20.05.2024, 08:15 - Baxış sayı: 170

“Süni intellekt və texnoloji determinizm: bilik cəmiyyətinin formalaşmasında yeni alətlər” mövzusunda seminar keçirilib


“Süni intellekt və texnoloji determinizm: bilik cəmiyyətinin formalaşmasında yeni alətlər” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində 17 may 2024-cü il tarixində doktorant Ayxan Ədalət oğlu Mustafanın “Süni intellekt və texnoloji determinizm: bilik cəmiyyətinin formalaşmasında yeni alətlər” mövzusunda seminarı keçirilmişdir.
Seminarı elmi işçi Kamran Məmmədov açaraq sözü məruzəçi doktorant Ayxan Mustafaya vermişdir. Məruzəçi müasir dövrdə texnoloji determinizmin dinamikası və onun süni intellekt kimi sosial həyata təsir edən alətləri haqqında geniş məlumat verdi. Daha sonra bilik cəmiyyətin keyfiyyətcə yeni mərhələyə keçidi ilə bağlı əsas nəzəriyyələri seminar iştirakçılarının diqqətinə çatdırdı.
Məruzəçiyə suallar verildi və suallar ətrafında müzakirələr aparıldı. Məruzə ətrafında çıxış edən f.ü.f.d Məhəmməd Cəbrayılov Peter Druskerin “Bilik cəmiyyəti və fasiləsizlik dövrü”, Tomas Stivartın “İntellektual kapital: təşkilatların yeni mərhələsi”, Raul Romerin “Endogen artım nəzəriyyəsi”, Yoneji Masudanın “İnformasiya cəmiyyəti post-sənaye cəmiyyəti kimi”, Marşal Makluhanın “Media mesajdır” və s. müəlliflərin əsərlərindən əsas məqamları diqqətə çatdırdı və texnologiyanın bilik cəmiyyətinin keyfiyyətcə yeni fazaya daxil olması ilə bağlı fəlsəfi təhlil və müqayisələr apardı.
Daha sonra seminarda “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin baş elmi işçisi, f.e.d, professor Arif Buniyatov, aparıcı elmi işçi f.ü.f.d. Firuzə Əliyeva, böyük elmi işçi, f.ü.f.d. Xanım Mustafayeva, böyük elmi işçi, f.ü.f.d., Səbirə İskəndərova və elmi işçi Kamran Məmmədov mövzu ətrafında çıxışlar etmiş, məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır.
Müzakirələr zamanı seminar iştirakçıları doktoranta mövzunun elmi akademik səviyyəsini artırmaq üçün daha müasir və yeni dövrün çağırışlarına cavab verən müəlliflərin elmi əsərlərindən istifadə etməyi, mövzunun əsasını təşkil edən bilik cəmiyyəti, texnoloji determinizm və süni intellekt texnologiyaları arasında vacib əlaqələrin müəyyənləşdirilməsi üçün komporotivist (müqayisəli) metoddan istafadə edilməsini tövsiyyə etdilər.
“Süni intellekt və texnoloji determinizm: bilik cəmiyyətinin formalaşmasında yeni alətlər” mövzusunda seminar keçirilib