14.02.2019, 19:07

Vətən tarixinin fədakar təəssübkeşi


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir

AKADEMİK YAQUB MAHMUDOVUN 80 İLLİK YUBİLEYİNƏ

Vaxtilə fəlsəfəni elmlərin atası hesab etmiş olsalar da, mən hər zaman tarixi bu yüksək məqamda görmüşəm.

Tarix zaman və məkan kimi əzəli və əbədidir. Əvvəli və sonu yoxdur, bilmədiyimiz, bildiyimiz və bilə bilməyəcəyimiz tarix vardır. Yəni intəhasız tarixin yalnızca bir neçə min ili insanların eşidib-bilib, öyrənib, ya görüb yazdığı, gələcək nəsillərə yazı, ya başqa vasitələrlə ötürdüyü tarixdir, bundan əvvəl olanları isə arxeoloji qazıntılarda üzə çıxarılan ən müxtəlif tədqiqat materialları ilə qismən müəyyən etmək olur ki, bunlarla da müxtəlif elm sahələri məşğuldur. Bir sözlə, tarixin sərhəddi, başlanğıcı və sonu yoxdur, bu, bütün varlığın tarixidir, fərz etsək ki, bir zaman varlıq da olmaya bilər, onda da yəqin ki, tarix də olmaz. Tarix milli əxlaq kimi, əhval-ruhiyyə kimi, şeir və ilham kimi tarixçinin qəlbinə, ruhuna, zehninə nüfuz etməlidir, təkcə sxolastik rəqəm və formullarla insanlıq tarixi yazıla bilməz. Tarixçi sözün əsl mənasında ölməz şairimiz Məmməd Arazın dediyi kimi "daşlasan, torpaqlaşan ulu babalara" içdən səslənməlidir:
Ey daşlaşan, torpaqlaşan ulu babam!
Bu günümdən, dünənimə
uzaqlaşan ulu babam...
Səs getməyən, əl yetməyən
Qədim tarix dərəsindən
səs ver mənim səsimə sən...
Tarix yazan şəxslər tarix yaradan şəxsiyyətlərlə müqayisə üçün o qədər uyğun olmasalar da, tarixçilərin baş verən hadisə və proseslərə yanaşma və münasibətindən də çox şey asılıdır. Burada elmə dayanan tədqiqatçılıqla yanaşı, içdən, ruhdan qopan bir istək olmalıdır. Cənubi Azərbaycanın yetişdirdiyi böyük mütəfəkkir, doktor Cavad Heyət deyirdi ki, "cərrahlıq peşəm, ədəbiyyat isə sevdamdır". Ömrünün 80-ci baharı astanasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix institutunun direktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudovun həyatına nəzər saldıqda görürük ki, tələbə Yaqubdan bugünkü akademik Yaqub Mahmudovadək sürən bu mənalı və zəngin ömür yolunda tarix hər zaman bu vətənpərvər alimin və qətiyyətli şəxsiyyətin həm peşəsi, həm də sevdası olmuşdur və bu sevdalı peşə onu tariximizin əleyhdarlarına qarşı hər an düşmənlə üz-üzə səngərdəki sayıq əsgər kimi gözü üfüqdə, barmağı tətikdə saxlayır. Y.Mahmudov Vətənimizin tarixinin xeyirxahlarının dostu, əleyhdarlarının isə barışmaz düşmənidir.
Yaqub müəllimi qiyabi olaraq keçən əsrin 70-ci illərinin əvvəllərindən, Azərbaycan Ağqoyunlu dövlətinin - diplomatik əlaqələrindən bəhs edən məqalələri və "Öyrənilməmiş səhifələr" kitabı ilə tanımışam. O zaman Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) biz tarix fakültəsinin tələbələri üçün bu kimi əsərlər lap göydəndüşmə kimiydi, çünki Azərbaycan tarixinə dair ədəbiyyatlar çox az idi. Tarixçilərimizin Bakıda nəşr olunan tək-tək əsərləri əlimizə düşəndə acgözlüklə oxuyur, seminar dərslərində lazımi ədəbiyyat kimi istifadə edirdik. Deyə bilərəm ki, diplomatiya tarixinə ilk həvəsi və marağı məndə Yaqub müəllimin həmin kitabları və məqalələri yaratdı. O zaman diplomat olmaq sadə, xarici dilləri bilməyən ucqar bir kənd uşağı üçün əl çata bilməyəcək bir həvəs demək idi, lakin könlümdə qalmışdı.
Yaqub müəllimlə şəxsi tanışlığım isə ulu öndər Heydər Əliyev tərəfindən 1996-cı ilin fevralında Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulu vəzifəsinə təyin olunduqdan sonra İranda ölkəmizin səfirliyində çalışdığım zaman baş verdi. İran tarixçiləri, politoloqları, siyasətçiləri, hətta onlardan da daha çox tam ideoloji siyasətə xidmət edən kütləvi informasiya vasitələri müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətini, ölkəmizin və xalqımızın tarix və mədəniyyətini saxtalaşdıran, təhriflərə və bəzən hətta həqarət və təhqirlərə keçən yazıları və çıxışları ilə məni hiddətləndirirdilər. Onlara cavab üçün bəzi məqalələr də yazmışdım. 1997-ci ildə xidməti vəzifəmlə əlaqədar Bakıya gəldiyim zaman M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetində o zaman Tarix fakültəsinin dekanı vəzifəsində işləyən Yaqub müəllimlə görüşmək üçün Universitetə getdim. İranda tariximizi və müstəqil dövlətimizin siyasətini saxtalaşdıran iftiralı və aşağılayıcı məqalə və çıxışlara orada imkanlar çərçivəsində cavab verdiyimizi, eyni zamanda, belə mətləblərdən bizim tədqiqatçıların və politoloqların xəbərdar olmağının zəruriliyini bildirdim. O zaman Yaqub müəllim mənə məqalələr yazmağı və onların Bakıda da dərc edilməsinin zəruriliyini vurğuladı, məqalələrimi "Tarix və onun problemləri" jurnalına tövsiyə etdi. O zamandan həmin jurnalın naşiri və baş redaktoru, professor Əsməd xanım Muxtarova mənim bir sıra məqalələrimi dərc etməyə başladı. Elə ilk məqalələrdən sonra Yaqub müəllim Azərbaycan tarixi məsələlərinin İran tarixşünaslığında necə əks edilməsinin və onun elmi tənqidinin elmlər doktorluğu işi kimi işləməyi məsləhət gördü və bir neçə il sonra elmi məsləhətçim olmağa da iltifatını əsirgəmədi. Beləliklə, məslək birliyi və ortaq tarix təəssübkeşliyi, bizim qarşılıqlı etimada əsaslanan və bu gün də davam edən dostluğumuza çevrildi.
2005-ci ilin əvvəlləri idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Pakistana rəsmi səfərini gözləyirdik. Ölkəmizin və dövlətçiliyimizin tarixini icmal şəklində qədim zamanlardan günümüzədək əhatə edən yığcam bir kitaba o zaman bütün səfirliklərimizin ciddi ehtiyacı var idi. Belə bir əsəri hazırladıb, ingilis dilinə, həmçinin, urdu dilinə çevirib yaymaq Azərbaycan Respublikasının regionda və dünyada daha yaxşı tanıdılmasına xidmət edərdi. Bakıya zəng edib Yaqub müəllimə bu istəyimi bildirdim. Yaqub müəllim çox qısa müddətdə "Azərbaycanın qısa dövlətçilik tarixi" kitabını yazıb bizə göndərdi. O zaman İslamabad Universitetinin tələbəsi olan qızım Nigar Mədətli də bu kitabı ingiliscəyə tərcümə etdi və biz Azərbaycanın Pakistandakı səfirliyi olaraq həmin kitabı böyük tirajla nəşr etdik. Olduqca oxunaqlı və zəngin tarixi materiallarla dolu olan bu kitabı həm Pakistanın kitabxanalarına göndərdik, həm də internet vasitəsilə yaydıq.
Prezidentimizin səfərinə hazırlıq işləri çərçivəsində cənab Prezidentə bu barədə də məlumat verdim və səfər reallaşanda artıq Yaqub müəllim də bu yüksək səfərdə rəsmi nümayəndə heyətinə daxil edilmişdi. Məni də, Yaqub müəllimi də sevindirən o idi ki, cənab prezident kitabı çox bəyəndi, ölkəmiz haqqında yığcam, lakin geniş məlumatlı belə kitabların başqa ölkələrin dilində nəşr edilməsinin əhəmiyyətli olduğunu vurğuladı, kitabın bir növü təqdimatını etmiş oldu. Az sonra biz bu kitabı Pakistanın milli dil olan urducaya da çevirib nəşr etdik. Qeyd edilməlidir ki, Pakistanda Konstitusiyaya görə indilis dili rəsmi, urdu dili milli dildir. Bakıda da həmin kitab Azərbaycan və rus dillərində nəşr edildi. Kitabın elektron variantını ölkəmizin xaricdəki səfirliklərinə də göndərdik, bu kitaba indi də maraq böyükdür və onun təkrar nəşrinə ehtiyac vardır. Beləliklə də, Yaqub müəllim Azərbaycan tarixinin dünyada tanıdılmasında ilk əsaslı konseptual addımı atanlardan biri oldu. Ötən 15 ildə isə artıq Yaqub Mahmudovun 15 cildlik fundamental əsərləri işıq üzü görmüş, onun rəhbərliyi ilə AMEA-nın Abbasqulu Bakıxanov adına Tarix İnstitutunun tarixçiləri yüzlərlə kitab, məqalə yazaraq dünyanın müxtəlif ölkələrində və dillərində nəşr etdirib yaymışlar. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin yüksək dəyərləndirdiyi bu fəaliyyət Vətən tarixinə canıyananlıqla və yüksək vətəndaşlıq hissləri ilə bu gün də uğurla davam etdirilir.
2011-ci ildə Ukraynada çalışdığım zaman Yaqub müəllim İranda, Pakistanda, Əfqanıstanda işlədiyim zamanı ara-sıra yazdığım elmi məqalələri ona göndərməyimi istədi, çox az müddətdən sonra Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Azərbaycan həqiqətləri İran tarixşünaslığında" adlı məcmuəm Təhsil nəşriyyatında çap edildi. Görkəmli alimimizin, Azərbaycan tarix elminin ağsaqqalı Yaqub Mahmudovun kitaba yazdığı ön sözdə mənim çox kiçik əməyimə yüksək qiymət verməsi mənim üçün şərəf idi. Burada Yaqub müəllimin "Azərbaycan taixçiləri tariximizin keşiyində ayıq-sayıq dayanmalı, xalqımızın öz qədim və şanlı tarixinə sahib çıxmasına fəal yardım göstərməlidirlər" sözləri diplomatik fəaliyyətimlə yanaşı, başladığım elmi-tədqiqat işimi davam etməyə daha da ruhlandırdı...
Ukraynada çalışdığım illərdə Ukrayna dilində nəşr etdirdiyimiz iyirmidən çox əsər içərisində Yaqub müəllimin "Heydər Əliyev ideyalarının zəfər yolu" və "Azərbaycanın qısa dövlətçilik tarixi" kitabları da var idi. 2013-cü ilin aprelində Kiyevdə Ukrayna Dövlət İdarəçilik Akademiyasında həmin kitabların geniş təqdimatında Yaqub müəllimin dəvətim üzrə iştirak etməsi və onun çıxışı təqdimatda iştirak edən xarici ölkə səfirlərinin, ictimai-siyasi xadimlərin və tarixçilərin hədsiz diqqətinə səbəb olmuşdu. Çünki Yaqub müəllim Vətən tarixindən həyəcansız, hissiz danışa bilmir. Onun hər hansı çıxışı, hansı dinləyici cəmiyyətindən asılı olmayaraq həm də, dərin vətənpərvərlik və milli tarix təəssübkeşliyi aşılayır. O, sxematik, quru tarixi faktlara yox, onların arxasındakı mahiyyətə, səbəb və nəticələrə önəm verir. Yaqub müəllimin vaxtilə "Təhsil" nəşriyyatının direktoru, mərhum dostumuz Bəhruz Axundovla birliklə Ukraynaya səfəri, onun Kiyevdə yaşayan Azərbaycan diasporu nümayəndələri və bir qrup tələbələrimizlə görüşü, hər zaman televiziya məkanlarından gördükləri, dinlədikləri bu fədakar alim və vətənsevər millət vəkili ilə yaxından üz-üzə təmas etmələri onlarda dərin hisslər buraxmışdı...
Yaqub müəllim əvəzsiz yol yoldaşıdır, çox diqqətlidir. Hətta 50-60 nəfərlik bir heyətlə səfərdə olanda belə kimsə onun diqqət və qayğısından kənarda qalmır, özünü heç vaxt səfər yoldaşlarından ayırmır, malik olduğu statusu, ya müdriyyət məqamını bir tərəfə qoyaraq avtobusda səfər yoldaşları ilə birgə səyahət edir, incə yumorlu zarafatlarından da qalmır. Mən onun bu gözəl insani keyfiyyətlərini həm xarici ölkələrdəki müxtəlif səfərlərdə, həm də Gəncə, Qusar, Şamaxı, Lənkəran şəhərlərində Tarix İnstitutunun keçirdiyi beynəlxalq elmi konfranslar zamanı çox müşahidə etmişəm.
2015-ci ilin dekabr ayının sonları idi. Yaqub müəllimin yanına gəlib diplomatik xidmətdən ayrıldığımı və Tarix institutunda işləmək istədiyimi bildirəndə, Yaqub müəllim müəyyən çətinliklərə baxmayaraq, yanvarın əvvəllərindən isə başlayacağıma qərar verdi, elmi məsləhətçim olaraq dissertasiya işini tamamlamaq üçün də məsləhətlərini əsirgəmədi. Budur artıq üç ildir ki, məsləkdaşım görkəmli tarixşünas və şair, tarix elmləri doktoru, professor Şahin Fazilin rəhbərlik etdiyi Mənbəşünaslıq və tarixşünaslıq şöbəsində aparıcı elmi işçi olaraq məmnuniyyətlə çalışmaqdayam. 1979-cu ildən Naxçıvan Elm Mərkəzində (indi AMEA-nın Naxçıvan bölməsi) elmi işçi kimi tədqiqatçılıq fəaliyyətinə başlamış bir əyalət tarixçisi üçün ölkənin baş tarix məbədində çalışmaqdan zövqverici nə ola bilər.
Akademik Yaqub Mahmudovun çıxışlarında vurğuladığı aşağıdakı ifadə biz tarixçilər üçün olduqca dəyərlidir: "Tarixinə sahib çıxmayan xalqın gələcəyi yoxdur". Burada fəxrlə qeyd etmək istəyirəm ki, artıq AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu 15 ildir ki, Yaqub müəllimin rəhbərliyi altında zəngin və şərəfli tariximizin ən alt qatlarından başlamış, müstəqil Azərbaycan Respublikasının tarixi də daxil olmaqla səmərəli elmi tədqiqat fəaliyyətini davam etdirir. Yaqub müəllim də on beş il əvvəlki enerjisi və coşqusu ilə tarixçilərimizə öz şəxsi zəhmətkeşliyi, vətən tarixi ilə əlaqəli bütün məsələlərdə dönməz qətiyyəti, söz deyiləsi yerdə əsla susmaması, söz deyəndə də aydın və qəti vətəndaş mövqeyi nümayiş etdirməsi ilə nümunə göstərir.
Hörmətli Yaqub müəllimə bundan sonra da sağlıqlı həyat sürməsini, yaradıcı və mübariz ruhunun daim yüksək olmasını arzulayıram!

Mənbə: "525-ci qəzet"