28.09.2018, 08:59 - Baxış sayı: 997

Türkiyə – Azərbaycan qardaşlığının növbəti təcəssümü


İlham Məmmədzadə
AMEA Fəlsəfə İnstitutunun direktoru

Ötən əsrin əvvəllərində cərəyan edən qlobal proseslərin obyektiv nəticəsi kimi 1918-ci ilin 28 mayında istiqlaliyyətini bütün dünyaya bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü respublikamızda çox mühüm, əlamətdar hadisə kimi qeyd edilir. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət quruluşunu yaratmış AXC cəmi 23 aylıq mövcudluğu dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu, müstəqillik əzmini əyani şəkildə nümayiş etdirmişdir.
1918-1920-ci illərdə respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə qadınların seçki hüququnun tanınması, milli pulun dövriyyəyə buraxılması, ordunun, parlamentin, təhlükəsizlik strukturlarının formalaşdırılması, mətbuatın inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun parlaq uğurları kimi xatırlanır.
Dövlətçilikdə varislik əlaqələrini daim uca tutan Azərbaycan Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamında qeyd olunduğu kimi, həmin dövrdə “maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.
Kifayət qədər mürəkkəb siyasi şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk gündən xarici siyasət məsələlərinə də həssaslıqla yanaşmış, gənc müstəqil respublikanın beynəlxalq miyasda tanıdılması, milli dəyərlərin dünyaya çatdırılması, eləcə də qonşu və region dövlətləri ilə diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.
Bu hədəflərin reallaşdırılması üçün Cümhuriyyətin bütün yeni yaradılmış hökumət kabinetlərində xarici siyasət idarəsinin fəaliyyətinə xüsusi yer verilir, onun hərtərəfli təchizatı diqqət mərkəzində saxlanılırdı. Həmin dövrdə xarici siyasət idarəsinə diplomatiya sahəsində səriştəsi olan Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Məmmədyusif Cəfərov, Adil xan Ziyadxanlı kimi şəxsiyyətlərin rəhbərlik etməsi bunu bir daha təsdiqləyir. Xarici siyasətin əsas istiqamətlərinin müəyyənləşməsində və həyata keçirilməsində Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, C.Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri də yaxından iştirak edirdilər.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər. Bu isə yeni yaranmış AXC-nin tam müstəqilliyinə imkan vermir, onun fəaliyyətini məhdudlaşdırırdı. Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin isə özünün ərazi bütövlüyünü təmin etmək və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi.
Həmin dövrdə AXC hökuməti Azərbaycana tarixi tellərlə – dil, din, məfkurə cəhətdən bağlı olan Türkiyə ilə diplomatik münasibətlər qurmağa, regionun bu qüdrətli dövlətinin siyasi və hərbi dəstəyini qazanmağa çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti daxildə vəziyyəti sabitləşdirmək, respublikanın bəzi bölgələrini, o cümlədən Bakını erməni-bolşevik işğalından təmizləmək üçün qardaş Osmanlı Türkiyəsinin hərbi-siyasi dəstəyinə ehtiyac duyurdu. 1918-ci il iyunun 4-də imzalanmış “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi” bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.
Vəziyyətin gərginləşdiyini görən Osmanlı hökuməti – özünün də çox ağır durumuna baxmayaraq – 1918-ci ilin iyununda qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdəki ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu, ilk növbədə, Bakı şəhərinin menşevik-eser və daşnak birləşmələrinin yaratdıqları qondarma “Sentrokaspi diktaturası”ndan azad olunması nəticəsində qorunub saxlanıldı. Yəni 100 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan korpusu ilə birgə Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından təmizlədi və Azərbaycanın müstəqilliyinə böyük töhfə verdi. Qəhrəman türk əsgərlərinin şücaəti, qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi.
Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyuldu. Ermənilərin xalqımızı cismən məhv etmək və “Böyük Ermənistan” yaratmaq xülyasının qarşısı qətiyyətlə alındı. Bakı “Sentrokaspi diktaturası”ndan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçdü, mühüm dövlət təsisatları burada yerləşdirildi, dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixində müstəsna əhəmiyyət daşıyan hadisəyə çevrildi. Lakin 1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu “Dördlər İttifaqı”nın məğlubiyyətə uğraması təkcə Türkiyə üçün deyil, Azərbaycan Xalq Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros barışığının imzalanmasına gətirib çıxardı. Barışığın 11-ci maddəsinə görə, Türkiyə Ordusu tezliklə Azərbaycanı tərk etməli, 15-ci maddəyə görə, Zaqafqaziya dəmir yolu üzərində nəzarət hüququnu “Antanta”ya verməli və müttəfiqlərin Bakını tutmasına etiraz etməməli idi. Osmanlı dövlətinin dünya müharibəsində məğlubiyyətə uğraması nəticəsində noyabrın 10-da Türkiyə qoşunları əvvəlcə Bakıdan, sonra isə bütün Azərbaycandan çıxdılar və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində Türkiyə oriyentasiyası mərhələsi başa çatdı.
Müsəlman Şərqinin ilk demokratik quruluşlu dövləti xarici hərbi müdaxilə nəticəsində süquta uğrasa da, tarixi fakt, çağdaş prinsiplərə söykənən milli dövlətçilik ənənələrinin başlanğıc nöqtəsi kimi, Azərbaycan xalqının yaddaşından heç zaman silinməmişdir. Cümhuriyyətin süqutundan sonrakı onilliklər ərzində həyata keçirilən repressiyalar, təzyiqlər insanlarımızın milli istiqlal duyğularına xələl gətirməmiş, imperiyanın antimilli, şovinist siyasəti ilə barışmayan xalqımız şərait yetişdikcə, istər konkret fərdlər, istərsə də qruplar şəklində milli haqlarımız uğrunda mücadilə aparmışdır. SSRİ kimi nəhəng imperiyanın süqutuna, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması isə fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xidmətləri ilə bilavasitə bağlıdır.
XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev AXC-nin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini –70-ci illərin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, milli-mənəvi dəyərlərə qayıdış, demokratik intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini ön plana çıxarmış, yeni ictimai-iqtisadi formasiyada mahiyyətcə yeni proseslər cəmiyyətin bütün sferalarını əhatə edərək keçid dövrünün qeyri-müəyyənliyinin aradan qaldırılması üçün zəruri əsaslar formalaşdırmışdı. Eyni zamanda, respublikamız 1993-cü ilin iyun ayınadək hakimiyyət boşluğunun doğurduğu bir sıra ağır fəlakətlərlə üzləşmiş, həqiqi müstəqilliyinə qovuşa bilməmişdi.
1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın israrlı təkidi ilə hakimiyyətə gəlişi isə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratmışdır. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtulmuşdur. Ümummilli lider Heydər Əliyev 1993-cü ildən ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik və hüquqi dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başlamışdır. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.
1995-ci ilin 12 noyabrında Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması ilə paralel şəkildə Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik, azad seçkilərin keçirilməsi təmin edilmişdir. Müstəqil Azərbaycanın tamamilə şəffaf şəraitdə formalaşmış Milli Məclisi ilk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuş, çevik və məhsuldar fəaliyyətə başlamış, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması naminə səylə işləmiş, ictimai etimadı doğrultmağa çalışmışdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini məqsədilə aparılan islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanmışdır.
Azərbaycanın ictimai-fəlsəfi fikrinin görkəmli tədqiqatçısı – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Demokratiya yolunda: irs haqqında düşünərkən” əsərində yazır: “Güclü hakimiyyət ideyası heç də milləti basıb əzən hakimi-mütləq bürokratik aparat ideyası deyildir. Əksinə, güclü hakimiyyət ideyası milli mövqelərdən düşünən, məmur aparatını özünə tabe etməyə qadir olan, dövlət quruculuğu və ictimai quruluş sahəsində millətin ideallarını bərqərar edən dövlət xadimlərindən millətin formalaşdırdığı siyasi sinfin hökmranlığıdır. Azərbaycanda məhz hakimiyyətin mərkəzləşdirilməsi sayəsində müstəqillik prinsiplərinə əsaslanan milli dövlətçilik yaratmaq mümkün olmuşdur. Dövlət müstəqilliyi, öz növbəsində, institusional demokratiyanı formalaşdırmağın başlanğıc nöqtəsi idi. Prezident Heydər Əliyev hesab edirdi ki, demokratiyaya transformasiya prosesi həm də dövlətçiliyin inkişafının mühüm mərhələsidir. Məhz onun səyləri sayəsində bu siyasət səmərəli dövlətçiliyə yönəldilmiş xətt oldu”.
Əzəmətli tarixə çevrilmiş 27 illik inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Eyni zamanda qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə, milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının inkişaf etdirilməsi, böyük dövlətlər və qonşularla münasibətlərin qurulmasında tarazlığın qorunması Azərbaycanın müsbət siyasi aurasını, özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.
Cümhuriyyətin xarici siyasət doktrinasına sadiqlik nümayiş etdirən müstəqil Azərbaycan diplomatik sferada qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşır. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətləri tarixi təməl üzərində sürətlə inkişaf etmiş, qısa müddətdə analoqu olmayan müttəfiqlik zirvəsinə yüksəlmişdir. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır. Bütün bunların nəticəsidir ki, son illərdə hər iki müttəfiq ölkə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür.
Hər iki strateji müttəfiq, eyni zamanda, bir sıra regional layihələrin həyata keçirilməsi sahəsində də səmərəli və fəal əməkdaşlıq edir. Xüsusən də ötən il istifadəyə verilmiş Bak-Tbilisi-Qars dəmir yolu xətti, bu il tikintisi yekunlaşmış TANAP layihəsi Azərbaycan və Türkiyənin regional mövqeyini və tranzit əhəmiyyətini nəzərəçarpacaq səviyyədə artıracaqdır. Dövlət başçılarının son illərdəki müntəzəm səfərləri mövcud əməkdaşlığın müxtəlif müstəvilərdə inkişafına təkan vermişdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının türk qoşunları tərəfindən işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə 2018-ci il sentyabrın 15-də Bakıda keçirilmiş təntənəli hərbi paradda iştirakı və dərin məzmunlu nitqi deyilənlərin əyani göstəricisidir. Bu hərbi parad göstərdi ki, hazırda hərbi potensialına görə dünyanın ilk 50 dövləti sırasında olan Azərbaycan türk əsgərinin Bakının azad olunmasındakı tarixi xidmətini daim böyük ehtiramla, hörmətlə anır.
Son hərbi parad fonunda Azərbaycanın qüdrətli Silahlı Qüvvələrinin mövcudluğunu işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti bir daha görmüşdür. Bakının bayram libası geymiş Azadlıq meydanında keçirilən hərbi parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirmişdir. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda, o cümlədən türkiyəli qardaşlarımızda qürur hissi doğurmuşdur. Çünki, bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm tədbir idi.
Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordusunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Eyni zamanda, əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur.
Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da arıtrır. Hərbi təyinatlı məhsullar istehsal edən Azərbaycan müdafiə sənayesinin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada ərsəyə gətirilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.
Azərbaycanın paytaxtı Bakı şəhərinin bolşevik-daşnak birləşmələrindən azad olunmasının 100-cü ildönümü münasibətilə 2018-ci il sentyabrın 15-də “Azadlıq” meydanında təşkil olunmuş hərbi parad müzəffər Ordumuzun xalqımız qarşısında növbəti hesabatı olmuşdur. Parada yüksək səviyyəli hazırlıq işi, habelə Bakı səmasında uçuşlar edən Azərbaycan və türk “şahinləri”nin yüksək pilotajlıq məharəti qəlbimizdə böyük qürur və sevinc hissləri doğurmuşdur. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən tapdağından azad etməyə tam qadirdir.