12.04.2019, 10:46 - Baxış sayı: 1046

Azərbaycan tarixi və tarix fəlsəfəsi haqqında


İlham MƏMMƏDZADƏ
AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor.

(Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı üzərində düşünərkən)

Akademik Ramiz Mehdiyevin yeni kitabı tarix elminin aktual və ən mürəkkəb probleminə - tarixin mənasının, ideyasının olub-olmaması, onun tarixi tədqiqatın keyfiyyəti və mötəbərliyi ilə bağlılığı barəsində düşüncələrə həsr olnub. Tarixçinin vəzifəsi, ilk baxışdan, son dərəcə aydındır: keçmişi əslində olduğu kimi, həqiqətə uyğun göstərmək. Beləliklə, tarixin bir elm olaraq ideyası çoxdan dərk olunub. Fəqət keçmişi son dərəcə dəqiq təsvir etmək üçün həm bu günü, həm də gələcəyi anlamaq lazımdır, çünki indi ilə keçmiş arasındakı sərhədi tapmaq çox çətindir. Burada hər hansı bir xronologiya qüsurludur, çünki indiki zaman təqvimdəki rəqəm və ya onların dəyişməsi deyil, xüsusi bir haldır, vəziyyətdir. Elə məhz buna görə də tarix hələ də əsl bəşər tarixi, bütün millətlərin tarixi olmayıb, kapital, güclü dövlət və imperiyaların tarixidir.
Tarix o zaman insanların tarixi ola bilər ki, o, bu və ya digər xalqın tarixi olmuş olsun. Bu, uzun bir yol, mürəkkəb və çətin bir prosesdir. Nəzərə almaq lazımdır ki, hər bir xalqın və millətin tarixini tarixöncəsi və tarixin özü təşkil edir. Buna görə də, tarix ideyası Avropa (bəziləri bunu qədim yunan fəlsəfəsində, bəziləri isə Yeni Dövr fəlsəfəsində görür) və Asiya (İbn Xəldun) qlobal doktrinalarında formalaşır, lakin konkret xalqlar və onların fəlsəfə və tarixi üçün o, yalnız bir tarixöncəsi olur.
Bu məsələni Ramiz Mehdiyev Azərbaycan tarixinin ayrıca, ola bilsin, ən mürəkkəb və lazımi dərəcədə araşdırılmamış dövrü kontekstində nəzərdən keçirir. Demək lazımdır ki, bir çox tarixçilər tarixi təhkiyə, narrativ (ingilis dilində “narrative” - rəvayət, təhkiyə, hekayə deməkdir) olduğunu və hər bir tədqiqatçının ona öz anlamına uyğun məna verdiyini hesab edərək, tarixin hər hansı bir məna daşıdığı haqda məsələni, ümumiyyətlə, qəbul etmirlər. Lakin bu, akademikin yazdığı kimi, heç də o demək deyildir ki, tarix elm deyil. Müəllifin fikrincə, tarixçinin keçmişə dair dedikləri o dövrdəki və onlardan sonrakı hadisələrə aid qorunub saxlanılmış material və sənədlərə uyğun gəlirsə, deməli, həqiqidir, doğrudur. Həqiqətən də, tarixə bu cür yanaşma indi aktuallaşır, bəzi dünya şöhrətli filosoflar tarixi öz metodologiyasına, həqiqətə və məntiqə uyğunluğunun yoxlanılması üsuluna malik bir elm hesab edirlər.
Akademik Ramiz Mehdiyev zaman etibarilə son əsərlərinin əksəriyyətində Azərbaycan tarixinin mahiyyətini araşdırır, onun məna və məzmununu üzə çıxarır. Bu, müəllifin sərbəst şərhi deyil, çünki onun əsərlərində elmi dövriyyəyə nadir tarixi sənədlər daxil edilir, yalnız Azərbaycanın yox, həm də Rusiya, Avropa və s. tarixçiləri, filosofları və yazıçılarının əsərləri tədqiq edilir. Müəllifin bəzi əsərlərini qeyd edək - “Azərbaycan: Tarixi irs və müstəqillik fəlsəfəsi”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” və s. Əslində, öz kitablarında o, Azərbaycan tarixinin Səfəvilərdən başlayaraq bu günə qədər geniş panoramını yaratmışdır.
Demək lazımdır ki, hər bir dövr müəllif tərəfindən son dərəcə mükəmməl surətdə araşdırılıb, eyni zamanda, yalnız həmin dövrləri bir-birindən fərqləndirən məqamlar deyil, həm də onları birləşdirən ümumi, ortaq cəhətlər də aşkar edilib. Ramiz Mehdiyevin əsərlərində o da əhəmiyyət daşıyır ki, o, tarixi düşmənimizin hiylə, yalan və uydurmalara istiqamətləndiyini və buna görə də bizə düzgün və əsl tarix elminin lazım olduğunu dəqiq şəkildə ifadə edir. Hörmətli akademik hesab edir ki, tarixin mənası çox zəngin və dərindir, heç də hər kəs onu dərk edə bilməz, amma cəmiyyətin inkişafı üçün onu elmi surətdə üzə çıxarmaq lazımdır. Bu işdə heç bir təxminilik, təqribilik ola bilməz, çünki onun xüsusunda naümid, məyus olmaq gələcək üçün təhlükəlidir. Tarix - dəqiq elmlərdən fərqli bir elmdir, onun dəqiqliyi başqa şeydədir: cəmiyyətin perspektivlərini, mərhələlər arasındakı fərqləri, struktur və sistemlərin, dövlət tiplərinin özgünlüyünü anlamaq qabiliyyətində, keçmişi onun sənədləri arxasında (onları digər qonşu xalqların materialları və sənədləri ilə müqayisə edərək) sezə bilmək bacarığındadır.
Tarix yalnız elmin özü, cəmiyyətin tərəqqisi, onun özünüdərkinin dərinləşməsi, dövlət və elita üçün deyil, həm də vətənpərvərliyin tərbiyəsi, ictimai və humanitar elmlərin inkişafı üçün vacibdir. Ancaq, Ramiz Mehdiyevin fikrincə, tarixin özünün də digər elmlərə ehtiyacı vardır. Məsələn, yalnız fəlsəfi ümumiləşdirmələrin, ictimai araşdırma metodologiyasının köməyi ilə Azərbaycan tarixinin müxtəlif dövrlərində ümumi olanı anlamaq, müasirliyin nə olduğunu, onun mahiyyətini aşkar etmək olar. Azərbaycan tarixi və tarix fəlsəfəsini, onların bizim siyasi irsimiz olduğu da birləşdirir. Nəzərdə saxlamaq lazımdır ki, Azərbaycan vaxtilə böyük imperiyaların bir hissəsi olub və müxtəlif hökmdarlar tərəfindən idarə edilib, onun tarixi həmin imperiyaların tarixinin bir qismi olub, müxtəlif dillərdə yazılıb və araşdırmalar apararaq onun tarixini dəqiq və aydın surətdə meydana çıxarmaq tədqiqatçı üçün ən çətin məsələdir.
Prinsipcə, demək olar ki, o, bu tarixi, onun əsas mahiyyətini, mənasını dərk, əsas təhlükələri - sənədlərə etinasızlıq, qonşu xalqların tarixi xüsusunda yüngüllük - aşkar edərək, radikalizm və ifrat millətçiliyə yol verməyərək yazmışdır. Əgər tarix bizdən əvvəl nələrin olduğu xüsusunda biliklərin əldə edilməsində dəqiq olmalıdırsa, tarix fəlsəfəsi bu gün qarşısına öz cəmiyyətini inkişaf etdirmək və o cümlədən, təhlükəsizliyini qorumaq vəzifəsini qoyaraq yaşayanların özünüdərkidir, mənlik şüurudur.
Əlbəttə, akademikin tarix üzrə ayrı-ayrı kitablarını yalnız araşdırmaqla kifayətlənməyərək, həm də onların konseptual birliyini, tamlığını anlamaq lazımdır. Təbii ki, bu əsərlərə yalnız tarixçilər və təkcə Azərbaycan tarixçiləri deyil, həm də başqa ölkələrin alimləri və siyasətçiləri də müraciət edəcəklər. Aydındır ki, Azərbaycan ictimaiyyatşünasları üçün tarixi tədqiqatların aparılması üzrə mümkün və zəruri metodoloji vəsait ola biləcək bu əsərlər həmişə lazım və oxunan kitablar olmalıdır. Buna görə də bu məqalədə biz tarix üçün metodoloji əhəmiyyətə malik olan bəzi tezislər üzərində dayanmaq istərdik: Hər şeydən əvvəl, tarix çoxmənalı anlayışdır, tarix yalnız keçmiş, olan hadisələr deyil, həm də müasirliyin öz keçmişini dərk etməsidir. Bu həm də özünəməxsus ciddiliyə, tələbkarlığa, dəqiqliyə malik olan bir elmdir. Bu xüsusiyyətləri ona sənədlər, materiallar, alimlərin işləri, məntiq, müxtəlif dövrlərdə anlayışların fərqli olaraq başa düşülməsi, dərk və təfsir olunması verir. Məsələn, orta əsrlərdə, xanlıqlar dövründə dövlətlərin suverenliyi bir-birindən etnik və milli dövlətlərin keçmişdə və bu gün fərqləndiyi kimi seçilirdi. Təbii ki, tarix elmi iki istiqaməti ehtiva edir: keçmişdə olduğu kimi, keçmişin təsvirində autentliyə (mötəbərliyə) nail olmaq və keçmişə bu günün mənafe (maraq) və məqsədləri nöqteyi-nəzərindən baxmaq cəhdini.
İkincisi, tarix çoxlaylıdır, o, maarifləndirmə üçün vacibdir, buna görə də yalnız elmi əsərlər deyil, tarixi təhkiyələr də (bədii əsərin təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsi) lazımdır. Akademik Ramiz Mehdiyev Y.V.Çəmənzəminli və İ.Əfəndiyevin əsərlərini, onların güclü və zəif tərəflərini xatırlatmağı lazım bilir və onların tarixi dəqiqliyinin vacibliyini vurğulayır. Cəmiyyətin əsl, həqiqi tarixini bilmək gənclərin maarifləndirilməsi üçün vacibdir, əhəmiyyətlidir.
Ramiz Mehdiyev ayrı-ayrı xanların taleyini təfərrüatı ilə təsvir edir, onların öz xanlıqlarının taleyinin seçimindəki fərqləri üzə çıxarır və hər bir seçimdə təkcə onun səbəblərini deyil, həm də əxlaqi, mənəvi seçimin ucalığını da anlamaq istəyir. Kitabda təsvir olunmuş Şuşa xanı İbrahim xanın taleyi və rus zabiti Lisaneviçin qəddarlığı yaddaşlara xüsusilə həkk olunur. Akademik ən vacib məqamları çox dəqiq, aydın şəkildə vurğulayır və həm də Rusiya çarizminin Cənubi Qafqazda yürütdüyü siyasət xüsusunda müvafiq lazımi nəticələr çıxarır və eyni zamanda, onların bəzi tarixçələrindən tədqiqatçı xanlıqların öz nisbi müstəqilliyini itirməsinin səbəblərini başa düşür.
Üçüncüsü, dövlət müstəqilliyi bir çox amillərdən, o cümlədən geosiyasi, iqtisadi, lakin hər şeydən əvvəl, liderdən, siyasi liderdən, onun lider olma, elita və ya elitaları, xalqı birləşdirə bilmə qabiliyyətindən asılıdır. Akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, Heydər Əliyevin əhəmiyyəti və böyüklüyü, onun ümumi mənafeyi anlamaq, ən çətin vəziyyətdə onu müdafiə etmək yollarını seçib tapa bilmək istedadı da məhz bundadır.
XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan tarixçilərin çox vaxt lazımınca qiymətləndirmədiyi ən çətin çağırışlarla, problemlərlə rastlaşdı. Bir çoxları siyasi, iqtisadi suverenlik və hüquqi suverenlik, mümkün və vacib olan arasındakı fərqi görmək istəmirlər. Buna da diqqət yetirmək lazımdır ki, müasir tariximiz suverenliyin bərqərar edildiyi dövrdə siyasətdə tədriciliyin, sabitliyin və varisliyin, ardıcıllığın gözlənilməsinin vacib olduğunu göstərir. İlham Əliyevin siyasətinin, onun kurs ardıcıllığını pozmadan, ölkənin gələcək inkişafını təmin edərək onun islahatının yollarını seçməkdən ibarət çox nadir qabiliyyətinin əhəmiyyəti bundadır.
Dördüncüsü, Azərbaycan xanlıqlarının tarixi müxtəlif səbəblərdən xüsusi maraq doğurur. Bizcə, akademik Ramiz Mehdiyev ondan çıxış edir ki, çar Rusiyasının tərkibinə daxil olan ayrı-ayrı xanlıqların ərazilərinə erməniləri yerləşdirdilər, sonradan bu, Azərbaycanın tarixi torpaqlarında erməni dövlətinin yaranmasına gətirib çıxardı. Həm də ki, bu tezisi sübut etmək üçün müəllif mötəbər konkret məlumatların, faktların gətirildiyi erməni tarixçilərinin əsərlərindən də istifadə edir. Xanlıqların tarixi həm də onunla maraqlıdır ki, bu tarixin göstərdiyi kimi, xüsusilə çətin vəziyyətlərdə hökmdarın seçim imkanı olmur. Amma onların böyüklüyü ondadır ki, belə vəziyyətlərdə ləyaqəti itirmək olmaz. Belə ki, bəzi xanlar (kitabın müəllifi xanlıqların hər birinin tarixini çox böyük diqqətlə araşdırır) Rusiyaya qarşı müqavimət gəstərir, bəziləri isə onunla razılaşır (Kürəkçay müqaviləsi). Bu seçimin cəmiyyət və hökmdarın özü üçün son dərəcə yüksək dəyəri olduğunu anlamaq lazımdır.
Beşincisi, tarixin mənası, mahiyyəti və ideyası, tarix fəlsəfəsi dünya elmində yenidən əhəmiyyət kəsb edir, aktual olub, prioritet təşkil edir. Akademik Ramiz Mehdiyev, bu sahədəki əsərləri ilə Azərbaycan tarixçilərinə tarix elmini necə yaratmaq lazım olduğunu izah edərək, nəinki onlara müasir dövrün tələblərinə cavab verməyə kömək edir, həm də bu elmi dünya tarixi üçün zəruri edir.
Mahiyyət etibarilə, Azərbaycan tarix fəlsəfəsi dünya fəlsəfəsi tarixinə də yeni bir məna gətirir. Azərbaycan tarix fəlsəfəsi onun ayrılmaz hissəsidir, lakin onun bu cür olması üçün o, yazılmalıdır. Ramiz Mehdiyev də elə məhz onu yazır. Anlamaq və bilmək gərəkdir ki, yalnız tarix fəlsəfəsi belə bir suala, elmi suala cavab verir: tarixdə biz kimik, bizim cəmiyyətimiz onda hansı yeri tutur. Bu barədə düşünmədən, bizim fəlsəfə tariximizi də başa düşmək çətindir.
Altıncısı, Azərbaycan tarix fəlsəfəsi, indiki və keçmiş zaman arasında sərhəd qoyur, tarixdə zaman və mütləq olanı aşkar edərək bu gün və gələcək arasındakı sərhəddi görməyi öyrədir. Zənn edirəm ki, Azərbaycan xanları gələcək barədə düşünürdülər, amma o, onlarla birlikdə getdi. Onların taleyi bizim dövrümüzü, gələcəyimiz barədə düşüncələrimizi anlamağa imkan verir və bununla biz azərbaycanlıların zamanını vahid bir tam halında birləşdiririk. Azərbaycanın tarix fəlsəfəsi, siyasi irsi gələcək azərbaycanlılar üçün lazımi birləşdirici bir əsas olur. Hər halda, fəlsəfə və tarixin, müxtəlif epistemlərin əlaqəsinin zamanın nizamı (düzəni, düzümü) və hərəkətini yaratdığını deyərkən, Mişel Fuko haqlı idi. Yalnız bu zaman tarix meydana çıxır. O, bir vəziyyətdən digərinə keçid izah olunan və dərk edilən, bu hərəkətin səbəbləri, onun hərəkətverici qüvvələri, məqsədləri və s. nəzərdən keçirilən zaman yaranır.
Yeddincisi, bir qayda olaraq, tarix fəlsəfəsi ilə Avropada məşğul olmuşlar. Yəqin ki, Hegel və K.Marksı xatırlamağına dəyməz. Onların tarix fəlsəfəsi dünya düzümü ilə bağlı idi. İndi aydın olur ki, dünya nizamı inklüziv bir anlayışdır, o, bölgələrin müxtəlif düzümü, xalqların və millətlərin lokal nizamından ibarətdir. Ramiz Mehdiyev Azərbaycan tarix fəlsəfəsinin nizamını yaradır.
Əslində, tarix tərəqqidən çox, nə ilə nəticələnəcəyi qabaqcadan bilinməyən hərəkətdir. Keçmişin idrakı, onun müasir dövrdə dərki olmadan, indinin və gələcəyin başa düşülməsini ehtiva edə bilməz. Biz başqalarının indisi və sabahından bizim bu günümüz və gələcəyimizin necə təşəkkül tapdığını əvvəlcədən deyə bilmərik. Bunu biz öz indimizin və keçmişimizin dərki əsasında edə bilərik. Akademik Ramiz Mehdiyev tarixə dair kitablarında məhz bu suala cavab verir.
Yekun olaraq vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni kitabı tarix elminə, onun inkişafı üçün tarix fəlsəfəsinin zəruri olduğunun dərkinə ciddi töhfədir. O, nəinki Azərbaycan tarixinin müəyyən bir dövrü haqqında bilik əldə etmək üçün faktiki material təqdim edir, həm də, əslində, tarixi araşdırmaların necə aparılmalı olduğunu, tarixi material və mənbələrin hansı rol oynadığını, tarixdə qarşılıqlı geosiyasi münasibətlərin, vəziyyətin başa düşülməsinin nə qədər vacib olduğunu və s. izah edir. Tarix həm də bizim siyasi irsimizin, əxlaqi şüurumuzun, bu günümüzün və gələcəyimizin əhəmiyyətli bir hissəsidir.
"Respublika" qəzeti