12.11.2018, 10:27 - Baxış sayı: 846

Türkiyədən dünyaya insanlıq çağırışı


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir

29 oktyabr 2018-ci il tarixində quruluşunun 95-ci ildönümünü təntənə ilə bayram edən qardaş Türkiyə Cümhuriyyətində artıq ənənəyə çevrilmiş növbəti Kartəpə Zirvəsi Sammiti keçirildi.
Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, Türkiyə Cümhuriyyətinin bir sıra yüksək dövlət qurumlarının və universitetlərinin tərəfdaşlığı ilə keçirilən Kartəpə Sammiti-2018 "Köç, qaçqınlıq və insanlıq" mövzusuna həsr edilmişdi. Kocaeli bələdiyyə başkanı İbrahim Karaosmanoğlu, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və başqalarının plenar iclasda çıxışlarından sonra üç gün davam edən akademik sessiyalarda və panel iclaslarında hazırda dünya ictimaiyyətini dərindən narahat edən qaçqınlıq-köçkünlük problemi əhatəli və dərindən müzakirə edildi, xüsusilə Türkiyə Cümhuriyyətinin bununla əlaqədar üzləşdiyi hazırkı ağır vəziyyət dövlət qurumlarının və ictimai təşkilatların bu sahədə gördüyü işlər və qarşıdakı vəzifələr geniş təhlil edildi.
Konfransda bildirildi ki, hal-hazırda Türkiyədə dörd milyona yaxın Suriyalı sığınmaçı (qaçqın və məcburi köçkün) vardır. Bunların 55 faizini Türkiyə təkbaşına təmin edir. Bu qaçqınlar əsasən şəhərlərdə yerləşdirilmişlər. Belə ki, İstanbulda 420 min, Urfada 410 min, Hatayda 380 min, Antepdə 320 min, Kocaelidə 27 min, Suriya ilə sərhəddəki qaçqın düşərgələrində isə 250 min nəfər yaşamaqdadır. Konfransda müzakirələr çərçivəsində ayrıca "Qarabağ" oturumunun təşkili, Türkiyədən və Azərbaycandan olan mütəxəssislərin buradakı məruzələri Ermənistanın işğalı nəticəsində ölkəmizin üzləşdiyi bir milyondan çox qaçqın və məcburi köçkünün problemi, onların həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət, qaçqın və köçkünlüyün sosial-mədəni-psixoloji tərəfləri barəsində geniş fikir mübadiləsi aparıldı.
Kartəpə Zirvəsi Sammitində plenar açılış və qapanış iclasları ilə yanaşı, 44 panel, 2 seminar, 12 Akademik sessiya, 11 dəyirmi masa iclaslarında 34 ölkədən dəvət olunmuş 406 məruzəçi iştirak edirdi. Bütün məruzə və diskussiyalar videoyazı edilir və internet vasitəsilə yayımlanırdı. Sammitdə bu sətirlərin müəllifinin, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyevanın, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktorları Könül Hacıyevanın və Aynurə Paşayevanın, Xəzər Universitetinin dosenti Araz Aslanlının məruzələrində ölkəmizdə Ermənistanın işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkünlük problemi, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyevin bu problemin həlli ilə əlaqədar həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər barəsində Sammit iştirakçılarına ətraflı məlumatlar verildi.
Qeyd etmək lazımdır ki, elm adamlarının köç və ümumən tarixdə köçlərə münasibəti əsasən bənzər idi. Bunları ümumiləşdirsək, aşağıdakı şəkildə ifadə edilə bilər ki, köç anlayışı bəşər tarixinin başlanması ilə meydana çıxan, yalnız yaşadıqları coğrafiyanın və konkret yerin dəyişilməsini deyil, eyni zamanda, sosial-iqtisadi, mədəni dəyişmələri də ehtiva edən, ayrı-ayrı insanların və insan qruplarının müxtəlif səbəblərlə öz doğma yerlərini qısa ya uzun müddətə tərk etmələri kimi hadisəni ifadə edir. Amma son illərdə müxtəlif səbəblərdən bir sıra ölkələrdə baş vermiş daxili və xarici savaşlar yuxarıda qeyd etdiyimiz təbii-tarixi köç prosesinə tamamilə yeni məzmun və forma gətirmiş və nəticədə sayları on milyonları ötən qaçqınlar və məcburi köçkünlərin vəziyyəti bir insanlıq probleminə çevrilmişdir. Nəzərə alsaq ki, dünyadakı bütün qaçqın və məcburi köçkünlərin 80 faizini qadınlar və uşaqlar təşkil edir, o zaman bunun necə ağır insanlıq faciəsi olduğu göz önünə gəlir.
Məruzələrdə qeyd olunurdu ki, 2011-ci ilin aprel ayından qonşu Suriyada davam edən daxili savaş nəticəsində öz vətənlərini tərk edərək Türkiyəyə sığınmış qaçqınlara xalq qucaq açmış, onların acısını yüngülləşdirmək üçün hər cür şəraiti yaratmaq üçün səyini əsirgəməmişdir. İş imkanları olan bütün yerlərdə onlar işlə təmin edilmiş, uşaqlar təhsilə cəlb edilmiş, dil problemi ilə əlaqədar Təhsil Nazirliyi müxtəlif tədbirlər həyata keçirərək imkan daxilində qaçqın uşaqların yerli məktəblərdə təhsilinin təmin edilməsinə çalışmışdır və bu fəaliyyətlər sistemli şəkildə davam etdirilir. Qaçqınlar eynən türk vətəndaşları kimi sağlıq, tibb-səhiyyə xidmətlərindən istifadə edir, keçici olsa da, dövlətin xalq üçün təmin etdiyi bütün haqlardan, imkan və vasitələrdən faydalanırlar.
Məruzələrdə vurğulanırdı ki, Türkiyə hökumətinin həyata keçirdiyi Fırat Kalkanı və Zeytun Dalı əməliyyatları, eyni zamanda, görülən siyasi-diplomatik tədbirlər suriyalı qaçqınların geri, öz darmadağın edilmiş yurdlarına təhlükəsiz şəkildə dönmələrinə şərait yaratmağa və yeni-yeni köç dalğalarının baş verməsinin qarşısını almağa xidmət etmişdir. Suriyalı qaçqınların 2014-cü ildən bəri nəşr edilən "Harmal" qəzeti Suriyada və ümumən ərəb dünyasında baş verən üzücü hadisələrlə yanaşı, sığınmaçıların məlumatlı və səfərbər saxlanması, onların yerli xalqla uyum və qarşılıqlı təmas halında yaşaya bilməsi üçün səmərəli fəaliyyət göstərir. Müxtəlif şəhərlərdə və qaçqın düşərgələrində yaşayan suriyalıların bir sıra digər mətbuat vasitələri də buna xidmət edir.
Sammitin sessiyalarında qeyd edildiyi kimi, Türkiyə Cümhuriyyəti "açıq qapı" siyasəti ilə ölkəyə qəbul etdiyi Suriya qaçqınlarına "keçici qoruma statusu" vermiş, onların bütün təməl ehtiyaclarının təmin edilməsi üçün bütün imkanlarını səfərbər etmişdir. Eyni zamanda, bu qədər böyük qaçqın dalğası ilə həm türk xalqı üçün, həm də qaçqınların özləri üçün yeni-yeni problemlər də meydana çıxmışdır. Lakin məruzələrdə də vurğulandığı kimi, türk xalqının açıqkönüllülüyü və xeyirxahlığı, ədalət və mərhəməti hər zaman üstün tutması sığınmaçılara insani münasibəti zədələməmişdir. Türkiyə ilə müqayisədə çox cüzi qaçqın axını ilə üzləşən inkişaf etmiş Avropa ölkələrində onlar əleyhinə kütləvi etiraz hərəkatları baş verdiyi şəraitdə, Türkiyədə sığınmaçıların problemlərinin həll edilməsi fəaliyyətləri hər zaman öndə olmuş, Qərb ölkələrinin və beynəlxalq qurumların vəd etdiyinə baxmayaraq, lazımi maliyyə dəstəyi göstərməməsi də Türkiyəni insanlıq yolundan döndərməmişdir.
Sammitdəki məruzələrdən bəlli oldu ki, əsrlər boyunca Türkiyə torpağı, Osmanlı dövləti müxtəlif ölkələrdən köç etməyə məruz qalmış yüz minlərcə insana qucaq açmış, onlara yeni Vətən olmuşdur. Kocaeli Universitetindən Dr. Oğuz Polatel öz məruzəsində qeyd etdi ki, 1783-cü ildə Rusiyanın Krımı işğalı, 1853-1856-cı illərdə Krım müharibəsi və 1859-cu ildə Şeyx Şamilin müqavimət hərəkatının uğursuzluqla nəticələnməsi həmin bölgələrdən yüz minlərcə türkün və digər müsəlman əhalisinin Osmanlı torpaqlarına köç etməsinə səbəb olmuşdur. Əlbəttə, köçlərin daha əvvəlki əsrlərdə, xüsusilə Osmanlı-Səfəvi müharibələri zamanında da baş verdiyi məlumdur. Sonrakı illərdə də 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsi, sonralar Balkan müharibəsi, I Dünya müharibəsi illərində də belə köçlər baş vermişdir. Bolqarıstandan isə daha sonrakı tarixlərdə də - 1950-1951, 1968-1978-ci illərdə, 1989-cu ildə türklərin kütləvi köçə məcbur edilməsi baş vermişdir. Beləliklə, Türkiyənin köçlərlə üzləşməsi heç də yeni hal deyildir.
Lakin məruzələrdə, xüsusilə də ölkənin rəsmi şəxslərinin - Daxili İşlər və Xarici İşlər Nazirlərinin, Kocaeli valisi və Böyükşəhər bələdiyyə başqanının çıxışlarından göründüyü kimi, hazırkı şəraitdə, xüsusilə 2014-cü ildən sonra Suriya xalqının böyük bir hissəsinin düçar olduğu bu məcburi köçlər tamamilə fərqlidir. Onlar adı köçmən deyildirlər, doğma yurdlarındakı mal-mülklərini, xarabaya çevrilmiş ev-eşiklərini buraxıb tək canlarını qurtarmaq üçün türk xalqının mərhəmətinə və xeyirxahlığına sığınan, məhrum insanlardır.
Qeyd etmək lazımdır ki, 2011-ci ilin aprelindən Suriyada başlanan daxili müharibənin fəsadları çox ağırdır. O vaxtdan bəri 6 milyon nəfər qaçqın ölkəni tərk etmiş, yaxın-uzaq ölkələrə üz tutmuşlar. Onların geridə buraxdıqları şəhər və kəndləri isə viranəlikdən başqa bir şey deyildir.
Konfransda Avropa Birliyinin köçmən məsələsində vahid strategiyasının olmadığı tənqid edildi. Qeyd edildi ki, son illərdəki hadisələrlə əlaqədar bu ölkələrin hamısına birlikdə 1 mln. qaçqın daxil olmuşdur və onlar heç də hər yerdə uyğun münasibətlə qarşılaşmamışlar. Bir sıra ölkələrin öz sərhədlərinin keçişini sərtləşdirməsi, mövcud köçmənlərin vətənlərinə geri qaytarılması üçün kəskin tədbirlərə əl atması insanlığa zidd hərəkət kimi dəyərləndirilmişdir. Eyni zamanda, Türkiyənin belə insanlığa yaraşmayan münasibətlərə qarşı olduğu, iç savaşın qurbanı olan sivil xalqı bundan sonra da himayə edəcəyi ifadə edilmişdir. Kıbrıs Amerikan Universitetinin professoru Ülvi Keser 1955-1974-cü illərdə Kıbrıslı türklərin, qadın və uşaqların necə köç etməyə məruz qaldıqlarını qeyd edərək, ölkələrin sınır (sərhəd) qapılarının "utanc qapıları"na çevrilməməsinin zəruriliyini vurğuladı.
Məruzələrdə təkrar-təkrar səslənirdi ki, türk toplumu tarix boyunca hər zaman insani dəyərlərə önəm vermişdir. Bu, Osmanlı dövlətinin geniş coğrafiyasında da, indiki Türkiyə Cümhuriyyəti hüdudlarında da bu ölkəyə pənah gətirən insanlara münasibətdə dəyişməyən bir şərt olmuşdur.
Kartəpə Zirvəsi Sammitinin yekun iclasında bütün iştirakçılar adından dünya ictimaiyyətinə çox önəmli insanlıq ismarışları verildi. Müxtəlif aldadıcı şüarlarla pərdələnmiş siyasi-hərbi müdaxilələrin, demokratiya ixracı oyunlarının nəticəsində bir sıra ölkələrin formalaşmış nizamının pozulması, xalqların çıxılmaz xaosa sürüklənməsi, vətəndaş müharibələrinin törədilməsi, beləliklə də milyonlarla insanın bu kobud xarici müdaxilələr nəticəsində qaçqına çevrilməsi kimi hallar əsaslı tənqid edildi. Türkiyə dövlətinin ölkədəki sığınmaçıların öz vətənlərinə dönə bilməsi üçün mümkün olan bütün vasitə və imkanlarından istifadə etdiyi, Suriyada sülhün bərqərar edilməsi, yeni qaçqın dalğasının baş verməməsi üçün bir an öncə zəruri siyasi-diplomatik addımlar atdığı vurğulandı. Xüsusilə, elə Kartəpə Zirvəsi günlərində Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Türkiyə-Almaniya-Rusiya-Fransa dövlət başçılarının Sammitinin bölgəyə sülh gətirilməsi baxımından önəmli rol oynayacağına ümidlər ifadə edildi. Həm türkiyəli, həm də bütün xarici elm və siyasət adamlarının məruzələrində, çıxışlarında və müşahidələrində Suriya probleminin sülh yolu ilə çözülməsinə bütün vasitə və imkanlarla səy göstərən, bu ölkənin Türkiyəyə sığınan qaçqınlarına əsl insanlıq münasibəti sərgiləyən Türk hökumətinə və xalqına minnətdarlıq hissləri ifadə olundu.