20.09.2024, 09:34 - Baxış sayı: 85

Fəlsəfəyə həsr edilən mənalı ömür


Fəlsəfəyə həsr edilən mənalı ömür

Füzuli Məhəmməd oğlu Qurbanov 23 sentyabr 1959-cu ildə Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra, 1982-1985-ci illərdə Kəlbəcər rayonununun Qragüney məktəbində təyinat üzrə müəllim işləmişdir. Bundan sonra o, Moskva şəhərində 1986-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əyani aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1990-cı ildə həmin institutda “Özüntəşkiledən sistemlərn tədqiqi metodları. Fəlsəfi yanaşma” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O zamandan təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstituna göndərilən Füzuli Qurbanov AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda kiçik elmiş işçi vəzifəsindən başlayaraq baş elmi işçi və şöbə müdiri vəzifəsinə yüksəlmişdir. Hazırda Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiridir.
F.Qurbanov 2007-ci ildə “Sinergetika elmi təfəkkür üsulu kimi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Fəlsəfə, sinergetikanın fəlsəfəsi, idrak nəzəriyyəsi, epistemologiya məsələlərinin fundamental araşdırıması ilə məşğul olaraq bir-birinin ardınca maraqlı elmi monoqrafiyalar yazmış, bu sahədəki tədqiqatları ilə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda fəlsəfə ictimaiyyəti tərəfindən tanınmışdır. O, 150-dən çox elmi məqalənin və 6 elmi monoqrafiyanın müəllifidir. Onun “Sinergetika xaosun astanasında”, “ Elmə sinergetik yanaşma”, “ “Avtopoyezis və sinergetika: sosial təşəkkül metaforaları”, “Tarixin “postqərb” mərhələsinə keçid”, “Bir millət, iki dövlət: fəlsəfi-tarixi yanaşma” (tarix elmləri doktoru Eynulla Mədətli ilə həmmüəflikldə), “Heydər Əliyev və yeni liderlrik: fəlsəfi-elmi təhlil” adlı əsərləri ümumfəlsəfi problemlərlə yanaşı, Azərbaycanda dövlət quruculuğunda, müstəqilliyin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin fəlsəfi təhlilinə həsr edilmişdir.
F.Qurbanovun son bir ildəki elmi fəaliyyətində “Xalq” qəzetində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin liderlik nümünələri ilə bağlı silsilə təhlili məqalələri xüsusilə diqqətçəkicidir. Bu məqalələrdə Azərbaycan fəlsəfə ədəbiyyatında ilk dəfə olaraq Azərbaycan dövlətçilik ənənəsi kontekstində müasir müstəqil dövlətçiliyin müxtəlif aspektlərinə həsr edilmiş fəlsəfi təhlillər aparılır, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, Prezident İlham Əliyevin yeni tarixi mərhələdə milli ideya barəsində irəli sürdüyü müddəaların, Azərbaycanın türk dünyasında, eləcə də beynəlxalq aləmdə, regional və beynəlxalq təşkilatlarda artan nüfuzunun fəlsəfi mahiyyəti açılır, əhatəli təhlillər edilir, elmi nəticələr çıxarılır. Onun “Vətən Müharibəsinin fəlsəfəsi” mövzusunda silsilə məqalələri bu müharibənin mahiyyətini, qələbənin fəlsəfəsini geniş açmaqla yanaşı, bu sahədə daha geniş tədqiqatlar üçün də yol açır.
Qeyd edilməlidir ki, F.Qurbanovun elmi yaradıcılığında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin elmi qurumlar və tədqiqatçılar qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq AMEA Prezidenti akademik İsa Həbibbəylinin başçılığı ilə AMEA-nın yeniləşdirilməsinin, bu sahədə aparılan struktur və keyfiyyətyönlü elmi islahatların bir sıra fəlsəfi məqamlarını təhlil edən yazıları ölkənin elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.
F. Qurbanovun ölkəmizin televiziya kanallarında və kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının xarici siyasətinin regional və qlobal geoosiyasi kontekstdə təhlilinə həsr edilmiş çıxışları və məqalələri maraqla qarşılanır və təqdir olunur.
F. Qurbanov Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin rəhbərliyi ilə müəlliflər qrupunun hazırladığı bir sıra kollektiv monoqrafiyaların ərsəyə gətirilməsində fəal çalışır. İnstitutun 2023-cü ildə nəşr etdirdiyi “Heydər Əliyev – İlham Əliyev: Müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi” əsərinin mühüm bölmələrindən biri onun qələminin məhsuludur.
Təqdirəlayiqdir ki, F.Qurbanovun elmi rəhbərliyi ilə artıq bir neçə tədqiqatçı fəlsəfə doktorluğu müdafiə etmiş və etməkdədir. İnstitutun elmi seminarına uzun illər rəhbərlik edən F.Qurbanov gənc tədqiqatçıların elmi istiqamətlərinin müəyyən edilməsində və yönləndirilməsində, həmçinin respublika üzrə elmi tədqiqatların əlaqələndirilməsi şurasının işində yaxından iştirak edir.
F.Qurbanov səmərəli elmi və ictimai fəaliyyətinə görə 01 aprel 2022-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur. AMEA İctimai Elmlər Bölməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə “Şuşa İl”ində Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlara görə Fəxri Fərmana layiq görülmüşdür. F.Qurbanov 2023-cü il dekabrın 21-də AMEA prezidenti akademik İsa Həbibəylinin imzası ilə “Heydər Əlyev ili” ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif edilmişdir. 2024-cü il martın 27-də “Elm Günü” münasibəti ilə AMEA prezidenti akademik İsa Həbibbəylinin imzası ilə “Elmin populyarlaşdırılmasında xidmətlərinə görə” “Fəxri diplom”la təltif edilmişdir.
F.Qurbanov fəal və prisipial vətəndaşlıq mövqeyi, milli təəssübkeşliyi və vətənsevərliyi ilə gənclərə yaxşı nümunədir. Zəhmətkeş həmkarımıza ömrünün 65-ci ilində bundan sonra da davamlı yaradıcı elmi fəaliyyət və sağlam həyat arzulayırıq!

Eynulla Mədətli
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru