24.12.2018, 09:56 - Baxış sayı: 998

İlham Əliyev və Azərbaycanın müasir inkişaf strategiyası


İlham Məmmədzadə
AMEA Fəlsəfə İnstitutunun direktoru,
fəlsəfə üzrə elmlər doktoru, professor


Strateji hədəflərə doğru inamla irəliləyən müstəqil Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm rolu və mövqeyi ilə seçilən aparıcı dövlətə çevrilməsi heç də yalnız respublikamızın zəngin təbii sərvətləri, intellektual resursları ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da zəngin təbii resursların xalqın mənafeyinə uyğun səmərəli realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli siyasət strategiyasının həyata keçirilməsi lider amili ilə bilavasitə bağlıdır. Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasəti XXI əsrin başlanğıcından layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yer tutmasını, regional liderliyini təmin etmişdir.
Müstəqil Azərbaycanın ötən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən Prezidentimiz qısa müddətdə Azərbaycanı nəinki Cənubi Qafqaz regionunun, eləcə də dünyanın sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur. Konkret siyasi situasiyada Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən amillər, şübhəsiz, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsindən ibarət olmuşdur.
Dövlət başçımız Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial və siyasi əxlaqi məsuliyyət prinsipinə incəliklə riayət etməsindən irəli gəlir. Məsələn, hansısa problem baş qaldıranda Prezident İlham Əliyev, ilk növbədə, “Heydər Əliyev bu məsələni necə həll edə bilərdi?” sualı üzərində düşündüyünü vurğulayır. Və dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə, bu sualı özünə ünvanladığını və cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Cənab İlham Əliyev dövlət adamı olaraq nəzəriyyəni öz təcrübəsinə bağlayır. O, öz nitqlərini hər hansı nəzəriyyələr üzərində yox, artıq reallıqda öz təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Dövlət başçısı bu biliyi hər hansı nəzəri materiallar əsasında toplamamışdır. Bu biliyi ona prezident təcrübəsi və dərin zəka qazandırmışdır. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi Azərbaycan Prezidentinin siyasi addımlarını nəzəri və təcrübi hazırlıq üzərində köklədiyini göstərir.
Milli iqtisadiyyatda qazanılmış makroiqtisadi nəticələrin qorunub saxlanılması baxımından demokratik inkişafı olduqca vacib sayan dövlətin rəhbəri ötən 15 ildə respublikamızda həyata keçirilən hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatına da ciddi məsələ kimi yanaşmışdır. Prezident ilk gündən bildirmişdir ki, demokratik və sivil cəmiyyət quruculuğunun fundamental şərtlərindən biri də məhz zamanla və milli mentalitetlə səsləşən hüquq islahatlarının həyata keçirilməsi, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Yeni, müasir və möhkəm dövlətçilik modelinin yaradılması təkmil hüquqi mexanizmlərin formalaşdırılmasından çox asılıdır. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın demokratikləşmə sahəsində böyük nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası və demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. Dövlət başçısının apardığı hüquq islahatları, eyni zamanda, prokurorluq və vəkillik orqanlarının cəmiyyətdəki mövqelərinin və nüfuzunun daha da gücləndirilməsinə xidmət edir.
Prezidentimizin apardığı kadr əvəzləmələri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmaları barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə bu islahatların uğurla gedəcəyinə böyük inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını vacib sayır.
Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü aksiom kimi önə çəkir. Dövlət başçısının yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycan sülh, multikultural və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında rəhbərimizin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Müasir dövrdə xarici siyasətin səmərəliliyi fərdin iqtisadi və siyasi azadlıqlarını maksimum dərəcədə təmin edən pozitiv mühitin formalaşdırılmasından, eləcə də xalqla vətəndaşların mənəvi birliyindən bilavasitə asılıdır. Xalq üçün çalışan, onun mənafeyini mümkün dərəcədə qoruyan lider daxildə ciddi elektoral dəstəyə malik olduğunu daim hiss edir, bu da öz növbəsində onun xarici siyasətdə inamlı, qətiyyətli və prinsipial addımlar atmasına, kənar təsir və təhdidləri neytrallaşdırmasına əlverişli imkanlar açır. Başqa sözlə, iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir.
Azərbaycan Prezidenti son 15 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın çətin geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur. Rəsmi Bakı bu illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.
Hazırda hansısa dövlətin müstəqil, güvənli xarici siyasət yeritməsi, milli maraq-larını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o qədər də aktual səslənmir. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycan praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin etmişdir. Demokratik dəyərlərə düşünülmüş sosial-iqtisadi xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Ötən 15 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi rəsmi Bakının xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur.
Bəzən Azərbaycanın bölgədə artan rolunu yanlış olaraq respublikanın neft-qaz ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışdır. Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlığı şərtləndirən də məhz xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibəti, habelə respublikamızda demokratik proseslərin dönməzliyinə olan inamdır. Siyasi sistemin xarakteri, cəmiyyətin ənənəvi və müasir dəyərlərə adaptasiyası prosesi respublikamızın, eyni zamanda, beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir.
Müasir siyasi nəzəriyyələr liderin uğur qazanmasında birləşdirici – inteqrativ funksiyanı xüsusi önə çəkir. Milli mənafelərə əsaslanan siyasət xalqın böyük qismini ətrafında birləşdirir, cəmiyyəti ümumi problemlərin həlli naminə səfərbər edir, bir sözlə, fərdin və dövlətin maraqlarını mümkün qədər uca tutur. Siyasətdə inteqrativ funksiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Mövcud siyasi kursun inteqrativ-birləşdirici mahiyyəti də ilk növbədə onun hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Heydər Əliyev siyasi kursu milli birlik və həmrəyliyə ciddi zəmin yaratmış, azərbaycançılıq ideologiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilmişdir. Son 15 ildə bu siyasət uğurla davam etdirilmiş, ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, etnik və sosial qruplarının, dini konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində ardıcıl siyasət yürüdülmüşdür. Nəticədə cəmiyyət üçün təhlükəli sayıla biləcək hər cür radikal meyillər, siyasi kataklizmlər aradan qalxmış, eyni zamanda demokratik və azad şəraitdə keçirilən seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən inkarçı qüvvələr sivil dialoqa, konstruktiv əməkdaşlığa dəvət olunmuşlar. Ölkədə həyata keçirilən müasir ruhlu daxili siyasət, eyni zamanda, əks siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psixoloji barışmazlığın aradan qaldırılmasına xidmət etmişdir. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi ölkədə milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Milli birliyə yönəlmiş bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanmışdır.
Demokratikləşmə prosesinin, hüquq normalarının və siyasi mədəniyyətin sivil dünyanın hamılıqla qəbul edilmiş standartlarına yaxınlaşdırılması özlüyündə mürəkkəb, uzun sürən proses olmaqla, təşkilati və tərbiyəvi xarakterli, ardıcıl, məntiqi tədbirlər görülməsini, yeni siyasi dəyərlərin siyasətin hər bir subyektinin, hər bir insanın həyat tərzinə çevrilməsini tələb edir. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Belə radikal islahatlar inkişafa deyil, keçid prosesinin ləngiməsinə gətirib çıxarır. İctimai şüurda “həzm olunmayan” demokratik normalar mövcud həyat forma və strukturları ilə münaqişəyə girir və son nəticədə cəmiyyət mütərəqqi yeniliklərə qeyri-adekvat münasibət bəsləməyə başlayır.
Tarixi inkişafının yeni mərhələsini yaşayan Azərbaycan cəmiyyəti aşkarlıq və şəffaflıq tələb edən vətəndaş cəmiyyətinə transformasiya olunur. Bu isə öz növbəsində, müasir dövlət quruculuğu və effektli dövlət idarəçiliyi yaradılması prosesində bir sıra müasir məzmunlu dəyişikliklərin aparılmasını tələb edir. Fəqət, demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, daimi proses olduğunu da xüsusi vurğulamağa ehtiyac yoxdur. Demokratik və həmrəy dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır. İnsanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, insan hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olması mümkün deyildir. Məhz bu baxımdan Azərbaycanın davamlı inkişafının mühüm şərti vacib amil kimi nəzərdən keçirilir.
Azərbaycan ­Prezidenti cəmiyyət həyatının bir çox həyati əhəmiyyətli sahələri kimi təhsil və elmi önə çəkir. Ölkənin gələcəyi naminə ölkədə güclü insan kapitalının formalaşdırılmasının zəruriliyini qeyd edir. Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 15 ildə inamla davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək, dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır.
Bütün bunlar deməyə əsas verir ki, qısa müddətdə respublikada əldə edilmiş yüksək nəticələrin arxasında məqsədyönlü siyasət, elmi əsaslara və ölkənin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə cavab verən inkişaf strategiyasının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Elm xadimləri də ürəkdən inanırlar ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

Xalq qəzeti