25.10.2023, 06:38 - Baxış sayı: 266

20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru (Fəlsəfi-sinergetik təhlil) II YAZI


20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru  (Fəlsəfi-sinergetik təhlil) II YAZII MƏQALƏYƏ KEÇİD

II məqalə


Həqiqət xaos yaradan deyil, dünyanı sadələşdirəndir...

Antuan de Sent-Ekzyüperi

Milli dövlətçiliyin qızıl dövrü

I məqalənin son tezisində ifadə olu­nan mənaları fəlsəfi və sinergetik təhlil et­mək üçün onu iki məntiqi hissəyə ayıraq: Onlardan biri “...əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələri­ni qoruyub saxlamış Azərbaycan xalqı...” dır, digəri isə “...2003–2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bən­zəri olmayan qızıl dövr kimi düşmüş...” və həmin kontekstdə “...2003–2023-cü illər... Azərbaycan xalqının həyatında sil­silə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri” olmuşdur.
Con Spenser Braunun XX əsrin 60–70-ci illərində yaratdığı “forma”məntiqi prizmasında “dövlətçilik tariximiz” fon, yəni hansı reallığa görə proseslərə nəzər saldığımızı ifadə edir. “Azərbaycan xalqı­nın siyasi, mənəvi-əxlaqi, mədəni yaşan­tıları isə bu fonun konkret fiqurudur, yəni hər zaman kəsiyində əyani təzahürüdür. 2003–2023-cü illər isə dövlətçilik fonun­da fiqurun malik olduğu yeni incə və qiy­mətli “dövlətçilik naxışıdır”. Bu mənada, doğrudan da 2003–2023-cü illəri “çoxəs­rlik milli dövlətçilik tariximizdə bənzəri ol­mayan qızıl dövrü” adlandıra bilərik.
Vurğuladığımız məntiqə görə, “mil­li dövlətçiliyin qızıl dövrü” zamanca iki faktora görə müəyyənləşdirilir: Birincisi, Azərbaycan xalqının keçmişdəki yaşantı­ları – “əsrlərlə bölünmüş, ağır məhrumiy­yətlərə məruz qalmış, amma öz qüruru­nu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqı”. İkincisi, son 20 ildə həmin xalqın “həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqinin” özünü göstərməsidir.
Belə çıxır ki, C.Braun məntiqinə görə, 2003–2023-cü illəri əhatə edən mərhələ Azərbaycan milli dövlətçiliyi və toplumu­nun tarixi təkamül dinamikası aspektində adi zaman-məkan kontinuumu deyildir – o, yeni mərhələdir! Bu keyfiyyətdə həmin dövr keçmişlə gələcək arasında harmo­niya yaradan və konkret məzmun alan “indi”dir! Sinergetikanın fəlsəfəsində bu duruma “indi-yeni” deyirlər (bax: məs., Serge F.Timashev, Susie Vrobel. A new Dialogue with Nature: Fractal Time and Flicker Noise Spectroscopy. The Institute for fractal research. IF Paper 1/04 ISSN (1436-1779). 2003: home tonline.de/home Susanne.Vrobel / home html.).
Vurğuladığımız məntiq işığında Pre­zident İlham Əliyevin 2003–2023-cü il­lərdəki fəaliyyətinin hansı mənalarda milli dövlətçiliyin qızıl dövrü olmasının fəlsəfi və politoloji dərkinin “indi-yeni” anlayı­şı kontekstində aktuallığını anlamağın dövlətçiliyin ümumiyyətlə fəlsəfi dərki baxımdan faydalı ola biləcəyini düşünü­rük. Bizcə, burada İlham Əliyevin son 20 ildə həyata keçirdiyi siyasətin keçmiş­lə gələcək arasında geştalt proses kimi (yəni fraqmetar deyil, bütöv, tam keçid prosessuallığı statusunda) keçid etməyə imkan verən sistemli fəaliyyətinin “indi”­dəki “yeni” kimi fəlsəfi anlamı öz plana çıxmalıdır. Bu cür fəlsəfi-sinergetik ümu­miləşdirmə Prezidentin fəaliyyətinə həm sistemli, ardıcıl, düşünülmüş geştalt pro­ses kimi baxmağa, həm də bu fəaliyyətin hazırkı mərhələ (fəlsəfi anlamda “indi”də) üçün “yeni”liyinin nədən ibarət olduğunu aydınlaşdırmağa imkan verər. Vəzifə­ni konkret olaraq belə müəyyənləşdirə bilərik: Prezidentin fəaliyyətinin “indi-ye­ni” kontekstində yeniliyi nədən ibarətdir? Prezidentin fəaliyyətinin yeni məzmunu konkret olaraq siyasi reallığın hansı as­pektində və ya sahəsində yaranmışdır və praktiki faydasını göstərmişdir?
Bu suala fəlsəfi-sinergetik cavab ax­tarmaq üçün “indi-yeni” anlamında keç­mişlə gələcəyin bağlantısını ifadə edən mənalar yükünə baş vurmaq lazımdır. Yəni, XX əsrin böyük filosoflarından olan Jil Delyoz mənasında indidən keçmişə və gələcəyə eyni anda “yayılmaq” gərəkdir (Mişel Fuko onun haqqında demişdir ki, “fəlsəfədə XX yüzil Delyoz əsridir”). Bizim bu “fəlsəfi yolçuluğumuzun” abstrakt de­yil, konkret-praktiki faydalı olması üçün dahi bir şəxsiyyətimiz də vardır: o, əli­mizdən tutub düzgün yolu göstərəcəkdir! Həmin böyük dahi şəxsiyyət Heydər Əli­yevdir! Prezident İlham Əliyevin indidəki yeniliyini real anlamaq üçün Ulu öndərin fikirlərinə, kəlamlarına və fəaliyyətinə varmalıyıq. Mayak rolunu oynayacaq tezis, formul, kəlam da mövcuddur. Konkret olaraq:

“Fəxr edirəm ki, mən azərbaycanlıyam” formulu

“Fəxr edirəm ki, mən azərbaycanlı­yam” kəlamı fonunda “...əsrlərlə bölün­müş, ağır məhrumiyyətlərə məruz qal­mış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbay­can xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur” tezisi dolğun məna kəsb etmirmi? Biz fəlsəfi əsaslandırmağa çalı­şacağıq ki, tezisin dolğun mənasını, hər şeydən öncə, Ulu öndərin vurğulanan formulu fonunda anlamaq mümkündür və faydalıdır. Çünki müasir azərbaycanlı üçün həmin kəlam təfəkkürün köləliyin­dən və psixoloji natamamlıqdan qurtulu­şun mənəvi-əxlaqi, intellektual, siyasi-i­deoloji və praktiki vətəndaş duyumunun bütün müsbət enerji çalarlarını özündə ehtiva edir. J.Delyoz mənasında bu for­mulun məzmun sahəsində “indi”nin fo­nunda “keçmişə və gələcəyə intellektual yayılmaq” təfəkkürün köləliyinin və psixo­loji natamamlığın “yuvalandığı maskalı köşəyə” işıq salmağa imkan verəcəkdir.
“Əsrlərlə bölünmüş, ağır məhrumiy­yətlərə məruz qalmış” tezisinin fəlsəfi kontekstindən başlayaq. Heydər Əliyev bu fikrin məzmununa emosional-duyğu­sal aspektlə yanaşı, yüksək zəka səviy­yəsində çox dərindən nüfuz etmişdir. Ulu öndər böyük düşünən siyasətçi kimi bu tezisin dövlətçilik çərçivəsində anlamına varmışdır. Bu anlamı ən ağır siyasi kon­yuktura (Sovetlər dünyanın ən ağır və riskli siyasi konyukturasını yaratmışdı) şəraitində belə, məharətlə təfəkkür ha­disəsi kimi praktikada insanların şüurun­dan və psixologiyasından bir zədə kimi silinməsi üçün ciddi çalışmışdır.
Ulu öndər Azərbaycanın bölünməsi və əsrlərlə ağır məhrumiyyətlərə məruz qalmasının həm təfəkkürdə köləliyi kö­rüklədiyini, həm də insanların davranış­larında ilk növbədə ölkəsinə, xalqına, cəmiyyətə və, nəhayət, müstəqil dövlət olmaq ideyasına psixoloji olaraq nata­mam münasibət göstərdiyini çox gözəl bilirdi. Hər şeydən öncə, bu zədələri ara­dan qaldırmaq gərəkdi. Azərbaycanlıların təfəkküründə yad təzyiq nəticəsində for­malaşan kənardan əbədi asılılıq qavramı və duyğusu “əbədi azadlıq və müstəqillik” inamı ilə əvəz olunmalı idi.
Bəlkə də XX əsrin əvvəllərində ADR-i quran dahilərimiz, bütövlükdə, ictimai şüur və toplum psixologiyasını bu girov­luqdan qurtara bilmədikləri üçün Cüm­huriyyətin ömrü qısa oldu. Hər bir halda, SSRİ kimi amansız, sərt və total nəzarətə malik bir sistemdə Heydər Əliyevin azər­baycanlı təfəkkürünə “mən azad olub öz dövlətimi qura bilərəm” əminliyini və “öz tariximi özüm yaratmağa qadirəm” psixoloji əminliyini aşılaması sön dərəcə mürəkkəb və çətin bir vəzifə idi. Lakin Heydər Əliyev ona görə dahidir ki, faktiki olaraq çıxılmaz olan bu vəziyyətdən siya­si-ideoloji və praktiki çıxış yolunu tapdı. Ulu öndər bunun üçün üç istiqamətdə sovet sisteminin imkan verdiyi maksimal səviyyədə fikrində tutduqlarını həyata keçirdi. Onlar bizim müxtəlif ədəbiyyat­da təsvir olunan sovet dövründə Heydər Əliyevin kadr siyasəti, iqtisadi inkişaf xətti və mədəni, milli-mənəvi, əxlaqi dəyərlə­rin qorunması idi.

Kadrların azərbaycanlılaşdırılması...

Bunlar sovet dönəmində Heydər Əliyevin dahiyanə tapıntısı idi. Əsrlər­lə rus imperiyasının və sonra sovetlərin Azərbaycanın idarə edilməsində elə kad­rlara üstünlük verirdilər ki, onlar Azər­baycanın deyil, Mərkəzin maraqlarından ölkəmizə yanaşırdılar. Həmin kadrların böyük əksəriyyəri üçün Azərbaycan bu mənada, sevgi obyekti, səmimi olaraq uğrunda çalışmaq məkanı deyil, yad bir yerdə imperiyanın maraqlarını təmin et­mək üçün prioritet idi. Bu, həm idarəet­mənin siyasəti və fəlsəfəsinin canı, həm də Azərbaycana münasibətdə psixoloji münasibətin əsas məzmunu idi. Bunun fonunda bir tərəfdən, Azərbaycana və azərbaycanlılara yuxarıdan aşağı bax­maq, onları bacarıqsız, qeyri-mədəni, alverçi, həmişə qanunu pozmağa çalı­şan kütlə olaraq təsəvvür etmək norma­ya çevrilmişdi. Digər tərəfdən isə həmin yanaşmanın fonunda azərbaycanlıların özlərinin bir-birinə münasibəti radikal, dözülməz və qarşılıqlı bəyənməmək müstəvisinə salınmışdı. Bu iki tendensi­ya sintez halında iki zərərli nəticə verdi: azərbaycanlı təfəkküründə özünün top­lum və ölkə olaraq kənardan asılılığı nor­maldır, təbiidir, çünki biz bacarıqsızıq. Bu halı biz “təfəkkürün köləliyi” adlandırırıq. Təfəkkürün köləliyi daima hər bir dövləti və cəmiyyəti toplumsal və milli məsələlər­də xilas yolunu kənarda axtarmağa is­tiqamətləndirir. Buna görə də cəmiyyətdə nə baş verirsə, “bu millət belədir, ondan başqa nə gözləyəsən”, “materialı xarab­dır” və s. kimi özünü aşağılayıcı reaksiya ilə “izah” edilməyə çalışılırdı (təbii ki, bu, total olaraq hər kəsə aid deyildir).
Əgər bir təfəkkür tərzi zamanca uzun müddət davam edirsə, ondan avtomatik olaraq psixoloji natamamlıq kompleksi yaranır. Bu, hər bir insanın cəmiyyətin üzvü kimi və bütövlükdə, toplum olaraq dövlət miqyasında nəyisə yarada bilmə­sinə inamsızlıqdır. Bunu əsaslandırmaq üçün, adətən, xalqı onun tarixində olan mənfi hadisələri qabartmaqla ruhdan sal­mağa çalışırlar. Həmin məqsədin tərki­bində isə “Azərbaycan rəhbərləri tarixən satqın olmuşlar”, “filan hökmdar filan məsələdə filankəsi satdı”, “Səfəvilər və Osmanlılar bir-birini qırmışlar və biz türk deyilik”, “Azərbaycan ziyalıları satqındır­lar və dərindən düşünən deyillər”, “bu xalqın mədəniyyəti saxtadır, çünki öz kökünü düzgün bilmir” və sair kimi ruh düşgünlüyü yaradan, özünə inamı sıfırla­mağa yönəlmiş fikirləri ictimai dövriyyəyə buraxırdılar. Əlavə olaraq, tariximizdən olan bir sıra epizodları zaman konteks­tindən çıxarıb mütləq fakt kimi təqdim et­məyə çalışırdılar. Bunun da adını “mən­bələrə istinad etmək” qoyurdular (yeri gəmişkən, bu cəhd ara-sıra yenə davam edir və bəhanə həmənkidir: mənbələrə istinad etmirlər).
Ulu öndər ustalıqla sovet dönəmində Azərbaycanı və azərbaycanlıları bu cür aşağılamaq xəttinə qarşı güzəştsiz mü­barizə aparmışdır. Məhz bu baxımdan Heydər Əliyev kadrları azərbaycanlılaş­dırırdı. Yəni təhlükəsizlik orqanlarından başlayaraq hər dövlət qurumu üçün Azərbaycan sevgisi, marağı olan və onun üçün çalışan kadrları hazırlamağa başlamışdı. Bu proses hələ keçən əsrin 40-cı illərində Heydər Əliyev “KQB”-də şöbə müdiri olanda başlamışdır. 1969-cu ildə respublikaya rəhbər gələndən sonra daha da kütləviləşdi və çox sayda gənc­lər SSRİ-nin nüfuzlu təhsil ocaqlarında Azərbaycan kadrı kimi yetişdirildi. Yəni, Heydər Əliyev kadrları azərbaycanlılaş­dırma prosesini etnik mənsubluğa görə deyil, Azərbaycana, Vətənə, ölkəyə mü­nasibətə görə aparmışdır. Bu da çox gözəl nəticələr vermişdir.
Kadrların azərbaycanlılaşdırılması ilə yanaşı, iqtisadi inkişafın təmini əsas yerlərdən birini tuturdu. Burada Ulu ön­dərin məqsədi həm xalqın rifah halını yüksəltmək, həm də bir sıra qüvvələrin “Azərbaycan iqtisadi cəhətdən yararlı deyil” kimi böhtanlarına qarşı mübarzə aparmaqdı. Dalbadal alınan keçici bay­raqlar Azərbaycanı bu baxımdan böyük bir fəlakətdən xilas etdi – Mərkəzdəki bir sıra dairələr Azərbaycanı yox etmək im­kanından məhrum oldular. Heydər Əliyev hər kəsə sübut etdi ki, Azərbaycan iqti­sadiyyatı inkişafdadır və azərbaycanlılar cəmiyyət statusunda çox müsbət işlər görə bilirlər.
Nəhayət, Heydər Əliyevin Azər­baycanın mədəniyyət məkanı kimi də mövcud olduğunu sübut etməsi tarixi və möhtəşəm bir xidmət idi. Ulu öndər həm milli mədəniyyəti təbliğ edir, ana di­lini önə çəkir, həm də Azərbaycanın milli maraqlardan çıxış edən mədəniyyət xa­dimlərini, şair, yazıçı və alimlərini qoru­yurdu. Heydər Əliyev keçirdiyi yubileylər, iclaslar və başqa tədbirlərlə sübut etdi ki, Azərbaycan mədəniyyət məkanı kimi də mövcuddur!
Kadrların azərbaycanlılaşması, iqti­sadi infrastukturun inkişafı və milli mə­dəniyyətin qorunması sintez halında azərbaycanlıların təfəkküründə köləliyi təmizlədi və natamamlıq kompleksinə ağır zərbə vurdu. Bu, Heydər Əliyevin Azərbaycanı xilasının birinci mərhələsi idi.
Müstəqillik bərpa ediləndən sonra bədxahlar yenə baş qaldırdılar. Onlar 1980-ci illərin sonu, 1990-cı illərin əvvəl­lərindən başlayaraq yeni səviyyədə Azər­baycanda kölə təfəkkürünü və psixoloji natamamlığı körükləməyə girişdilər. Bu, “Azərbaycanın öz ordusuna ehtiyac yox­dur”, “biz Rusiyasız dövlət ola bilmərik” və ya “biz Qərbsiz dövlət ola bilmərik”, “ADR-i quranlar satqın idi”, “Azərbay­canda yaradılan hər bir təşkilat kənardan sifariş olunur”, “ermənilər çox güclü, biz isə çox zəifik, bir-birimizi satırıq”, “ermə­nilər Bakıya kimi gələcəklər, ona görə də rusdan yapışmalıyıq”, “bizim rəhbər­lər satqındırlar”, “ziyalılar fərsizdirlər”, “xalqın öz mədəniyyəti yoxdur – olanları farsdan və rusdan götürmüşlər” və s. kimi olduqca bədbin rəylər yaratmağa çalışır­dılar.
Bütün bunlar Heydər Əliyevin ikinci mərhələdə Xilaskar rolunu yerinə yetir­məsinə səbəb oldu. Ulu öndər siyasi ha­kimiyyətə 1993-cü ildə gəlişi ilə praktiki siyasi addımları və həyata keçirdiyi konk­ret sosial-iqtisadi, energetik layihələrlə sübut etdi ki, Azərbaycan müstəqil döv­lət kimi mövcud ola bilər! Bu, böyük bir qurtuluş idi – təfəkkürün köləliyindən və psixoloji natamamlıq kompleksindən! Çünki Heydər Əliyev sözdə deyil, əməl­də müstəqil dövlət qurdu, cəmiyyəti bir­ləşdirdi, təhlükələri uğurlu tədbirləri ilə aradan qaldırdı və bir sözlə, Azərbaycanı bürümüş bədbin ideoloji və psixoloji mü­hitə bir nikbinlik, özünəinam gətirdi. Və həmin prosesin işığında məşhur “mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı səslən­di.
Bu kəlam Ulu Öndərin böyük tarixi-si­yasi və dövləti xidmətinin özündə ehtiva etdiyi müsbət enerjinin yığcam ifadəsi­dir! Bu xilas formulunun həmin pozitiv enerjisi fonunda İlham Əliyevin 20 illik fəaliyyətinə baxanda meydana olduqca maraqlı fəlsəfi və siyasi-nəzəri məqamlar çıxır. Məsələnin bu tərəfi bütövlükdə çox genişdir və biz yalnız iki tezisin işığında mövzuya nəzər salaq. Onlar aşağıdakı­lardır:
– İlham Əliyevin müəyyənləşdirdi­yi Yol Xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, bey­nəlxalq aləmlə bərabərhüquqlu, qarşı­lıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutur;
– Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təh­lili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxi­lində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Əgər bu tezislərə linqvisitk məna tutu­munun semantikası sərhədindən kənara çıxıb, praktiki və real fəaliyyətin bir kom­ponenti kimi baxsaq, Prezidentin fəaliy­yətində yeni keyfiyyətlərin araşdırılması məsələsinə gəlib çıxarıq. Çünki vurğu­lanan iki tezis faktiki olaraq Ulu öndərin “bir millət, iki dövlət” və “mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamlarının XXI əsrin mürəkkəb, riskli, keşməkeşli realıqları prizmasında İlham Əliyevin fəaliyyətinin real nəticələrinin bir qisminin yığcam ifa­dəsi kimi görünür. Yəni məsələnin bu cür qoyuluşunun fəlsəfi və politoloji baxım­dan iki tərəfi vardır:
Birincisi, İlham Əliyev Ulu öndərin ifa­də etdiyi, fəaliyyətində eksklüziv həyata keçirdiyi başlıca xətti yeni şəraitə uyğun böyük uğurla davam etdirmişdir.
İkincisi, İlham Əliyev bu prosesdə özü yeni liderlik nümunəsi yaratmışdır.
Buradan təbii bir sual meydana çıxır: İlham Əliyevin yeni liderliyinin fəlsəfəsi vurğulanan kontekstdə nədən ibarət ola bilər?
Bu suala cavab axtarışları, zənnimiz­cə, Prezidentin yeni liderliik nümunəsinin konkret məzmun və mahiyyətinin fəlsəfi təhlilindən başlamalıdır.
Kreativ liderlik: anlamı, missiyası və məqsədi
Öncə “kreativ liderlik” anlayışının fəl­səfi və siyasi anlamlarına nəzər salaq. Bunun üçün, ümumiyyətlə, “kreativ” ter­mininin nəyi ifadə etdiyini aydınlaşdırmaq gərəkdir. Filosoflar vurğulayırlar ki, ümu­mi səviyyədə “yaradıcılıq” və “kreativlik” sinonimdirlər. Lakin bununla yanaşı, on­ların çox sayda müqayisələri mövcud­dur və yekdil mövqe formalaşmamışdır (bax: məs., Касавин, И.Т. Научное творчество как социальный феномен // Эпистемология и философия науки 2022. Т. 59. № 3. С. 19–29). Burada onlara baş vurmaq imkanı yoxdur. Onu qeyd edək ki, C.P.Hilforda görə, krea­tivliyin parametrlərindən biri problemləri köhnələrin təhlili əsasında yeni ideya­ların tətbiqi ilə həll etmək qabiliyyətidir. Bu tezisdən yanaşsaq, “siyasi kreativliyi” siyasətçinin hər yeni situasiyada keçmiş təcrübə əsasında yeni ideyaların tətbiqi ilə məsələləri həll etmək bacarığı kimi təsəvvür edə bilərik. Bu çərçivədə “krea­tiv liderlik” liderin qarşılaşdığı hər yeni si­tuasiyada dövlətin və toplumun maraqları baxımından faydalı olan və konkret inno­vativ addımlar atmaqla fəaliyyət göstər­məsidir. Burada nəzəri, ideoloji və prakti­ki aspektlər sintez halında olmalıdır, yəni bir-biri ilə mükəmməl harmoniya təşkil etməlidir. Nəzəri hazırlıq, ideoloji düzgün istiqamətlə və hər ikisi hər situasiyada li­derin innovativ qərarları ilə vahid sistem təşkil etməlidir.
Deməlı, kreativ liderlik siyasətçinin fəaliyyətdə yeni siyasi mənalar yarat­maq qüdrəti ilə sıx bağlıdır. Yeni siyasi mənalar fəaliyyətin hansı sferasında və necə yaranır? İzahını tələb edən və fəl­səfi-sinergetik mahiyyəti olan sualdır. Bu yeni ideyaların yaranma mexanizmi və onların verdikləri nəticələrin fəlsəfi və siyasi-nəzəri təsəvvürü olmasa, “kreativ lider” anlayışının məzmunu tam məna­lanmamış qalır.
Bu anlamda “yeni siyasi mənalar” li­derlə onun ünsiyyətdə olduğu idarəetmə, ideoloji, mənəvi-əxlaqi, siyasi, diploma­tik və digər obyektlərlə (və subyektlərlə) qarşılıqlı kommunikativ fəaliyyətdə yara­nır. Buna “siyasi interfeys zonası” deyək (“interfeys fizikadan gələn, lakin həm də fəlsəfiləşən və bizim siyasiləşdirdiyimiz termindir, mənası “vasitəçi”, “aralıq zona” deməkdir). Siyasi interfeys spontan, öz-özünə liderin fəaliyyəti zamanı yara­nır və onu birbaşa liderin kommunikativ fəallığı müəyyən edir. Bu məqamı daha aydın dərk etmək üçün vacib saydığımız iki faktora nəzər yetirək.
Konkret ifadə etsək, kreativ liderliyin yeni siyasi mənaların yaranması aspek­tində anlamı fəlsəfi olaraq iki məsələni aktuallaşdırır. Birincisi, liderin siyasi-ide­oloji mövqeyi ilə diplomatik üsullarının harmoniyası və məqsədyönlülüyü. İkinci­si, birinci faktoru zamanında tətbiq qabi­liyyəti ilə uyğunlaşdıra bilmək.
Deməli, kreativ liderliyin anlamı si­yasətçinin hər situasiyada innovativ qə­rarlar qəbul etmək keyfiyyəti ilə sıx bağ­lıdır. Kreativ liderliyin missiyası dövlətin və toplumun marağı naminə situasiyanı dövlətin xeyrinə dəyişmək qüdrətidir. Onu vurğulayaq ki, biz burada “liderin missiyası” anlayışını akademik İsa Hə­bibbəylinin müəyyən etdiyi məzmuna uy­gun işlədirik. İ.Həbibbəyli həmin anlayışı Ümumilli liderlik kontekstində məzmun­laşdırmışdır və Heydər Əliyev nümunə­sinin nəzəri təhlilinə tətbiq etmişdir (bax: İ. Həbibbəyli, Ümummilli liderlik: miqyası və missiyası / "Azərbaycan" qəzeti, 12 dekabr 2019-cu il//URL: http://imbb.az/az/news/431). Biz bu məzmundan çıxış edərək ümumiyyətlə kreativ liderliyin missiyası üzərində düşünməyə çalışırıq. Kreativ liderliyin məqsədi müstəqil dövlət quruculuğunu daim inkişaf etdirmək və dünyanın ən inkişaf etmiş dövlətləri sıra­sına daxil olmaqdır.
İndi bu faktorların prizmasında İlham Əliyevin yuxarıda vurğuladığımız nailiyyətlərinə nəzər salaq. İlham Əliyev müəyyən etdiyi Yol Xəritəsini tam ye­rinə yetirməklə güclü iqtisadi potensialın formalaşdırılmasına, müasir cəmiyyət quruculuğuna, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan silahlı qüvvələrin yaradılmasına, beynəlxalq aləmlə bərabərhüquqlu, qar­şılıqlı etimada və əməkdaşlığa əsasla­nan əlaqələrin inkişaf etdirilməsinə nail olmaqla “Bir millət, iki dövlət!” və “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” for­mullarının işığında birinci mərhələnin son hədəfi kimi Azərbaycanın müstəqil siyasətinə, ərazi bütövlüyünün və su­verenliyinin bərpasına nail olmuşdur. Prezident, faktiki olaraq, Azərbaycan vətəndaşlarının təfəkkürün köləliyindən və psixoloji natamamlıqdan XXI əsrin ziddiyyətli və mürəkkəb situasiyaların­da tamamilə xilas olmaları üçün nəhəng işlər görmüşdür! İlham Əliyev vurğuladı­ğımız hər iki tezisin fəlsəfəsini konkret praktiki siyasi fəaliyyəti ilə həyata keçir­məklə milli dövlətçiliyin daha da inkişaf etdirilməsində əvəzolunmaz fəaliyyət göstərmişdir.
İkinci tezis də bu prizmada fəlsə­fi izah oluna bilər. Konkret ifadə etsək, Prezident İlham Əliyev həmişə cəmiyyə­tin, dövlətin maraqlarını əsas tutaraq, si­yasi məharəti, yüksək mənəvi keyfiyyət­ləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nü­fuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğ­bətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə etmişdir. Bu cümlədə ifadə olunan fikir öz növbəsində iki fəlsəfi məqama baxmağı zəruri edir. Onlardan biri kreativ ideyalar və siyasi mənala­rın liderlik fəaliyyətinin hansı sahəsində meydana gəlməsinin fəlsəfi-sinergetik izahı ilə bağlıdır. Digəri isə liderin şəxsi ünsiyyət qabiliyyətinin onun kreativliyinə və milli, regional və qlobal miqyaslarda nüfuz qazanmasına göstərdiyi təsirin fəl­səfi-sinergetik məqamlarıdır. Və həmin məqamların təhlili məqalənin girişində vurğuladığımız ikinci məntqi hissənin – “...2003–2023-cü illər... Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri ol­muşdur” qənaətinin işığında aktual görü­nür.

Füzuli QURBANOV
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

MƏQALƏNİN DAVAMI

"Xalqqazeti.az"