21.11.2023, 09:00 - Baxış sayı: 573

20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru - Fəlsəfi-sinergetik təhlil


20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru - Fəlsəfi-sinergetik təhlilLider açıq oynayır...Lider arxasınca aparır...

Teodor Ruzvelt



V məqalə

Strateji və siyasi proqnozlaşdırma: bir sıra sinergetik məqamlar

IV məqalədə ifadə etdiyimiz sonuncu tezisdən başlayaq. Orada Azərbaycan Prezidentinin yeni lider kimi strateji proqnozlaşdırmaq qabiliyyətinin yüksək olduğu fikri irəli sürülmüşdür. Müstəqil dövlətin başçısı kimi liderin bu kimi keyfiyyətə malik olması zəkavi ilə yanaşı, həm də ciddi siyasi qabiliyyətdir. Xüsusilə hazırkı mərhələdə mürəkkəb bir geosiyasi regionda Prezident-Liderin strateji proqnozlaşdırmaq qabiliyyəti uğurlu liderlik üçün əsas şərtlərdən biri sayılır.

Prezidentin strateji və siyasi proqnozlaşdırma qüdrətinin konkret nümunələrinə keçməzdən öncə, bir sıra vacib saydığımız nəzəri faktorları vurğulamaq istərdik. Çünki o halda milli liderin uğurlu proqnozlaşdırma qüdrəti ilə praktiki siyasi-diplomatik məharəti arasında vəhdəti aydın təsəvvür etmək imkanı yaranır.
Beləliklə, bu məsələnin həm nəzəri-politoloji, həm də siyasi-diplomatik-praktiki aspektləri vardır. Onların ayrılıqda və sintez halında Liderin şəxsiyyətində və siyasi fəaliyyətində bir-birini tamamlaması mühüm faktor kimi qəbul edilir. Bu prizmadan baxanda fəlsəfi-sinergetik kontekstdə bir sıra aktual məqamlar meydana çıxır. Həmin məqamların sırasında biz “liderliyin sinerjisi” adlandırdığımız bir özəllik üzərində dayanmağa çalışacağıq. Amma, əvvəlcə siyasi və strateji proqnozlaşdırmanın mahiyyətinə diqqət yetirək.
Ümumiyyətlə, siyasi proqnozlaşdırma siyasi proseslər və hadisələrin mexanizmlərini səbəb-nəticə zəncirində anlamaq üçündür. Bununla yanaşı, siyasi proqnozlaşdırma geosiyasi situasiyanın qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bu zaman beynəlxalq münasibətlərin dəyişmə tendensiyalarını müəyyənləşdirmək əhəmiyyətlidir. Həmin kontekstdə bir tərəfdən siyasi kursu müəyyənləşdirərkən riskləri, təhlükələri və potensial imkanları nəzərə alaraq onlar arasında optimal nisbəti qura bilmək, digər tərəfdən isə ölkələr, siyasi partiyalar və siyasi liderlər arasında uzlaşma ehtimallarını və münaqişələri müəyyən etmək mühüm yer tutur.
Siyasi proqnozlaşdırma sinergetik ­aspektdə çoxpilləli, mürəkkəb və çoxaspektli ciddi əsaslar tələb edən dinamik prosesdir. Burada söhbətin daxili və ya xarici siyasətdən getməsinin fərqi yoxdur. Proqnozlaşdırmada siyasətin çoxlu sayda faktoru arasında qarşılıqlı əlaqələri, qarşılıqlı təsirləri nəzərə almaqla yanaşı, məsələnin iqtisadi, sosial və mənəvi tərəflərini də diqqətə almaq zərurəti vardır. Bu o deməkdir ki, əgər söhbət əsaslı, ciddi və real proqnozlaşdırmadan gedirsə, o, nəzəriyyədən çıxış etməlidir. Liderlikdə bu məqam siyasi liderin nəzəriyyə ilə praktikanı sintez edə bilmək qabiliyyətinin vacibliyini ifadə edir. Eyni zamanda, lider nəzəriyyədə meydana gələn yeni yanaşmaları dərindən bilməli, onların konkret situasiyalara tətbiqinə nail olmalıdır. Bu da özlüyündə uğurlu olmaq üçün liderin strateji analitik zəkaya sahib olması məsələsini aktuallaşdırır. Strateji zəkaya sahib olmağın yeganə təsdiqi isə praktiki siyasi-diplomatik və idarəetmə fəaliyyətində alınan konkret nəticələrdir!
Proqnozlaşdırmanın sinergetik və siyasi-nəzəri aspektlərinə dərindən nüfuz etmək imkanı burada yoxdur. Ancaq bir aktual özəlliyi vurğulamaq gərəkdir. Siyasi proqnozlaşdırma iki qrupa bölünür: axtarış xarakterli və normativ proqnozlaşdırma. Strateji xarakterli siyasi proqnozlaşdırma axtarış qrupuna aiddir. “Axtarış” termini özlüyündə proqnozlaşdırmanın dinamikliyi ilə yanaşı, açıqlığı, ehtimali xarakterli olması və müxtəlif təkamül ssenarilərinin mövcudluğunun nəzərə alınmasını ifadə edir. Sinergetik baxımdan bunlar mühüm məqamlardır. Deməli, liderin strateji proqnozlaşdırması da həmin faktorları nəzərə almağı ciddi surətdə tələb edir.
Müasir mərhələdə bir nümunəni vurğulamaqla problemin nəzəri aspektinə yekun vuraq. ABŞ-ın RAND analitik şirkəti “Delfi Metodu” adlandırılan analitik-proqnostik metod hazırlamışdır. Burada sinergetikada prinsipial mövqeyi olan əks-əlaqə prinsipindən istifadə olunur. Budan başqa, həmin metodda çoxpilləlilik və strukturlaşma pinsiplərindən də yararlanırlar.
Ümumilikdə isə RAND “beyin həmləsi” (ingiliscə - “brainstorming”, rusca – “мозговой штурм”) metodunu geniş tətbiq edir. “Beyin həmləsi” ideyaların kollektiv generasiyası prinsipinə əsaslanır. Konkret olaraq, daha çox unikal və yeni həll yolları tapmaqla onlardan praktikada daha səmərəli olanları müəyyən etmək və tətbiqinə nail olmaq məqsədi qarşıya qoyulur.
Bu prinsiplə ABŞ-da Santa Fe Universiteti, idarə edənlərin idarəedilməsi (o cümlədən, idarəedən robotların özlərinin ­idarəedilməsi) istiqamətində ixtisaslaşmış xüsusi universitet (məhdud sayda kontingenti vardır, adətən istedadlı tədqiqatçıları layihə əsasında qruplaşdırırlar) və onun çoxlu sayda filialları, beyin mərkəzləri işləməkdədirlər.
Onu da deyək ki, “beyin həmləsi” sinergetik yanaşmanın bir fraqmentidir və daha mükəmməl metodlar da mövcuddur. Onlar sinergetikada proseslərin qeyri-xəttiliyinə, bifurkasiyalılığına (“bifurkasiya” “haçalanma”, “budaqlanma” deməkdir və sistemin bir məqamında onun təkamül xəttinin qeyri-müəyyən və ya çoxvariantlı olmasını ifadə edir) və “sinergetik sintez” (bifurkasiya zonasından sonra sistemin hansı struktur-funksional cazibə sahəsinə düşə biləcəyinin inteqrativ şərtlərini ifadə edir) prinsiplərinə əsaslanırlar. Həmin bağlılıqda “vebometrik sistemlər” metodu getdikcə daha çox populyarlaşır. Bu, veb-resurslar əsasında siyasi proseslərin analizini və proqnozlaşdırmasını nəzərdə tutur. Çoxlu sayda müxtəlif xarakterli informasiyaların yeni elektron texnologiyaları əsasında süni intellektdən istifadə etməklə kompüterdə ümumi mənzərəsi, dəyişmə dinamikası və konkret fəaliyyət mexanizmləri vahid bucaq altında sistem halına gətirilir, həmin əsasda müxtəlif ssenarilər hazırlanır, onlar vizuallaşdırılır və proqnozlar verilir.

Liderlik sinerjisi: gələcəkdən baxış

Siyasi və strateji proqnozlaşdırmanın bir sıra özəllikləri ilə bağlı yuxarıda vurğulanan məqamlar təsdiq edir ki, liderin real proqnozlaşdırma qabiliyyəti çox yüksək zəkadan xəbər verir. Məsələnin Azərbaycanla bağlı əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, hələlik obyektiv səbəblərdən bizim ölkədə Qərbin inkişaf etmiş ölkələrində olduğu səviyyə və miqyasda siyasi və strateji proqnozlaşdırma mərkəzləri yoxdur. Həmin analitik şəbəkə təbii ki, tədricən formalaşacaq. Lakin indiki mərhələdə siyasi liderin üzərinə bu aspektdə çox ağır yük düşür. Prezident İlham Əliyev həm də bu səbəbdən dövlətçilik və liderliyin yeni nümunəsi baxımından tarixi xidmət göstərir.
Azərbaycan Prezidenti bu prosesdə faktiki olaraq “liderlik sinerjisinin Azərbaycan nümunəsi”ni yaratmışdır. Biz bir qədər sonra “liderlik sinerjisi” və “liderlik sinerjisinin Azərbaycan nümunəsi” ifadələrinin fəlsəfi-sinergetik izahını varəcəyik. Lakin öncə liderliyin strateji aspekti üçün vacib olan, konkret məzmuna malik və mühüm saydığımız faktları vurğulayaq.
Azərbaycan dövlət başçısı konkret olaraq siyasi varislik prinsipi əsasında dövlətin gələcək uğurlu inkişafı, cəmiyyətin dövlətlə bərabər getdikcə daha güclü və demokratik olması, xarici siyasətdə milli, regional və qlobal miqyaslarda dövlətçilik maraqlarının uzlaşdırılması, uğurlu təhlükəsizlik (enerji və milli təhlükəsizlik) modelinin hazırlanması və ölkənin müdafiə qüdrətinin dinamik inkişaf etdirilməsi kimi istiqamətlərdə böyük uğurlar əldə etməkdədir. Bunun üçün İlham Əliyev həqiqi mənada XXI əsrin tələbləri səviyyəsində lider-cəmiyyət-milli+regional+qlobal kontekstində uğurlu fəaliyyət göstərmişdir. Fəlsəfi yanaşma prizmasında burada mühüm olanı İlham Əliyevin liderliyini bütövlükdə cəmiyyətin bütün kəsimləri ilə işləmək müstəvisində qurması və bunu milli-regional-qlobal miqyasların qarşılıqlı əlaqəsində vahid sistem halına gətirməsi xəttinə üstünlük verməsi təşkil edir. Çünki bir sıra tədqiqatçılar həmin məsələyə lider-tərəfdarları qarşılıqlı əlaqəsi prizmasında baxırlar ki, bu da XXI əsrin çağırışlarına tam cavab vermir.
Bütün bunlar Prezidentin fəaliyyətinin konkret nəticələrində dəqiq ifadə edilmişdir. Həmin prizmada, obrazlı desək, gələcəkdən bu günə baxanda İlham Əliyevin strateji proqnozlaşdırma potensialının mühüm aspektləri haqqında fikir yürüdə bilərik. Azərbaycan Prezidenti dövlət quruculuğunun strateji hədəflərinə çatmaq üçün sistemli, daim yeniləşən dinamika və bütün aspektlərin bir-biri ilə sıx əlaqəsi kontekstində gələcək prosesləri proqnozlaşdırır. Burada müəyən təsnifat aparmaq olar.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı strateji sənəddə yazılır: “Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım”.

Deməli, 2030-cu ilə qədər Azərbaycan insan kapitalı mərkəzdə olmaqla müasir innovasiyalardan geniş istifadə etməklə sistemli və ardıcıl olaraq rəqabətli iqtisadiyyatı, inklüziv ədalətli cəmiyyəti və Böyük Qayıdışa tam nail olmuş “yaşıl artım” ölkəsi olmalıdır! Bu prioritetlərin hər biri üzrə Prezidentin konkret proqramları mövcuddur. Həmin proqramlar milli, regional və qlobal miqyaslarda özünü göstərən aparıcı parametrlərin üzvi surətdə birləşdirilməsini və reallaşdırılmasını ehtiva edir. Bundan başqa, vurğulanan prioritet istiqamətlər üzrə qarşıya qoyulan strateji xarakterli məqsədlər sintez halında Azərbaycanı müstəqil, demokratik və güclü dövlət və cəmiyyət olaraq yeni səviyyəyə yüksəltməlidir.
Prezident İlham Əliyevin bu prosesdə yeni texnologiyalara, cəmiyyətin bütövlüyünün təmininə, hakimiyət–xalq birliyinin daha yüksək səviyyəyə qalxmasına, “yaşıl iqtisadiyyat”ı formalaşdıracaq infrastrukturun yaradılmasına, ölkənin müdafiə qüdrətinin daha da yüksəldilməsinə ayrıca önəm verməsi təsadüfi deyildir. Bu, XXI əsrin dördüncü onilliyinə Azərbaycanın güclü demokratik dövlət kimi qədəm qoymasının dərin düşünülmüş inkişaf kursunun uğurlu modelidir!
Məhz həmin bağlılıqda İlham Əliyevin strateji zəka sahibi kimi müstəqil dövlət quruculuğunun perspektivli inkişaf kursunu müasir dövrün çağırışlarına uyğun müəyyən etməsi liderliyin yeni nümunəsinin fəlsəfi-sinergetik özəlliklərinin mərkəzi tezisini təşkil edir. Bu tezisin yeni liderlik nümunəsinin strateji hədəfləri aspektində daha geniş fəlsəfi izahına ehtiyac vardır. Həmin izahın lider-cəmiyyət-milli+regional+qlobal qarşılıqlı əlaqələr kontekstində liderliyin sinerjisinin Azərbaycan nümunəsi üzrə aparılması maraqlı və aktualdır!

(davamı var)

Füzuli Qurbanov,
“Xalq qəzeti”nin analitiki, fəlsəfə elmləri doktoru

"Xalqqazeti.az"