07.11.2023, 08:11 - Baxış sayı: 139

Zəfər fəlsəfəsi haqqında düşünərkən: Qələbəyə aparan siyasi iradə


Zəfər fəlsəfəsi haqqında düşünərkən: Qələbəyə aparan siyasi iradə

Prezident İlham Əliyevin uğurlu lider obrazı siyasətdə müdrikliyin miqyasını daha da dolgunlaşdırdığı üçün bir sıra məqamları izah etmək zərurəti yaranır. Azərbaycan Prezidenti qlobal problemləri şərh edərkən dünyada insan haqlarına olan laqeyd münasibətin, işğalçılıq, separatizm, ayrı-seçkilik və ikili standartların bəşəriyyətin təhlükəsizliyinə təhdid olduğunu bir çox liderlərin dilə gətirmədiyi zamanda bəyan etdi. Yaxud multikulturalizm, tolerantlıq ənənələrinin bəşəriyyətdə birgəyaşayış, sülh və əməkdaşlıq üçün alternativsiz seçim olduğunu, sözün əsl mənasında, dünyaya qəbul etdirməklə əslində, inkişafın yeni model prinsiplərini irəli sürdü. Bu, o zaman idi ki, irqi, dini ayrı-seçkiliyi, terrorizmi bir çox dövlətlər dəstəkləyir, ondan kənarda inkişaf modelini görə bilmirdilər.
Bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və YAP Fəlsəfə və Sosiologiya İnstitutu Ərazi Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun həmmüəllifliyi ilə AZƏRTAC-a təqdim edilmiş “Zəfər fəlsəfəsi haqqında düşünərkən: Qələbəyə aparan siyasi iradə” sərlövhəli məqalədə yer alıb.
Məqalədə bildirilir: “Lakin Azərbaycanın bu sahədə örnək olan addımları və onların nəticələri praktiki nümunə kimi hətta müharibələrin də sülh üçün aparılmalı olduğunu təsdiq etdi. Ancaq “geosiyasi realizm” doktrinasını rəhbər tutan, böhranlar yaratmaq ənənəsindən, vərdişindən uzaqlaşa bilməyən bəzi siyasi güclər bir çox stereotiplərdən ayrıla bilmədiklərini də gizlədə bilmirdilər. Prezident İlham Əliyevin siyasi xarizması Azərbaycanın iradəsinin nəyə qadir olduğuna dair bir sıra qüvvələrin yenidən düşünməli olduqları zərurətini anlatdı. İndi demək tam yerinə düşür ki, Azərbaycanın yaratdığı reallıqların hazırkı dünya nizamında sabitlik və inkişaf üçün analoqsuz model olduğunu inkar etmək mümkün deyil. Bu baxımdan istər Vətən müharibəsinədək olan dövrdə, istərsə də postmüharibə dövründə Prezident İlham Əliyevin Azərbaycanın iradəsini ifadə edən yeni reallıqların beynəlxalq aləm üçün əhəmiyyətini şərh edən nəzəri-praktiki baxışlar sistemi məsələdə əlavə suala yer qoymadı. Deməli, Prezident İlham Əliyevin əməli fəaliyyəti və baxışlar sistemi güclü lider və güclü dövlət anlayışının cəmiyyətin tərəqqisi naminə tam bərqərar olunmasını təmin edən müasir elmi-siyasi nəzəriyyəyə sahibdir.
Daha vacib məsələ bütün təhlükəli tendensiyaları zərərsizləşdirmək üçün aparılan daxili siyasətin legitimliyi və onun ideoloji, milli hədəflərinin düzgün dərkidir. Azərbaycanın sülh strategiyasından irəli gələn Vətən müharibəsi bir tərəfdən xalqın qəhrəmanlıq əzmini, onun mübarizliyini göstərdisə, o biri tərəfdən milli maraqlarımızın ifadəsini həyata keçirən siyasətin xalq tərəfindən aldığı layiqli qiymətini, bu prosesdə rolunu sübut etdi. Azərbaycan tarixinin bu mərhələsi ardıcıl islahatlarda hədəflərə tam nail olmaq dövrü kimi ona görə şərtlənməlidir ki, o, sosial sferanın bütün tələblərini effektli şəkildə təmin edə bildi, vətənçilik anlayışında vahid milli ideologiyadan doğan milli özünüdərk prosesinin şüurlu şəkildə tam dərkinə nail olmağın nəticəsini göstərdi. Bu isə cəmiyyətin sabitliyinə hədəflənmiş uğurlu islahatların ideoloji baxımdan milli effektliliyi nəticəsində mümkün olan prosesdir. Təcrübə göstərir ki, milli özünüdərkin ən mühüm elementi kimi yaradılan milli ideologiyanın xalqın milli potensialı ilə vəhdətini daxili siyasətin legitimliyindən kənarda təsəvvür etmək mümkün deyil. Vətən müharibəsi xalqımızın milli ideologiyaya əsaslanan milli gücünün ifadəsini ümumxalq iradəsinin ayrılmaz hissəsi olduğunda göstərməsi də bu siyasətin möhkəm sosial bazasının göstəricisidir.
Dünyayakı mövcud siyasi situasiyaların təhlili göstərir ki, Prezident İlham Əliyevin ölkədə çevik idarəetmə və praqmatik siyasi sistemin qurulmasındakı fəaliyyəti öz legitimliyini konkret əməli nəticələri ilə təsdiq edib. Cəmiyyətdə proseslərə yanaşmalar müxtəlif ola bilər, lakin milli maraqlarımızın hədəflərində reallığa çevrilən nəticələrin nəinki ölkəmiz üçün, region və dünya üçün əhəmiyyətinin elmi əsaslarla təsdiqini tapması bu siyasətin Azərbaycanı cahanşümul inkişafın avanqardına çevirdiyini tam təsdiq edir və Qələbəin kökündə bu amilin müstəsna rolu var.

Tarixi Zəfər və dialoq

Bütün bunların məntiqi davamı kimi tarixi Zəfər öz fəlsəfi mahiyyəti ilə cəmiyyətin düşüncə sisteminə güclü təsir imkanları yaratdı. Elə bir prosesin zəruriliyini təmin etdi ki, o, bəzən əsrlərlə formalaşması mümkün olmayan siyasi sistemin vahidlik prinsipinin, cəmiyyətdə dialoqun, ideoloji təfəkkür sisteminin milli iradə və milli gücün təmin olunmasındakı müstəsna rolunu müəyyən və təmin etmiş oldu. Çünki yeni siyasi konfiqurasiya cəmiyyətin bütün təbəqələrini ortaq fikrə gətirən, məqsəd baxımından mövcud olan ideyaların ümummilli məsələ olduğunun dəyərləndirilməsini zəruri edən ardıcıl siyasi xətlə müşayiət olunur. Bu reallıq siyasi dialoq zamanı da ölkəmizin inkişafı naminə atılan addımlarda bir sıra xarakterik xüsusiyyətlərin önə çıxması ilə təsdiqlənir. Məsələn, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu yeni reallıqları əks etdirməsi kimi müstəsna əhəmiyyəti ilə yanaşı, həm də sübut edir ki, siyasi dialoq ölkənin siyasi partiyalarının, siyasi təsisatlarının qarşıya qoyduğu məqsəd və vəzifələrin ümummilli mənafe baxımından birləşmələri üçün çox mükəmməl vasitədir. Bu istiqamətdə Azərbaycanın təcrübəsi deməyə imkan verir ki, o milli iradənin gücünü və tamlığını Zəfər fəlsəfəsində birləşdirib. Əslində, xalqın, dövlətin, xüsusilə dövlətçiliyin inkişafı üçün partiyaların ortaq ideoloji istiqamətdə birləşmə təşəbbüsləri o zaman baş verir ki, legitim idarəçiliyin və avanqard partiyanın milli gücü ifadə edən nəticələri olsun. Bu nəticələr cəmiyyət tərəfindən tam qəbul edilsin. Bu nöqtəni axtararkən məlum olur ki, ümumiyyətlə, siyasi dialoqu Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasından kənarda təsəvvür etmək mümkün deyil. Tam əsaslıdır ki, son onilliklərdə siyasi partiyaların qarşısına qoyduğu hədəflər Azərbaycanın inkişafı yolunda vahid milli iradənin tamlığını məhz bu kompleksdə tapıb. Siyasi dialoq zamanı siyasi partiyalar və birliklər diqqəti o hala yönəltməlidirlər ki, Azərbaycanın dövlətçilik konsepsiyasında irəli sürülən nəzəriyyə artıq praktik cəhətdən möhkəm strategiyanın effektivlik mərhələsini tətbiq edə bilib, daha böyük hədəflərə qadir olduğunu proqram kimi qarşıya qoyub. O, uzunmüddətli dövlətçilik ideologiyasında milli istəyi, sosial sifarişin xarakterini, dialoq mədəniyyətinin forma və metodlarını bir arada tətbiq edərək güclü sosial bazaya sahibdir. Vətən müharibəsində Lider-Xalq-Ordu birliyinin ZƏFƏR MARŞI bu düsturun nəticələrinin cəmiyyətimiz üçün tam aydın və şəffaf olduğunu sübut etdi.
Bütün bunlar göstərdi ki, ölkəmizdə Vətən müharibəsinə qədər aparılan islahatlar konsepsiyasında da sağlam münasibətlərin tənzimlənməsinə yönələn təşəbbüslər yeni siyasi mühitin formalaşmasına açılan imkanlar, siyasi partiyaların dövlətçilik, demokratiya, milli təəssübkeşliyin formalaşdırılması yolunda birliyə dəvət edilməsi Qələbə üçün zəmin yaratdı. Açıq etiraf edilməlidir ki, siyasi mühitdə indiyədək heç bir siyasi qüvvənin iradəsi bu səviyyədə ümummilli istəyi ifadə edə bilməyib. Ona görə də bu siyasət bütövlükdə cəmiyyətimizin dialoq tələbatını təmin etdi. Biz hesab edirik ki, siyasi partiyalarla parlament və ekspertlər arasında dialoqun yeni reallıqlar əsasında formalaşması da bu əsaslarla yeni mütərəqqi islahatlara yol açacaq.
Bu gün siyasi partiyalar öz qarşılarına qoyduqları vəzifələrdə bir reallığı qəbul etmək məcburiyyətindədirlər. Hətta ən kiçik partiyaların anlaşılmaz radikal istiqamətlərə yönəlməsi, ictimai mühitə və digər partiyalara bu əsasda təsir etmək istəkləri dialoq üçün qəbuledilməzdir. Cəmiyyətimizin mövcud sosial-siyasi düşüncələr sistemi də artıq bunu qəbul etmir. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra cəmiyyətimizin bütün təbəqələri vahid milli təfəkkür üzərində cəmləşməni özü sosial sifariş olaraq tələb edir. Cəmiyyətimizin istəkləri ona görə əsaslıdır ki, indiyədək qarşıya qoyulan ideyalar artıq nəzəriyyədən reallığa çevrilib. Bu da sosial sifarişin mövcud siyasətdə özünütəsdiqidir. Çünki güclü lider, milli şüura təsir edən güclü ideologiya və siyasi dialoq bir arada tam Qələbəyə aparan yoldur.

Zəfərdən-zəfərə. Azərbaycan tarixi torpaqlarında əbədidir

Məlumdur ki, Azərbaycan xalqının Vətən müharibəsi haqq-ədalət müharibəsi idi və onun milli şüura böyük təsiri vardır. Belə həlledici mərhələ nəinki milli birlik üçün əvəzsiz fürsətlər yaradır, həm də millətin malik olduğu potensialı üzə çıxarır. Vətən müharibəsində Azərbaycanın Qələbəsini təsdiq edən 2020-ci ilin 10 noyabr Bəyanatı, əslində, postmüharibə dövründə növbəti uğurlu addımların hüquqi və siyasi bazasını təmin etdi. Məlum oldu ki, bu ümumxalq qələbəsində və ondan sonrakı qələbələrdə Prezident İlham Əliyevin müdrik diplomatik manevrlərinin fəlsəfəsinin dərki prosesi uzun zamanlarda təhlil ediləcək. Beynəlxalq aləmi 100 illərlə aldadan, saxta mifoloji don geydirilmiş erməni güclərinin dağıdılması və ona himayədarlıq edən qüvvələrin ifşa olunmasını təmin edən tarixi Qələbədən sonra məlum oldu ki, erməni məkrli niyyətinin millətçi, revanşist və terrorçu xisləti Azərbaycanın qarşısında yeni tarixi missiya qoyub. Bu missiyanı çoxlarının güman etmədiyi, dərk etmədiyi zamanda və şəraitdə Prezident İlham Əliyevin yenilməz iradəsi elə yerinə yetirdi ki, o xalqımızın yüzilliklər boyu pozulmuş milli haqqını özünə qaytardı. Tarixin ədalət mizanı yerinə qaytarıldı. Onun məntiqi sonluğu Azərbaycan ərazilərinin erməni terrorçularından birdəfəlik təmizlənməsi və Xankəndidə Azərbaycan Bayrağının dalğalanması kimi möhtəşəm şərəf tariximizin xalqımıza bəxş olunması idi. Qələbənin fəlsəfəsində isə biz növbəti dəfə dünyaya yeni reallıqlar gətirən - humanizm prinsiplərinə yeni baxış bucaqları, yüksək diplomatik bacarıq, sülh və ədalət prinsiplərinə yeni yanaşma və sadiqlik, nəhayət, bəşəriyyəti xəstə təfəkkürlərin təsirindən xilas olmaq çağırışları görürük. Azərbaycan xalqı qarşısında bu mühüm tarixi missiyanı uğurla yerinə yetirməsi ilə Prezident İlham Əliyev şəxsiyyəti dünya tarixinin gedişinə təsir edən siyasi liderlər içərisində örnək olacaq qəhrəmanlığın, müdrikliyin ən yaxşı nümunəsinə çevrilməsi tam təbii və haqlıdır. İndi biz tarixi Qələbənin nəticələri ilə gələcəyə olan baxışların strateji hədəflərini müəyyən etməliyik.

Zəfərin mübarək, Azərbaycan!
Zəfərin mübarək, Ali Baş Komandan!”


"Azertag.az"