18.12.2018, 13:46 - Baxış sayı: 1282

Etikadan fəlsəfəyə: yanaşma, üslub və metodologiyalar axtarışında


Sevinc Həsənova
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Bu il Azərbaycan fəlsəfə elmində təkcə tədqiqat işləri, elmi nailiyyətləri və uğurları ilə deyil, həm də əsil alicənablığı, insanpərvərliyi və cəmiyyət həyatında iştirakı ilə seçilən alimlərimizdən biri İlham Məmmədzadənin 65 yaşı tamam olur.
Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə sovet dönəmində Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu olmuş, SSRİ EA-nın Fəlsəfə İnstitutunda namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. O, bir çox Qərb universitetlərinin fəxri professoru, fəlsəfə aləmində hamı tərəfindən tanınan «Voprosı filosofii» («Вопросы философии»), «Filosofskiy jurnal» («Философский журнал») kimi beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür, həmçinin respublikamızın, xarici ölkələrin mötəbər jurnallarında nəşr olunmuş çoxsaylı kitab və məqalələrin müəllifi və redaktorudur. Lakin bütün bunlar İlham Məmmədzadənin elmi bioqrafiyasını tam şəkildə əhatə etmir və onun yaradıcılıq və elmi tərcümeyi-halının əsas deyil, yalnız formal - rəsmi tərəfidir. O, ilk növbədə, yeni ideyalar, dəyərlər generasiya edən filosofdur və daim yeni tədqiqat metodlarının axtarışı onun xüsusi üslubunu təşkil edir.
İlham müəllimin elmi fəaliyyəti 1970-ci illərdən - M. Lomonosov adına MDU-nun fəlsəfə fakültəsində təhsil aldığı dövrdən başlayıb. O, fəlsəfənin etika sahəsini seçdi və tezliklə sovet dönəminin fəlsəfə elmində etika üzrə ən gənc və perspektivli mütəxəssislərdən biri oldu. O, dövrünün meyarlarına görə çox erkən yaşda «Siyasət və əxlaqın nisbəti» kimi mürəkkəb bir mövzu üzrə dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almış və özünü bu sahədə ciddi tədqiqatçı kimi tanıtmışdı.
Keçən əsrin 80-90-cı illərində bir çox siyasətçilər etiraf edirdilər ki, siyasəti məhz onun "Burjua əxlaqının böhranı"(1983), "Qərbin burjua əxlaq və siyasətinin nisbəti konsepsiyalarının tənqidi" (1986), "Siyasət və əxlaq" (1988) kitabları üzrə öyrəniblər.
İlham müəllimin mərkəzi sovet mətbuatında, Moskva jurnal və qəzetlərində dərc olunmuş yazıları, o zamanlar nadir hallarda keçirilən beynəlxalq konfranslarda etdiyi məruzə və çıxışları da az olmamışdır. Onun axtarışlarının əsas ideyasını siyasət və əxlaq arasında mövcud olan çoxsaylı problem və ziddiyyətlər üzərində işləməklə yanaşı, bu problemləri həm həll etmək, həm də insanın şüurunun sadələşməsinə rəğmən daha da zənginləşməsi naminə işləmək lazım olduğu fikri təşkil edır.
Etika sosial elmdir, lakin eyni zamanda o həm də psixologiya, şəxsiyyətin daxili aləmi, adətlərlə bağlı humanitar fəndir. O vaxtlar bu barədə çox yazırdılar, İlham Məmmədzadə isə öz elmi məqalələrində bu problemə müraciət edir, həm də siyasi etika və elitaların təşəkkülü arasında qarşılıqlı əlaqələr üzərində düşünürdü. Məlumdur ki, elitalar – seçmə adamlardır, amma, əgər söhbət siyasi elitalardan gedirsə, onda bu, həmişə insanın, siyasətçinın xüsusi davranış kodeksini nəzərdə tutur.
Onu da qeyd etmək lazımdır ki, siyasət və əxlaq mövzusu həmişə İntibah dövrünün dahi siyasi filosofu N. Makiavellinin irsinə müraciətlə bağlıdır. İ.Məmmədzadənin onun haqqında yazdığı əsərləri nəinki Rusiyada, həm də İtaliyada tanınır; onlara istinad edirlər, onlar Makiavelliyə həsr olunmuş ciddi ensiklopediyalarda xatırlanır.
Dahi florensiyalı alim onun haqqında olan yazılarda, bir qayda olaraq, siyasətçi kimi təqdim olunur. İ. Məmmədzadə isə onu geniş, mükəmməl etik mövqeyə malik bir siyasi filosof kimi təhlil edir; o, Makiavellinin əxlaqı inkar etməsində praqmatik və əxlaqi deyil, etik mövqe olduğunu vurğulayır.
İlham müəllimin vətəndaş cəmiyyəti problemlərinin tədqiqinə müraciət etməsi tamamilə təbiidir. Bu problemlərin sovet fəlsəfəsi üçün tamamilə yeni olan bəzi aspektləri onun doktorluq dissertasiyasında öz əksini tapır. Artıq sonralar Azərbaycan və digər postsovet ölkələrinin fəlsəfi ədəbiyyatında vətəndaş cəmiyyətinin təşəkkülü, formalaşması mövzusu inkişaf etdirilir.
Onun 1995-ci ildə yazdığı həcmcə kiçik, lakin məzmunca çox dolğun olan "Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi haqqında" kitabı, zənnimizcə, Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə həsr olunmuş ilk əsərdir. Bu kitabda İ.Məmmədzadə göstərir ki, aralarında ümumi cəhətlərin olmasına baxmayaraq, millətlərin vətəndaş cəmiyyətləri müxtəlifdir və onlar fərqli təşəkkül yolu keçirlər. Və əlbəttə ki, bu yol milli ideya və ideologiya, birliyin xarakteri ilə bağlıdır.
O zaman İ. Məmmədzadənin həmçinin multikulturalizm, bioetika, terrorizm və təhlükəsizlik fəlsəfəsi, milli ideologiya problemləri, mass-media, kütləvi mədəniyyət, din və əxlaqın nisbətinin ayrı-ayrı aspektləri maraqlandırırdı.
Sonrakı illərdə İlham müəllim öz əsərlərində ayrıca etik və ya siyasi-etik problemlərə müraciət etməklə kifayətlənməyərək, etikanın «sosial elm»dən (Aristotel) şəxsiyyətə yönəlmiş olan humanitar elmə necə çevrildiyini araşdırır. Onun "Etikaya giriş" (2004) və "Əxlaqın təfsiri təcrübəsi"(2006) adlı kitabları məhz bu məsələlərə həsr olunmuşdur.
Fikrimizcə, onun "Etikaya giriş" kitabı etika sahəsində, həm də yalnız Azərbaycanın etika elmində deyil, həm də dünya etika aləmində ən yaxşı əsərlərdən biridir. Təəssüf ki, o hələ də Azərbaycan dilinə tərcümə olunmayıb və daha çox ölkə xaricində geniş yayılıb. Bu əsərdə müəllif etikada Aristotel və Makiavellidən başlamış Nitsşeyə qədər, müasir etik və olduqca fərdi konsepsiyalara qədər baş vermış dəyişikliklər prosesini izləməyə müyəssər olub. Burada İlham müəllim belə bir nəticəyə gəlir ki, hər bir cəmiyyət normalar, sosium və şəxsiyyət arasında əlaqələrin öz xüsusi və təkrarolunmaz sistemini yaradır. Bu prosesdə həm din və mədəniyyət, həm adətlər, həm də əxlaq və siyasət iştirak edir.
Yeri gəlmişkən, müsəlman əxlaqı və siyasətinın nisbəti problemlərinin araşdırıldığı, bu nisbət və qarşılıqlı əlaqənin yaxın gələcəkdə necə inkişaf edəcəyinin ekspertiza və proqnozunun verildiyi "Əxlaqın təfsiri təcrübəsi" əsəri də bundan heç də az əhəmiyyətli deyil. Bu monoqrafiyada İslamın islahatı, XX əsrin əvvəllərində Azərbaycanda Cədidlik hərəkatının xüsusiyyətləri, qloballaşma, informasiya inqilabı dövründə İslamın islahatı və s. haqqında çoxsaylı dərin mülahizə və qeydlər yer alıb.
Bütün bu kitablardan, qloballaşma, modernləşmə dövrü və maarifçlik fəlsəfəsi haqqında çoxsaylı məqalələrdən sonra İlham Məmmədzadənin etikadan, etik-siyasi düşüncələrdən ümumfəlsəfi problemlərə keçməsinin və ya qayıtmasının səbəbləri müəyyən dərəcədə aydın olur. Əlbəttə, etika – fəlsəfi fəndir, lakin bu və ya digər müəllifin heç də hər bir etik konsepsiyası fəlsəfəyə, fəlsəfi tədqiqatların metodologiyasına, metafizikaya və s. müraciət olunmasını zəruri etmir. Bəzən bu, etik tədqiqatların metodologiyası ilə məhdudlaşır, lakin İlham müəllimi fəlsəfi metodologiyanın özü narahat edir.
Bu kontekstdə onun müasir fəlsəfənin mahiyyətini üzə çıxarmağa imkan verən müqayisəli multidissiplinar (çoxfənli), sosioloji və kulturoloji tədqiqatlarını qeyd etmək lazımdır. Ümid edirik ki, o özünün kifayət qədər ciddi maraqlandığı rakurslu mövzularda hələ çox əsərlər yazacaq. Onun müasir informasiya dövrü fəlsəfəsi üzrə, fəlsəfədə metodologiyalar barəsində yazdığı məqalələri rus, ingilis, fransız, ispan dilləri, bu yaxınlarda isə çin dilində nəşr olunub.
Bu məsələlərə onun son illərdə “Fəlsəfə haqqında. Müasir yanaşmalar, təmayüllər və perspektivlər (2011)", "Bir daha fəlsəfə haqqında (2012)", "Həsən bəy Zərdabinin müasir maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi (2015 ) və «Philosophy of Mutual Influence of Cultures and Settlement of Germans in the Southern Caucasus» (2017) kitbları həsr olunub.
Bu əsərlərdə İlham Məmmədzadə fəlsəfənin özgünlüyünü, onun ideologiya, siyasi fəlsəfə ilə münasibətlərini, müxtəlif filosofların yanaşmalarında, metodlarında mövcud olan fərqləri, şüur fəlsəfəsi ilə dil və təcrübə fəlsəfəsinin bir-birindən nə ilə seçildiyini və onların həm də qarşılıqlı əlaqələrini aydınlaşdırmağa nail olmuşdur.
Əslində, İlham müəllimin yaradıcılığında metodologiya fenomeninə onun öz üslubunu ehtiva edən müəllif yanaşması təşəkkül tapır. Müəllifin mətnlərinə əsaslanaraq, onun əsərlərini fərqləndirən cəhətlərin çox olduğuna rəğmən, hansı ideya və ya ideyaların onları birləşdirdiyini göstərməyə çalışdıq. Onun hər bir əsəri fəlsəfənin mahiyyətinin dərkinə yeni bir töhfə verir.
Beləliklə, birincisi, fəlsəfə, onun fikrincə, universal elmdir, amma onda milli fəlsəfələrin təşəkkülü prosesi gedir və bu özü də həm Azərbaycanda, həm də digər postsovet ölkələrində baş verir. Fəlsəfənin milli konteksti onun universallığını ləğv etmir, lakin o heç də həmişə onu ayırmır, dərk etmir. Burada universallıq konkret filisofluğun, zaman və məkanın özgünlüyü, özünəməxsusluğu vasıtəsilə təmsil olunur.
Ona görə də milli fəlsəfələr bu və ya digər regionda, həmçinin bu və ya digər cəmiyyətdə fəlsəfənin spesifik xüsusiyyətləri və fəlsəfə tarixi dərk olunan zaman formalaşır.
İkincisi, bu proses qloballaşma dövründə aktuallaşır və sürətlənir. Hərçənd 90-cı illərdə belə hesab edilirdi ki, qloballaşma mədəniyyət və fəlsəfələr üçün daha çox təhlükə yaradan ümumi trenddir, amma İlham müəllimin hesab etdiyi kimi, bunun əksinə olduğu bəlli oldu.
Üçüncüsü, milli fəlsəfələr antik və Avropa fəlsəfələrini bilməyə məhkumdur. Buna əhəmiyyət verilməməsi fəlsəfəni qapalılığa, ictimai problem və ziddiyyətləri izah etməkdən imtina etməyə, təhsildə böhrana, fəlsəfəsiz çətin ki, inkişaf etməyə qadir olan din, tarix, ədəbiyyat və dilçilikdə əriyib yox olmağa məhkum edir. Düzdür, bu, filoloq, tarixçi və ədəbiyyatçılar tərəfindən heç də həmişə dərk olunmur.
Dördüncüsü, fəlsəfi tədqiqatlar özündə din, mədəniyyət, əxlaq və siyasət fəlsəfəsi, fəlsəfi antropologiya və s. sahələrə aid konkret materialları ehtiva edir. Amma onların xüsusi mövqeyi, nöqteyi-nəzəri vardır ki, bu da fəlsəfənin müasir dövrün, insan və cəmiyyətin həyat fəaliyyəti və inkişafının ən mühüm və kəskin problemləri üzrə sual və cavabları ifadə edə bilmək qabiliyyəti olması ilə bağlıdır. Lakin bu zaman həm də onları ifadə etmək üçün bütün fəlsəfələrdən, o cümlədən digər elmlərdən olan konkret materiallar tələb olunur. Fəlsəfəni, bütün dünyanı və lokal dünyanı, hətta insanı fərqli keyfiyyətlərin xas olduğu bütöv bir tam kimi anlamaq lazımdır, çünki hər şeyin müxtəlifliyi tamın bütövlüyünün şərtidir.
Beşincisi, İlham müəllim hesab edir ki, tədqiqat metodu kimi, multidissiplinarlıq (çoxfənlilik) fəlsəfə üçün təkcə ictimai və humanitar elmlərin deyil, həm də biologiya, antropologiya, fiziologiya, təbabət və digər elmlərdən olan biliklərində zəruri olduğunu nəzərdə tutur. Şüur yalnız fəlsəfənin deyil, həm də bu elmlərin obyekti, onları maraqlandıran sahədir.
Onda belə bir sual meydana çııxır: bəs ictimai və təbiət elmləri arasında, hətta fəlsəfənin özündə belə, sərhədlər ucaltmış fəlsəfə ilə nə etməli və sərhədləri aradan necə qaldırmalı? O qeyd edir ki, bu, təkcə fəlsəfənin deyil, həm də təbiət elmlərinin problemidir. Dünya və insanın fəlsəfi dərki olmadan insan, təbabət, biologiya və ətraf mühitin problemləri insan və sosium üçün lazımi səviyyədə həll edilə bilməz. Sərhədlər isə yalnız biliklə, onların əldə edilməsi, daim dərinləşməsi və genişlənməsi sayəsində aradan qaldırılır.
Bununla belə qeyd etmək lazımdır ki, İlham Məmmədzadənin fəaliyyəti kitab və məqalələr yazmaqla kifayətlənmir. O, artıq uzun müddətdir ki, AMEA-nın Fəlsəfə İnstitutuna rəhbərlik edir. Bu illər ərzində İnstitut inkişaf edib, onun təşəbbüsü ilə bir çox yeni şöbə (məntiq, islam fəlsəfəsi, davamlı inkişaf fəlsəfəsi, multikulturalizm və tolerantlıq fəlsəfəsi və s.) yaradılıb; fəlsəfənin, sosiologiyanın, sosial psixologiyanın, siyasi nəzəriyyənin ən yeni istiqamətləri üzrə tədqiqatlar aparılır; tanınmış nəşriyyatlarda və mötəbər jurnallarda nəşr olunmuş kitab və məqalələrin sayı artıb.
İnstitutun Heydər Əliyev Fondu ilə birlikdə “Əliyev qiraətləri” çərçivəsində keçirdiyi artıq ənənəyə çevrilimiş “Mədəniyyətlərin dialoqu” üzrə konfranslar, Əlcəzair, Rusiya, Belarus, Qazaxıstan, Polşa və s. ölkələrdən olan filosofların da iştirak etdiyi “Qiraətlər” və onların materiallarının nəşri respublikamızın hüdudlarından da kənarda geniş şöhrət qazanmışdır.
Bir çox Qərb universitetləri Fəlsəfə İnstitutu ilə birgə Bakıda və xaricdə beynəlxalq konfranslar keçirib. Təkcə bu il Parisdə Sofiya-Antipolis və Sorbonna Universitetinin tanınmış fransız professorlarının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans, Venesiyanın "Ka Foskari" Universiteti ilə İtaliya və Azərbaycanda multikulturalizmin müqayisəli təhlili problemləri üzrə seminar keçirilib. Yeri gəlmişkən, “Əliyev qiraətləri” kimi bu seminar da artıq mütəmadi xarakter daşıyır.
İlham Məmmədzadə həm Bakıda, həm də xaricdə Beynəlxalq Humanitar forumların təşkili və keçirilməsində fəal iştirak edir. Dəfələrlə multikulturalizm üzrə bölmələrin moderatoru olub, Bakı və Moskvada keçirilmiş forumların materiallarını redaktə edib. Qeyd etmək lazımdır ki, 2018-ci ilin iyununda o, Pekində keçirilmiş yüksək səviyyəli "Bir qurşaq - bir yol" Forumunda məruzə ilə çıxış edib.
Onun Rusiyanın "Mədəniyyət" kanalında "Azərbaycan fəlsəfəsi: yeni təfsir və mənalar" barədə verilişi elmi dairələrdə böyük əks-səda doğurmuşdur. Bunu onun Azərbaycan televiziyasında fəlsəfə, ziyalılar və digər mövzularda etdiyi çıxışları barədə də demək olar.
İlham müəllim öz məktəbini yaradıb, onun xeyli tələbəsi vardır və onların bir çoxu artıq fəlsəfə doktoru və fəlsəfə elmləri üzrə doktordurlar, bəziləri müəssisələrə rəhbərlik edir, nazirliklərdə işləyir, universitetlərdə dərs deyirlər. Biz - onun şagirdləri və Fəlsəfə İnstitutunun bütün kollektivi İlham müəllimi hər şeylə həddindən artıq maraqlanan, çox şey haqqında və çox biliklərə malik və hər şey barəsində özünün əsaslandırılmış fikri, əsl ziyalı fikri olan müdrik bir alim kimi tanıyırıq. Söhbət yalnız fəlsəfədən deyil, həm də mədəniyyət, tarix və s. haqqında gedir.
O, xeyirxah, həmişə sizi dinləməyə, kömək etməyə hazır olan insandır. Şəxsiyyətinə böyük hörmətlə yanaşdığımız İlham müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, çox-çox illər davam edən elmi fəallıq və bütün işlərində, təşəbbüslərində uğurlar arzulayırıq!