13.11.2018, 11:44 - Baxış sayı: 1964

Əbülhəsən Bəhmənyar və onun məktəbinin davamçıları


Aytək Məmmədova
fəlsəfə üzrə fəlsəfə doktoru

(Əbülhəsən Bəhmənyarın doğumunun 1025 illiyi münasibətilə)
Açar sözlər: Əbülhəsən Bəhmənyar, Nəsirəddin Tusi, filosof, orta əsr, Şərq peripatetizmi, fəlsəfə, elm
Ключевые слова: Абулхасан Бахманйар, Насираддин Туси, философ, cредние века, восточный перипатетизм, философия, наука
Key words: Abul-Hasan Bahmanyar, Nasir ad-Din Tusi, philosopher, Middle Ages, Eastern peripateticism, philosophy, science

Orta əsrlərdə Azərbaycanda, ümumiyyətlə, müsəlman Şərqində elm, fəlsəfə, ədəbiyyat və incəsənət sahəsində böyük nailiyyətlər qazanılmışdı. Şərq filosoflarının yaratdıqları fəlsəfi təlimlər onların şagirdləri tərəfindən inkişaf etdirilərək məktəblərə çevrilirdi. Şərq peripatetizminin Azərbaycanda ilk böyük nümayəndəsi Əbülhəsən Bəhmənyardan (993-1066) başlanan müəllim-şagird ardıcıllığı, yəni onun məktəbinin ənənələri də ensiklopedik alim Nəsirəddin Tusi (1201-1274) tərəfindən davam etdirilmişdir. Bununla da, Nəsirəddin Tusi tərəfindən yaradılan fəlsəfi məktəb də öz ardıcıllarını hazırlamışdı.
Bəhmənyar irsinin görkəmli araşdırıcısı, AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun doğum tarixini mənbələr əsasında müəyyənləşdirmişdir. Alimin fikrincə, Bəhmənyarın anadan olduğu yeri və ili müəyyənləşdirmək üçün İbn Sinanın onunla harada və nə zaman qarşılaşa bilməsini dəqiqləşdirmək lazımdır. Onun İbn Sinadan təhsil aldığı dövr XI əsrin əvvəllərinə təsadüf etməli idi. İbn Sina 1002-ci ildən başlayaraq Xarəzmdə yaşamış, sonra isə Xorasan vilayətinin müxtəlif şəhərlərini gəzmişdir. Deməli, Bəhmənyarın ana¬dan olduğu, yaxud uşaqlıq illərinin keçirdiyi yerin Azərbaycan ərazisindən kənarda olması ehtimalı yaranır. Belə ki, onun müəllimi ilə öz ölkəsində görüşmək imkanı aradan qalxır. Filosofun “Azərbaycanlı”, “Azərbaycan ölkəsindən idi” faktının o dövrün müəllifləri tərəfindən xüsusi vurğu ilə deyilməsi də buradan irəli gəlir. Çünki azərbaycanlı olub, Azərbaycanda yaşaya-yaşaya, təbii ki, ona “Azərbaycanlı”, “Azərbaycan ölkəsindən idi” deməzdilər. Müqayisə üçün xatırlatmaq olar ki, qürbətdə yaşamış Əfzələddin Xunəci, Siracəddin Urməvi kimi filosoflar haqqında da “Azərbaycanlı” nisbəsi işlədilmişdir [1, 322].
İbn Sinanın Xorasanı gəzib-dolaşması ilə əlaqədar iki şəhər Bəhmənyarla bağlılığı sarıdan diqqəti cəlb edir. Birincisi, Şirvandır. Bu şəhər hal-hazırda Aşqabaddan cənubda, onun təxminən 75 km-də, İran ərazisində yerləşir. Sol tərəfindən Ətrek çayının axdığı Şirvan şəhərinin əhalisi əsasən türk qəbilələrindən ibarət olmuşdur.
Göründüyü kimi, İbn Sinanın ziyarət etdiyi Şirvan, Zəkəriyyə Qəzvininin qeyd etdiyi, Xaqani Şirvaninin vətəni Şirvan deyil, bəlkə həmin bu Şirvandır. Belə olduqda İbn Sina ilə Bəhmənyarın orada görüşməsi tarixi hadisələrə tamamilə uyğun gəlib, həqiqət kimi qəbul edilə bilər.
Deyləm şəhərinin də bu əraziyə yaxınlığını nəzərə alıb, onu Deyləmə nisbət verənlərə də müəyyən dərəcədə haqq qazandırmaq mümkündür [1, 323].
İbn Sina ilə Bəhmənyarın arasındakı ünsiyyəti, ehtimal olunan 10-15 yaş fərqini və Xorasanda XI əsrin əvvəllərində onların görüşmək imkanını nəzərdə tutaraq güman etmək olar ki, Azərbaycan filosofu X əsrin sonlarında, təxminən 993-cü ildə Xorasan vilayətində təvəllüd tapmışdır [1, 324]. 2018-ci ildə Bəhmənyarın doğumunun 1025 illiyidir.
Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan EA Rəyasət Heyəti və Nazirlər Kabineti qərarlar qəbul etmişdir.
Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan Mərzbanlar ailəsinə mənsubluğunu göstərir.
Əbülhəsən Bəhmənyar haqqındakı yazılar içərisində Ə.K.Zəkuyevin “Bəhmənyarın fəlsəfi görüşləri” (1958) əsəri xüsusi yer tutur. Əvvəlki tədqiqatçılarımız yalnız tərcümə va¬sitəsilə ümumi həcmi I çap vərəqindən də az “Metafizika elminin mövzusu” və “Mövcudatın mərtəbələri” traktatlarından istifadə etdikləri halda, Ə.K.Zəkuyev onların ərəb orijinalını, habelə filosofun daha başqa əsərlərini – İbn Sinaya yazdığı bir məktubu, “Qədim fəlsəfədən məqalələr” jurnalında (Beyrut, 1911) “Təhsil” kitabının məntiq hissəsindən dərc edilmiş fraqmenti və məxəzlərdə qalmış bəzi fəlsəfi kəlamları da tədqiqata cəlb etməklə Bəhmənyarın irsinə dair faktik materialın mündəricəsini genişləndirmişdir. Bu cəhətdən o, Bəhmənyarın fəlsəfi görüşlərini özündən qabaqkı müəlliflərə nisbətən daha ətraflı və daha dolğun əks etdirmişdir. Tədqiqatçı konkret materiallar əsasında Bəhmənyarın varlıq təlimini düzgün qiymətləndirmişdir. Lakin o, filosofun idrak nəzəriyyəsinin birtərəfli olduğunu söyləməklə yanlışlığa yol vermişdir. Bir sıra lüzumsuz təkrarlar, qüsurlar nəzərə alınmazsa, “Bəhmənyarın fəlsəfi görüşləri” kitabı bəhmənyarşünaslıqda ilk dəyərli tədqiqat əsəridir [1, 276].
Qeyd etmək lazımdır ki, akademik Heydər Hüseynov, akademik A.O.Makovelski, professor Ə.K.Zəkuyev Bəhmənyarın həyatı, yaradıcılığı və dünyagörüşü haqqında araşdırmalar aparıb, elmi mülahizələr söyləsələr də, onun şagirdlərindən söhbət açmamışlar. Çünki onların, eləcə də bir sıra xarici ölkə tədqiqatçılarının fikrincə, XI əsrdən sonrakı dövrdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar.
Professor Ə.K.Zəkuyev “Bəhmənyarın fəlsəfi görüşləri” kitabında bu barədə yazmışdır: “İbn Sina və onun şagirdi Bəhmənyarın fəlsəfi görüşlərini sözün dar və adi mənasında orta əsrlərdə Yaxın Şərq fəlsəfəsinin soz sözü adlandırsaq səhv etmərik. Bəhmənyar feodalizm dövründə, Yaxın Şərqdə son görkəmli peşəkar peripatetik filosof idi. Bəhmənyardan sonra Yaxın Şərqdə peripatetik fəlsəfə tənəzzülə uğrayır və öz əvvəlki əhəmiyyətini itirir” [2, 88-89].
AMEA-nın müxbir üzvü Zakir Məmmədov “Bəhmənyar istisna sayılmaqla orta əsrlərdə Azərbaycanda peşəkar filosoflar yaşamamışlar” kimi yanlış bir müddəanı elmi tədqiqatı ilə təkzib etmış, milli fəlsəfi irsimizin varlığını üzə çıxarıb araşdırmışdır. Alim Əbülhəsən Bəhmənyarın İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürdüyünü yazmışdır. Şərq peripatetizmi¬nin XI əsrin ortalarına aid mərhələsi bilavasitə Azərbaycan filosofunun adı ilə bağlıdır. Şərq peripatetizminin, ilk növbədə İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu. O, var qüvvəsini əsirgəmədən aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə öz sevimli şagirdi Bəhmənyar haqqında yazmışdır: “Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb”. Azərbaycan filosofu öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır.
Əbülhəsən Bəhmənyarın ölüm tarixinə gəldikdə, onun yazılışında tədqiqat əsərlərində yanlışlığa, qeyri-dəqiqliyə yol verilmişdir. Filosofun vəfatı ayrı-ayrı müəlliflər tərəfindən gah 1038, gah 1065-ci, gah 1066-cı, gah da 1067-ci illər göstərilmişdir.
Zakir Məmmədovun fikrincə, XI əsr Azərbaycan filosofunun ölüm tarixini dürüstləşdirməkdən ötrü, hər şeydən əvvəl, ilk mənbələrə müraciət etmək lazımdır. Yuxarıda göstərilən dörd yüz əlli səkkizinci qəməri-hicri ilini miladi tarixə çevirdikdə birinci aydan (məhərrəmdən) başqa qalan aylar 1066-cı ilə düşür. Bəhmənyarın ölüm tarixi İbn Sinanın vəfatından otuz il keçmiş, yəni 458-ci ildə ramazan (iyul-avqust) ayı ətrafındakı müddət qəbul edildikdə, Azərbaycan filosofunun 1066-cı ilin ortalarında öldüyünü söyləmək olar [1, 327].
Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmaları nəticəsində ilk dəfə olaraq bildirmişdir ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyarın xidməti misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük xidmət göstərmişdir. Azərbaycan filosofunun istedadlı şagirdlərindən Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı.
Bununla da, müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur. Öz müəllimi İbn Sina kimi Azərbaycan filosofu da bir sıra görkəmli alimlər hazırlamışdır. Onlardan Əbülabbas Fəzl ibn Məhəmməd Ləvkəri Mərvi onlardan daha çox tanınmışdır.
Zakir Məmmədovun tədqiqatlarına qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli “Təhsil” əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim “Təhsil” əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. Bəhmənyarın “Metafizikanın mövzusu” [3], “Mövcudatın mərtəbələri” [4] traktatları ilə bərabər “Təhsil”kitabı da araşdırıcı tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilmiş, “Təhsil” [5] kitabının kiçik bir hissəsi, iki traktat isə bütöv şəkildə “Şərq fəlsəfəsi (IX-XII əsrlər)” kitabında çap olunmuşdur.
Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam (1048-1131) da Bəhmənyarın şagirdidir. Alimin bu barədə tədqiqatı müəyyən səbəblərə görə çap edilməyən “Bəhmənyar məktəbinin fəlsəfəsi” kitabında, eləcə də həmin kitab əsasında hazırlanmış “Ömər Xəyyamın müəllimi” (“Ədəbiyyat qəzeti”, 13 may 1994-cü il), “Ömər Xəyyam necə varsa...” (“Mars” ədəbi-bədii, elmi-publisistik jurnal, № 7-8. Bakı, 2003), “Bəhmənyar məktəbi haqqında” (Dirçəliş XXI əsr jurnalı, Noyabr 2003-cü il) məqalələrində hərtərəfli və dərindən işıqlandırılmışdır.
Şərq peripatetizminin böyük nümayəndələrindən Əbülhəsən Bəhmənyarın fəlsəfi ənənələri Nəsirəddin Tusi tərəfindən yaradıcılıqla davam etdirilmişdir. Zakir Məmmədov Bəhmənyarın özündən sonrakı alimlər nəslinin yetişməsində mühüm xidməti olduğunu bildirərkən yazırdı ki, onun istedadlı şagirdlərindən filosof, ədib və şair Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı. Müəllim-şagird əlaqələrini ardıcıl izlədikdə bir neçə yolla gəlib Nəsirəddin Tusiyə çıxmaq olur: 1. Bəhmənyardan Ömər Xəyyam, ondan Şərəfəddin Məsudi, ondan Fəxrəddin Razi, ondan Qütbəddin Misri, ondan Əsirəddin Əbhəri, ondan da Nəsirəddin Tusi təhsil almışdır. 2. Bəhmənyardan Əbülabbas Ləvkəri, ondan Əfzələddin Qilani, ondan Sədrəddin Sərəxsi, ondan Fəridəddin Nişaburi, ondan da Nəsirəddin Tusi təhsil almışdır.
Zakir Məmmədov qeyd edir ki, Əbülhəsən Bəhmənyarın Ömər Xəyyama görə müəllim-şagird silsiləsi şaxəsinə mənsub alimlərdən bəziləri Əbülabbas Ləvkəridən təhsil almış alimlər şaxəsində də vardır.
Beləliklə, Bəhmənyarın şagirdlərinin və davamçılarının müsəlman Şərqi ölkələrində elmi fəlsəfi fikirlərin inkişafında böyük xidmətləri vardır. Bu dövrdə fəlsəfə, məntiq, riyaziyyat və təbiət elmləri ilə, habelə ictimai-siyasi və etik məsələlər ilə məşğul olan filosoflar, mütəfəkkirlər arasında Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri də vardı.
Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, Nəsirəddin Tusi ayrı-ayrı millətlərin müxtəlif əqidəli yüzdən çox nümayəndəsinin Marağa rəsədxanasında işləməsinə lazımi şərait yaratması onun humanizmi və azadfikirlilik meyllərinin göstəricisidir. Bu baxımdan o, müəllimi Kəmaləddin Musa ibn Yunus (1184-1252) kimi azadfikirli şəxsiyyət olub əqidə sərbəstliyinə xüsusi əhəmiyyət vermişdir. Çünki Kəmaləddin Musa ibn Yunusun da məşğələlərində müsəlmanlarla bərabər xristianlar və yəhudilər də iştirak edirmişlər.
Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən Nəcməddin Qəzvini (1203-1277) böyük astronom, təbiətşünas filosof, məntiqçi alim kimi məşhurdur. Filosofun ləqəbi Nəcməddin (Dinin ulduzu), adı Əli, atasının adı Ömər, babasının adı Əlidir. Əbülhəsən künyəsi isə onun adının əvəzedicisidir. Qəzvin şəhərindən olduğu üçün Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən mirzə sözünü ifadə edən Dəbirani və ya Katibi kimi də tanınmışdır. Mənbələrdə o, “Ən böyük alim” (“Əllamə”) adı ilə yad edilmişdir.
Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gələn Nəcməddin Qəzvini rəsədxanada çalışan ilk dörd astronomdan biri olmuşdur. O, mənbələrdə Nəsirəddin Tusinin şagirdi kimi təqdim edilməsinə baxmayaraq, Marağaya gəlməmişdən əvvəl də alim kimi tanınmışdır. Nəsirəddin Tusinin “Elxani astronomik cədvəl” (“Zic əl-elxani”) traktatından da məlum olur ki, alim 1259-cu ildə adlı-sanlı mütəxəssis imiş.
Nəcməddin Qəzvini elmlə məşğul olmaqla bərabər, müəllim kimi də fəaliyyət göstərmişdir. Ensiklopedik alim Qütbəddin Mahmud Şirazi və Ayətullah Əllamə Cəmaləddin Həsən Hilli Nəsirəddin Tusi ilə yanaşı, onun da məşhur şagirdlərindəndir.
Nəcməddin Qəzvini fəlsəfə tarixində daha çox məntiqçi alim kimi məşhur olmuşdur. Təsadüfi deyildir ki, Nəsirəddin Tusinin şagirdi İbn əl-İbri (1226-1286) onu “ən böyük məntiqçi” adlandırmışdır. Mütəfəkkir fəlsəfi görüşlərində öz sələflərinin ideyalarından bəhrələnmiş, fəlsəfi məsələlərə peripatetik mövqedən yanaşmış, orijinal fəlsəfi təlim yaratmış və dünyəvi elmlərin inkişafında mühüm xidmət göstərmişdir. Bununla da Nəcməddin Qəzvini fəlsəfə tarixində Nəsirəddin Tusi məktəbinin məntiqçi alimi kimi məşhurdur.
Nəsirəddin Tusinin şagirdlərindən Qütbəddin Mahmud Şirazi daha çox tanınmış, nüfuzlu alim kimi şöhrət qazanmışdır. Qütbəddin Şirazi həm geniş elmi yaradıcılığına, həm də dövlət işlərində mühüm xidmətlərinə görə seçilmişdir. Qütbəddin Əbussəna Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi (1236-1311) ziyalı ailəsində anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni (Kazərun Şirazın qərbində bir şəhərdir) Şirazda təbib işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir.
Qütbəddin Şirazi Qəzvinə səfər edib, orada görkəmli alim Nəcməddin Qəzvininin mühazirələrini dinləmişdir. Alim biliyini təkmilləşdirmək üçün Marağaya, Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır.
Ensiklopedik alim elmin müxtəlif sahələrində qələmini sınasa da, peripatetizm və işraqiliklə daha möhkəm bağlı olmuşdur. Türkiyəli alim Hilmi Ziya Ülkən Qütbəddin Şirazini “işraqi mütəfəkkir” adlandırıb, onun “İşraq fəlsəfəsi” əsərinə yazdığı şərhə görə tanındığını qeyd etmişdir [6, 207].
Zakir Məmmədov Şihabəddin Sührəvərdinin əsərlərinin, xüsusən onun işraqilik fəlsəfəsinin Nəsirəddin Tusinin istedadlı şagirdi Qütbəddin Şirazi tərəfindən müfəssəl araşdırıldığını bildirmişdir. İşraqi ədəbiyyatın şah əsəri “İşraq fəlsəfəsi” (“Hikmət əl-işraq”) kitabına Qütbəddin Şirazinin yazdığı şərh xüsusilə qiymətlidir. İranın müxtəlif kitabxanalarında ayrı-ayrı vaxtlarda üzü köçürülmüş məlum yeddi əlyazması nüsxəsi saxlanılan həmin şərh orijinalı ilə birlikdə 1898-ci (1315) ildə Tehranda çapdan çıxmışdır [7, 199-200].
Qütbəddin Şirazi İbn Sinanın fəlsəfə və məntiqə aid “Şəfa” (“əş-Şifa”) əsərinə şərh yazmışdır. Bu şərh Nəsirəddin Tusinin İbn Sinanın kitabına şərhidir və Qütbəddin Şirazinin dilindən deyilir. Filosof göstərir ki, Nəsirəddin Tusi Əbubarakat Bağdadinin fikirlərinin Fəxrəddin Razi tərəfindən şərhini təkzib etmişdir.
Qütbəddin Şirazinin yaradıcılığında xüsusi yer tutan fəlsəfəyə dair “Dibaca ən yaxşı tac incisi” (“Dürrə ət-tac li ğürrət əd-Dibac”) traktatı nəzəri və əməli fəlsəfənin bütün qisimlərini əhatə edir. Kitab Qərbi Gilanın hakimi Filşah ibn Rüstəmşah oğlu əmir Dibaca ithaf olunmuşdur. Filosofun fars dilində qələmə aldığı bu əsər təxminən 1293-1305 illər ərzində yazılmışdır. “Dibaca ən yaxşı tac incisi” traktatı beş hissədən ibarətdir: birinci məntiq, ikinci “ilk fəlsəfə”, üçüncü təbiət elmləri, dördüncü riyazi elmlər, beşinci metafizika və nəticə (din və siyasət məsələləri). Qütbəddin Şirazinin ensiklopedik səciyyə daşıyan bu traktatı yazarkən sələflərinin və müasirlərinin yaradıcılığından geniş istifadə etmişdir.
Qütbəddin Şirazinin fəlsəfi görüşlərində həm din, həm peripatetizm, həm də işraqilik motivləri vardır. Bütün bunlardan daha çox isə onun islam dini dünyagörüşünə mühüm yer verməsi qeyd edilməlidir. Məntiq, fəlsəfə və təbiət elmlərini Marağada Nəsirəddin Tusi məktəbində öyrənən mütəfəkkir sonralar Konyada Sədrəddin Konəvidən (1210-1274) və başqalarından dini elmləri – hədis, fiqh və Quranın şərhi üzrə təhsil almışdır. Bu hal onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Qütbəddin Şirazinin təxminən qırx cildlik “Quranın təfsirinə dair Mərhəmətlinin açması” (“Fəth əl-Mənnan fi təfsir əl-Quran”) traktatı və “Quranın çətin məsələlərinə dair” (“Fi müşkilat əl-Quran”) əsəri onun dini məsələlər ilə dərindən məşğul olmasından xəbər verir.
Qütbəddin Şirazinin fəlsəfəsindən bəhs edərkən onun müxtəlif aspektlərinə diqqət yetirilməlidir. Hədisə və təfsirə dair mühakimələrində sırf islam mövqeyindən çıxış edən mütəfəkkir fəlsəfi düşüncələrində həmin mövqeyə zidd getməməyə çalışmışdır. Bunun üçün o, istər peripatetizm, istərsə də işraqilik təlimlərinə dair əsərlərində pozitiv şəkildə mövcud fikirlərin şərhini vermişdi. Bu baxımdan Qütbəddin Şirazinin dünyagörüşü müəyyən mənada sinkretik məzmun daşıyır.
Böyük ilahiyyatçı alim və filosof Cəmaləddin Hilli (1250-1325) də Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindəndir. Mənbələrdə o, “ən böyük alim” (“əllamə”) adı ilə yad edilmişdir. Mütəfəkkir “Ayətullah” (“Allahın rəmzi, yaxud nişanəsi”) titulunu daşımışdır. Məlumdur ki, bu titul müsəlman hüququnu və ilahiyyatını mükəmməl bilən, dinə aid əsərlər yazan din xadimlərinə verilir. Məhz həmin xüsusiyyətlərin hamısı Cəmaləddin Hillinin şəxsində və elmi fəaliyyətində özünü göstərir.
Mütəfəkkirin yaradıcılığında dinə aid əsərlər say etibarı ilə çox olsa da, fəlsəfə ilə bağlı əsərlər də mühüm yer tutur. Filosof sələflərinin ideyalarından geniş şəkildə bəhrələnmişdir. Təsadüfi deyildir ki, Nəsirəddin Tusinin irsi Cəmaləddin Hilli üçün örnək olmuş və o, tarixdə öz müəlliminin fikirlərinin fəal təbliğatçılarından biri kimi tanınmışdır. Cəmaləddin Hilli Nəsirəddin Tusinin “Kəlamın təcridi” əsərinə çox dəyərli şərh yazmışdır. Həmin kitab “Əqidələrin təcridi” (“Təcrid əl-əqaid”) və “Etiqadın təcridi” (“Təcrid əl-etiqad”) adları ilə məşhurdur. Nəsirəddin Tusi əsərin adı haqqında belə yazır: “Onu “Əqidələrin təcridi” adlandırdım”.
Ensiklopedik alim sələflərinin fəlsəfi ənənələrini də yaratdığı məktəbdə geniş şəkildə təbliğ olunmuşdur. Elmi fəlsəfi təlimlər, xüsusilə Şərq peripatetizmi və işraqilik Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam və inkişaf etdirilmişdir. Zakir Məmmədov Azərbaycan filosofu Rəcəbəli Təbrizini (...-1669) Şərq peripatetizminin son böyük nümayəndəsi kimi təqdim edərkən yazmışdır ki, onun yaradıcılığında işraqiliyin və sufiliyin də müəyyən təsiri duyulur.
Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Hilli və başqaları öz məktəblərini yaradaraq bu ənənələri yaradıcılıqla davam etdirərək, öz şagirdlərini, xələflərini yetirmişlər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri tərəfindən inkişaf etdirilərək XVII əsrdə Rəcəbəli Təbrizidə sona çatmışdır.

ƏDƏBİYYAT
1. Məmmədov Zakir. Bəhmənyarın fəlsəfəsi. Seçilmiş əsərləri. Bakı, Elm, 2015. səh. 267-476
2. Zəkuyev Ə.K. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, 1958
3. Bəhmənyar Əbülhəsən. Metafizikanın mövzusu. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı, 1999. səh. 122-128
4. Bəhmənyar Əbülhəsən. Mövcudatın mərtəbələri. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı, 1999. səh. 129-134
5. Bəhmənyar Əbülhəsən. Təhsil (məntiq). Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı, 1999. səh. 115-121
6. Ülken Hilmi Ziya. İslam felsefesi kaynakları ve tesirleri. Ankara, 1967
7. Məmmədov Zakir. Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü). Bakı, 2009


“Dövlət və din”. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı. №04 (57). 2018