"Əhsənüt-təvarix" - "Tarixlərin ən yaxşısı": Şahin Fazilin tərcüməsində
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Səfəvi və Osmanlı tarixinə və tarixşünaslığına dərindən bələd olan və bu mövzularda qiymətli monoqrafiyaları ilə tarix elmimizi zənginləşdirən Şahin Fazil (Şahin Fazil oğlu Fərzəliyev) təqribən 24 il ağır zəhmətdən sonra Azərbaycan, Osmanlı və ümumən Şərq tarixi üçün çox qiymətli mənbə olan iki möhtəşəm əsəri farscadan ana dilimizə yüksək akademik səviyyədə tərcümə edərək elmi ictimaiyyətin ixtiyarına verdi. Bunlardan biri görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın (1560-1634) təqribən iki min səhifəlik "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi"), digəri isə İsgəndər bəyin də tez-tez istinad etdiyi, tanınmış Azərbaycan tarixçisi Həsən bəy Rumlunun (1530-1578) "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") əsəridir. Hər iki əsər yazarlarının dövrün mövcud mənbələri əsasında dərindən araşdırdığı, şahidlik etdiyi, bir çox hallarda iştirak etdiyi, yaxından izlədiyi hadisə və proseslərin, hökmdarların və digər mühüm şəxsiyyətlərin həyat və fəaliyyətlərinin bənzərsiz salnaməsi sayıla bilər. İsgəndər bəy Münşi Türkmanın adı çəkilən əsəri ötən illərdə AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən nəşr edilmiş, elmi ictimaiyyət tərəfindən maraq və təqdirlə qarşılanmışdı.
Bu yazımızda məhz "Həsən bəy Rumlunun "Əhsənüt-təvarix"inin bu günlərdə nəşr edilmiş birinci cildi haqqında şərhlərimizi və düşüncələrimizi dəyərli oxucularla bölüşməyi lazım bildik.
"Əhsənüt-təvarixi"in bu cildi XV əsrdə tarixi Azərbaycan coğrafiyasında və ətrafında yerləşən ölkələrdəki dövlətlərdən, o dövrdə cərəyan edən siyasi proseslərdən, tanınmış tarixi şəxsiyyətlərdən, dövlət, elm, ədəbiyyat xadimlərindən, davamlı müharibələrdən və cürbəcür hadisələrdən bəhs etməklə həmin dövrün ümumi mənzərəsini əks etdirən mənbə kimi əvəzsizdir. Təsadüfi deyil ki, bu əsər Azərbaycanın, eləcə də dünyanın tanınmış tarixçilərinin və şərqşünaslarının ən çox istinad etdikləri mənbələr sırasındadır.
"Əhsənüt-təvarix"in təqdim edilən nəşrinə AMEA prezidenti, akademik İsa Həbibbəylinin yazdığı önsözdə Ş.Fazilin elmi-ədəbi fəaliyyəti yüksək dəyərləndirilməklə yanaşı, "Əhsənüt-təvarix"in tərcüməsinin və nəşrinin elmimizə əhəmiyyətli töhfə olduğu vurğulanır. AMEA Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov sözügedən mənbənin qocaman şərqşünas alim Ş.Fazil tərəfindən ana dilimizə tərcüməsini "mühüm nailiyyət, həm mütəxəssislərə, həm də geniş oxucu kütləsinə böyük töhfə" kimi dəyərləndirir. Kitabda habelə akademik Yaqub Mahmudovun çox geniş və əhatəli məqaləsi yer alır. "Dörd yüz ildən sonrakı görüş, yaxud salnaməçi Həsən Rumlu və tarixçi Şahin Fazil" adlanan bu məqalədə ömrünün 50 ilini tariximizin orta əsrlərə dair mənbələrinin və tarixşünaslıq materiallarının öyrənilməsinə sərf edən Ş.Fazilin bu elmi xidməti yüksək qiymətləndirilir. Eyni zamanda, "Əhsənüt-təvarix" təkcə Azərbaycan xalqının deyil, bir sıra yaxın-uzaq xalqların və dövlətlərin siyasi, ictimai-mədəni tarixinə və vəziyyətinə dair geniş məlumatlar verən qaynaq kimi xarakterizə edilir.
Qeyd etmək lazımdır ki, əlimizdə olan "Əhsənüt-təvarix"in müəllifi Həsən bəy Rumlunun ("Rumlu" ifadəsi Ərzirum və digər Anadolu torpaqları anlamında idi - E.M.) qeydlərindən məlum olduğu kimi, onun on cilddən ibarət olan, yaxud on cilddə olması nəzərdə tutulan tarix əsərinin yalnız son hissəsidir ki, müəllif onu iki cilddə hazırlamışdı. Burada 1404-1405-ci ildən, yəni Əmir Teymurun nəvəsi Şahruxun Xorasanda şahlığa keçməsindən 1578-ci ilədək böyük bir coğrafiyada 174 ildə baş verən hadisələrdən söz açılır. Təsadüfi deyildir ki, Həsən bəyin əsəri zamanında, eləcə də, ondan sonrakı illərdə dövrün salnaməçiləri, tarixşünasları üçün XV-XVI əsrlərə dair ən möhtəbər qaynaq kimi əsas götürülür. Məşhur "Tarixe-aləmaraye-Abbasi" kitabının müəllifi, görkəmli Azərbaycan tarixçisi və dövlət xadimi İsgəndər bəy Münşi yazırdı: "Rumlu tarixçisi mərhum Həsən bəy o həzrətin (I Şah Təhmasibin) zamanında "Əhsənüt-təvarix" adlı elə bir kitab yazmışdır ki, ...bizdə elə yazmaq bacarığı yoxdur".
Həqiqətən də, bu əsərdə haqqında bəhs edilən ölkələrin, xalqların, şəxsiyyətlərin, yer adlarının, işlədilən istilahların miqyası heyrətamiz dərəcədə genişdir. Xüsusilə də, Azərbaycan dövlətləri olan Qaraqoyunlu dövləti və onun hökmdarları Qara Yusif Türkman, Cahanşah Qaraqoyunlu barəsində müəllifin əsasən hüsn-rəğbətlə bəhs etməsi, Qara Yusifi gah "Türkman şəhriyarı", gah "İran padşahı", gah da "Azərbaycan şəhriyarı" adlandırması diqqətçəkicidir. Həsən bəy Qara Yusif haqqında yazırdı: "Qara Yusif cəng meydanında qantökən şir, işrət məclisində isə gövhərsaçan bulud idi. Ədaləti və insafı ilə tanınmışdı, əliaçıqlığı ilə məşhur olmuşdu. Xoş əxlaqı ilə bütün adamlardan seçilirdi. Bütün işlərində o həmişə İlahi xofunu xatırlayır, insanlarla ədalətlə davranırdı... Üzüyünün üstündə bu sözlər yazılmışdı: "Ədalətlə işləyən adam məlik, zülmkarlıq edən adam isə həlak olar".
Ş.Fazilin orta çağların bəlağətli nəsr və şeir dilini farscadan Azərbaycan dilinə üslubunu, vəznini və ahəngini qoruyub saxlamaqla etdiyi tərcüməni oxuduqca bu qənaətə gəlmək olur ki, sanki qarşımızdakı tərcümə əsəri deyildir. Müqayisə etdikdə, hətta bir çox hallarda tərcümə yazıldığı dildən də təkmil və poetik görünməkdədir. Belə yüksək poetik tərcümə bir daha Ş.Fazilin sıradan bir şair olmadığının göstəricisidir.
Qüdrətli milli istiqlal şairimiz, şəxsən ünsiyyətdə olduğum və dərin ehtiram bəslədiyim Bəxtiyar Vahabzadə (ruhu şad olsun!) şeirlərindən birində deyirdi:
...Qatlayıb dizinin altına qoyar
Alim Bəxtiyarı şair Bəxtiyar.
Hər dəfə Ş.Fazilin yeni elmi əsərini, ya yeni "Divan"ını açanda istər-istəməz böyük şairimizin yuxarıdakı kəlamı yadıma düşür. Düşünürım ki, tarix elmləri doktoru, professor, tanınmış orta cağ tarixçisi, eyni zamanda təqribən beş min səhifəlik beş "Divan" (Divanlar Xəmsəsi) müəllifi Şahin Fazil şair ağırlığında alim, alim ağırlığında şairdir. Şeirləri kimi, tarixi tədqiqatları və tərcümələri də peşəsinə sevgidən və İlahi töhfəsi olan ilhamından qaynaqlanır. Bir neçə ay bundan öncə iki kitabda, 1550 səhifədə nəşr edilən "Beşinci Divan"ında Həsən bəy Rumluya həsr etdiyi 28 beytlik qəsidəsi də onun tədqiqatçılıq istedadı ilə ilhamının təbii vəhdətinin ifadəsidir.
Əvvəlcə Həsən bəy Rumlunun kimliyi haqqında qısa məlumat vermək istərdik. Təəssüf ki, o dövrün salnaməçiləri, təzkirəçiləri hökmdarlar və hakimiyyətlər, siyasi çəkişmələr və müharibələr haqqında xırda təfərrüatları belə qələmə aldıqları halda, özləri barəsində yalnız ötəri, qısa məlumatlarla kifayətlənmişlər. Öz yazdıqlarından məlum olur ki, Həsən bəy Qəzvin hakimi Əmir Sultan Rumlunun nəvəsi idi, hicri 937, miladi ilə 1530/31-ci ildə doğulmuşdu, atasını erkən itirmişdi, yaxşı təhsil almış, Şah Təhmasibin (şahlığı:1524-1576) yürüşlərində qorçi (şah qvardiyasının döyüşçüsü) olaraq iştirak etmiş, 1578-ci ildən isə Şah Xudabəndənin (şahlığı:1578-1587) xidmətində olmuş, yaşadığı dövrün hadisələrini məharətlə qələmə almışdı. Həsən bəyin özünün yazdığına görə o, 12 cildlik tarix yazmağı, hər cilddə ötən bir əsri əhatə etməyi nəzərdə tutmuşdu. Haqqında bəhs etdiyimiz "Əhsənüt-təvarix"in XV-XVI əsrləri əhatə edən XI-XII cildləridir. Əvvəlki, cildlər tapılmayıb, bəlkə də heç yazılmayıb da. Lakin, elə mövzular var ki, onlardan söz açanda Həsən bəy bunun əvvəlki cilddə yer aldığını yazır.
Yuxarıda qeyd olunduğu kimi, əldə olan və Avropa dillərində qismən təqdim edilən bu son ikicildlik əsər həmin dövrdə Azərbaycan ərazisində, eləcə də qonşu bölgələrdəki tarixi hadisələri əks etdirmək baxımından həm Şərq, həm də Qərb şərqşünasları üçün hər zaman qiymətli qaynaq rolunu oynayıb. Yəni, Qaraqoyunlu, Ağqoyunlu, Azərbaycan Səfəvi dövləti, Osmanlı imperatorluğu, Teymurilər hakimiyyəti, Şirvanşahlar dövləti, onların qarşılıqlı əlaqələri, savaşları və barışları haqqında ən qiymətli əsərlərdən biri məhz budur. 1405-ci ildən başlayaraq hər ilin əsas hadisələrini gələmə alan Həsən bəy bir sıra müasirləri ilə müqayisədə hadisələrə və şəxsiyyətlərə münasibətdə əsasən tərəfsiz və obyektiv mövqe sərgiləyir. Tərəddüdsüz demək olar ki, Həsən bəy həm də istedadlı bir şair idi və tarixi hadisələrin təsviri və şərhi zamanı özünün və digər şairlərin yüzlərlə şeir nümunələrindən yerində istifadə etməklə sanki onların nəzmlə rəsmini çəkib. Ş.Fazil isə həmin şeirləri məharət və peşəkarlıqla fars dilindən Azərbaycan türkcəsinə əsasən vəzni və qafiyəsi ilə tərcümə etməklə ədəbiyyatımıza da öz töhfəsini verib.
Həsən bəy Rumlu tarixi-siyasi hadisələrlə yanaşı, dövrünün ədəbiyyatına da yaxından bələd idi və onun əsərində bir sıra Azərbaycan şairlərinin həyatına və yaradıcılığına, dünyagörüşünə dair qiymətli məlumatlara rast gəlirik. Məsələn, Xorasan hökmdarı Şahruxa törədilən qəsdlə əlaqədar Həsən bəy yazır: "Bu il Şahrux padşah Heratın came məscidindən çıxdığı vaxt hürufilərin sərdarı olan Mövlana Fəzlullah Astrabadinin (Nəimi - E.M.) müridlərindən Əhməd Lur adlı bir kətan geyimli şəxs şikayətçi kimi əlində bir kağız tutduğu halda ona yaxınlaşdı. O həzrət (Şahrux - E.M.) mülazimlərindən birinə onun məqsədini öyrənib ərz etməsini buyurdu. Əhməd Lur qabağa gəlib, padşahın qarnına bir bıçaq sapladı..."
Yaxud, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ölümü barəsində oxuyuruq: "Bu il Seyid Nəsimi öldürüldü... Bunun səbəbi onun cavan birinə bağlanması idi... Bir gün Hələb üləmalarından biri ondan soruşdu: "Sən bu cavanın üzündə nə görmüsən?" Dedi: "Onun çöhrə aynasında Haqqın surətini müşahidə edirəm". ... Alim dedi: "O cavanı biz də görürük, amma Haqqın surəti bizim gözümüzə dəymir". Dedi: "Bu Qaf dövlətinin Ənqa quşu sizin qabiliyyətinizi (yəni görmə bacarığınızı - mütərcim) özünə yuva edə bilməmiş, səadətin Hüma quşu isə o böyük kölgəni sizin həşəmət başınıza salmamışdır". Seyid Nəsimi və o alimin arasında bu söhbət olduqdan sonra o şəxs üləmaların yanına getdi, onun dediklərinə bir neçə yalan sözlər də artırdı. Seyid bir gün bu qəzəli dedi:
Həqbin nəzər olmazsa,
görməz məni bir kimsə,
Allahın üzün görməz, xudbinsə əgər gözlər.
Qəlb ayinədir öylə, varsa görüşə təşnə,
Musa kimi həzrət tək Tur içrə camal izlər.
Göz var isə hər kəsdə gördükdə o rüsxarı,
Ənvare-təcəllanı bizlər kimi seyr eylər.
Gəldi o üzün kəşfi "Allah cəmil" ilə,
Ölgünsə əgər bir qəlb bu şərhə nə söz söylər?
Rüxsarın ilə verdin göz nuru Nəsimiyə,
Görmürsə səni, qeyri bir şəxsi görər gözlər?
(Qeyd: Əsərdəki digər şeir və qəzəllər kimi, Nəsiminin farsca yazdığı bu qəzəlin də tərcüməsi Şahin Fazilə məxsusdur).
Bu qəzəli təqdim edəndən sonra Həsən bəy yazır: "O cavan daim Nəsiminin beytlərini söylərdi. Onu tutub soruşdular: "Bu, Nəsiminin şeiridir, yoxsa sənin? Dedi: "Mənim şeirimdir". Onu dar ağacından asmaq istədikdə, Seyid Nəsimi özünü çatdırıb: "Mənim şeirimdir" dedi. Buna görə də Seyidin dərisini soydular. Dəri soyulan vaxt həddindən çox qan axdığı üçün rəngi saraldı. Ona "Rəngin niyə saraldı?" sualı verildikdə, dedi: "Mən eşqin doğulduğu yerdən zahir olan eşq asimanının günəşiyəm. Günəş isə qürub vaxtı saralır".
Həsən bəy Rumlu öz kitabında Teymurun nəvəsi, Şahrux padşahın oğlu Mirzə Baysunqurun vəfatından (22 dekabr 1433) bəhs etdiyi zaman onun türk və fars dillərində şeirlər yazdığını, fəzilət əhli olduğunu qeyd edərək bildirir: "Altı qələm xəttini yaxşı yazırdı. Onun zamanında şair və katiblər izzətli və möhtəşəm idilər. Kitabxanasında xoş xətti olan qırx katib var idi. Onların ən üstünü Mövlana Cəfər Təbrizi idi".
Həsən bəy 845-ci ildə (1441) baş verən hadisələrdən söz açanda yazır: "Bu il, Cahanşah padşah möcüzəli Təbriz şəhərində yaşayan hürufiçiləri, dindirib- danışdırandan (monazere) sonra qətlə yetirdi".
Kitabın "Azərbaycan şəhərlərində baş verən hadisələr haqqında söhbət, Cahanşah padşahın oğlu Həsənəlinin zindandan azad olması və Azərbaycanı istila etməsi" bölümündə Həsən bəy yazır ki, Cahanşah padşah Türkmanın Xorasanda olduğu vaxtlarda, on beş il Maku qalasında məhbus olan oğlu Həsənəli həbsdən xilas oldu, Əmir Ərəbşah Ayinlini və Həsən padşahın əmisi oğlu Mahmud bəy Ağqoyunlunu da azad etdi, onlarla birlikdə gedib Təbrizi tutdu, əmirlərin arvadlarını öz nökərlərinə bağışladı, ölkə və yolların hər tərəfindən fırıldaqçı və avara adamlar gələrək o aqibətsizin yanında toplaşdılar...". Həsən bəy yazır ki, Cahanşah Təbrizə qoşun göndərir, Həsənəli qacıb Maku qalasına sığınır, Cahanşah Təbrizə gəlir, Həsənəlinin ölkədən (Azərbaycandan) çıxarılması haqqında qərar verir və sair.
"Əhsənüt-təvarix"də Azərbaycanda Səfəvilər xanədanının fəaliyyəti də öz parlaq əksini tapmışdır. Burada Cahanşah padşahın Sultan Cüneydi Ərdəbildən çıxarmaq haqqında hökm verdiyi qeyd edilir. Həsən bəy yazır: "Sultan Cüneyd iradət əhlinin (müridlərinin - Ş.F.) çoxlu adamı ilə Diyarbəkirə tərəf hərəkət etdi, Həsən-Keyfə çatdıqda, Həsən-Keyf diyarının hökmranı olan və Cahanşah padşahla düşmənçilik edən Həsən padşah o həzrətə bir namə yollayaraq, öz sədaqət və etiqadını ona bildirdi. Sultan Cüneyd sevinib onunla görüşdü. Həsən padşah adı Xədicə olan bacısını o həzrətin izdivacına verdi. Sultan Cüneyd dörd il orada qaldı. Bu müddətdə on iki min sədaqətli sufi o həzrətin irşadı ilə doğru yola gəldi, Sultan Cüneyd o diyarda çoxsaylı xəlifə saxlayıb Ərdəbilə qayıtdı".
Həsən bəy yazır ki, Cahanşah padşah Sultan Cüneydin Həsən padşahla yaxınlıq etdiyini eşitdiyi üçün yenidən onu Ərdəbildən çıxarmaq qərarına gəldi. Sultan Cüneyd də bu il (864 hicri) Ərdəbili tərk edərək bir neçə gün şəhər xaricində dayandı, ətraf yerlərə adamlar yollayıb müridlərini yanına çağırdı və az müddətdə on iki min cavan o həzrətin bayrağı altında toplaşdı, o, atının yürüş cilovunu Şirvana tərəf çevirdi. Şirvan valisi Əmir Xəlilullah Allah onun məqamını cəhənnəmlik etsin - həmin mələk təbiətli döyüşçülərin gəlişindən xəbərdar olan kimi qorxuya düşdü, etibarlı adamlarını çoxlu töhfələrlə o sultanın dərgahına göndərərək vəlayət sultanının qədəmlərini təbrik etdi".
Bu məlumatdan aydın olur ki, kənar təsirlər olmasaymış Şirvanşah Şeyx Cüneydlə döyüşə girməyəcəkmiş. Həsən bəyin yazdığına görə Cahanşahın yaxın adamı olan Şeyx Cəfərin təkidli məktubunu alandan sonra Şirvanşah Şeyx Cüneyddən üz döndərir. Bu hadisə mənbədə belə şərh olunur: "Bundan sonra Əmir Xəlilullah saysız-hesabsız döyüşçü ilə atlarının cilovunu Sultan Cüneyd ləşkərinə tərəf döndərdi, cəmadüləvvəlin onunda (13 mart 1460 ) pəncşənbə günü hər iki tərəf bir-biri ilə qarşılaşdı...". Buradakı savaşı dövrə məxsus təmtəraqlı ifadələrlə təsvir edən müəllif yazır: "Şirvanın fəlakət əsərli ləşkəri sufilər qoşununa qalib gəldi, bir bəd ulduzlu adamın kamanından çıxan ox o vəlayətnişan sultanın ömür kəndirini kəsdi". Bu məlumatla əlaqədar Ş.Fazil həm iranlı tədqiqatçı Ə.Nəvainin, həm də Türkiyə iranşünası M.Öztürkün də qeydlərini nəzərə alaraq diqqətə çatdırır ki, həmin dövrün digər bir qaynağı olan "Həbibüs-siyər"də yazılıb: "O həzrət düşmənlərin əli ilə tutuldu və Şirvanşahın hökmü ilə şəhadət şərbəti içdi". Sonra Həsən bəy şərhinə davam edir: "Üzü qara Şirvanşah o böyük əməli etdiyi üçün "onun gedəcəyi yer, şübhəsiz ki, cəhənnəmdir" ayəsinə (Qurani-Kərim, Naziat surəsi, ayə - 39) uyğun məqamını tapdı və lənət xaltasını öz başıbəlalı boynuna keçirdi".
Göründüyü kimi, Həsən bəy Rumlu heç də Şirvanşaha xoş münasibət bəsləmir və onu lənətləyir. Yəqin ki, şiəməzhəb müəllifi bunun üçün çox qınamağa da ehtiyac yoxdur.
Həsən bəy hüsn-rəğbətlə yanaşdığı Cahan padşahın Ağqoyunlu hökmdarı Həsən padşahla münasibətlərinə, o cümlədən 1468-ci ildə bu iki dövlət arasında baş verən müharibəyə geniş yer vermişdir. Həsən bəy yazır ki, əmirləri Həsən padşahı Cahanşahla döyüşə girməkdən çəkindirmək istəyirlər. Həsən padşah deyir: "Cahanşah nadan, cahan malı ilə şadiman, xəzinə və qoşun ilə öyünən, tac-taxtı ilə sevinən bir padşahdır... O, dövlət rəhbərinə xas olan ehtiyatı tərk etmişdir və bizim ondan qorxumuz yoxdur".
Həsən bəy Cahanşahın ordusunun məğlubiyyətini və onun bir Ağqoyunlu döyüşçüsü tərəfindən qaçarkən öldürüldüyünü təfərrüatlı şəkildə təsvir edir. Cahanşahın övladlarının, ona yaxın əmirlərin, onların övladlarının, əsir düşən bir çox şəxslərin edam edildiyini bildirəndən sonra, Həsən padşahın belə bir fərman verdiyini yazır: "Xüsusi və ya ümumi adamlardan heç kim öz intiqam qılıncını qından çıxarmasın, onların (Qaraqoyunluların - tərcüməçi) mallarına, əhli-əyallarına əl uzatmasın, sağ-salamat öz yerlərinə çıxıb getmələrinə izn verilsin; müxalif ləşkər təqib olunmasın; onların bicarə camaatına yol azuqəsi verib öz yurdlarına rəvan etsinlər".
Həsən bəy Cahanşah padşahın ölümü (12 noyabr 1467-ci il) barəsində yazılarını belə sonuclandırır: "Həyat müddəti 64 yaş, səltənət əyyamı 30 il, məmləkətləri Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəm və Fars vilayəti idi... Ondan qalan tikililərdən biri cənnətnişan Təbriz şəhərindəki uca bir məsciddir ki, heç kim belə gözəl inşa olunmuş bina göstərə bilməz".
Bundan sonra "Əhsənüt-təvarix"də Ağqoyunlu hökmdarı Həsən padşah Türkmanın hakimiyyəti, onun apardığı müharibələr təsvir edilir. Həsən padşahın ona qarşı çıxan Sultan Əbu Səidi öldürtməsi, lakin yaxınlarına ədalətli davranması, hətta Cahanşahın yaxınlarına da vəzifə verdiyi, şəhərlərin qorunması üçün tədbirlər gördüyü qeyd olunur. Həsən bəy bəhs etdiyi illərdəki xarakterik ölüm hadisələrini ayrıca qeyd edir.
"Əhsənüt-təvarix"in orta cağda yazılmış digər tarixi mənbələrdən üstün cəhəti ondan ibarətdir ki, bu iri həcmli salnamənin demək olar ki, bütün fəsillərində Azərbaycan mövzusu qırmızı xətlə keçir. İstər Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində, istərsə də qüdrətli Səfəvilər hakimiyyətində Azərbaycan hər zaman bu dövlətlərin siyasi-mədəni mərkəzi olub, görkəmli dövlət-siyasət xadimləri yetişdirib, bütün Şərq sivilizasiyasına əhəmiyyətli təsir edən alimlər, şairlər və filosofların vətəni kimi şöhrətlənib.
Təqdim edilən əsərdə adları çəkilən, haqqında məlumat verilən şəxslərə, hadisə və proseslərə müəllifin obyektiv tənqidi münasibəti də təqdirəlayiqdir.
Əsərin maraqlı hissələrindən biri belə adlanır: "877-ci ildə (1472/73) baş vermiş hadisələr və Həsən bəy Türkmanın Rum padşahı (Osmanlı- E.M.) Sultan Məhəmməd ilə müharibə etməyi haqqında söhbət". Burada Həsən padşahın 40 min suvari və 30 min piyada ilə onun üstünə yürüş etdiyi və qanlı döyüş səhnəsi ətraflı təsvir edilib.
Şahın və sultanın oğlanlarının sücaətlərini göstərən müəllif qeyd edir ki, sultanın ordusunda tüfənglə silahlanmış on min yeniçəri ön xətdə idi... Sultanın qələbəsini, Həsən padşahın məğlubiyyətini, Həsən padşahın qaçıb canını qurtarmasını təsvir edən müəllif yazır: "...Sultanın gözü qabağında bütün Ağqoyunlu tayfasına mənsub olan adamların hamısının boynunu bir-bir vurdular. Beləliklə, bir gün ərzində 3 min adamın başı kəsildi. Müzəffər sultan o döyüş meydanında üç gün qalıb geri qayıtdı və fərman verdi ki, hər mənzil məsafədə ağqoyunlulardan 400 nəfərin başı kəsilsin, cəsədləri yollara atılsın".
Əsərdə, geniş olmasa da, Şirvan və Şirvanşahlar haqqında, bu Azərbaycan dövlətinin Azərbaycanda o zaman güclü dövlətlər olan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri ilə münasibətlərinə dair dəyərli məlumatlar maraq doğurur... Həmin ildəki mühüm ölümlərdən bəhs edən Həsən bəy yazır: "Bu il Sultan Xəlil ibn Şeyx İbrahim məlal evindən bəqa evinə köçdü. Səltənət müddəti 47 il oldu. Məmləkəti Şirvan şəhərləri idi. Fərrux Yəsar adı ilə məşhur olan övladı onun yerinə keçdi.
"Əhsənüt-təvarix"in bu cildi Rum padşahı (Osmanlı padşahı - E.M.) Sultan Məhəmmədin xəstələnib ölməsi, oğlu Sultan Bəyazidin hakimiyyətinin başlanması ilə bitir. Sultanın vəfatı belə şərh edilir: "Bu il rəcəb ayında (avqust 1481) şəcərəsi bir neçə nəsillə oğuza çatan Sultan Məhəmməd ibn Sultan Murad ibn Sultan Məhəmməd ibn Sultan İldırım Bəyazid ibn Sultan Murad Xan ibn Orxan ibn Sultan Osman ibn Ərtoğrul ibn Süleyman ibn Qaya Alp vəfat etdi. O alim və alimpərvər bir padşah idi və həmin dövlətin ən layiqlisi və həmin tayfanın ən məşhuru idi".
Həsən bəy Rumlu əsərinin birinci cildini hicri təqvimilə 899-cu il hadisələri ilə bitirir və qeyd edir ki, Şah İsmayıl və Şah Təhmasibin hakimiyyət illərindəki hadisələr sonrakı cilddə şərh ediləcək (yəni hicri 900-cü ildən - E.M.)
Ümid edirik ki, Şahin Fazil tərəfindən tərcümə edilib artıq nəşrə təqdim olunmuş ikinci cild də tezliklə işıq üzü görəcək, tariximizin ən şöhrətli dövrünə Azərbaycan Səfəvi dövlətinin yaranması və fəaliyyəti tarixinə ilk mənbədən işıq tutacaq. Bu nəşr həm müəllifi, görkəmli Azərbaycan tarixçisi Həsən Rumlunu, həm də 83 yaşlı ustad tarixşünas-şərqşünas və şair Şahin Fazili xalqımıza daha yaxından tanıdacaq.
525.az