05.04.2019, 12:48 - Baxış sayı: 1030

MÜZAKİRƏ VƏ DİSKUSSİYA - Zümrüd Quluzadənin "Türkologiya" jurnalına müsahibəsi


MÜZAKİRƏ VƏ DİSKUSSİYA - Zümrüd Quluzadənin "Türkologiya" jurnalına müsahibəsi

ОБСУЖДЕНИЯ И ДИСКУССИИ
DEBATES AND DISCUSSIONS


Müasir dövrdə türkologiya elmində bir çox mübahisəli və aktual problemlər öz həllini gözləyir. Son illər elmi sferasını genişləndirən və qeyd olunan problemlərin araşdırılması yönündə bir çox addımlar atan “Türkologiya” jurnalı bu tədbirlər çərçivəsində yeni rubrika açmışdır. “Türkoloji müsahibə” adlı bu rubrika görkəmli alimlərin türkologiyanın aktual məsələləri ilə bağlı dəyərli fikirlərini işıqlandırmağı, onların zəngin təcrübəsini tədqiqatçılarla bölüşməyi qarşısına məqsəd qoymuşdur. Ölkəmizin tanınmış alimlərindən, əcnəbi tədqiqatçılardan götürülən müsahibələr hər sayda dərc olunacaq. “XXI əsr türkologiyanın aktual və mübahisəli problemləri” mövzusunda türkoloji müsahibənin ilk müsahibi isə Azərbaycanın Əməkdar Elm Xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim Zümrüd Quluzadədir.

- “Türkologiya” anlayışının məzmununu necə izah edərdiniz, türkologiyanın aktual və mübahisəli problemləri?
- Türkologiyanın və ya türkşünaslığın ilk və əsas aktual və mübahisəli problemi türkologiyanın hadisə (fenomen) və anlayış (termin) kimi təyinlərinin məzmununun qeyrimüəyyənliyi və müəyyən edilməsinin vacibliyidir. Türkologiyanı elm, elm sahəsi – elmlər kompleksi, nəzəriyyə kimi qəbul etməyimizdən asılı olmayaraq, ən əvvəl onun tədqiqat obyekti, aparacağı tədqiqatın məqsədi müəyyən edilməlidir.
Müasir dövr də daxil olmaqla, elmi ədəbiyyatda türkologiyanın qəbul edilmiş bir elm, nəzəriyyə, təlim kimi vahid tərifi yoxdur. Türkologiyanın tədqiqat obyekti müxtəlif şəkillərdə təqdim edilir. Bu təriflərdə türkologiya ya türkdilli, ya türkdilli və türksoylu xalqların dili haqqında elm, ya da türkdilli xalqların dili, ədəbiyyatı və mədəniyyətinin bəzi sahələri haqqında elm kimi təqdim edilir. Bəzi hallarda isə türkologiya bütün türk xalqı (xalqları) haqqında mövcud məlumatları ehtiva edən elm kimi təsəvvür edilir. Bu təriflərin əksəriyyətində əsasən “türk xalqı” anlayışını məlum və təyin edən əsas amil dildir. Məntiqə müvafiq türk dili (dilləri) anlayışını isə onun türk xalqının dili olması müəyyən və təyin etməlidir. Bu halda bir elmi təyini məlum olmayan anlayış digər elmi təyini məlum olmayan anlayışla açıqlanır. Lakin məlumdur ki, xalqın dilinin yaranması üçün xalqın tarixən konkret coğrafi ərazisi, iqtisadi, sosial və müxtəlif mənəvi və mədəni əlaqə və münasibətləri, ilk TÜRKOLOJİ MÜSAHİBƏ 69 vətəni olmalı idi. Məhz belə bir vətəndə haqqında bəhs etdiyimiz türk xalqı sosial toplum şəkli alıb, dil sahibi olub. Sonralar isə ilk vətənindən kənarda dünyanın müxtəlif ‒ şərq, qərb, cənub və şimal istiqamətlərində məskunlaşıb, təkamül prosesi keçirib, fərqli qollara bölünüb və ilk qədim türk dili əsasında çoxsaylı dialektlər, yeni adlar daşıyan türk dilləri və türk xalqları təşəkkül tapmışlar. Beləliklə, müasir türk xalqlarını birləşdirən təkcə dil yox, eynilə əzəli kök,vahid əcdadları olub ki, bu kökün əsasında nisbətən fərqli keyfiyyətlərə malik etnik qollar – türk xalqları adı altında tanınan etnik qollar təşəkkül ediblər.
Türkologiyaya necə tərif verərdim sualına belə cavab verirəm:
Türkologiya və ya türkşünaslıq, zənnimizcə, tarixən türk xalqları kimi tanınan xalqların etnogenezi, dil, din, coğrafi, iqtisadi, mədəni – elm, fəlsəfə, incəsənət növləri, musiqi və s., başqa sözlə, türklərin maddi və mənəvi həyatını əks etdirən tarixlərinin təsvirini və sistem səklində təhlilini özündə birləşdirən çoxşaxəli mürəkkəb nəzəri-təsviri elm sahəsi və ya elm kimi mövcuddur. Bu fikri mən 30 idən çoxdur Azərbaycan, Türkiyə, Rusiya və Almaniyada yazılı və şifahi çıxışlarımda təkrar etmişəm. Eyni fikir 1989-cu ildə «Советская тюркология» jurnalının 6-cı nömrəsində mənim “Sovet türkologiyasının aktual problemləri” adlı yazımda təkrarlanmışdı, təkrarların səbəbi türkologiyanın elmi fənn kimi məzmununun əsasən türk xalqlarının dili və ədəbiyyatı ilə məhdudlaşdırılmasının qeyri-məqbul olması idi”.
- Türkologiyanın mübahisəli məsələləri haqqında nə deyə bilərsiniz?
- Hazırda prototürk adlanan ilk türk etnosu, qədim türk dili və bu hadisələrlə üzvi bağlı tarixi türk dövlətçiliyinin elmi axtarışı səyləri məchullarla dolu, bünövrəvi anlayışları aydın olmayan türkologiyanın ən aktual, mübahisəli və əsas problemləri olaraq qalmaqdadır. Həmin problemlər müasir dövrdə xüsusi elmi, siyasi və mənəvi əhəmiyyətə malikdir.
- Daha hansı məsələlərə toxunmaq istərdiniz?
- Türkologiyanın bu sahədə axtarışları ilə əlaqədar diqqəti bir neçə, zənnimizcə, xüsusi əhəmiyyətli məqama cəlb etmək istərdim. Erik Nyustrem 1866-cı ildən başlayaraq dəfələrlə müxtəlif dillərdə nəşr edilmiş məşhur “Bibliya lügəti”nin “Babil” adlı məqaləsində Babilistan ərazisində arxeoloji qazıntılardan bəhs edərək yazırdı: “Qazıntı zamanı tapılmış eyni mətnli, lakin başqa bir neçə dildə olan lövhələrdə alimlər böyük çətinliklərlə bu mixi yazıları oxumağa nail oldular... İndi biz minillərlə torpağın altında qalmış Novoxudanasor və digər Xaldeya qəhrəmanları və onların qəhrəmanlıqları haqqında bilik əldə edirik. Bu yazılar bizim qədim “Bibliya”nı (“Bibliya”da yazılanları – Z.Q.) tam təsdiq edirlər. Xüsusən bu həmin ölkənin ilk sakinlərinin kim olması məsələsinə aiddir. Bibliyaya görə, Babili ilk dəfə Nəmrudun oğlu Xuş tikdirmişdi. Kərpicdəki yazılar aydın sübut edir ki, semit mədəniyyətinə qədər Xaldeyada daha qədim mənşəli, dili yəhudi və ərəb dili ilə heç bir yaxınlığı olmayan, lakin türk-tatar mənşəlilərlə (mənşəli dillərlə ‒ Z. Q.) aydın oxşar cəhətləri olan dilli mədəniyyət mövcud idi (bizim tərəfimizdən cizgilənib – Z.Q.). Bu, Xaldey mədəniyyətini yaratmış akkard xalqı idi. O, Bibliya və kərpiclərin yazılarının şəhadətinə görə, mixi yazıları icad etdi (yaratdı) və Ur... (Быт 11.28) Erej, Arku, Babil və başqa şəhərləri ucaltdı. Bu xalqla İsanın doğulmasından 3000 il əvvəl semit yox, protoxaldey elementi birləşdi. Ərəbistandan gəlmiş və tədricən hakimiyyəti əllərinə almış semitlər onların xaldey mədəniyyətləri və təhsillərini qəbul etdilər. Sonrakı, İsanın doğulmasından 70 TÜRKOLOJİ MÜSAHİBƏ 1500 il əvvəl hakimlər özlərini “Sumir (Sennar?) və Akkad şahı adlandırırdılar. Bu ad bizə göstərir ki, Babil milləti ikili mənşəə malikdir”  . Türk xalqlarının etnogenezisinin türk dövlətçilik tarixi ilə əlaqəsi haqqında nə deyə bilərsiniz? Türk tarixinin elmi rekonstruksiyasında türk etnogenezinin türk dili ilə bərabər türk dövlətçilik institutu, qədim türk şəhərləri və dövlətləri ilə bağlılığının da tədqiqi türkologiyada xüsusi yerə malik olmalıdır. Həmin məsələ ilə əlaqədar “Kitabi-Dədə Qorqud”da qədim dövrdə Cənubi Qafqazda, Qədim Albaniyanın, Bərdə şəhəri də daxil olmaqla, ərazisini əhatə edən oğuz-türk dövlətinin mövcud olmasının göstərilməsini və bu hadisənin elmi tədqiqinin aktuallığını müasir türkoloqların nəzərinə çatdırmaq istərdim .
- Türkdilli xalqların fəlsəfi dünyagörüşündə tanrıçılıq və şamanizmin münasibəti haqqında müasir dövrdəki mübahisələrə Sizin münasibətiniz necədir?
- Türk xalqları tarixi ilə əlaqədar müasir türkoloqları maraqlandıran daha bir sual türklərin tarixən tanrıçılığa və şamanizmə münasibətidir. Bu problem də çoxsaylı məchullarla bağlıdır. Hər iki din formasının nəzəri və praktiki (kult şəklində) təzahürlərinin çoxmənalılığı və müxtəlifçalarlılığını və çoxsaylı türk xalqları dünyagörüşündə tarixi təkamülün olmasını nəzərə alaraq həmin suala dəqiq birmənalı cavab vermək qeyri-mümkündür. Məsələyə konkret yanaşmaq söhbətin hansı türk xalqının hansı tarixi dövrdə şamanizm, ya tanrıçılığa, ya da eyni zamanda hər ikisinə münasibətinin aydınlaşdırılmasından gedir. Bu iki inam, əqidə, din forması eyni xalqda bir-birini inkar etməyərək paralel də mövcud ola bilər. Qoyulan problemin açılışı, ona konkret cavab sualın qoyuluşunun konkretliyini və hər iki – şamanizm və tanrıçılıq hadisələri haqqında müasir elmi axtarışların davamını tələb edir. Müasir türkologiyanın qarşısında duran mühüm və müəmmalı problemlər gətirilən məsələlərlə qurtarmır. Türk fəlsəfəsi “Türkologiya” jurnalında, zənnimizcə, özünəməxsus yer tutmalıdır. Bu problem xüsusi söhbətin mövzusu olmalıdır.
- “Türkologiya” jurnalına bu məsələlərin araşdırılmasında Sizin təklifləriniz nə ola bilər, hansı mövzulara həsr olunmuş yazıları jurnalın səhifələrində görmək istərdiniz?
-“Türkologiya” jurnalında diqqəti cəlb edən çoxsaylı sual və mövzuların vaxtaşırı oxuculara təqdim edilməsi məqsədəuyğun olardı. Müasir türkologiyada və “Türkologiya” jurnalında türk mədəniyyət tarixində tutduqları yerə görə türk fəlsəfəsi, hadisə və anlayışı, və onların məzmununun elmi təyini ciddi tədqiq edilməlidir. Bu məsələ xüsusi söhbət və araşdırma obyekti olmalıdır.

Müsahibəni apardı: Elçin İbrahimov
(“Türkologiya” jurnalının məsul katibi)
"Türkologiya" jurnalı, Bakı, №3

1. Tarixi mənbə və tədqiqatlar Sumirin Şumerlərin şahlığı (ölkəsi) olmasını dəfələrlə təsdiq edərək Babilistanda elmə hazırda məlum olan qədim tarix dövründə türk-tatar dilinə oxşar dilin olmasından bəhs etməyə və müasir türk dilinin qədim şumer dili ilə bağlı olması gümanı üçün artefaktlara və məntiqə əsaslanaraq nəticə çıxartmağa imkan verir. Gətirilən məlumatlar qədim türk xalqı və qədim türk dilinin tədqiqatçılarına adı gedən problemlərlə əlaqədar düşünmə və axtarış üçün imkan verirlər.
2. https://azbyka.ru/otechnik/Spravochniki/slovar-nustrema/345 (Библейский словарь Эрика Нюстрема)
3. Bununla bağlı daha ətraflı məlumatı “Türkologiya” jurnalının 2017-ci il №4-cü sayında çap olunan "Bir daha Azərbaycan tarixşünaslığının məxəzləri olan “Kitabi-Dədə Qorqud” dastanı və Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri haqqında" oxuya bilərsiniz.