12.09.2024, 05:55 - Baxış sayı: 95

SUFİ FENOMENOLOGİYA – BU GÜNÜN VƏ SABAHIN FƏLSƏFƏSİ


BDU-nun dosenti, Dr. Qəmər Mürşüdlü

Yaxın zamanlarda AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı iki cildlik fundamental əsərini oxudum. Və aldığım təəssüratı, gəldiyim qənaəti qısa şəkildə oxucularla bölüşmək istəyirəm. Əsər hər hansı bir fəlsəfi təlimin təhlilindən bəhs etmir, yeni bir fəlsəfi sistemin – sufi fenomenologiyanın tarixi-fəlsəfi kontekstdə əsaslandırılmasını, təqdimini ehtiva edir. Bəli, doğru oxudunuz, yeni fəlsəfi sistemin təqdimini… Yəni Azərbaycanlı filosof xanım yeni fəlsəfi konsepsiya işləyib hazırlayıb və bu, həm bir elm adamı olaraq Könül xanımın uğuru, həm də fəlsəfəmizdə böyük elmi hadisədir. G.Hegel yazırdı ki, son fəlsəfə özündə əvvəlkiləri əks etdirir, bütün əvvəlki mərhələləri özündə birləşdirir və əvvəlki fəlsəfələrin nəticəsi və məhsuludur. Sufi fenomenologiya konsepsiyası da özündən əvvəlki fəlsəfələrin vəhdətidir; Şərqlə Qərbin vəhdətindən doğan – sufizm və fenomenologiya əsasında yaradılmış yeni bir sistemdir, demək olar ki, fenomenologiyanın bir istiqamətidir. Burada iki məqama toxunmaq istəyirəm: birincisi, sufi fenomenologiya orta əsr Şərq fəlsəfəsi (sufizm) ilə çağdaş dövr fəlsəfəsinin (fenomenologiya) kəsişmə nöqtəsi üzərində qurulmuş fəlsəfi sistemdir. Və bu kəsişmə nöqtəsinin heç də asan olmayan müəyyənləşdirilməsi, tapılması K.Bünyadzadənin əsas uğurlarındandır. Yeni fəlsəfi sistemdə həm sufizmin, həm də fenomenologiyanın metodlarından istifadə edilir, iki fərqli xətt – rasional və irrasional bilik, elm və iman paralel olaraq götürülür. Maraqlı cəhət budur ki, müəllif rasionallıqla irrasionallığı bir- birinə zidd olmayan, amma bir-birindən fərqli eyniyyət kimi təqdim edir və bunu əsaslandırır. İkinci məqam ondan ibarətdir ki, sufi fenomenologiya konsepsiyası uzun illərdir Şərq və Qərb fəlsəfəsinin bir-birinə qarşı qoyulmasının absurdluğunu təsdiq edir. Könül Bünyadzadənin “Sufi fenomenologiya” əsərinin müzakirəsinin keçirildiyi yığıncaqların birində hörmətli professor Ə.Abbasov tam haqlı bir fikir söylədi: “Heç Hegel də sufi fenomenologiya sistemi kimi bir sistem yarada bilməzdi”. Həmkarımla mən də razılaşıram. Çünki Hegel böyük filosof olsa da o, Şərqdə fəlsəfənin mövcudluğunu qəbul etmir, onu “Şərq xalqlarının asanlıqla fəlsəfə kimi qəbul edilən dini dünyagörüşü” kimi xarakterizə edir. Və buna görə də Hegel Şərqlə Qərbin vəhdətini ehtiva edən fəlsəfi sistem də yarada bilməzdi. K.Bünyadzadənin sufi fenomenologiya sistemini dəyəri ondadır ki, o Şərq və Qərb fəlsəfi təfəkkürləri arasında vahid sintez yaratmaqla həqiqətin bütöv şəkildə, parçalanmadan dərkini və təqdim edilməsini ehtiva edir. K.Bünyadzadə öz kitabında Şərq və Qərb arasında mənəvi vəhdətin və varislik prinsipinin qorunması ilə yanaşı elm, fəlsəfə və din arasında sintezin mümkünlüyünü və zəruriliyini ön plana çəkir.
Məlumdur ki, bütün dövrlərin fəlsəfi təlimləri insan və təbiət problemləri üzərində qurulur. Və bu problemlərin həllinin kökündə duran əsas məsələlərdən biri, bəlkə də birincisi insanın öz mahiyyətini dərk etməsidir. Bir fəlsəfi sistem kimi sufi fenomenologiya da insan mərkəzlidir; onun əsas xəttini insanın öz mahiyyətini, Mütləqi – Vahidi dərk etməsi məsələsi təşkil edir. Bu baxımdan yeni fəlsəfi sistem dörd əsas istiqamət üzrə əsaslandırılır: “Yaradılış, idrak prosesi, şəxsiyyətin formalaşması və cəmiyyətdə rolu, fəlsəfə və elmin qarşılıqlı təsiri”. Elə buradaca vurğulayım ki, K.Bünyadzadə öz fəlsəfi sistemini əsaslandırarkən tarixi-fəlsəfi biliklə yanaşı dəqiq elmlərə, xüsusilə kvant fizikasına da müraciət edir.
Fəlsəfi əsəri, hələ bir o yeni sistem təqdim edən əsərdirsə, xüsusi hazırlıq olmadan oxumaq asan deyil. Amma K.Bünyadzadənin “Sufi fenomenologiya” kitabının dili aydın və oxunaqlıdır; müəllif öz sistemində istifadə etdiyi demək olar ki, hər bir fəlsəfi anlayışın həm hərfi və tarixi-fəlsəfi mənasının, həm də yeni təlimdə daşıdığı mənanın aydın izahını verir və buna görə də ciddi fəlsəfi hazırlığı olmayan diqqətli oxucu kitabı oxuya, sistemin məğzini başa düşə bilər. “Sufi fenomenologiya” kitabı düşündürücü əsərdir. K.Bünyadzadə öz arqumentləri ilə oxucunu da düşünməyə, müəlliflə polemikaya girməyə və ya onun düşüncələrini bölüşməyə sövq edə bilir.
Müasir dövrdə fəlsəfədə yeni bir söz demək elə də asan deyil. Fikrimcə yeni fəlsəfi konsepsiya yaratmaq üçün elmi-fəlsəfi biliklə bərabər həm də fəlsəfi ruh, yəni filosof fitrəti, başlıcası isə fəlsəfəni sözün həqiqi mənasında dərk etmək və sevmək lazımdır. Sufi fenomenologiya sistemi məhz Könül Bünyadzadənin fəlsəfi ruhunun, təfəkkürünün və gərgin əməyinin nəticəsi olaraq yaranmışdır. Sufi fenomenologiya fəlsəfəsi Şərq fəlsəfi fikri tarixində xanım filosof tərəfindən yaradılmış ilk fəlsəfi sistemdir. Fəlsəfə həm “fikirdə dərk olunmuş dövrdür”, həm də “zamanın ruhu”dur (Hegel). Sufi fenomenologiya fəlsəfəsi də dövrün çağırışlarına cavab olaraq ərsəyə gəlmiş bir sistemdir. Sufi fenomenologiya çağdaş dövrün mənəvi böhranı, müharibələr, maddi dəyərlərin bütləşdirilməsi, xəstəliklər və s. fonunda “özünü itirmiş”, “yolunu azmış” insanın öz mahiyyətini dərk etmək əzminin, böhrandan çıxış yolu aramaq istəyinin ifadəsidir. Müəllifin ifadəsi ilə desək sufi fenomenologiya “müasir dövrün tələblərinə uyğun yeni düşüncə qatlarını açan, ruh və məntiq arasında sintez yaratmaqla onu maddi dünya çərçivəsindən yüksəyə qaldıra bilən, mənəvi və mental keyfiyyətlərin kamilləşməsinə yönələn fəlsəfi təlimdir”.
Sufi fenomenologiya konsepsiyası çağdaş Azərbaycan fəlsəfəsinin inkişafında bir sıçrayış, bir dönüşdür. Dərin məzmuna və məna tutumuna malik olan bu fəlsəfi sistem yeni araşdırmalara yol açacaqdır. Tam əminliklə demək olar ki, yaxın gələcəkdə sufi fenomenologiya elmi tədqiqat predmeti, magistr və fəlsəfə doktoru dissertasiyalarının mövzusu olacaqdır. Düşünürəm ki, sufi fenomenologiya sistemi fəlsəfə ixtisaslaşmasının həm bakalavr (“Azərbaycan fəlsəfəsi tarixi” fənni çərçivəsində), həm də magistratura (“Müasir Azərbaycan fəlsəfəsi” və “Fəlsəfə tarixində Şərq-Qərb münasibətləri” fənləri çərçivəsində) pilləsində tədris olunmalıdır, özəlliklə də müstəqilliyimizin bərpasından sonra respublikamızda fəlsəfənin inkişaf istiqamətlərindən bəhs edərkən bu konsepsiyanın öyrənilməsi vacibdir. İnanıram ki, bu sistem beynəlxalq miqyasda da diqqəti cəlb edəcəkdir.
Azərbaycan özünün çoxəsrlik mədəniyyəti tarixində dünya elminə, ədəbiyyatına və fəlsəfəsinə böyük töhfələr vermişdir. Könül xanım Bünyadzadənin sufi fenomenologiya sistemi də bu tarixi ənənənin layiqli davamıdır. K.Bünyadzadəni böyük uğuru münasibətilə ürəkdən alqışlayır və ona yeni yaradıcılıq uğurları arzu edirəm.

"Zerifkolgeler.com"