Xalqımızın milli qürur günü

Türklüyün unudulmuş mədəni vəsfi və böyük qabiliyyəti bundan sonrakı inkşaf ilə yüksək mədəniyyət üfüqündə bir Günəş kimi doğacaq.
Mustafa Kamal Atatürk,
Ulu öndər
Azərbaycan dünyaya Günəş kimi doğacaq.
Heydər ƏLİYEV,
Ümummilli lider
İki türk liderin müdrikliyi
Türk dünyasının iki mötəbər öndərindən iqtibas gətirdiyimiz və bir-biri ilə dərin məntiqlə bağlı olan fikirləri Azərbaycan Prezidenti İlham Əliyev möhtəşəm siyasi-diplomatik və liderlik fəaliyyəti ilə əyaniləşdirdi, tarixin qızıl hərflərlə yazılmış səhifəsinə çevirdi! Yuxarıda iki böyük türk liderin sıralaması fikir dərinliyinə görə deyil, sadəcə tarixi xronologiyadır. Eyni zamanda, Heydər Əliyev dühasında türk dövlətçilik, siyasət, mədəniyyət, ideologiya və liderlik ənənəsini hansı cəsarət və dərinliklə yeni zirvələrə yüksəltdiyinin rəmzidir.
Bir türk lider türklüyün məhz mədəniyyət üfüqündə Günəş kimi doğacağına ümid edir, digər türk lider onun konkret ifadəsini və ya siyasi-mədəni və dövlətçilik ünvanını göstərir: həmin üfüqdə Azərbaycan türklüyün, türk sivilizasiyasının, mədəniyyətinin, dövlətçiliyinin, liderlik fəlsəfəsinin nümunəsi olaraq “Günəş kimi artıq doğmuşdur”!
Onun rəmzi şanlı Zəfər Günüdür! Zəfər Günü iki türk liderin – Mustafa Kamal Atatürk və Heydər Əliyevin müdrikliyindən bəhrələnibsə, o, Prezident İlham Əliyevin liderlik qüdrətinin siyasətdə, idarəetmədə¸ strateji təfəkkürdə və nəhayət, Ali Baş Komandanlığın, informasiya savaşının və diplomatiyanın praktikasında əyaniləşmiş nəticəsidir, özünü təsdiqidir!
Zəfərin fəlsəfəsi
Özlüyündə Zəfərə nail olmağın fəlsəfəsi hər bir konkret situasiyadan və tarixi şəraitdən asılı izah oluna bilər. Bu baxımdan, Aleksandr Duqinin “Qələbənin fəlsəfəsi” məqaləsinə fəlsəfə elmləri doktoru Sergey Anatolyeviç Nikolskinin (Rusiya Elmlər Akdemiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi) tənqidi münasibətini xatırlamaq maraqlıdır. S.A.Nikolski yazır ki, “heç bir əsl qələbə sülh, yaddaş, mədəniyyət və insan ləyaqəti olmadan mümkün deyildir”.
Qələbə fəlsəfəsinin başqa tərifləri üzərində də dayanmaq olar. Lakin burada bizim fəlsəfi baxımdan vacib saydığımız məqamlar əksini tapmışdır. Xüsusilə, həmin məqamlar Prezident İlham Əliyevin 44 günlük Zəfər savaşı ilə bağlı dediyi və mükəmməl fəlsəfi məzmuna malik bir tezisilə səsləşir. İlham Əliyev Zəfərdən az sonra bildirmişdi ki, Qələbəmiz sadəcə hərb meydanında düşməni məğlub etmək mənasını daşımır. Bu, həm də Xeyrin Şər üzərində tarixi ədaləti bərpa etməyin, milli ləyaqəti sübut etməyin və beynəlxalq hüququn işlədiyini nümayiş etdirməyin zəfəridir, qələbəsidir!
“Xeyir”, “Şər”, “tarixi ədalət” anlayışları mədəniyyət ənənəsində yaddaşı ifadən edən faktorlardandırlar. “Milli ləyaqət” anlayışı insan ləyaqətinin dövlətçilik və toplumun özünüyaratma fəlsəfəsinin kollektiv miqyasda fəlsəfi ifadəsidir. “Sülh” isə müasir beynəlxalq münasibətlər sistemində əsas məqsəd kimi konkret hüquqi əsasa və məzmun ifadəsinə malik mərkəzi termindir! İlham Əliyev lakonik bir tezislə dərin və geniş fəlsəfi anlama malik Zəfər konsepsiyasını ifadə etmişdir! Sözün bitdiyi yer!
Bu fikir poetik deyildir, fəlsəfi anlama malik tezisdir. Çünki özündə tam mənası ilə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin məna çalarlarını və ideoloji təşviqi hədəflərini ehtiva edir! Ulu öndərin Azərbycanın dünyaya Günəş kimi doğacağı ilə bağlı uzaqgörən süarının məzmununda başqa məqamlarla yanaşı, vurğuladığımız məna çalarları da mövcuddur. Atatürkün inandığı və görmək istədiyi mədəniyyət üfüqündə Azərbaycan müstəqilliyi, qüruru, suverenliyi, liderliyi, gücü, qüdrəti və yeni lideri ilə vüqarlı dayanmışdır!
Keçilən yol, aparılan mücadilə hər cəhətdən çətin olmuşdur. Azərbaycan Zəfərin fəlsəfəsinin əsasını faktiki olaraq 1993-cü ilin iyunundan – Qurtuluş Günündən qoymuşdur! Həmin dövrdə Ulu öndərə içdən və xaricdən olan təsirlər nəticəsində dağılmaqda olan toplumu, çökməkdə olan dövlətçiliyi, parçalanmaqda olan ölkə ərazisini və səriştəsiz idrəetmənin acı mənzərəsini buraxmışdılar. Lider həm bu mənfi tendensiyanı dayandırmalı, həm də yeni əsasda uğurlu müstəqil dövlət qurmağı təmin edən strateji kursu müəyyənləşdirməli idi.
Eyni zamanda, iki ağır tarixi və siyasi yük! Eksklüziv olaraq, həm quruculuq nəzəriyyəsini yaratmaq, həm də onu şəxsən özün həyata keçirmək missiyası ilə üz-üzə qalmaq! Hər bir insan və siyasi lider üçün çox çətin bir vəziyyət idi. Bunun öhdəsindən Heydər Əliyev tarixi baxımdan çox böyük məharət və yüksək zəka ilə gəldi. 2020-ci ilin payızı Azərbaycan dövlətçiliyinin Baharına döndü! Zəfərin tarixi əhəmiyyətinin, estetik zövqünün, düşüncə fəlsəfəsinin və bədii duyğusallığının kökündə məhz Ulu öndərin keçən əsrin 90-cı illərində yaratdığı möhtəşəm dövlət quruculuğu konsepsiyası dayanır!
Zəfərə aparan yolda “Əsrin müqaviləsi” uğurun geosiyasi mayakıdır. Yeni Konstitusiyanın qəbulu və Prezident üsul-idarəsinin hüquqi bazasının yaradılması müstəqil demokratik dövlətçiliyin müasir hüquqi ana yoludur. Neft strategiyasının milli təhlükəsizliklə enerji təhlükəsizliyinin sintezini təmin etməsi qarışıq geosiyasi dinamikada (turbulent xarakterli) dövlət müstəqilliyini sürətlə dəyişən situasiyada bütün istiqamətlər üzrə qorumaq və inkişaf etdirmənin mükəmməl strategiyasının mükəmməl taktiki fəndlərinin təzahürüdür.
Zəfərə doğru
2003-cü ildən bu prosesin yeni keyfiyyət mərhələsinə yüksəlişi Zəfər fəlsəfəsinin orijinal məzmununun naxışlarını təşkil edən davamlı addımların fonunda bütün istiqamətlərdə ciddi yüksəlişin rəmzi təsiri bağışlayır! Burada Zəfər fenomeninin müasir müstəqil dövlət quruculuğu aspektində əhəmiyyətli əlamətlərini təşkil edən hər bir sferada qazanılan möhtəşəm uğurlar vardır. İqtisadiyyatın infrastrukturunun yenidən qurulması, enerji strategiyasının hər bir böhranlı situasiyada yenidən məzmunlaşdırılaraq ancaq qalib variantı çevik seçmək nümunələri (Bakı–Tbilis–Ceyhan neft kəmərinin reallaşması fonunda yeni səmərəli enerji layihələrinin həyata keçməsi və nəqliyyat-loqistika xidmətinin davamlı inkişafı), regional və qlobal geosiyasi əhəmiyyəti olan yeni dəyərlər əsasında mühüm tədbirlərin keçirilməsi, xarici siyasətdə bütün qonşularla konstruktiv əməkdaşlığa nail olunması bu baxımdan qiymətli Zəfər elementləri kimi görünürlər.
Burada üç digər faktoru ayrıca vurğulamaq lazım gəlir. Birincisi, ordu quruculuğunun və müdafiə qüdrətinin davamlı aparılması ilə bağlıdır. Bu sferada İlham Əliyev reklam etmədən çox böyük addımlar atmışdır. Ordu tamamilə yeniləşmiş, ən müasir hərbi ləvazimatlarla təmin edilmiş və idarəetməsi optimallaşdırılmışdır. Müdafiə qüdrəti isə yalnız və heç də kənardan silah almaqla məhdudlaşmamışdır. Əsas diqqət yerli müdafiə sənayesinin təşkili və inkişafına yönəldilmişdir. Qısa zamanda Azərbaycan buna nail olmuşdur. Həmin həqiqəti bütün dünya 44 günlük və builki 23 saat 51 dəqiqəlik savaşda gördü. Bu faktorların ərazi bütövlüyünün və suverenliyin hərb meydanında təminində başlıca rol oynadığı qürur verir. Bu, əsl Zəfər qüruru, xalqın öz liderinə inam qürurudur!
İkincisi, Zəfərin mənəvi-ideoloji təməli olan cəmiyyətin birliyinin təmin edilməsidir. İlham Əliyev bu nəticəyə multikultural dəyərlərə yüksək qiymət verilməsi və toplumun hər bir üzvünün özünü tam hüquqlu Azərbaycan vətəndaşı kimi hiss etməsi əsasında nail olmuşdur. Avrasiya məkanında ikinci belə nümunə yoxdur. Azərbaycan, sözün həqiqi mənasında, azərbaycançılıq ideologiyası fonunda müxtəlif etnik mənsubların, dini konfessiyaların, millətlərin və xalqların ortaq ölkəsi, dövləti, vahid bayrağa, dilə və dövlətə malik məkanı olmuşdur! Bu, Zəfər fəlsəfəsinin mənəvi-ideoloji “kimliyidir”!
Üçüncüsü, Azərbaycanı Zəfərə aparan yolda beynəlxalq təşkilatlarda həyata keçirilən fəal, inklüziv, ədalətli, humanitar və barışcıl ruhlu siyasət çox əhəmiyyətli rol oynamışdır. Buna görə də Azərbaycanın XXI əsrin ikinci onilliyində BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi, Avropa İttifaqı ilə münasibətləri bərabərhüquqlu tərəfdaş müstəvisinə keçirməsi, yeni enerji, nəqliyyat-logistika və informasiya layihələrinə başlanması, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində aktiv fəaliyyət göstərilməsi Zəfər yolunun mühüm “dayanacaqları”dır!
Zəfərdən sonra Zəfər
Azərbaycan Prezidenti həmişə strateji düşünür və ona uyğun addım atır. İlham Əliyevin Zəfər fəlsəfəsi ərazi bütövlüyünün bərpası və suverenliyin tam təminatı ilə qətiyyən tamamlanmır, proses olaraq bitmir. Əksinə, Azərbaycan Prezidenti hər keçən an nümayiş etdirir ki, Zəfərin yeni mərhələsi başlanmışdır! Bu, regionda sülh və əməkdaşlığın təminatını, qlobal miqyasda təhlükəsizlik sisteminin ədalətli qurulmasını, Böyük Millət quruculuğunu, meydana gələn təhlükələrə və risklərə qalib gələ biləcək yeni dünya təhlükəsizliyi arxitekturasının yaradılmasını, Azərbaycanın davamlı, dinamik XXI əsrin çağırışlarına uyğun inkişafını əhatə edir.
Həmin kontekstdə İlham Əliyevin Zəfərinin yeni mərhələsində Türk dünyasını ədalətli, hüquqa əməl olunan, insan kapitalının inişafı üçün yorulmadan çalışan, dünyanın əsas güc mərkəzlərindən olan TDT-nin yaradılması ayrıca yer tutur!
Hansı əsasla belə fəlsəfi xarakterli nəticələr çıxara bilirik? Bunun bir tutarlı arqumenti vardır ki, onu İlham Əliyev siyasi liderlik praktikasında bütün dünyaya nümayiş etdirmişdir. O, Azərbaycan Prezidentinin istənilən situasiyada, ən böhranlı durumlarda belə inkişaf paradiqmasını tərk edib müharibə paradiqmasının təsiri altına düşməməsi ilə şərtlənir! Prezident İlham Əliyev 44 günük savaşın ən çətin zamanlarında belə bu mövqedən çəkilməmişdir! Hər zaman son məqsəd kimi əməkdaşlıqdan, barışdan və sülhdən bəhs etmişdir! Qələbədən dərhal sonra Ermənistana barış əlini uzatması da bunun konkret sübutlarından biridir! Ona görə də nə İlham Əliyev dayanmışdır, nə də Azərbaycanın inkişafı zəifləmişdir! Zəfər ardınca yeni Zəfər gətirməkdədir – Azərbaycan xalqı zəfərlər silsiləsini yaşayan güclü və möhtəşəm toplumdur! Çünki yolgöstərəni XXI əsrdə liderlik nümunəsini yaratmış güclü və ədalətli Prezidentdir!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
"Xalqqazeti.az"