf etdirilməsidir. Belə bir modelin formalaşması isə şübhəsiz, ölkənin sosial-iqtisadi inkişaf tempi ilə həmahənglik təşkil edir. Böyük strateq olan Azərbaycan Prezidenti
İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı inkişafı yalnız milli şüurda yeniliklərin qəbulundan keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və milli şüurun vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir: “Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi islahatların genişlənməsi heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin hərtərəfli inkişafı üçün bərabər imkanların yaradılmasıdır”.
Qloballaşma dövründə demokratikləşmə və siyasi-hüquqi liberallaşma hər bir xalqın sosial-iqtisadi, mədəni, intellektual baxımdan bu prosesə hazırlığı ilə şərtlənir. Demokratik dəyər və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi insanların maddi rifah halının yüksəlməsindən keçir. Maddi sıxıntılar içərisində yaşayan insan sərbəst, fəal ola bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə demokratiya qurmaq mümkün deyildir. Azərbaycan müasirliyə tranzit mərhələsində olan ölkə kimi demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın gələcək inkişafında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini daim önə çəkmişdir. Azərbaycanın hazırkı sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusa, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini zərurətə çevirir.
Bu gün dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəy-yənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə regionun aparıcı dövlətinə çevrilməsi faktıdır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars “Bir kəmər, bir yol” kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan vətəndaşının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda ağır sosial problemlər artıq öz həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda hüquqi dövlətin təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün lazımi tədbirlər həyata keçirilir. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar ölkəmizin elmi inkişafına doğru sürətli kurs götürdüyünü təsdiqləyir.
Hazırkı mərhələdə neft-qaz sənayesindən və qeyri-neft sektorunun inkişafından gələn vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Dövlət başçısı İlham Əliyev həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır.
Milləti Heydər Əliyev ideyaları ətrafında toplayan cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu vətəndaşlıqdan qürur duyan hər kəsi ulu öndərin arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada bunu deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, həmçinin, mütərəqqi inkişaf və islahat meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Alternativsizliyi ulu öndərimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

"Xalq qəzeti"