01.04.2019, 14:31 - Baxış sayı: 795

Fəlsəfə İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib


Fəlsəfə İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilibTədbiri Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli açaraq erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirildiyini bildirib. O qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin hərbi hissələri, daşnaksütyun bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə on minlərlə dinc sakini etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları məhv ediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaratdığı Komissiya bu dəhşətli soyqırımının məqsədyönlü şəkildə törədildiyini sənədlərin və şahidlərin dili ilə o zaman ortaya qoymuş olsa da, sovetlər zamanı bütün bunlar diqqətdən kənar qalmışdı.
Bu hadisələrə ilk siyasi qiyməti Ümummilli lider Heydər Əliyevin verdiyini və ulu öndərin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq silsilə tədbirlərin davam etdiriləcəyini söyləyib.
İkinci Dünya müharibəsi dövründə oxşar faciə ilə yəhudilərin də üzləşdiyini, etnik mənsubiyyətinə görə alman faşistləri tərəfindən altı milyona yaxın yəhudinin soyqırıma məruz qaldığını deyib.
1918-ci ildə azərbaycanlıların soyqırımını hər iki xalqın məhz etnik mənsubiyyətinə görə bu faciələrin qurbanı olduğunu diqqətə çatdırıb. O, bu faciələrin fəlsəfi aspektlərinin araşdırılmasında və cəmiyyətə çatdırılmasında Fəlsəfə İnstitutunun üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Daha sonra konfransda institutun əməkdaşları çıxış edərək soyqırımla əlaqədar fikirlərini bölüşmüşlər.